Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2414/2022 06.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X11 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının vəkili X1, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “cavabdehin 120 Ş/H saylı xx.xx.2018-ci il tarixli əmrinin ləğv edilərək, ehtiyata buraxılması istiqamətində işlərin görülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4308/2022 saylı, 05 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Sərhəd Xidmətinin xx.xx.2018-ci tarixli 120 Ş/H nömrəli əmrinə dəyişiklik edilərək “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0. 6-cı maddəsi ilə deyil, həmin Qanunun 41.0.9-cu maddəsinə əsasən ehtiyata buraxılmağı istiqamətində işlərin görülməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ehtiyatda olan polkovnikleytenantdır. 1992-2018-ci illər (1992-1995-ci il tarixlərdə əsgər, 1995-2018-ci il tarixlərdə gizir və zabit kimi həqiqi hərbi xidmətdə olmuşdur) ərzində Dövlət Sərhəd Xidmətində sıravi əsgər kimi həqiqi hərbi xidmətə başlayaraq şöbə rəisi vəzifəsinədək yüksəlmişdir, müharibə və silahlı qüvvələr veteranıdır. Dövlət başçısı Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev və DSX-nin rəhbərliyi tərəfindən dəfələrlə dövlət mükafatları, müxtəlif medallar, fəxri fərmanlarla təltif edilmişdir. Son xidməti yeri və vəzifəsi DSX-nin X9 X6 sərhəd nəzarəti şöbəsinin rəisi vəzifəsi olmuşdur. 10 yanvar 2018-ci il tarixdə vəzifələrini təhvil verərək növbəti məzuniyyətə gedərkən öz arzusu ilə tərxis olunmaq istəyini yuxarı rəhbərliyə məruzə edərək, ehtiyata buraxılması barədə Q/37 nömrəli tərxis raportunu aidiyyəti üzrə təqdim etmişdir. 30 yanvar 2018-ci il tarixdə məzuniyyətdən geri çağırılaraq onunla heç bir araşdırma aparılmadan və baş vermiş hadisədə təqsiri olub-olmaması sübut edilmədən xx.xx.2018-ci il tarixdə “xidməti uyğunsuzluq” maddəsi ilə həqiqi hərbi xidmətdən tərxis edilərək Silahlı Qüvvələrin ehtiyatına göndərilmişdir. O, xx.xx.2018-ci il tarixli, 120 ş/h nömrəli əmri əsassız sayır, bu əmr mövcud qanunvericiliyin tələblərinə cavab vermir. Belə ki, sözügedən əmrdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə görə (xidməti uyğunsuzluğa görə) onu vəzifədən azad etmişlər. Hərbi qulluqçunun bu maddə ilə hərbi xidmətdən tərxis edilməsi üçün ilk öncə onun bu xidmətə uyğun olmayan hər hansı hərəkətinin olub-olmaması, vəzifəsində buraxdığı ciddi səhvlərin olması, törətdiyi nöqsanlar sübut olunmalıdır. Yuxarıda qeyd etdiyi kimi, xidmət dövründə ciddi nöqsanları olmamış, dəfələrlə dövlət və Dövlət Sərhəd Xidmətinin mükafatlarına layiq görülmüş, hətta xx.xx.2018-ci il tarixli məlum əmrdən bir neçə gün öncə Dövlət Sərhəd Xidmətinin medalı ilə təltif olunmuşdur. 10 yanvar 2018-ci il tarixdə vəzifələrini təhvil verərək növbəti məzuniyyətə gedərkən öz arzusu ilə tərxis olunmaq istəyini yuxarı rəhbərliyə məruzə edərək, ehtiyata buraxılması barədə Q/37 nömrəli tərxis raportunu aidiyyəti üzrə təqdim etmişdir. Onun öz arzusu ilə Dövlət Sərhəd Xidmətində tutduğu vəzifədən azad olunaraq tərxis olunması barədə dəfələrlə raportu olmuşdur. Bir sıra prosessual hərəkətlər edildikdən sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iddiaçının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq “Heydər X6” sərhəd nəzarəti şöbəsinin rəisi vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2018-ci il tarixli 120 ş/h saylı əmrinin ləğv edilməsi və öz raportuna əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmağı üçün müvafiq əmrin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı B.A.X18 Xidməti rəisinin müvafiq əmri ilə xx.xx.2015-ci il tarixdə Dövlət Sərhəd Xidməti X9 X2 sərhəd nəzarəti şöbəsinin 1-ci sərnişin sərhəd nəzarəti bölməsinin rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2017-ci il tarixdən isə X13 X4 şöbəsinin rəisi vəzifəsinə təyin edilərək polkovnik-leytenant hərbi rütbəsində xidmət etmişdir. DSX-nin Sərhəd Nəzarəti İdarəsindən verilmiş xx.xx.2018-ci il tarixli təqdimatda polkovnik-leytenant İddiaçı xidmət etdiyi müddət ərzində özünü orta səviyyəli hərbi qulluqçu kimi göstərməsi, verilən tapşırıqların icrasına səhlənkar yanaşaraq xidmətində nöqsanlara yol verməsi, son zamanlar özünə və tabeliyində olanlara qarşı tələbkarlığının azalması, tabeliyində olan şəxsi heyətin ictimai-siyasi hazırlığının, hərbi intizamının, mənəvi vəziyyətin yüksəldilməsi istiqamətində işlər aparmaması və buna təşəbbüskarlıq göstərməməsi, bunun da Sərhəd Nəzarəti rəhbərliyinin onun xidmətindən narazı olmasına səbəb olması göstərilmişdir. Qeyd olunan təqdimatda polkovnik-leytenant İddiaçı hərbi nizamnamələrin, “Dövlət Sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun, xidməti təlimatların tələblərini bilməsini və gündəlik fəaliyyətində onların tələblərini rəhbər tutmağa çalışmasına baxmayraq, verilmiş göstərişləri müzakirə etməyi xoşlaması, rəislərinə qarşı qeyri-səmimi olması, tutulmuş iradları qərəzli şəkildə qəbul etməsi və işində təşəbbüskarlığının, həmçinin icraçılıq keyfiyyətinin aşağı olması göstərilmişdir. Xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə Sərhəd Nəzarətində polkovnik-leytenant İddiaçı dinlənilərək problemləri öyrənilmiş, xidmətində dönüş yaratması üçün müvafiq göstəriş və tövsiyyələr verilməsinə, tutulmuş iradlara və verilmiş tövsiyyələrə baxmayaraq eyni nöqsanları yenidən təkrar etmişdir. Bu səbəbdən də, polkovnik-leytenant İddiaçı xidməti fəaliyyəti və işgüzar keyfiyyətləri Sərhəd Nəzarətinin rəhbərliyi tərəfindən müzakitə olunmuş, onun “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. Qeyd edilənlərə əsasən, İddiaçı DSX-nə qarşı olan iddiasının əsassız olduğunun nəzərə alınması və iddianın təmin edilməməsi məhkəmədən xahiş edilmişdir . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4308/2022 saylı, 05 may 2022-ci il tarixli qərarı ilə (hakim: M.Qarayeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Orucov X12 Sərhəd Xidməti rəisinin müvafiq əmri ilə xx.xx.2015-ci il tarixdə Dövlət Sərhəd Xidməti X9 X2 sərhəd nəzarəti şöbəsinin 1-ci sərnişin sərhəd nəzarəti bölməsinin rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2017-ci il tarixdən isə X13 X4 şöbəsinin rəisi vəzifəsinə təyin edilərək polkovnik-leytenant hərbi rütbəsində xidmət etmişdir. DSX-nin Sərhəd Nəzarəti idarəsindən verilmiş xx.xx.2018-ci il tarixli təqdimatda polkovnik-leytenant İddiaçı xidmət etdiyi müddət ərzində özünü orta səviyyəli hərbi qulluqçu kimi göstərməsi, verilən tapşırıqların icrasına səhlənkar yanaşaraq xidmətində nöqsanlara yol verməsi, son zamanlar özünə və tabeliyində olanlara qarşı tələbkarlığının azalması, tabeliyində olan şəxsi heyətin ictimai-siyasi hazırlığının, hərbi intizamının, mənəvi vəziyyətinin yüksəldilməsi istiqamətində işlər aparmaması və buna təşəbbüskarlıq göstərməməsi, bunun da Sərhəd Nəzarəti rəhbərliyinin onun xidmətindən narazı olmasına səbəb olması göstərilmişdir. Qeyd olunan təqdimatda polkovnik-leytenant İddiaçı hərbi nizamnamələrin, «Dövlət Sərhədi haqqında» Azərbaycan Respublikası Qanununun, xidməti təlimatların tələblərini bilməsini və gündəlik fəaliyyətində onların tələblərini rəhbər tutmağa çalışmasına baxmayaraq, verilmiş göstərişləri müzakirə etməyi xoşlaması, rəislərinə qarşı qeyri-səmimi olması, tutulmuş iradları qərəzli şəkildə qəbul etməsi və işində təşəbbüskarlığının, həmçinin icraçılıq keyfiyyətinin aşağı olması göstərilmişdir. Xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə Sərhəd Nəzarətində polkovnik- leytenant İddiaçı dinlənilərək problemləri öyrənilmiş, xidmətində dönüş yaratması üçün müvafiq göstəriş və tövsiyyələr verilməsinə, tutulmuş iradlara və verilmiş tövsiyyələrə baxmayaraq eyni nöqsanları yenidən təkrar etmişdir. Bundan başqa, xx.xx.2018-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sərhəd Nəzarətinin "Heydər Əliyev adına Beynəlxalq Aeroportu”nda sərhəd nəzarəti şöbəsinin nəzarətçiləri baş leytenant X8 və gizir X14 xidməti vəzifələrinin icrası zamanı yol verdikləri korrupsiya əməllərinə görə saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilmiş və qanunvericiliyə uyğun olaraq barələrində müvafiq qərarlar qəbul edilmişdir. Həmin dövrdə sərhəd nəzarəti şöbəsinə rəhbərlik edən polkovnik-leytenant İddiaçı korrupsiya faktının baş verməsi ilə nəticələnən cinayətləri, hərbi xidmətlə bir araya sığmayan hərəkətləri vaxtında aşkar etmədiyinə, o cümlədən rəhbərlik etdiyi struktur qurumun idarə olunması, tabeliyində olanların fəaliyyətinə nəzarət olunması, onların müvafiq təlmatların və nizamnamələrin tələblərinə riayət etməsi istiqamətlərində işləri lazımı səviyyədə aparmadığına, korrupsiya faktlarına yol açan əməllərinə görə Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2018-ci il tarixli əmri ilə «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə əsasən (xidməti uyğunsuzluğa görə) Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Həmçinin qeyd edilməlidir ki, riskli ölkələr siyahısına daxil edilən dövlətlərin vətəndaşlarının ilk dəfə ölkəyə gələrkən sənədlərinin diqqətlə yoxlanılması ilə bağlı xülasələrin Sərhəd Nəzarətinə göndərilməsinə baxmayaraq, İddiaçı “Heydər Əliyev adına Beynəlxalq Aeroportu" SNŞ-nə rəhbərlik etdiyi dövrdə tabeliyində olan şəxsi heyət xidmətin təşkili zamanı ciddi nöqsanlara yol vermiş, belə ki, İddiaçı şöbəyə rəhbərlik etdiyi dövrdə, xarici ölkə vətəndaşlarının dövlət sərhədindən qanunsuz və saxta sənədlərlə hərəkəti nəticəsində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş əməliyyat tədbirindən 2 ay öncə 2 (iki) hərbi qulluqçu DSX rəisinin sərəncamına götürülmüş, 8 (səkkiz) hərbi qulluqçu isə müxtəlif intizam cəzaları ilə cəzalandırılmışlar. Göründüyü kimi, İddiaçı tabeliyində olan əməkdaşlar korrupsiyaya yol açan əməllərə yol verdiyinə, birincinin xidməti vəzifələrinin icrasına səhlənkar yanaşaraq Dövlət Sərhəd Xidmətinin fəaliyyətinə və işgüzar nüfuzuna, o cümlədən ölkə miqyasında aparılan korrupsiyaya qarşı mübarizə tədbirlərinə kölgə salan əməllərə yol verdiyinə görə Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2018-ci il tarixli əmri ilə «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə əsasən (xidməti uyğunsuzluğa görə) Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Apellyasiya və kassasiya instansiyası məhkəmələrində əvvəlki icraat: 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(81)-856/2019 saylı 22 oktyabr 2019cu il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(81)-856/2019 saylı 22 oktyabr 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-532/2020 saylı 12 avqust 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi və 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(81)-856/2019 saylı 22 oktyabr 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)- 51/2021 saylı 16 fevral 2021-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-532/2020 saylı 12 avqust 2020-ci il tarixli qərarının ləğv edilərək, qərarda qeyd edilən hüquqi mövqe nəzərə alınmaqla, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 51/2021 saylı 16 fevral 2021-ci il tarixli qərarının 29-cu bəndində qeyd edilmişdir ki, “Kollegiya qeyd edir ki, təqdimatda iddiaçının müəyyən nöqsanlara yol verdiyi qeyd olunsa da, bu hallara dair hər hansı aktlaşdırılmış sənəd, izahat, sübut təqdim edilməmiş, iddiaçıya hərbi xidmətdən buraxılmamışdan öncə hər hansı xəbərdarlıq edilməsinə və ya töhmət verilməsinə dair sənəd cavabdeh tərəfindən təqdim edilməmiş, təqdimat ümumi ifadələrdən istifadə edilməklə tərtib edilmiş, əsaslandırılmamış, təqdimata qeyd olunan halları təsdiq edən sübutlar əlavə edilməmiş, bunun əsasında da mübahisələndirilən əmr verilməklə əsaslandırılmamış inzibati akt qəbul edilmişdir.” Qərarin 33-cü bəndində qeyd edilmişdir ki, “Göründüyü kimi, iddiaçı məzuniyyətdən geri çağıralaraq onunla hər hansı söhbət aparılmadan, ondan izahat alınmadan “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılmış, işə baxan apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan hallara qiymət vermədən, işin hallarını öz xidməti vəzifəsinə uyğun olaraq araşdırmadan, iş üzrə sübutları hərtərəfli qiymətləndirmədən iş üzrə qərar qəbul etmişdir.” Qərarın 34 və 35-ci bəndlərində qeyd edilmişdir ki, “İddiaçının ikinci tələbi – “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.9- cu maddəsinə əsasən ehtiyata buraxılması istiqamətində işlərin görülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi ilə bağlı apellyasiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmaları zamanı iddiaçının öz arzusu ilə tərxis olunmaq istəyinin yuxarı rəhbərliyə məruzə edilərək ehtiyata buraxılması barədə Q/37 nömrəli tərxis raportunun mövcud olması sübuta yetirilməmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, apellyasiya instansiya məhkəməsi cavabdehin məktubuna istinadla iddiaçının tərxis raportu vermədiyini qeyd etmiş, bununla da İPM-in 12.1-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, bununla bağlı, məhkəmə ilk növbədə sənədlərin qeydiyyatı jurnalını tələb edib baxış keçirməli olduğu halda bunu etməmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddiaçının tərxis raportu təqdim etməməsi halı iddia tələbinin birinci hissəsinə (əmrin qanuniliyinə qiymət verilməsi ilə bağlı) hüquqi qiymət verilməsinə maneə təşkil etmir.” Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1427/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 21(81)-856/2019 saylı 22 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilərək, kassasiya instansiya məhkəməsinin qərarındakı hüquqi mövqe təkrarlanaraq işin sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili hüquqi məsələlərə dair izahat verərək, apellyasiya şikayətinə etiraz edərək, təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, ona uyğun izahat verərək, təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, İddiaçı 1992 - 2018-ci il tarixlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş, sonuncu olaraq Heydər X6 sərhəd nəzarəti şöbəsinin rəisi vəzifəsində işləmiş, polkovnik leytenant hərbi rütbəsinə malik olmuşdur. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti İdarəsindən verilmiş xx.xx.2018-ci il tarixli təqdimatda polkovnik-leytenant İddiaçı xidmət etdiyi müddət ərzində özünü orta səviyyəli hərbi qulluqçu kimi göstərməsi, verilən tapşırıqların icrasına səhlənkar yanaşaraq xidmətində nöqsanlara yol verməsi, son zamanlar özünə və tabeliyində olanlara qarşı tələbkarlığının azalması, tabeliyində olan şəxsi heyətin ictimaisiyasi hazırlığının, hərbi intizamının, mənəvi vəziyyətinin yüksəldilməsi istiqamətində işlər aparmaması və buna təşəbbüskarlıq göstərməməsi, bunun da Sərhəd Nəzarəti rəhbərliyinin onun xidmətindən narazılığına səbəb olması göstərilmişdir. Qeyd olunan təqdimatda polkovnik-leytenant İddiaçı hərbi nizamnamələrin, “Dövlət Sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun, xidməti təlimatların tələblərini bilməsi və gündəlik fəaliyyətində onların tələblərini rəhbər tutmağa çalışmasına baxmayaraq, verilmiş göstərişləri müzakirə etməyi xoşlaması, rəislərinə qarşı qeyri-səmimi olması, ona tutulan iradları qərəzli şəkildə qəbul etməsi və işində təşəbbüskarlığının, həmçinin icraçılıq keyfiyyətinin aşağı olması göstərilmişdir. Xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə Sərhəd Nəzarətində polkovnik-leytenant İddiaçı dinlənilərək problemləri öyrənilmiş, xidmətində dönüş yaratması üçün müvafiq göstəriş və tövsiyyələr verilməsinə, tutulmuş iradlara və verilmiş tövsiyyələrə baxmayaraq o, eyni nöqsanları yenidən təkrar etmişdir. Bu səbəbdən də, polkovnik-leytenant İddiaçı xidməti fəaliyyəti, işgüzar keyfiyyətləri Sərhəd Nəzarətinin rəhbərliyi tərəfindən müzakirə olunmuş, onun “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2018-ci il tarixli, 120 ş/h saylı əmr ilə İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, H.X6 sərhəd nəzarəti şöbəsinin rəisi vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış, hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinə göndərilmişdir. Onun təqvimi xidmət illəri – 25 il, 06 ay, 07 gün; güzəştli xidmət illəri – 12 il, 01 ay, 14 gün; cəmi, xidmət illəri – 37 il, 07 ay, 21 gün təşkil etmişdir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini xahiş edir. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İş materiallarından aydın göründüyü kimi, mübahisələndirilən inzibati akt xx.xx.2018-ci il tarixlidir, iddiaçı inzibati orqana müracitə etmiş, inzibati orqan 30 noyabr 2018-ci il tarixli məktubla ərizənin icrasının mümkünsüz olması barədə cavab vermiş, iddiaçı 24 dekabr 2018-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Həmçinin, İPMin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Qanunun normasından da göründüyü kimi, əlavə ərizənin verilməsi yeni bir iddia ilə məhkəməyə müraciət edilməsini deyil, mübahisələndirmə haqqında iddia zamanı həmin nəticələrin aradan qaldırılmasına dair tələblə çıxış etməyi nəzərdə tutur. Məhkəmə kollegiyası iddianın mahiyəti üzrə əsaslı olması ilə bağlı qənaətini əsaslandırmaq üçün aşağıdakıları diqqətə çəkir: Hazırkı iş üzrə iddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsi ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə əmrin ləğv edilməsi və öz raportuna əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmağı üçün müvafiq əmrin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi barədə iddia tələbini irəli sürür. Məhkəmə kollegiyası iddia tələbinin birinci hissəsi ilə əlaqədar olaraq mübahisələndirilən əmrin qanuniliyi ilə bağlı əvvəlki icraat zamanı kassasiya instansiya məhkəməsinin və apellyasiya instansiya məhkəməsinin qərarlarındakı hüquqi mövqeyi nəzərə alaraq aşağıdakı qanunvericilik normalarına diqqəti çəkir: “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun: - 40.1. Müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. - 40.3. Zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. - 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.N. yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; (-); 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); (-); 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş ”Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: - 156-cı maddəsinin e) bəndinə əsasən hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); j) bəndinə əsasən yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. - 162-ci maddəsinə əsasən hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. - 163-cü maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularında başqa) səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbihəkim komissiyasının müayinəsinə göndərilir. Buraxılmanın səbəbləri müəyyənləşdiriləndən sonra onun nəticəsi nəzərə alınır. - 165-ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir. Həmin Əsasnaməyə 6 saylı Əlavəsində: “Hərbi qulluqçulara növbəti hərbi rütbə verilməsi (hərbi rütbəsinin aşağı salınması və bərpa edilməsi, hərbi rütbədən məhrum edilməsi), onların vəzifəyə təyin edilməsi və həqiqi hərbi xidmətdən buraxılması (müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından, hərbi təhsil müəssisələrinin kursantlarından və hərbi xidmətin bağlaşma ilə keçən hərbi qulluqçulardan başqa) üçün təqdimatların tərtib edilməsi Qaydaları”na əsasən:
1. təqdimat blankda tərtib edilir, hərbi hissə komandiri tərəfindən imzalanır və komanda üzrə bu məsələ ilə bağlı son qərar qəbul etmək səlahiyyəti olan komandirə (rəisə) göndərilir. Təqdimat müvafiq qurumlar vasitəsilə göndərilir. Məxfilik qrifi təqdimatın məzmunundan asılı olaraq müəyyən edilir.
3. «Təqdimatın əsaslandırılması» adlı İİ bölmədə göstərilir: v) həqiqi hərbi xidmətdən buraxılmağa təqdim edilərkən: hərbi xidmətə yararlılıq dərəcələri — nə vaxt və hansı hərbi-həkim komissiyası tərəfindən müayinə edilib, nə vaxt və hansı hərbi-həkim komissiyası tərəfindən xəstəlik haqqında şəhadətnamə təsdiq edilib, onun dəqiq nömrəsi, xəstəlik haqqında təsdiq edilmiş şəhadətnamədən hərbi xidmətə yararlılıq dərəcəsi haqqında dəqiq ifadə. Əgər hərbi qulluqçu tibbi müayinəyə göndərilməyibsə bunun səbəbi göstərilir; nə vaxt və kim tərəfindən buraxılma haqqında söhbət aparılıb, hərbi qulluqçu xidmət illərinin hesabı ilə tanış edilibmi, onun buraxılmaya münasibəti;
9. təqdimatla birlikdə söhbət vərəqəsi, hərbi-həkim komissiyasının arayışı, şərəf məhkəməsi qərarının surəti, axırıncı attestasiya, şəxsi iş (bu Əsasnamənin 156-cı maddəsinin «v», «q», «e», «ə» bəndləri, 158-ci maddəsinin «b» bəndi ilə buraxıldıqda); ailə vəziyyəti ilə əlaqədar buraxılmanın (qadın hərbi qulluqçuların və həqiqi hərbi xidmət hərbi qulluqçularının) zəruriliyini təsdiq edən sənədlər göndərilir. Qanunvericilik normalarından göründüyü kimi, hərbi qulluqçularla ehtiyata buraxılmadan öncə iki dəfə söhbət aparılmalıdır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. Bu zaman həqiqi hərbi xidmətdən yaşına, səhhətinə və ya ştatların ixtisarına görə buraxılan hərbi qulluqçularla (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) adətən söhbət buraxılmadan 2 ay qabaq aparılır. Hərbi həkim komissiyaları tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılmış və xidməti vəzifələrinin gələcək icrasından azad olmağa ehtiyacı olan hərbi qulluqçuların buraxılması hərbi hissə tərəfindən hərbi həkim komissiyasının qərarı olandan sonra bir aydan gec olmayaraq icra edilməlidir. Gözlənilən buraxılma ilə bağlı söhbətlər polkovnik-leytenant da daxil olmaqla ona qədər olan hərbi qulluqçularla hərbi hissədə — bilavasitə rəis və hərbi hissə komandiri tərəfindən aparılır. Həqiqi hərbi xidmətdən buraxılası hərbi qulluqçularla söhbət zamanı yerində həll edilməsi mümkün olmayan suallar qoyularsa, söhbət aparan rəis həmin sualların həllinə lazım ola biləcək məlumatlarla birlikdə bu barədə yuxarıdakı bilavasitə rəisə məlumat verir. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır. İş materiallarından görünür ki, iddiaçı barəsində DSX-nin Sərhəd Nəzarəti İdarəsindən verilmiş xx.xx.2018-ci il tarixli təqdimatda polkovnik-leytenant İddiaçı xidmət etdiyi müddət ərzində özünü orta səviyyəli hərbi qulluqçu kimi göstərməsi, verilən tapşırıqların icrasına səhlənkar yanaşaraq xidmətində nöqsanlara yol verməsi, son zamanlar özünə və tabeliyində olanlara qarşı tələbkarlığının azalması, tabeliyində olan şəxsi heyətin ictimai-siyasi hazırlığının, hərbi intizamının, mənəvi vəziyyətin yüksəldilməsi istiqamətində işlər aparmaması və buna təşəbbüskarlıq göstərməməsi, bunun da Sərhəd Nəzarəti rəhbərliyinin onun xidmətindən narazı olmasına səbəb olması göstərilmişdir. Qeyd olunan təqdimatda polkovnik-leytenant İddiaçı hərbi nizamnamələrin, “Dövlət Sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun, xidməti təlimatların tələblərini bilməsini və gündəlik fəaliyyətində onların tələblərini rəhbər tutmağa çalışmasına baxmayaraq, verilmiş göstərişləri müzakirə etməyi xoşlaması, rəislərinə qarşı qeyri-səmimi olması, tutulmuş iradları qərəzli şəkildə qəbul etməsi və işində təşəbbüskarlığının, həmçinin icraçılıq keyfiyyətinin aşağı olması göstərilmişdir. Xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə Sərhəd Nəzarətində polkovnik-leytenant İddiaçı dinlənilərək problemləri öyrənilmiş, xidmətində dönüş yaratması üçün müvafiq göstəriş və tövsiyyələr verilməsinə, tutulmuş iradlara və verilmiş tövsiyyələrə baxmayaraq eyni nöqsanları yenidən təkrar etmişdir. Bu səbəbdən də, polkovnik-leytenant İddiaçı xidməti fəaliyyəti və işgüzar keyfiyyətləri Sərhəd Nəzarətinin rəhbərliyi tərəfindən müzakirə olunmuş, onun “Hərbi vəzifə və hərbixidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. Lakin qeyd olunanları təqdimat verən vəzifəli şəxslər hansı qaydada və nəyə əsasən müəyyən etdiklərini göstərməmişlər. Belə ki, iddiaçının barəsində şəxsi heyət arasında hər-hansı bir sorğu aparılmadığı halda onun “orta səviyyəli hərbi qulluqçu kimi göstərməsini” müəyyən etmək mümkünsüzdür, ümumiyyətlə hərbi qulluqçunun “səviyyəsinin orta yaxud yüksək” olması meyarlarının hansı kriteriyalarla ölçərək belə nəticəyə gəlinməsi məlum deyil. Bundan başqa, tutulmuş iradların qərəzli şəkildə qəbul etməsinin hansı əsaslara söykənməsi, iddiaçıya konkret olaraq hansı iradların və nə üçün tutulması, bu barədə konkret hansı tədbirlərin görülməsi göstərilməmişdir. Cavabdeh orqan məhkəməyə təqdimatın mətnində barəsində göstərilən digər neqativ halları təsdiq edən hər-hansı bir sübut təqdim etməmişdir. Belə olan halda iddiaçının hansı nöqsanlarına və əməlinə görə təxris edilməsi əsaslandırılmamışdır. Bununla yanaşı iddiaçı barəsində vəzifəsində işlədiyi zaman vəzifələrinin icrası ilə bağlı barəsində xidmət etdiyi qurumun rəhbərliyinə hər-hansı bir şikayət daxil olmamış, heç bir nöqsana yol verməmiş və bu barədə ona hər-hansı bir irad bildirilməmişdir. İş materiallarında olan cavabdehin 16/2973 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı şəxsi işində onun Silahlı Qüvvələrin ehtiyatına buraxılması ilə əlaqədar Sərhəd Nəzarətinin rəisi tərəfindən verilmiş təqdimat mövcud olsa da, ehtiyata buraxılmasından əvvəl onun barəsində verilmiş təqdimatda nöqsanlara yol verdiyini təsdiq edən aktlaşdırılmış sənəd, onunla aparılmış söhbət vərəqəsi, izahatı, xəbərdarlıq edilməsinə dair sənədlər mövcud deyildir. Sərhəd Nəzarətində 2018-ci il üçün hazırlanmış sənədlərin qeydiyyat kitabında xx.xx.2018-ci il tarixdə İddiaçı müraciəti qeydə alınmamışdır. Apellyasiya baxışı zamanı da İddiaçı şəxsi işinə baxış keçirilmiş və iddiaçının ehtiyata buraxılması ilə əlaqədar Sərhəd Nəzarətinin rəisi tərəfindən verilmiş təqdimat mövcud olsa da, ehtiyata buraxılmasından əvvəl onun barəsində verilmiş təqdimatda nöqsanlara yol verdiyini təsdiq edən aktlaşdırılmış sənəd, onunla aparılmış söhbət vərəqəsi, izahatı, xəbərdarlıq edilməsinə dair sənədlər aşkar edilməmişdir. Bunun əksinə, iddiaçı xidmət dövründə fəxri fərmanlarla, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 avqust tarixli 2390 nömrəli Sərəncamı ilə İddiaçı “Hərbi xidmətlərə görə medalı” ilə təltif olunmuşdur. Bundan başqa, iddiaçının hərbi qulluqçu kimi xidmət etdiyi zaman hər-hansı bir cinayət törətməsi, inzibati xətaya, xidmət əleyhinə qarşı qanun pozuntularına, xidmət etdiyi qurumun şərəfinə, hərbi qulluqçu şərəfinə və sərhədçi adına xələl gətirən hərəkətlərə yol verməsi müəyyən edilməmişdir. Məhkəmə kollegiyası tərəfindən inzibati orqanın mübahisələndirilən inzibati aktın qəbulu ilə bağlı malik olduğu diskresion səlahiyyətini mövcud qanunvericiliklə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirilib-keçirilməməsi, həmçinin diskresion səlahiyyətlərinin məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin mövcud olub-olmadığı araşdırılmışdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.25-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə müvafiq olaraq diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Bilindiyi kimi, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Beləliklə, aydınlaşdırılmalı məsələ ondan ibarətdir ki, cavabdeh iddiaçının xidmətə uyğun olmaması nəticəsinə gələn zamanı diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş həddlərdə və diskresion hüququnu həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdirmi? Göründüyü kimi, iddiaçının hərbi xidmətdən ehtiyata buraxılanadək əvvəlki son 07 ay ərzində “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif olunması, xx.xx.2017-ci il tarixdə ona polkovnik-leytenant hərbi rütbəsinin verilməsi, xx.xx.2017-ci il tarixdə vəzifədə irəli çəkilərək X13 X4 şöbəsinin rəisi vəzifəsinə təsdiq edilməsi, 2017-ci ilin noyabr ayında “Xidməti düzgün təşkil etdiyinə görə” DSX-nin rəisi tərəfindən (Elçin Quliyev tərəfindən) ona təşəkkür elan olunması, xx.xx.2017-ci il tarixli DSX rəisinin 0382 saylı əmri ilə 1-ci məharət dərəcəsinin təsdiq edilməsi, xx.xx.2017-ci il tarixli 0407 saylı əmrə əsasən “Azərbaycan Respublikasının Silahlı Qüvvələri Veteranı” medalı ilə təltif olunması təqdimatdakı dəlillərin əsaslı olmasını şübhə altına alır. Qeyd edilənlərə əsasən, həmçinin şəxsi işdən göründüyü kimi kifayət qədər həvəsləndirmə növlərinə layiq görülmüş təcrübəli və peşəkar bir zabit barəsində sözügedən nəticəyə gəlinməsi inzibati orqanın özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməməsi anlamına gəlir. Hazırkı halda cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirməsi zamanı iddiaçının hüquqlarına əsassız müdaxiləyə yol verilmişdir. Cavabdeh inzibati orqan sözügedən əmrin verilməsinə əsas kimi götürdüyü təqdimatda qeyd edilənlər iddiaçının yuxarıda qeyd edilən xidməti meyarları və inzibati orqanın iddiaçıya əvvəllər mövcud olmuş münasibət ilə uzlaşmır. Məhz bundan qaynaqlanaraq, məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən əmrin qəbul edilməsi əsaslı hesab oluna bilməz. İşin araşdırılmış halları apellyasiya şikayətinin dəlillərini təkzib edir. İddiaçının tələbinin ikinci hissəsi -öz raportuna əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmağı üçün müvafiq əmrin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi ilə bağlı Məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”nin 6-cı bəndinə görə hərbi qulluqçu xidmət məsələlərinə dair özünün bilavasitə rəisinə və ancaq onun icazəsi ilə komanda üzrə daha böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu şəxsi məsələlərə dair, bir qayda olaraq, özünün bilavasitə rəisinə, xüsusi hallarda isə böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu rəisə yazılı surətdə müraciət etdikdə, raportu yalnız komanda üzrə verə bilər. Hərbi qulluqçu təklif, ərizə və şikayət verdikdə, İntizam nizamnaməsinin müddəalarını rəhbər tutmalıdır. Göründüyü kimi, mövcud qanunvericilik müvafiq vəzifələrdə zabit kimi azı 10 il xidmət etmiş hərbi qulluqçulara öz arzusu ilə ehtiyata buraxılması hüququ nəzərdə tutur və qanuna görə bu hüquqa o, hərbi xidmətdə olmağın son yaş həddinə çatmasa da malikdir. İddiaçının bu tələbinin əsasında öz arzusu ilə tərxis olunmasına dair xx.xx.2018-ci il tarixli, Q/37 saylı raportun təqdim edilməsi durur. Cavabdeh inzibati orqan isə sərhəd nəzarətində 2018-ci il üçün hazırlanmış sənədlərin qeydiyyat kitabında xx.xx.2018-ci il tarixdə İddiaçı müraciətinin qeydə alınmadığını qeyd etmişdir. İş materiallarından aydın görünür ki, iş üzrə birinci instansiya məhkəməsində ilkin araşdırma zamanı 2019-cu ildə məhkəmə tərəfindən dəfələrlə işin obyektiv araşdırması məqsədilə Heydər X6n Sərhəd Nəzarəti Şöbəsinin “xx.xx.2018-xx.xx.2018-ci il tarixləri əhatə edən” hazırlanmış sənədlərin qeydiyyatı jurnalı tələb edilmiş, lakin cavabdeh tərəfindən qeyd edilən sübut məhkəməyə təqdim edilməmişdir. Hazırki işə ikinci dəfə birinci instansiya məhkəməsində baxılan zamanı isə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli 16/3617m saylı məktubla “Heydər X6” X10 2018-ci ildə istifadə olunmuş “Hazırlanmış sənədlərin qeydiyyatı jurnalı” DSX rəisinin xx.xx.2018-ci il tarixli əmri ilə təsdiq edilmiş “Dövlət Sərhəd Xidmətinin fəaliyyəti nəticəsində yaranan sənədli materialların saxlama müddəti üzrə Siyahısı”nın 793-cü bəndinə uyğun olaraq 2020-ci il tarixdə məhv edildiyi bildirilmişdir. Apellyasiya baxışı zamanı 05 oktyabr 2022-ci il tarixli 16/9114/57A saylı məktubla xx.xx.2020-ci il tarixli “Məhvetmə akt”dan çıxarış təqdim edilmişdir. Məhkəmə kollegiyası belə bir nəticəyə gəlir ki, yeganə sübut hesab edilən “Heydər X6” X10 2018-ci ildə istifadə olunmuş “Hazırlanmış sənədlərin qeydiyyatı jurnalı”nın məhvetmədən əvvəl (2019-cu ildə) məhkəmə sorğularına cavab olaraq təqdim edilməməsi və cavabdeh tərəfindən iş üzrə məhkəmə araşdırmaları gedən ərəfədə (2020-ci ildə) məhv edilməsi ilə nəticələnən cavabdeh inzibati orqan hərəkəti “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinin tələblərinə uyğun olmamışdır. Odur ki, “Heydər X6” X10 2018-ci ildə istifadə olunmuş “Hazırlanmış sənədlərin qeydiyyatı jurnalı”nın məhv edildiyi üçün iddiaçının öz arzusu ilə tərxis olunmaq istəyini yuxarı rəhbərliyə məruzə edərək, ehtiyata buraxılması barədə Q/37 nömrəli tərxis raportunun qeydiyyata alınıb-alınmamasını müəyyən etmək hazırki vəziyyətdə mümkün olmadığından və iddiaçının həm “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsi, həm də “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin j) bəndinə əsasən təqvim hesabı ilə azı 10 ildən artıq xidmət etdiyi üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən öz arzusu ilə ehtiyata buraxılmasına qazanılmış hüququ mövcud olduğundan bu hal onun xeyrinə şərh edilməlidir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, formal əsaslara söykənən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4308/2022 saylı, 05 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə