Məhkəmə qərarları › İş №2-1(103)-2417/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2417/2022

19.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2417/2022 19.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X16 və üçüncü şəxsin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs “Gəmi Təmirçisi” Bağçılıq Yoldaşlıq Cəmiyyəti) “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1415/2022 saylı 01 mart 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 16- 19 avqust 2022-ci il tarixlərdə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs “Gəmi Təmirçisi” Bağçılıq Yoldaşlıq Cəmiyyəti) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi bağ massivi ünvanında yerləşən İddiaçı ayrılmış ümumi sahəsi 0,05 ha olan N-14 saylı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhər X15 İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli, 20/396 saylı qərarı ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində “Gəmitəmiri və Gəmiqayırma” İstehsalat Birliyinin “Gəmitəmirçisi” bağçılığının 64 üzvünə torpaq sahəsi ayrılmışdır. O, 1999-cu il tarixdən həmin bağçılığın üzvüdür. xx.xx.1999-cu il tarixli protokola əsasən bağçılığın sahəsində yerləşən ümumi sahəsi 0,05 ha N-14 saylı bağ sahəsi ona verilmişdir. “Gəmi-Təmirçisi” X10 Heyətinin xx.xx.1999-cu il tarixli protokolundan görünür ki, A.A.İbrahimov, S.M.Kərimov və E.S.Yunataev bağçılıq yoldaşlıq üzvlüyündən çıxmış və ona N-14 saylı 0,05 ha bağ sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi hazırda onun istifadəsindədir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2012-ci il tarixli A 405089 nömrəli torpaq sahəsinin kadastrından görünür ki, ona Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən 500 kv.m olan N-14 saylı bağ evinin tikintisi üçün torpaq sahəsi üzrə kadastr verilmişdir. Həmin torpaq sahəsinə dövlət reyestrindən çıxarış verilməsi üçün o, cavabdehə müraciət etmişdir. Lakin cavabdeh orqan 31 may 2021-ci il tarixli məktubu ilə onun xahişini təmin etməkdən imtina etmişdir. Həmin məktubda ona bildirilmişdir ki, bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Halbuki bütün sənədlər qaydasındadır, üzvlük kitabçası, protokollar lazımı qaydada cavabdeh orqana təqdim edilmişdir. Torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər tam qaydasındadır və onlar aidiyyəti orqanlar tərəfindən lazımi qaydada təsdiq olunmuşdur. Cavabdehin imtinası qanunsuz və əsassızdır. İddiaçı göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1415/2022 saylı 01 mart 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: P.Hüseynov) Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı müvafiq ünvanda yerləşən torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı İdarəyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Aparılan araşdırmalar zamanı müəyyən olunmuşdur ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Gəmi Təmirçisi” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı və protokoldan çıxarışda qeyd edilən şəxslərin adları aşkar olunmamışdır. Həmçinin bildirilir ki, üzvlük kitabçası və protokoldan çıxarış yeni tərtib edilərək imzalanmışdır (2007-ci ildən sonra). Bundan əlavə, “Gəmi Təmirçisi” bağçılıq-yoldaşlıq təsərrüfatı ilə bağlı məhkəmə mübahisəsi vardır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6288/2021 saylı, xx.xx.2021-ci il tarixli bildirişi İdarəyə daxil olsa da, yekun məhkəmə aktı ilə bağlı məlumat aşkar edilməmişdir. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada **********20 nömrəli, xx.xx.2021-ci İİ tarixli imtina məktubu ünvanlanmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış və nəticədə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Üçüncü şəxsin nümayəndəsi tərəfindən məhkəməyə apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması məhkəmə kollegiyasından xahiş edilmişdir. Etirazda qeyd olunmuşdur ki, cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, İddiaçı üzvlük kitabıçası və protokoldan çıxarış yeni tərtib olunub və imzalanıb (2007-ci ildən sonra). Bildirilir ki, Əhmədov X1 1999cu ildə protokola əsasən verilmişdir. Qeyri-müəyyən şəraitdə yoxa çıxdığından 2005-ci ildə ona Dublikat bağçılığın üzvlük bileti verilmişdir. Protokol 1999-cu ildə tərtib edilərək notarial qaydada təsdiq edilmişdir, 2007-ci ildən sonra deyil. Bundan başqa cavabdeh 2(103)- 6288/2021 saylı, xx.xx.2021-ci il tarixli bildirişi İdarəyə daxil olsa da, yekun məhkəmə aktı ilə bağlı məlumat aşkar edilməmişdir bildirərək, bahanələr gətirir. Bu məhkəmə çəkişməsinin heç birinin iddiaçının istifadəsində olan torpaq sahəsinə, yaşadığı evə heç bir aidiyyəti yoxdur. Bakı şəhər X15 İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli, 20/396 saylı qərarı ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində 64 nəfərə torpaq sahəsi ayrılmışdır. Həmin siyahı üzrə bağçılığın üzvləri bağ sahələrini özəlləşdirmişlər. Həmçinin protokolda olan X23 və X5 bağ sahələrini özəlləşdirmişdilər. Necə olur ki, həmin protokolda olan 3 nəfərin 2-si özəlləşdirir, birinə deyilsin ki, sənədlərin düz deyil. Yuxarıda dediyi kimi, həmin siyahıya əsasən n sayda bağçılıq üzvləri bağ sahələrini özəlləşdiriblər. Həmin siyahı notarial qaydada təsdiq edilmişdir və məhkəmə işində vardır. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X16 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı üçüncü şəxsin nümayəndəsi X18 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli **********20 saylı məktubda qeyd edilir: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən N-14 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2021-ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Gəmi Təmirçisi” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında Sizin və protokoldan çıxarışda qeyd edilən şəxslərin adları aşkar olunmamışdır. Bundan əlavə, “Gəmi Təmirçisi" bağçılıq-yoldaşlıq təsərrüfatı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2413/2021 saylı, xx.xx.2021-ci il tarixli bildirişi daxil olmuşdur. Lakin qanuni qüvvəyə minmiş yekun məhkəmə qərarı idarəyə daxil olmamışdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 21.2-ci maddəsinə əsasən daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. İşdən görünür ki, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi bağ massivi ünvanında yerləşən İddiaçı ayrılmış ümumi sahəsi 0,05 ha olan N-14 saylı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və müəyyən etmişdir ki, Bakı şəhər X15 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 20/396 saylı qərarına əsasən “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlığın üzvlərinə torpaq sahəsi ayrılmışdır. “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlığı idarə heyətinin yığıncağının xx.xx.1999-cu il tarixli protokolunun notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Əbdülkərim oğlu bağçılıq yoldaşlığına üzv qəbul edilmiş və ona sahəsi 0,05 ha olan N-14 saylı bağ sahəsi ayrılmışdır. Eyni zamanda “Gəmitəmirçisi” bağçılıq yoldaşlıq cəmiyyətinin üzvlük biletinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Əhmədov X4 rayonunun Hövsan qəsəbəsindəki “Bağçılıq Yoldaşlıq Cəmiyyəti”nin üzvüdür və ona 1999-cu ildə N-14 saylı 0,05 hektar yer verilmişdir (Əsas: xx.xx.1999-cu il tarixli protokol). Həmçinin İddiaçı bağ evi tikintisi üçün Bakı şəhər XDS İK-nin xx.xx.1987-ci il tarixli 20/396 saylı qərarı və «Gəmitəmirçisi» b/y-nın xx.xx.1999-cu il tarixli Protokolu ilə verilmiş N-11 saylı 500 kv.m torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Torpaq sahəsinin planı və ölçüsü də tərtib edilmişdir. Həmin bağ sahəsi iddiaçının istifadəsindədir. Cavabdeh inzibati orqan tərəfindən həmin bağ sahəsinin başqa şəxsin torpaq sahəsi ilə üstüstə düşməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfindən qeyd olunan protokol, üzvlük kitabçası və Torpaq sahəsinin planı və ölçüsünün həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Həmin sənədlər isə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlığı idarə heyətinin yığıncağının xx.xx.1999-cu il tarixli protokolu ilə iddiaçı ilə bərabər bağçılıq yoldaşlığına üzv qəbul edilmiş və torpaq sahəsi ayrılmış digər 2 şəxs - X3 (bağ N-11, 0.05 ha) və X19 (bağ M-22, 0.05 ha) ayrılmış torpaq sahələrinə hüquqları cavabdeh inzibati orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onlara çıxarışlar verilmişdir. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işə əlavə edilmiş sənədlərə tam uyğundur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən xx.xx.2021-ci il tarixli BA- 03426-2021 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş Bakı şəhər X15 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 20/396 saylı qərarının təsdiq edilmiş surətindən (arxiv çıxarışı) görünür ki, 2.1. Orconikidze (indiki Suraxanı) rayonu, Hövsan qəsəbəsi ərazisində 26 Bakı komissarı adına rayonun müəssisə və təşkilatlarına, 2.1.3. SSRİ Hərbi Dəniz Nazirliyinin “Xəzərdənizgəmitəmiri” Gəmitəmiri istehsalat birliyinin əlavə olaraq 64 yoldaşlıq üzvünə torpaq sahəsinin ayrılması qərara alınmışdır. İş materiallarında olan “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlığı idarə heyətinin yığıncağından xx.xx.1999-cu il tarixli protokolun notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, İbrahimov A.A, Kərimov S.M və Yunataev E.S bağçılıq yoldaşlıq üzvlüyündən çıxarılması və onların bağ sahələri üzərində hüquqlarının itirilmiş hesab edilməsi, ərizə ilə müraciət etmiş vətəndaşların bağçılıq yoldaşlığına üzv qəbul edilməsi və onlara aşağıdakı bağ sahələrinin ayrılması qərara alınmışdır: X5 - N-11, 0.05 ha; X23 - M-22, 0.05 ha; İddiaçı Əbdülkərim oğlu - N-14, 0,05 ha. İş materiallarında olan “Gəmitəmirçisi” bağçılıq yoldaşlıq cəmiyyətinin üzvlük biletinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Əhmədov X4 rayonunun Hövsan qəsəbəsindəki “Bağçılıq Yoldaşlıq Cəmiyyəti”nin üzvüdür və ona 1999-cu ildə N-14 saylı 0,05 hektar yer verilmişdir. Əsas: xx.xx.1999-cu il tarixli protokol. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsünün notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Torpaq sahəsinin planı və ölçüsü İddiaçı bağ evi tikintisi üçün Bakı şəhər XDS İK-nin xx.xx.1987-ci il tarixli 20/396 saylı qərarı və «Gəmitəmirçisi» b/y-nın xx.xx.1999-cu il tarixli Protokolu ilə verilmiş N-11 saylı 500 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. X24 kitabında xx.xx.2012-ci il tarixdə 31704 nömrə ilə uçota alınmışdır (A №405089). İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli **********40 saylı məktubdan görünür ki, Bakı şəhəri Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən N-14 saylı bağ sahəsinə dair məhkəmə qərarı aşkar edilmədi və əmlak dövlət reyestrində qeydiyyata alınmayıb. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, «Gəmitəmirçisi» b/y-nın M-22 saylı bağ sahəsi vətəndaş tərəfindən təqdim edilmiş üzvlük kitabçası, DTXK tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli A405088 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi və «Gəmitəmirçisi» bağçılıq yoldaşlığının xx.xx.1999-cu il tarixli Protokolundan çıxarış əsasında xx.xx.2012-ci il tarixdə X13 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda Suraxanı rayonu, Hövsan qəsəbəsi, «Gəmitəmirçisi» b/y-nın N-11 saylı bağ sahəsi vətəndaş tərəfindən təqdim edilmiş üzvlük kitabçası, DTXK tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli A405090 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi və «Gəmitəmirçisi» bağçılıq yoldaşlığının xx.xx.1999-cu il tarixli Protokolundan çıxarış əsasında xx.xx.2013-cü il tarixdə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydasını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Qanununvericiliyin göstərilən müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhər X15 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 20/396 saylı qərarına və “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlığı idarə heyətinin yığıncağının xx.xx.1999-cu il tarixli protokoluna əsasən İddiaçı bağçılığın sahəsində yerləşən ümumi sahəsi 0,05 ha olan N-14 saylı bağ sahəsinin əvəzsiz olaraq onun mülkiyyətinə verilməsi və həmin bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsasdır. Bundan əlavə, cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, “Gəmi Təmirçisi” bağçılıq-yoldaşlıq təsərrüfatı ilə bağlı məhkəmə mübahisəsi vardır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6288/2021 saylı, xx.xx.2021-ci il tarixli bildirişi İdarəyə daxil olsa da, yekun məhkəmə aktı ilə bağlı məlumat aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6288/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı “Gəmi Təmirçisi” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin sədri X6 (Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi və X20 üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh X9 qarşı “xx.xx.2010-cu il tarixli protokolun ləğvi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7723/2018 saylı, 03 oktyabr 2018-ci il tarixli qətnaməsindən iş üzrə qətnamə ilə maraqlarına toxunan şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 7723/2018 saylı, 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. Həmcinin, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6288/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin hazırki mübahisə ilə baglı olması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqanın imtina məktubunda, eləcə də apellyasiya şikayətində göstərdiyi dəlillər iş materialları ilə öz təsdiqini tapmamaqla təkzib olunur və eyni zamanda cavabdeh orqan göstərdiyi dəlillərlə bağlı hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Avropa Məhkəməsi xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur (Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il tarixli Qərar) Məhkəmə kollegiyası qeyd edir ki, Suraxanı rayonunun Hövsan qəsəbəsindəki bağlar sahəsindəki “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlığı idarə heyətinin yığıncağının xx.xx.1999-cu il tarixli protokoluna əsasən ümumi sahəsi 0,05 ha olan N-14 saylı bağ iddiaçıya ayrılmış və iddiaçı tərəfindən hər hansı formada qanunsuzluğa yol verilməmiş, iddiaçı isə qanuni əsaslarla ona ayrılmış 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir. Həmin sahəyə dair hüquqla bağlı hər hansı bir mübahisələndirilən hal aşkar olunmamış, iddiaçı torpaq sahəsinin onun qanuni istifadəsində olduğuna dair qanunvericiliklə nəzərdə tutulmuş müvafiq sənədləri cavabdeh inzibati orqana təqdim etmiş, həmin sənədlərin mötəbərliyi və ya qanunsuzluğu mübahisələndirilməmişdir. “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlığı idarə heyətinin yığıncağının xx.xx.1999-cu il tarixli protokolu yuxarıda qeyd edilən Qanunun 8.0.7-ci maddəsində göstərilən aktlara aid edildiyindən, cavabdeh inzibati orqanın formal mülahizələrə əsaslanan dəlillərə istinad etməklə qanunvericiliklə səlahiyyətlərinə və funksiyalarına aid edilmiş məsələnin həllindən imtina etməsi ilə bağlı hərəkəti “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci və 15-ci maddələrinin tələblərinə cavab vermədiyindən əsassız hesab edilir. İddiaçıya ayrılmış 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, müvafiq dövlət reyestrindən çıxarışın verilməsi ilə əlaqədar iddiaçının ərizəsinin təmin olunmasından imtinanın əsasları qanunvericilikdə müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının müvafiq torpaq sahəsi üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. Qeyd olunan protokol hal-hazırda ləğv edilməmiş və tərəflər üçün hüquqi nəticələr yaratmaqla öz hüquqi qüvvəsini saxlayır. İddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.1ci maddəsində nəzərdə tutulmuş lazımi sənədləri cavabdeh inzibati orqana təqdim etsə də, sonuncu imtinasında formal mülahizələrə istinad edərək heç bir qanuni əsas olmadan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb edilməsi qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (19.1 və 19.2-ci bənd). Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının bağ sahəsi üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsindən imtina edilməklə iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı təmin etməklə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1415/2022 saylı 01 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar