Məhkəmə qərarları › İş №2-1(103)-2416/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2416/2022

18.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2416/2022 18.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Tağızadə Mirzə Nəsib oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi ilə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-2656/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya qanunvericiliklə müəyyən edilmiş yaş həddinə (65) çatması və 25 il ümumi sığorta stajının olması səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya 65 yaşdan, yəni 15 may 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-2656/2022 saylı, tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-2656/2022 saylı qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi xx.xx.1973cü il tarixdə tərtib olunmuş əmək kitabçasına, H3 N°3199227 saylı hərbi biletinə və texniki peşə peşə təhsili haqqında N°452 saylı attestatının surətlərinə əsasən ümumi sığorta stajı 19 il 5 gün olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda sığorta stajına uyğun pensiya kapitalı 14.486,95 manat olmaqla qanunvericilikdə tələb olunan 28.800 manat pensiya kapitalından azdır. Bundan başqa əmək kitabçası araşdırılarkən onun əmək kitabçasının birinci səhifəsində pozuntular aşkarlanmışdır. Belə ki, əmək kitabçasının birinci səhifəsində olan məlumatlar ilk işəgötürənin möhürü ilə təsdiq edilməmişdir. Bundan əlavə Dövlət Arxivinin Bakı filialının xx.xx.2021-ci il tarixli arayışına əsasən "xxxx" ASC-nin 1978-2005-ci illərə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyindən həmin dövrə aid əmək fəaliyyətinin araşdırılması mümkün olmamışdır. Qeyd edilənlərə əsasən xx.xx.1992-ci il tarixdən xx.xx.2005-ci il tarixədək dövr sığorta stajına daxil edilməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-2656/2022 saylı qərarının ləğv olunmasını, iddianın təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıya iclasın yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etmir və gəlməmə səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AA seriyalı, ******* №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə Şəki rayonunda doğulmuşdur. İşdə olan İddiaçı məxsus H3 ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilə qədər (02 il 02 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının tərcümə edilmiş və notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci ildən xx.xx.1973-cü ilədək V.İ.Lenin adına Şəki İpək kombinatının toxucu-istehsalatında silgici vəzifəsində işləmiş (11 ay 25 gün); xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilədək 67 №-li şəhər peşətexniki məktəbində 16 nömrəli qrupda avtoelektrik peşəsində oxumuş (01 il 5 ay 26 gün); xx.xx.1975-ci ildən xx.xx.1975-ci ilədək Bakı şəhər Şurasının icra komitəsinin Bakı Baş tikinti avtoekspedisiya istehsalat idarəsinin 1 nömrəli avtobazasında 3 dərəcəli, 4-cü dərəcəli avtoelektrik vəzifəsində işləmiş (06 ay 19 gün); xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək Sovet ordusu sıralarında hərbi xidmət etmiş (02 il 02 gün); xx.xx.1978-ci il tarixdə “Qlavbakstroy” 1 saylı avtobazaya 4-cü dərəcəli avtoelektrik vəzifəsinə işə qəbul olunmuş, 5 dərəcəli avtoelektrik vəzifəsinə keçirilmiş, xx.xx.1981-ci il tarixdə 3 dərəcəli sürücü vəzifəsinə keçirilmiş, xx.xx.1984-cü il tarixdə qurumun adı PATO “Qlavbakstroy” 3 saylı avtobaza adına dəyişdirilmiş, xx.xx.2000-ci il tarixdə "xxxx" ASC adlandırılmış və xx.xx.2005-ci il tarixdə öz xahiş ilə işdən azad edilmişdir (27 il 03 ay 12 gün). İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin **********527900 №-li, xx.xx.2021-ci il tarixli məktubundan və ona əlavə olunmuş "xxxx" ASC-nin Nizamnaməsindən görünür ki, idarədə olan reyestrə əsasən "xxxx" ASC (VÖEN:**********) xx.xx.2001-ci ildə dövlət qeydiyyatına alınmışdır. "xxxx" ASC hüquqi şəxs olub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 19 dekabr 2000-ci il tarixdə D- 3165 saylı Şəadətnamə ilə dövlət qeydiyyatına alınmış "xxxx" ASC-nin bazasında yaradılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış **********80 №-li, xx.xx.2021-ci il tarixli məktubuna əlavə olunmuş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin 308 №-li, xx.xx.2000-ci il tarixli Sərəncamı ilə Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin tabeliyində olmuş Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 23/15 məhəllədə yerləşən İstehsalat avtonəqliyyat birliyinin bazasında "xxxx" ASC-nin yaradılması qərara alınmışdır. xx.xx.2002-ci il tarixli işçilər haqqında məlumat cədvəlində əsas iş yeri İANB-nin Baş təsərrüfatı olan İddiaçı A.-nın xx.xx.1975-ci il tarixdən sürücü olduğu göstərilmişdir. İş materiallarında olan cavabdeh Filial tərəfindən iddiaçıya ünvanlanmış **********2 №-li, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı "DOST” mərkəzindən daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. Təqdim olunan xx.xx.1973-cü il tarixində tərtib olunmuş əmək kitabçasına, H3 № ******* saylı hərbi biletinə və texniki peşə təhsili haqqında 452 saylı attestatının surətlərinə əsasən onun ümumi sığorta stajı 19 il 5 gün olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda sığorta stajına uyğun pensiya kapıtalı 14.486,95 manat olmaqla qanunvericiliklə tələb olunan 28.800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Bundan başqa, xx.xx.2006-cı il tarixindən 01 07.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanlara əsasən ona yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bildirilir ki, Dövlət Arxivinin Bakı Filialının xx.xx.2021-ci il tarixli, BA-03323-2021 saylı arayışına əsasən "xxxx" ASCnin 1978-2005-ci illərə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilmədiyindən həmin dövrə aid əmək fəaliyyətinin araşdırılması mümkün olmamışdır. Qeyd edilənlərə əsasən xx.xx.1992-ci il tarixdən xx.xx.2005-ci il tarixinədək dövr sığorta stajına daxil edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. “Andreyeva Latviyaya qarşı” işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı – əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; - 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı – müvafiq olaraq fərdi hesabına sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; - 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilmişdir; - xx.xx.2021-ci il tarixədək qüvvədə olan 6-1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. - hazırda qüvvədə olan 6.1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2022-ci il yanvarın 1-dən 240 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır; Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunvericiliyin tələblərinə əsasən iddiaçıya 65 yaşına çatmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda ona yaşa görə əmək pensiyası təyin edilə bilər. Cavabdeh inzibati orqan iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinasını iddiaçının xx.xx.2006-cı il tarixinədək 19 il 5 gün sığorta stajı olmaqla tələb olunan müddətdən az olması, xx.xx.2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək fərdi hesabınının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, "xxxx" ASC-nin 1978-2005-ci illərə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilmədiyindən həmin dövrlərin sosial sığorta stajının araşdırılmasının mümkün olmaması səbəbindən xx.xx.1992-ci il tarixdən xx.xx.2005-ci il tarixinədək dövrlərin sığorta stajına əlavə edilməsinin qanunauyğun hesab edilməməsi ilə əsaslandırmışdır. Göründüyü kimi cavabdeh inzibati orqan iddiaçının sığorta stajının təhsil, hərbi xidmət və əmək kitabçasına əsasən xx.xx.2006-cı il tarixinədək 19 il 05 gün təşkil etdiyini qəbul edir. Cavabdeh inzibati orqanın qəbul etmədiyi dövr iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1992-ci ildən xx.xx.2005-cı ilə qədər "xxxx" ASC-də işlədiyi dövrlərdir. Məhkəmə kollegiyası qeyd edir ki, "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə əsasən əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranır ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Bundan başqa adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Əsasnamənin 25-ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əgər əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməklə aparılmamışsa, bu halda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Hazırki işdə iddiaçının əmək kitabçasında əmək kitabçalarının doldurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad edilməsi, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləri ilə təsdiqlənmişdir. Əmək kitabçasındakı qeydləri şübhə altına alan halların mövcud olması məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qanunvericliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə iki hissəyə – Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qaydaların 3.2.1-ci bəndinə görə qazanılmış əmək pensiyası hüququnun PAS-a daxil edilməsi üçün əsaslardan biri də əmək kitabçasıdır. Göründüyü kimi qanunvericilik əmək kitabçasını sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübut kimi qəbul edir. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin “Dövlət Arxivinin Bakı filialının xx.xx.2021-ci il tarixli arayışına əsasən "xxxx" ASC-nin 1978-2005-ci illərə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyindən həmin dövrə aid əmək fəaliyyətinin araşdırılması mümkün olmamışdır. Qeyd edilənlərə əsasən xx.xx.1992-ci il tarixdən xx.xx.2005-ci il tarixədək dövr sığorta stajına daxil edilməmişdir.” Dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının işlədiyi müəssisənin Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin 24 noyabr 2000-ci il tarixli 308 №-li sərəncamı ilə yaradılması, yaradılan zaman orada işləyən şəxslərin siyahısında iddiaçının işləməsi barədə qeydin olması, müəssisənin xx.xx.2001-ci il tarixdə (VÖEN: **********) dövlət qeydiyyata alınması, başqa sözlə fəaliyyətdə olmuş müəssisə olduğu müəyyən edilmişdir. Belə olan halda məhkəmə cavabdeh inzibati orqanın iddiaçının işlədiyi "Bakı Avtonəqliyyat-2” ASC-yə dair arxiv sənədlərinin Dövlət Arxivinin Bakı Fliialına təhvil verilmədiyindən xx.xx.1992-ci il tarixindən xx.xx.2005-cı il tarixinədək dövrə aid əmək fəaliyyətinin araşdırılmasının mümkün olmadığından həmin dövrlərin sığorta stajına daxil edilməməsi barədə gətirdiyi dəlili əsaslı hesab etmir. Məhkəmə Kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, adıçəkilən müəssisə ilə bağlı arxiv sənədlərinin olmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Eləcə də oxşar tələblə bağlı işlər üzrə formalaşmış Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyindən görünür ki, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2005-ci il tarixinədək işləməsi onun əmək kitabçası ilə təsdiq olunduğundan digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Apellyasiya şikayətinin ümumi sığorta stajı 19 il 5 gün olmaqla tələb olunan müddətdən (25ildən) az olması, eyni zamanda sığorta stajına uyğun pensiya kapitalı 14.486, 95 manat olmaqla qanunvericilikdə tələb olunan 28.800 manat pensiya kapitalından azdır dəlilinə münasibətdə məhkəmə kollegiyası vurğulayır ki, İddiaçı təhsil, hərbi xidmət müddəti, əmək kitabçasında qeyd edilən işlədiyi müddətlər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək artıq 32 il 03 ay 24 gün sığorta stajı mövcuddur. xx.xx.2006-cı il tarixdən iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün maneə yaratmamalıdır. Nəzərə alınmalıdır ki, həqiqətən də pensiya qanunvericiliyində vətəndaşın fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması şərti mövcuddur, lakin bu şərt yalnız o zaman tətbiq olunur ki, vətəndaş nəzərdə tutulmuş ümumi sığorta stajını toplamamış olsun. İddiaçının sığorta stajının müəyyən edilməsi istiqamətində aparılmış araşdırma zamanı isə məlum olmuşdur ki, İddiaçı 25 ildən çox sığorta stajına malikdir ki, bu hal onun yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət edir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2006-cı il tarixdən fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmaması üçün əsas deyildir. Bundan başqa «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. - 4-cü maddəsinə əsasən bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. - 5-ci maddəsinə əsasən bu Qanun 2018-ci ilin aprelin 1-dən qüvvəyə minir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunmasına dair qərar qəbul etmişdir. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-2656/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar