Məhkəmə qərarları › İş №2-1(103)-2414/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2414/2025

24.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2414/2025 24.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair işi üzrə Açar sözlər: (hüquqmüəyyənedici sənədlərin olmaması) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və X5 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” (üçüncü şəxslər: X9, X7, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti) tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 13 mart 2025-ci il tarixli, e-2-1(112)-2525/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı N.Mehdiyevə ünvanlanmış 18/03-8/1873 nömrəli xx.xx.1994-cü il tarixli məktubda göstərilmişdir ki, “...Sizin xx.xx.1994-cü il tarixli, 39 saylı məktubunuza cavab olaraq bildiririk ki, İddiaçı barədə qaldırdığınız məsələnin qanun çərçivəsində baxılmasına etiraz etmirik.” Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı N.Mehdiyev tərəfindən təsdiq edilmiş xx.xx.2003-cü il tarixli aktda göstərilmişdir: “Biz, aşağıda imza edənlər Suraxanı rayon İHnin Təsərrüfat şöbəsinin müdiri M.Tağyev, memar Z.Əhmədov, Qaraçuxur qəsəbə İHBnın nümayəndəsi F.Süleymanovun iştirakı ilə Bakı şəhər İHB-nın 16 iyul 2003-cü il tarixli 7- 3713/17 saylı razılıq məktubu əsasında Yeni Günəşli qəsəbəsi, D massivi, A.Fətullayev küçəsində 1000,0 kv.m torpaq sahəsinin ölçülərini naturada ifadəsi ilə pay bölgüsünü apardılar. Torpaq sahəsi yaşayış evi tikmək üçün verildi: İddiaçı.” İddiaçı qeyd edilən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi göstərilmişdir ki, “…torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. Yuxarıda qeyd olunan müvafiq hüquqmüəyyənedici sənədlər təqdim ediləcəyi təqdirdə müraciətinizə yenidən qanunamüvafiq qaydada baxılacaqdır.” Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivi, A.Fətəliyev küçəsi, 21 saylı binanın arka hissəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivi, A.Fətəliyev küçəsi, 21 saylı binanın arka hissəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Lakin, cavabdehin xx.xx.2024-cü il tarixli cavabı ilə müraciəti əsassız olaraq imtina edilmişdir. Hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin imtinası əsassızdır. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti Suraxanı Rayonu Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/1873 saylı, xx.xx.1994-cü il tarixli məktubu əsasında Yeni Günəşli qəsəbəsi, D massivi, A.Fətullayev küçəsi, 21 saylı binanı arka hisssəsində fərdi yaşayış evinin tikinti məqsədi 1000,0 kv.m torpaq sahəsi ayrılmış və İddiaçı istifadəsinə verilmişdir. Həmin vaxtdan torpaq sahəsi iddiaçının istifadəsindədir. Fərdi yaşayış evinin tikiliməsi ilə bağlı müvafiq layihələr hazırlamış və təsdiq edilmişdir. Qaraçuxur Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli şəhadətnamədən görünür ki, İddiaçı qeyd olunan 1000 kv.m torpaq sahəsi ilə əlaqədar vergi ödəyicisi kimi qeydiyyata alınmışdır və torpaq vergisini vaxtı-vaxtında ödəmişdir. İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək, istifadəsində olan torpaq sahəsi üzərində mövcud qanunvericiliyə əsasən məhdudiyyətsiz kadastr və reyestr qeydiyyata alınmasını xahiş etmişdir. Lakin Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Aparatının xx.xx.2010-cu il tarixli məktubu ilə Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliyə görə bu səlahiyyətlər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə və Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət Reyestr Xidmətinin Bakı Şəhər şöbəsinə aid olduğunu və həmin orqana müraciət edilməsi bildirilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli cavabı ilə torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında” nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyindən və ərizəyə əlavə edilmiş sənədlər surət olduğu adı altında müraciətinə imtina verilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq arxiv sənədləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsində saxlanıldığından hüquqmüəyyənedici sənədlərin tələb edilməsi tamamilə əsassızdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə X7, X9 və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti isə üçüncü şəxs qismində adi cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmişdir. Etiraz imtina məktubu ilə eyni məzmunludur. Əlavə olaraq bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinə ********** nömrəli ərizə ilə ƏMDX, iddiaçı X4 iddiasına dair 2-1(112)-15374/2023 saylı inzibati işlə bağlı ********** nömrə ilə Bakı İnzibati Məhkəməsinin (iddia ərizəsi vəsatət əsasında geri qaytarılmış), ********** və ********** nömrəli ərizələr ilə X2, ********** nömrəli ərizə ilə X4 müraciətləri daxil olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 13 mart 2025-ci il tarixli, e-2-1(112)-2525/2025 nömrəli qərarı ilə (hakim C.Ə.Quliyev) iddia tələbi rədd edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 13 mart 2025-ci il tarixli, e-2-1(112)-2525/2025 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı 1994-cü il tarixdən Yeni Günəşli qəsəbəsi, D massivi, A.Fətullayev küçəsi, 21 saylı binanı arka hisssəsində zibilxana kimi istifadə olunan boş torpaq sahəsini şəxsi vəsaiti hesabına təmizləyərək, hasara alaraq həmin torpaq sahəsində fərdi yaşayış evinin tikinti məqsədi aidiyyəti qurumlara müraciətlər etmişdir. Suraxanı Rayon İcra Hakimiyyətinə ünvanlanmış Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2003-cü il tarixli, 7-3713/17 nömrəli məktubu ilə qeyd edilən torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsi tələb edilmiş və torpağın “Situasiya Planı” hazırlanaraq X14 kəməri X1 Zonasının, Suraxanı rayonu Qaz İstismarı İdarəsi, Suraxanı ET və Si-nin 10/06/4 KV istismar şöbəsi, Suraxanı rayon Kanalizasiya İdarəsi, Azəristilik təchizatı” ASC 9 saylı İSİS, Fövqəladə Hallar Nazirliyinin X13 Orqanı, Suraxanı rayon Layihə Smeta Bürosu tərəfindən 27 avqust 2003-cü il tarixli AKT la təsdiq edilmişdir. Həmin “Situasiya Planı”ndan aydın olur ki, Yeni Günəşli qəsəbəsi, D massivi, A.Fətullayev küçəsində 1000,0 kv.m torpaq sahəsinin ölçülərini naturada ifadəsi ilə pay bölgüsü aparılmış və torpaq sahəsi yaşayış evi tikmək üçün verilmişdir. Eyni zamanda inşaa ediləcək yaşayış evinin layihəsi 27 avqust 2003-cü il tarixdə Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən və İcra hakimiyyətinin nəzdində Təsərrüfat Hesablı Layihə smeta Bürosu tərəfindən təsdiq edilmişdir. 1000 kv.m torpaq sahəsi ayrılmış və İddiaçı istifadəsinə verilmişdir. Həmin vaxtdan torpaq sahəsi iddiaçının istifadəsindədir. Yaşayış evinin tikilməsi ilə bağlı müvafiq layihələr hazırlanmış və təsdiq edilmişdir. Qaraçuxur Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli şəhadətnamədən görünür ki, İddiaçı qeyd olunan 1000 kv.m torpaq sahəsi ilə əlaqədar vergi ödəyicisi kimi qeydiyyata alınmışdır və torpaq vergisini vaxtı-vaxtında ödəmişdir. İddiaçı torpaq sahəsi Dövlət Reyestrində qeydə alınmadığından yaşayış evinin inşasına başlaya bilmir. Bakı İnzibati Məhkəməsi Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsinin məhkəməyə təqdim etdiyi 1994-cü il tarixli kserosurət məktuba istinad edərək iddianı rədd etmişdir. Nümayəndə həmin sənədi məhkəməyə təqdim edərkən kserosurətli həmin sənədin iddiaçıdan aldığını bildirmişdir. İddiaçı isə İcra Hakimiyyətinə belə bir sənəd vermədiyini bildirmişdir. İddiaçıda olan 1994-cü il tarixli məktib Suraxanı rayon İcra hakimiyyətinin başçısı D.Ağamalıyevə ünvanlanan məktub olmuşdur. Həmin məktub apellyasiya icraatında məhkəməyə təqdim ediləcəkdir. Torpağın ayrılması qeyd edilən məktubla deyil, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2003-cü il tarixli, 7-3713/17 nömrəli məktubu əsasında Suraxanı rayon İcra Hakimiyyətinin müvafiq qurumları ilə razılaşdırılmış “Situasiya Planı”xx.xx.2003-cü il tarixli AKT la təsdiq edilmişdir. Eyni zamanda yaşayış evinin layihəsi 27 avqust 2003-cü il tarixdə Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən və İcra hakimiyyətinin nəzdində Təsərrüfat Hesablı Layihə smeta Bürosu tərəfindən təsdiq edilmişdir. Göründüyü kimi Bakı İnzibati Məhkəməsinin istinad etdiyi məktub (iddiaçının qəbul etmədiyi) torpağın ayrılması, rəsmiləşdirilməsində heç bir əhəmiyyət kəsb etməməsi ilə yanaşı dəyişdirilmiş kserosurətdir. İşə təsiri olmayan kserosurət məktub Yeni Günəşli qəsəbəsi, D massivi, A.Fətullayev küçəsi, 21 saylı binanı arka hisssəsində zibilxana kimi istifadə olunan boş torpaq sahəsini şəxsi vəsaiti hesabına təmizləyərək, hasara alaraq inzibati orqanın bütün qurumlarının iştirakı ilə rəsmiləşdirilməsi, evin layihəsinin inzibati orqan tərəfindən təsdiqini, Qaraçuxur bələdiyyəsinin qeydiyyatını şübhə altına ala bilməz. Tərəflərin izahatları, prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı tərəf məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müaciət edərək, qeyd etmişdir ki, məhkəmə iclası saat 10:35-ə təyin edilmişdir. Lakin üzrlü və obyektiv səbəblərdən məhkəmə iclasında iştirakı qeyri-mümkün olacaq. Belə ki, müvafiq olaraq həmin tarixdə saat 10:40-da Yasamal rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin icraatında olan cinayət işi üzrə müdafiəçi qismində mütləq şəkildə iştirak edəcəyi üçün məhkəmə iclasında iştirakı qeyri-mümkün olacaq. Eyni zamanda, sözügedən sərəncamların etibarsız hesab edilməsi məqsədilə Bakı İnzibati Məhkəməsində iddialar qaldırılmış və bu səbəbdən də hazırki işin icraatının dayandırılması məqsədilə tərəflərindən elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə vəsatət təqdim edilmişdir. Göstərilənlərə əsasən 24 iyul tarixli məhkəmə iclasına iştirakları olmadan baxılmasını və tərəflərindən təqdim edilmiş vəsatətin təmin edilməsini və 2-1(103)-2414/2025 saylı iş üzrə icraatın Bakı İnzibati Məhkəməsinin icraatında olan e-2-1(112)-13818/2025 saylı iş və e-2- 1(112)- 13819/2025 saylı işlər üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənə kimi dayandırılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının və onun vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya məhkəməsində, cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin 13 mart 2025-ci il tarixli, e-2-1(112)-2525/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22- dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın : 2.7-ci bəndinə əsasən yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 2001-ci il yanvarın 1-dək qəbul edilmiş qərarlar. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı Bakı şəhəri, Sabunçu rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivi, A.Fətəliyev küçəsi, 21 saylı binanın arxa hissəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı iddia olunan daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənəd kimi Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı N.Mehdiyev tərəfindən təsdiq edilmiş xx.xx.2003-cü il tarixli akta istinad etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının istinad etdiyi xx.xx.2003-cü il tarixli akt yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahəsinin ayrılması barədə qərarı əvəz edə bilməz. Bundan başqa, hətta həmin akt torpaq sahəsinin ayrılması ilə bağlı qərarı əvəz edən sənəd kimi qəbul edilsə idi belə, yenə də bu hal hüququn qeydiyyatı üçün əsas olmazdı. Çünki yuxarıda qeyd edildiyi kimi, qanunverici müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarı hüquqmüəyyənedici sənəd kimi qəbul etmişdir. Yerli icra hakimiyyəti başçısının 2003-cü ildə torpaq sahələrinin ayrılması ilə bağlı səlahiyyəti olmamışdır. İddiaçı tərəfindən verilən apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq onları yenidən təkrarlamağa lüzum görmür. Bununla belə, məhkəmə tərkibi bir daha qeyd etməyi zəruri hesab edir ki, hazırda qanunverici yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 2001-ci il yanvarın 1-dək qəbul edilmiş qərarları, eyni zamanda qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktları daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən hüquqmüəyyənedici sənəd kimi qəbul edir. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçının təqdim etdiyi sənəd (Qaraçuxur qəsəbəsindəki İHB-nin nümayəndəsi tərəfindən imzalanmış və Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı N.Mehdiyev tərəfindən təsdiq edilmiş xx.xx.2003-cü il tarixli akt) mülkiyyət hüququnun qeydiyyata alınmasını üçün qanunvericilikdə nəzərdə tutulmuş tələblərə cavab vermir. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi, yəni Bakı şəhəri, Sabunçu rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivi, A.Fətəliyev küçəsi, 21 saylı binanın arxa hissəsində yerləşən 1000 kv.m torpaq sahəsi Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 1827 nömrəli, 14 sentyabr 1996cı il tarixli sərəncamı və Bakı şəhəri Suraxanı rayonu X8 325 nömrəli, 10 oktyabr 2004-cü il tarixli sərəncamı ilə X6 ayrılmışdır. Hazırda iddiaçı tərəf Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, qeyd olunan sərəncamları mübahisələndirdiyini bildirir. Eyni zamanda, iddiaçı tərəf vəsatətlə məhkəməyə müraciət edərək, sözügedən sərəncamların etibarsız hesab edilməsi məqsədilə Bakı İnzibati Məhkəməsində iddia qaldırıldığını nəzərə alaraq hazırki işin icraatının dayandırılması xahiş etmişdir. Məhkəmə kollegiyası iş üzrə icraatın dayandırılması barədə vəsatəti protokol qəradadı ilə təmin etməmişdir. Belə ki, hazırkı işin baxılan digər inzibati mübahisəyə dair işin predmetini təşkil edən mövzudan (mübahisədən) asılı olduğu müəyyən edilmir. Şərti qəbul etsək ki, mübahisləndirilən sərəncamlar məhkəmənin qərarı ilə etibarsız hesab ediləcək, bu hal belə, hazırkı iş üzrə qəbul ediləcək məhkəmə qərarına təsir etməyəcək. Daha konkret desək, hazırkı iddia tələbinin əsaslı olması ilə nəticələnməyəcək. Çünki yuxarıda da qeyd edildiyi kimi, qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İddiaçının təqdim etdiyi sənəd isə mülkiyyət hüququnun qeydiyyata alınması üçün qanunvercilikdə təsbit olunmuş şərtləri ödəmir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə müvafiq Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olduğundan cavabdehin hüquqların dövlət qeydiyyatına alınmasından imtinası qanuni olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin 13 mart 2025-ci il tarixli e-2-1(112)-2525/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar