Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2413/2022 14.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynova Arzu İsrafil qızının katibliyi, Ərizəçi Maraqlı şəxs vəkil və nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qeyri-yaşayış sahəsinin əlavə artırılmış sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi, iş üzrə qəbul edilmiş qərarın ləğv edilməsi və icraatın təzələnməsinin rədd edilməsi 2-1(112)-7859/2021 saylı, 18 fevral 2022-ci il tarixli qərardadından iş üzrə cəlb edilməmiş Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin əlavə artırılmış sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ibarədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı İnzibati Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərar 16 yanvar 2022-ci il tarixində qüvvəyə minmişdir. İş üzrə tərəf kimi cəlb olunmayan Maraqlı şəxs 07 fevral 2022-ci il tarixdə ərizə ilə müraciət edərək Bakı İnzibati Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2-1(112)- 7859/2021 saylı qərarının ləğv edilərək onun üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı onun həyat yoldaşıdır. ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsi birgə nigah dövründə əldə edildiyindən məhkəmə qərar qəbul edilərkən onu üçüncü şəxs qismində cəlb etməmiş, məhkəmə iclasları onun iştirakı olmadan keçirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7859/2021 saylı, 18 fevral 2022-ci il tarixli qərardadı ilə Maraqlı şəxs üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi barədə vəsatəti rədd edilmişdir. Qərardaddan narazı qalan iş üzrə cəlb edilməmiş Maraqlı şəxs apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7859/2021 saylı, 18 fevral 2022-ci il tarixli qərardadının ləğv edilməsini və üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli əmlak birgə nikah dövründə əldə olunduğundan, həm də yoldaşının ondan xəbərsiz həmin əmlaka dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiası onun maraqlarına toxunma ehtimalı olduğundan ərizəsi təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq idddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq və iddiaçının izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə qəbul olunmuş İddiaçı Həmzaga oglunun iddiasının rədd olunmasına dair qərarı hər hansı başqa bir şəxsin, eləcə də onun həyat yoldaşı Maraqlı şəxs qanunla qorunan maraqlarına toxuna biləcəyinə dair hallar məhkəməyə məlum olmadığından vəsatət rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşır və öz mövqeyini aşağıdakı kimi bildirir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. İnzibati Prosessual Məcəllənin 28.3-cü maddəsinə əsasən üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Maraqlı şəxs məhkəmə qərarının ləğv edilərək onun üçüncü şəxs qismində icraata cəlb edilməsini tələb etsə də, qəbul olunmuş məhkəmə qərarının hansı hissədə onun hüquqlarına və ya qanuni mənafeyinə toxunmasını, yəni əhəmiyyətli dərəcədə pozulduğuna dair sübutları məhkəməyə təqdim etməmiş, eləcə də maraqlarına toxunma ehtimalının nədə ifadə olunduğunu göstərməmiş, həmçinin, qəbul olunacaq qərarın hər hansı başqa bir şəxsin, eləcə də Maraqlı şəxs qanunla qorunan maraqlarına toxuna biləcəyinə dair hallar mahkəməyə məlum olmamışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli qərardadının 16-ci bəndində qeyd olunur ki, İPM-in 29.1ci maddəsində təsbit edilmiş qaydaya görə üçüncü şəxslər müstəqil şəkildə öz maraqlarını qorumaq məqsədilə hüquqi müdafiə vasitələrindən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. Müstəqil şəkildə dedikdə, digər proses iştirakçılarının iradəsindən asılı olmadan öz adından sərbəst prosessual hərəkətlər etmək imkanına malik olmaq nəzərdə tutulur. Hüquqi müdafiə vasitələrindən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malik olmaq dedikdə, məhkəmə aktlarından şikayət verə bilmək və qanunvericilikdə nəzərdə tutulmuş prosessual hərəkətləri (məsələn, vəsatətlər vermək və s.) etmək imkanına sahib olmaq başa düşülür. Öz maraqlarını qorumaq məqsədilə dedikdə isə nəzərdə tutulan hüquq ondan ibarətdir ki, hüquqi müdafiə vasitələrindən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququ yalnız üçüncü şəxslərin maraqlarının müdafiəsi məqsədilə yolveriləndir. Müvafiq olaraq belə bir maraq müəyyən edilmirsə, hüquqi müdafiə vasitələrindən istifadəyə və prosessual hərəkətləri həyata keçirməyə dair hüquqi maraq da yaranmamış olur. Həmin qərardadının 48-ci bəndində qeyd olunur ki, adi və ya zəruri cəlbetmə ya prosesə qoşulmaq istəyən, lakin həmin vaxt icraat iştirakçısı statusuna malik olmayan şəxsin özünün vəsatəti əsasında, ya məhkəmə icraatı iştirakçılarından (iddiaçı, cavabdeh və ya artıq cəlb edilmiş digər üçüncü şəxsin) birinin vəsatəti üzrə, yaxud da məhkəmənin özünün təşəbbüsü əsasında həyata keçirilə bilər. Şəxsin özü və ya məhkəmə icraatının i ştirakçıları cəlbetmə barədə verdikləri vəsatətlərində hansı qaydada (adi və ya zəruri cəlbetmə) icraata qoşulmanın həyata keçirilməsini istədiklərini dəqiq göstərməli, eləcə də vəsatətlərini lazımi qaydada əsaslandırmalı, yəni qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağına dair dəlil və sübutlarını təqdim etməlidirlər. Həmin qərardadının 51-ci bəndində qeyd olunur ki, İPM-in 28.1-ci maddəsi məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə də həm vəsatətlər verilməsi, həm də öz təşəbbüsü əsasında məhkəmə tərəfindən cəlbetmənin həyata keçirilə biləcəyini də təsbit edir... Bu qaydada cəlbetmə kassasiya instansiyası məhkəməsinə münasibətdə yol verilmir, yalnız birinci və apellyasiya məhkəmələri tərəfindən həyata keçirilə bilər. Çünki Ali Məhkəmənin qərarı qəbul edildiyi andan qanuni qüvvəyə minir və qətidir. Qanunvericiliyə görə isə bu imkan yalnız məhkəmə aktlarının qanuni qüvvəyə minmədiyi dövrlərdə həyata keçirilə bilər. Həmin qərardadının 76-cı bəndində qeyd olunur ki, ümumi qaydaya görə üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları məhkəmə icraatında hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılması nəticəsində yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2-1(112)-7859/2021 saylı qərarı Maraqlı şəxs hüquqlarına və ya qanuni mənafeyinə toxunmadığından və prosessual hərəkətləri həyata keçirməyə hüquqi marağı olmadığından vəsatətijn rədd edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı deyildir və məhkəmə qərardadının ləğvi üçün əsas təşkil etmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7859/2021 saylı, 18 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90. və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7859/2021 saylı, 18 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2413/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2413/2022
14.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver