Məhkəmə qərarları › İş №2-1(103)-2416/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2416/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2416/2023 28.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-262/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1988-ci ildə ağır avtomobil qəzası keçirmişdir. Qəza nəticəsində sağ ayağı diz nahiyəsindən sınmış və uzun müddət xəstəxanada və 9 ay ev şəraitində müalicə olunmuşdur. 1989-cu ildən 1996-cı ilədək əmək fəaliyyəti ilə məşğul olsa da, daha sonra diz nahiyəsində problemlər və əmək fəaliyyətində qüsurlar yaranması səbəbi ilə işdən azad olunmuşdur. xx.xx.1997-ci il tarixdə Suraxanı rayonu qaz istismarı idarəsində işə götürülsə də, elə həmin gün işdən azad edilmişdir. Səhhəti ilə bağlı 1997-ci ildən bu günə qədər heç bir yerdə işləməmiş və heç bir əmək fəaliyyəti olmamışdır. 2000-ci ildə ailə qurmuş, himayəsində 11 yaşında oğlu və ağır şəkər xəstəsi olan həyat yoldaşı vardır. Özü də uzun müddətdir ağır şəkər xəstəsidir. 2019-cu ilin noyabr ayından insulindən istifadə edir və heç bir yerdən gəliri yoxdur. Xəstəliyi ilə bağlı Suraxanı rayonu Hövsan qəsəbəsi 23 nömrəli şəhər poliklinikasının TSEK-ə əlilliyinin dərəcəsini müəyyən etmək məqsədilə müraciət etmiş, 4 dəfə ekspertizadan keçsə də, 4 dəfə də imtina sənədi almışdır. Bununla bağlı Səhiyyə Nazirliyinə müraciət etmiş və Nazirlik tibbi xidmətin göstərilməsi ilə bağlı X4 və Ortopediya İnstitutuna məktub göndərmişdir. xx.xx.2019-cu ildə həmin institutda müayinə olunmuş və xx.xx.2019-cu ildə ona bildirilmişdir ki, əməliyyat edilməsi üçün 1373-cü şəxs olaraq qeydiyyata alınmışdır. 1988-ci ildən 23 nömrəli şəhər poliklinikasında xəstəlik kitabçası olmuş, lakin müraciət etməsinə baxmayaraq ona məxsus kitabça tapılmamışdır. Həmin kitabçada onun dizində yaranmış xəstəlik və keçirdiyi müxtəlif xəstəliklərlə bağlı geniş məlumatlar əks olunmuşdur. Cavabdeh iddia tələbinə dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyəti ilk dəfə səhiyyə müəssisəsinin göndərişi əsasında xx.xx.2018-ci ildə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərar verilmişdir. Göndərişin təhlili göstərmişdir ki, xəstəlik xx.xx.1988-ci ildə başlamış və əsas diaqnoz kimi “Digər posttravmatik qonartrozlar”, sağ diz oynağının deformasiyaedici artozo-artriti, hetero tipik ossifikasiyası” xəstəliyi, ağırlaşma kimi isə “Oynaqların kontrakturası, sağ diz oynağının qarışıq tipli kontrakturası, oynaqda ağrı, sağ diz oynağında daimi ağrı sindromu, yerişin pozulması ilə”, yanaşı xəstəlik kimi isə “Essentsial (birincili) hipertenziya, arterial hipertenziya İİ mərhələ. Dizin sınığı, sağ diz qapağının bitişmiş sınığı” xəstəlikləri qeyd edilmişdir. Qeyd edilmiş travma və onun ağırlaşmaları Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq əlilliyin təyininə əsas vermir. Buna görə də əlillik təyinatı aparmaq mümkün olmamış və ətraflı müayinələrin və dinamik müşahidələrin aparılması üçün əsaslı olaraq əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişləri əsasında xx.xx.2019-cu, xx.xx.2020-ci, xx.xx.2020-ci il tarixlərdə qiymətləndirilmiş və hər bir halda göndərişdə qeyd edilən məlumatlar əsasında əlillik təyinatı aparmaq mümkün olmamışdır. Belə ki, hər üç göndərişdə qeyd olunan əsas diaqnoz və onun ağırlaşmaları, eləcə də yanaşı xəstəliklər əlilliyin təyininə əsas vermir, travmadan sonra ətrafın funksional vəziyyəti müayinələrlə əsaslandırılmır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-262/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işin faktiki hallarına əsasən iddiaçının əlilliyinin müəyyən olunması haqqında qərar qəbul edilməsindən cavabdeh tərəfindən imtina edilmişdir, həmin imtinanın tamamilə əsaslı olması isə iş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının rəyi ilə təsdiqlənir. Belə ki, məhkəmə tibbi ekspertizasının rəyinə əsasən iddiaçının adına tərtib edilmiş göndərişdəki xəstəliklər (sağ diz oynağının açıcı-bükücü kontrakturası, açma - 170 dərəcə, bükmə - 90 dərəcə, oynaqda daimi ağrı sindromu, sağ diz oynağının osteofikatı, diz oynağının sinoviti, diz oynağının miniskiti, insulindən asılı olmayan şəkərli diabet, İİ tip, orta forma) əlillik təyini üçün əsas vermir. Belə olan hallarda iddiaçının əlilliyinin müəyyən edilməsindən imtina edilməsi ilə əlaqədar cavabdehin hərəkətlərində qanun pozuntusuna yol verilmədiyi üçün iddiaçının iddia tələbinin hüquqi əsası yoxdur. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, çox ağır vəziyyətdə müayinələrdən keçsə də, heç bir əlillik təyin edilməmişdir, məhkəmənin təyin etdiyi ekspertiza zamanı sağ diz oynağı bükülmədiyi halda, zor gücünə şiddətli ağrı verərək yoxlanış edilməsi daha sonra diz hissəsində ciddi problemlər yaratmışdır, həmçinin ekspertizanın rəyində “insulindən asılı olmayan şəkərli diabet” ifadəsi tamamilə yanlışdır, o, uzun müddətdir ki, insulin qəbul edir. Apellyasiya və kassasiya instansiyası məhkəmələrində əvvəlki icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2631/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 13 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 671/2023 saylı, 17 mart 2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2631/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilərək, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraza edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin iddiaçının iddiasının rədd edilməsi üçün əsaslandığı həlledici və faktiki olaraq yeganə olan sübut – Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB PHŞ-nın T 28/2022 nömrəli ekspertiza rəyi olmuşdur, ekspert rəyindən isə görünür ki, məhkəmə-tibb ekspertizasının aparılmasında cavabdeh Agentliyin tibbi sosial eksperti kimi əməkdaşı iştirak etmiş və o da ekspert rəyini imzalamışdır, cavabdeh Agentliyin əməkdaşı məhkəmə ekspertizası idarəsinin eksperti deyil, cavabdeh Agentliyin tibbi sosial eksperti vəzifəsində işləməklə ekspertizanın nəticəsində maraqlı şəxs olduğundan, ekspertizanın təyin olunması haqqında qərardadda onun iştirakı nəzərdə tutulmadığından, məhkəmə ekspertizası idarəsinin rəhbəri cavabdehin nümayəndəsinin ekspert qismində iştirakı barədə məhkəmə ekspertizasını təyin etmiş məhkəmə qarşısında vəsatət qaldırmadığından cavabdehin əməkdaşının imzaladığı ekspert rəyi “Məhkəmə ekspertizasının fəaliyyəti haqqında” Qanunun bəhs edilən müddəalarının pozulması ilə tərtib edilmişdir, bu səbəbdən iddianın rəddinin əsasını təşkil edən ekspert rəyi mötəbər sübut kimi qəbul edilmədiyindən apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Kollegiya qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı cavabdehə müraciət etmiş, cavabdehin imtina məktubundan sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası iddianın mahiyəti üzrə əsassız olması ilə bağlı qənaətini əsaslandırmaq üçün aşağıdakıları diqqətə çəkir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. - 1.3-cü bəndinə əsasən TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. - 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. - 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir:1.5.1. ümumi səbəblərdən:1.5.1.1. ümumi xəstəlik;1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi;1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar;1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7.terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən:1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar;1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar;1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar;1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. -1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. -1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1- dək əlilliyi olan şəxs hesab edilir. -2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; - 2.2-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; -2.3-cü bəndinə əsasən, göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; -2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; -2.5-ci bəndinə əsasən, TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır; -3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir; 4.9-cu bəndinə əsasən, bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Apellyasiya şikayətinin dəlilinə münasibət: Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. İş materiallarından görünür ki, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, iddiaçı sağ diz oynağının artrozu İİİ mərhələ əməliyyatının keçirilməsi ilə əlaqədar növbəyə götürülmüşdür. Bakı şəhər Baş Səhiyyə İdarəsinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan İddiaçı müayinə və müalicəsinin müvafiq qaydada təşkil edilməsi (Dz: sağ diz oynağının deformasiyaedici artrozu, diz oynağının sinoviti, dizaltı çuxurun Berger sisti. Sağ diz oynağının açıcıbükücü kontakturası, daimi ağrı sindromu ilə, hərəkətin pozulması), diqnozda göstərilən kontrakturaların dərəcəsinin müəyyən edilməsi və sağlamlıq durumu barədə tibbi rəy verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatlara əsasən iddiaçya xx.xx.2018-ci ildə, xx.xx.2019-cu ildə, xx.xx.2020-ci ildə əlil və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən imtina edilmişdir, səbəbi müalicəyə ehtiyacın olması göstərilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli əmri ilə yaradılmış komissiyanın iclasının xx.xx.2022-ci il tarixli protokoluna əsasən iddiaçıya əlilliyin müəyyən edilməsindən imtina edilmişdir. İddiaçıya əlillik dərəcəsinin təyin olunmasından imtinanın səbəbi kimi aşağıdakılar qeyd olunmuşdur: “Əlavə müalicəyə ehtiyacın olması. Xəstənin əlavə stasionar müayinəyə və müalicəyə ehtiyacı var. Son 1 il ərzində aparılmış stasionar müayinə və müalicələrin müddəti azdır”. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə araşdırma zamanı 01 dekabr 2020-ci il tarixli aralıq qərardadı qəbul edilərək xx xxxx 1956-cı il təvəllüdlü İddiaçı İsgəndər oğlunun əyani tibbi-sosial ekspertiza müayiəsindən keçirərək, onda olan xəstəlik və qüsurların ona hər hnası qrup əlillik dərəcəsinə əsas verib-verməməsi barədə rəy verilməsi Dövlət Tibbi sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin **********85 nömrəli xx.xx.2022-ci il tarixli məktubundan aydn olur ki, İddiaçı əlillik vəziyətinin qiymətləndirilməsi üçün xx.xx.2021-ci ildə Agentlikdə mütəxəssislərin iştirakı ilə nəzarət qaydasında komissiyada əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, İddiaçım hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Sağ diz oynağının deformasiyaedici artrozo-artriti. Sağ diz oynağının açıcı bükücü kontrakturası, sağ diz qapağının köhnə bitişmiş sınığı. Şəkərli diabeti İİ tip” diaqnozu-anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsində araşdırma zamanı həmçinin məhkəmə tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB PHŞ-nın T 28/2022 nömrəli rəyinə əsasən İddiaçı adına tərtib edilmiş 0050003AACY6 nömrəli göndərişə (Forma 88) əsasən “sağ diz oynağının açıcı-bükücü kontrakturası, açma – 170 dərəcə, bükmə - 90 dərəcə, oynaqda daimi ağrı sindromu, sağ diz oynağının osteofikatı, diz oynağının sinoviti, diz oynağının miniskiti, insulindən asılı olmayan şəkərli diabet, İİ tip, orta forma” diaqnozuna uyğun xəstəliklər aşkar olunur. Bu diaqnoza uyğun xəstəlik və qüsurlar, xəstəliyinin əyani müayinəsinin nəticələrinə əsasən əlilliyə əsas verən patofunksional dəyişikliklər aşkar olunmadığına görə əlillik təyini üçün əsas vermir. Həmçinin apellyasiya icraatı zamanı Ali Məhkəmənin qərarında əks olunan hüquqi mövqelər nəzərə alınmaqla məhkəmənin 2-1(103)-2416/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə mübahisənin ədalətli həlli baxımından işin xüsusatlarına düzgün qiymət verilməsi istiqamətində ziddiyyətli məqamların aradan qaldırılması, həmçinin, iddiaçının hal-hazırda mövcud olan xəstəliklər və qüsurlarının müəyyən edilməsi üçün xüsusi bilik tələb olunduğundan, cavabdeh Agentliyin nümayəndəsinin iştirakı olmadan iş üzrə yenidən məhkəmə-tibbi ekspertiza keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsinin T 492/2023 nömrəli rəyinə əsasən 1956-cı il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun olaraq komissiya aşağıdakı nəticələrə gəlmişdir:

1. Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adma müvafiq tibb müəssisəsində tərtib olunmuş 0050003AACY6 saylı Forma 088 göndərişdə qeyd edilmiş diaqnoz “Sağ diz oynağının deformasiyaedici artiriti xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasmda qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. TSEK-də Əyani müayinələri zamanı Əmək qabiliyyətinin itirilib-itirilməməsi ilə əlaqədar tibbi-sosial ekspertlər tərəfindən hər-hansı bir qeydiyyat aparılmamışdır. Yuxarıda qeyd edilən xəstəliklərlə əlaqədar hazırda onun əlavə müalicəsinə (bərpa müalicəsini davam etdirməyə) ehtiyacı yoxdur.

2. Əlilliyin təyini ilə əlaqədar sualın həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qnununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir

3. İş materiallarına əsasən İddiaçı olan xəstəliklər xx.xx.1988-ci ildə aldığı travma və onun fəsadları ilə, yəni əsas xəstəlik, onun ağırlaşmaları ilə əlaqədardır. “Şəkərli diabet” isə onda yanaşı xəstəlikdir. Həmin xəstəliklər xroniki hala keçdiyindən müalicəsi yoxdur, lakin kəskinləşdiyi halda müalicəyə cəlb oluna bilər. Apellyasiya icraatı zamanı T 492/2023 nömrəli rəyi ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsinin eksperti məhkəmə iclasına dəvət olunaraq dindirilmiş, ekspert X2 izahatında bildirmişdir ki, iddiaçıda olan sağ diz oynağının deformasiyaedici artiriti xəstəliyi 1988-ci ildə baş verən avtomobil qəzası nəticəsində yaranmışdır, hazırda həmin xəstəliyin əlavə müalicəyə ehtiyacı yoxdur, iddiaçıda olan digər şəkərli diabet xəstəliyi əlavə xəstəlik kimi qeyd edildiyindən əlillik təyinatı zamanı həmin xəstəlik nəzərə alınmır. Həmçinin, cavabdehin mütəxəssisi X5 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, həm qüvvədən düşmüş Əlilliyin müəyyən edilməsi meyarlarına, həm də hazırda qüvvədə olan Əlilliyin müəyyən edilməsi meyarlarına diqqət edildikdə aydın görünür ki, Sümükəzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri sırasında bir diz oynağına münasibətdə yalnız diz oynağının birtərəfli endoprotezləşməsi əlilliyin təyininə əsas verir. Hazırda isə iddiaçıda təsdiqini tapan diaqnoz yalnız bir diz oynağının deformasiyaedici artiritidir ki, bu da əlilliyin təyininə əsas vermir. Sözügedən xəstəlik ya hər iki diz oynağında, ya da bud-çanaq oynağında olduqda əlilliyin təyininə əsas verir. Bu səbəbdən iddiaçıya heç bir zaman əlillik təyin edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi iddiaçıda olan əsas xəstəliyin diaqnozu sağ diz oynağının artiriti, sinoviti, diz oynağının meniskiti xəstəlikləridir. Məhkəmə kollegiyası həm tibbi göndərişin verilməsi zamanı qüvvədə olan əlilliyin təyini meyarlarına, həm də hazırda qüvvədə olan meyarlara diqqət yetirir. Belə ki, qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədən aydın görünür ki, bir diz oynağının artiriti əlilliyin təyininə əsas vermirdi. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13-cü bəndi əlilliyə əsas verən Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəliklərindən bəhs edir. Həmin bəndə diqqət edildikdən iddiaçıda olan xəstəliyin yalnız bir diz oynağına münasibətdə əlilliyə əsas verən xəstəliklər sırasında olmadığı aydın görünür. Yuxarıda qeyd edilənlərə məcmu halda qiymət verən kimi, iddiaçıya əlillik dərəcəsinin verilməsi üçün əsas olan hal mövcud deyildir. Belə olan halda isə cavabdehin imtinası qanuni olmuşdur. Belə ki, iş üzrə əldə edilmiş rəylərə əsasən iddiaçının adına tərtib edilmiş göndərişdəki xəstəliklər (sağ diz oynağının açıcı-bükücü kontrakturası, açma – 170 dərəcə, bükmə - 90 dərəcə, oynaqda daimi ağrı sindromu, sağ diz oynağının osteofikatı, diz oynağının sinoviti, diz oynağının miniskiti, insulindən asılı olmayan şəkərli diabet, İİ tip, orta forma) əlillik təyini üçün əsas vermir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-262/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar