Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2417/2024 22.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Günel Məhərrəm qızı Abbasovadan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin üzərinə güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2074/2022 nömrəli, 20 fevral 2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin üzərinə güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2-1(112)-2074/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı pensiya təminatının bərpa olunması öhdəliyi cаvаbdеhin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2022-ci il tarixli, 2- 1(103)-1847/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2-1(112)-2074/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2022-ci il tarixli 2- 1(103)-1847/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1899/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı ilə, cavabdehin kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2022-ci il tarixli, 2-1(103)-1847/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra, 25 yanvar 2023-cü ildə icra edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. Məhkəmə cavabdeh inzibati orqana qərarın icra edilmədiyi halda məcburi icra tədbirlərinin (cərimənin ) tətbiq ediləcəyi barədə 01 may 2023-cü il tarixdə xəbərdarlıq göndərmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı 16 may 2023-cü il tarixli, 3-17-1/2-108622/2023 saylı məktubunda bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli 2-1(112)-2074/2022 nömrəli qərarının icrası məqsədilə İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası bərpa edilərək 327,21 manat məbləğində müəyyən edilmiş, həmçinin ona ötən dövr üzrə ödənilməli olan 7389,90 manat pensiya məbləği hesablanmışdır. Həmin məbləğ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünməklə xx.xx.2023-xx.xx.2025-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə hər ay 273,70 manat olmaqla adıçəkilən şəxsin əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülməklə sözügedən məhkəmə qərarının icrası tam başa çatdırılacaqdır. İddiaçı məhkəməyə ərizələrlə müraciət edərək, məhkəmə qərarının icra edilməsinin dayandırıldığı barədə bildirmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2074/2022 nömrəli, 20 fevral 2024-cü il tarixli qərardadı ilə (hakim M.Hacıbəyova) Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 1000 (min) manat miqdarında cərimə edilmişdir. Həmin qərardaddan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və İddiaçı “cavabdehin üzərinə güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi” barədə iddia tələbinə dair inzibati iş üzrə qəbul olunmuş qərarın icra edilməməsi ilə bağlı prossesual təsir tədbirlərinin görülməsinə dair ərizəsinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı pensiya işinə dair sənədlərdə və 9 noyabr 1979-cu il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1982-xx.xx.1985-ci il tarixləri arasındakı dövr ərzində Saatlı dəmiryolunda operator köməkçisi, xx.xx.1985-xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin “Rels-5” cihazında defektskop və xx.xx.1987-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində isə X5 Müəssisəsində xörəkpaylayan vəzifələrində işlədiyi qeyd olunub. Yuxarıda qeyd olunan dövrlərdə ərizəçinin işlədiyi vəzifələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də ərizəçinin güzəştli iş stajı 12 il 6 aydan az (10 il 7 ay 2 gün) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq, Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq ərizəçiyə xx.xx.2018-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Bu səbəbdən də ərizəçinin əmək pensiyası xx.xx.2021-ci il tarixindən dayandırılıb. Eyni zamanda bildirirlər ki, ərizəçinin 2023-cü ilin may ayında Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 2-1 (102)-1899/2022 nömrəli qərarına əsasən 60 yaşının tamamlandığı xx.xx.2018-ci il tarixindən 327,21 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası bərpa edilib. Belə ki, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli 2-1(112)-2074/2022 nömrəli qərarının icrası məqsədilə tərəflərindən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası bərpa edilərək 327,21 manat məbləğində müəyyən edilmiş, həmçinin ona ötən dövr üzrə ödənilməli olan 7389,90 manat pensiya məbləği hesablanmışdır. Həmin məbləğ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünməklə xx.xx.2023-xx.xx.2025-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə hər ay 273,70 manat olmaqla adıçəkilən şəxsin əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülməklə sözügedən məhkəmə qərarının icrası tam başa çatdırılacaqdır. Məhkəmə ərizəni təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasına başlamış və bir müddət əmək pensiyasının ödənilməsini bərpa edərək iddiaçıya ödəmişdir. Lakin hazırda, bunun üçün qanuni əsasların - məhkəmə qərarının və ya iddiaçının razılığının mövcud olmasına dair sübutları təqdim etmədən, cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etməkdən imtina edir. Məhkəmə cavabdehin bu hərəkətlərini məhkəmə qərarının icra edilməsindən yayınması kimi qiymətləndirmiş və cavabdehə 1000 manat məbləğində cərimə təyin edilməsinin zəruri olması qənaətinə gəlmişdir. Məhkəmənin qeyd olunan mövqeyi ilə bağlı bildirirlər ki, İddiaçı “cavabdehin üzərinə güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi” barədə iddia tələbinə dair məhkəmə qərarlarında pensiyanın dayandırılması zamanı “İnzibati icraat haqqında’’ Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməməsi (mülahizənin dinlənilməsi və s.) ilə əsaslandırılıb. Bununla əlaqədar olaraq, tərəfimizdən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, ərizəçinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması üzrə inzibati icraata başlanılıb və müvafiq inzibati icraatla bağlı ərizəçinin mülahizələrinin dinlənilməsi üçün ona qanunvericiliyin tələbləri izahlı şəkildə göstərilməklə xx.xx.2023-cü il tarixli məktub göndərilməklə 28 avqust 2023-cü il tarixinədək Mərkəzi Filiala gəlməyi xahiş edilib. Ərizəçi mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala 29 avqust 2023-cü il tarixində gəlmiş və ona pensiyanın dayandırılmasına əsas olan hallar izah olunmuşdur. Lakin tərtib edilmiş akt ərizəçi tərəfindən imzalanmayıb. Bundan sonra aparılmış inzibati icraatın nəticəsi olaraq ərizəçiyə vaxtilə pensiya təyin edilməsinə dair qəbul olunmuş qərar tərəflərindən ləğv olunub və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin 2023-cü ilin sentyabr ayından dayandırılması haqqında inzibati akt qəbul edilib. Göründüyü kimi, məhkəmənin qərarına əsasən tərəflərindən icraat aparılaraq “İnzibati icraat haqqında” Qanunun tələblərinə tam əməl olunmuş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Həmçinin bildirirlər ki, Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyasından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, ərizəçiyə son üç il üzrə ümumilikdə 9814,34 manat məbləğində artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Bununla bağlı Mərkəzi Filial tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət olunaraq artıq ödənilmiş pensiya məbləğinin cavabdehdən tutularaq Mərkəzi Filialın hesabına ödənilməsi barədə qərar qəbul edilməsi üçün iddia qaldırılıb. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(120)-771/2023 nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qərarından tərəflərindən verilmiş apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(106)-405/2023 nömrəli qərardadı ilə qismən təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1 (120)-771/2023 nömrəli qərarı ləğv edilmiş, inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmışdır. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, “İnzibati icraat haqqında" Qanunun 64- cü maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Lakin birinci instansiya məhkəməsi iddiaçıya bu istiqamətdə hüquqi yardım göstərmədən qərar qəbul etmişdir. Həmçinin sonradan iddiaçı inzibati orqan cavabdehə əmək pensiyasının təyin edilməsi barədə qərarının ləğv edilməsi barədə qərar qəbul etmişdir. Bu qərara və bu qərarla əlaqədar inzibati orqanın apardığı icraata qiymət vermədən hazırkı iş üzrə məhkəmənin qərar qəbul etməsi gələcəkdə məhkəmədə yeni iddiaların verilməsinə və baxılmasına səbəb olacaqdır (qərar əlavə olunur). Hesab edirlər ki, inzibati orqanın səlahiyyətlərinə aid olan inzibati icraatı həyata keçirməsi məhkəmə tərəfindən qərarın icra olunmaması kimi qiymətləndirilməməlidir. Əks halda, bu inzibati orqanın fəaliyyətinə birbaşa və qanunsuz müdaxilə hesab olunar və inzibati orqanın səlahiyyətlərinin icrasına birbaşa maneə kimi qiymətləndirilə bilər. Belə ki, ərizçiyə dair pensiyanın bərpası haqqında məhkəmə qərarından da aydın görünür ki, məhkəmə şəxsin pensiya hüququnun olduğu, ona təyin olunmuş pensiyanın qanuni olması barədə heç bir mövqe bildirməyib. Pensiyanın bərpasını da ərizəçinin qanuni əsaslarla yaranan pensiya hüququnun olması ilə əlaqələndirməyib. İşin mahiyyətinə baxılmadan sadəcə formal-prosessual tələblər baxımından inzibati orqanın pozuntulara yol verdiyi üçün qəbul olunmuş inzibati akt ləğv olunub. Bununla da sübut olunur ki, tərəfimizdən aparılmış yeni icraat nəticəsində qəbul edilmiş akt iddiaçının hüquqlarına müdaxilə sayıla bilməz, belə ki, daha əvvəl təyin olunmuş pensiyaya ərizçinin qanuni əsaslarla heç bir hüququ olmadığından, hər hansı müadaxilə və ya hüquqların pozulmasından da söhbət gedə bilməz. Bir halda ki, yuxarıda qeyd olunanlarla da təsdiq olunur ki, ərizəçiyə münasibətdə qəbul edilmiş inzibati akt bütün maddi və prosessual normalara əməl olunmaqla qəbul edilib, iddiaçı onun ləğvini tələb etməkdə haqsızdır, məhkəmə də öz növbəsində qəbul olunmuş inzibati aktı məhkəmə qərarının icra olunmaması kimi qiymətləndirməklə cərimə tətbiq edərək düzgün olmayan nəticəyə gəlmişdir. Yuxarıda sadalananlar Mərkəzi Filialın nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatında da məhkəmənin diqqətinə çatdırılmış, lakin, məhkəmə qeyd olunanlara baxmayaraq ərizəni təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (İPM) 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2074/2022 nömrəli, 20 fevral 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı və şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır, onların icrası məcburidir və məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 79.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Həmin Məcəllənin 79.2-ci maddəsinə əsasən məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Bu baxımdan Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra ilə bağlı məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar 13 fevral 2007-ci il tarixli Qərarı). Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar (bundan sonra – qərarlar) çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ məhkəmə tərəfindən yalnız qanuni və əsaslandırılmış qərarın qəbul edilməsini deyil, həmçinin onun vaxtında icra edilməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” 19 noyabr 2021-ci il tarixli Qərarının: - 25-ci bəndinə əsasən inzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. İPM-in 120.1-ci maddəsində icra üçün müəyyən edilməli olan konkret müddətin göstərilməməsinin səbəbi inzibati orqan tərəfindən icra edilməli olan öhdəliyin (vəzifənin) hər bir konkret mübahisənin xarakterindən, icra üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmindən və buna görə tələb olunan vaxtdan asılı olaraq dəyişkən olması ilə bağlıdır. Odur ki, icra üçün müddətlər hər bir iş üzrə müxtəlif ola bilər. Lakin məhkəmə, mübahisənin xarakterini, icra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf ediləcək ehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla inzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə almaqla müvafiq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər. Lakin hər bir halda, bu müddətlər “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsində inzibati icraatın müddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir. - 26-cı bəndinə əsasən İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. - 27-ci bəndinə əsasən İPM-in 120.3 və 120.4-cü maddələrinə görə cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Bu normaların mənasına əsasən təkrar cərimə əvvəlki məcburi icra tədbirinin davamı kimi deyil, yeni müstəqil məcburi icra tədbiri kimi qiymətləndirilməlidir. İnzibati prosessual qanunvericilikdə isə borclu inzibati orqanın məhkəmə aktının icra edilməməsinə yönəlik hərəkətsizliyinin davam etdirilməsi və onun tələbkar qarşısında öhdəliklərini yerinə yetirməkdən yayınması ilə müşayiət olunan hüquq pozuntusuna görə tətbiq edilən məcburi icra tədbirlərinin nə ümumi sayına, nə də təyin edilən cərimələrin ümumi məbləğinə hər hansı məhdudiyyət qoyulmamış, əksinə, əvvəl seçilmiş məcburi icra tədbiri heç bir nəticə vermədiyi halda, daha ciddi və ya başqa məcburi icra tədbirinin tətbiqi imkanı nəzərdə tutulmuşdur. Bu mənada, məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericilikdə təyin edilmiş cərimə və təkrar cərimələrin birlikdə toplam ümumi məbləğinin 50.000 manatı aşmayacağına dair məhdudiyyət yoxdur. Yeganə məhdudiyyət bir dəfə tətbiq ediləcək cərimənin (və ya təkrar cərimənin) maksimal məbləğinin 50.000 manatdan çox ola bilməyəcəyi ilə bağlıdır. Məhkəmələr cərimənin məbləğini müəyyən edərkən ilk növbədə hər bir işin xüsusi hallarını, tərəflərin bütün diqqətəlayiq maraqlarını, icranın baş tutmamasının səbəblərini və mütənasiblik prinsipinin tələblərini nəzərə almalıdır. Məhkəmələrə həmçinin tövsiyə olunur ki, məcburi icra tədbiri qismində cərimə ilkin olaraq tətbiq edilərkən bir qayda olaraq, maksimal həddə cərimə seçilməməli, ilkin tədbir müsbət nəticə vermədiyi halda, getdikcə maksimal həddə yaxınlaşan daha yüksək məbləğdə təkrar cərimələrin tətbiq edilməsi və bununla da, məcburi icra tədbirlərinin ardıcıl sərtləşdirilməsi vasitəsilə məhkəmə qərarının icrasına nail olunmalıdır. Təyin edilmiş cərimə və təkrar cərimə məbləğlərinin məcburi qaydada tutulması isə İPM-in 119cu maddəsi ilə müəyyən olunmuş qaydada icra olunmalıdır. - 28-ci bəndinə əsasən cərimənin və ya təkrar cərimənin tətbiqi məcburi icra tədbiri hesab olunur və məhkəmə bu barədə məsələyə proses iştirakçılarının dinlənilmə hüquqlarını təmin etməklə məhkəmə iclasında baxaraq müvafiq qərardad çıxarmalıdır. İnzibati orqan üçün müəyyən edilmiş müddət bitdikdən sonra icra yenə də təmin edilməmiş qalarsa, məhkəmənin məcburi icra tədbiri kimi cərimənin tətbiqi ilə bağlı məsələni müzakirə etmək borcu yaranır. Məhkəmə bu məsələyə həm xidməti vəzifəsinə görə, həm də tərəflərin vəsatəti əsasında baxmalıdır. Məhkəmənin cərimənin təyin edilməsi, cərimənin təkrar təyin edilməsi və ya cərimənin (təkrar cərimənin) təyin edilməsindən imtina barədə qərardadlarından maraqlarına toxunan şəxslər şikayət verə bilərlər. MPM-in 15-ci maddəsinə əsasən məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir (maddə 15.1). Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır (maddə 15.2). Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir (maddə 15.3). İş materiallarından görünür ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasına başlamış və bir müddət əmək pensiyasının ödənilməsini bərpa edərək iddiaçıya ödəmişdir. Hətta bununla bağlı icra məktubunu da təqdim etmişdir. Lakin hazırda, bunun üçün qanuni əsasların - məhkəmə qərarının və ya iddiaçının razılığının mövcud olmasına dair sübutları təqdim etmədən, cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etməkdən imtina edir. Bakı İnzibati Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2-1(112)-2074/2022 nömrəli qərarının icra edilməsi üçün cavabdehə müddət təyin edilməsinə və cərimə olunacağı barədə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh qeyd edilən qərarın icrasını halhazıradək təmin etməmişdir. Cavabdehin dəlili ondan ibarətdir ki, inzibati icraat haqqında qanunun tələblərinə əsasən iddiaçı çağrılıb dindirilib və əvvəllər təyin edilmiş pensiyanın qanunsuz olduğu barədə məlumat verilir. Məhkəmə kollegiyası bununla bağlı da cavabdeh inzibati orqanın diqqətinə çatdırır ki, iddiaçının iddia tələbi təmin edilən zamanı Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1899/2022 saylı qərarında qeyd edilmişdir ki,
26. Bu baxımdan, inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar bir araşdırma nəticəsində müəyyən etməklə, şəxsə təyin olunmuş pensiya ödənişini dayandırmaqda cavabdeh haqlı sayıla bilməz.
27. Qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsi əmək pensiyasının dayandırılması əsaslarını müəyyən edir. Belə əsaslardan hər hansı birini aşkar etdikdə, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində pensiya ödənişinin dayandırılmasına əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə icraatın sonunda bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, pensiya təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı. Göründüyü kimi, inzibati icraatın aparılması cavabdehin zənn etdiyi kimi yalnızca iddiaçının çağrılaraq dinlənilməsindən ibarət deyildir. Bu zaman inzibati orqan öz əlverişli inzibati aktını ləğv edirsə buna dair ətraflı araşdırma aparmalı, yardım etmə vəzifəsi icra edilməli, müvafiq sübutlar tədqiq edilməli və daha sonra inzibati aktın ləğvinə dair akt qəbul etməli idi. Hazırki halda isə məhkəmə qərarı ilə pensiyanın bərpasını həyata keçirdikdən sonra iddiaçını çağırılıb ona sadəcə pensiyanın təyin edilməsində yalnışlığa yol verildiyinə dair məlumat verilməsi qanuni qüvvədə olan məhkəmə qərarının icrasının dayandırılmasına əsas ola bilməz. AR İnzibati Prosessual Məcəlləsinin 120.1-ci maddəsinə əsasən bu Məcəllənin 33.4cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Həmin Məcəllənin 120.2-ci maddəsinə əsasən bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Həmin Məcəllənin 120.3-cü maddəsinə əsasən cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Həmin Məcəllənin 120.4-cü maddəsinə əsasən cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmələr vasitəsilə hüquqların real təmin edilməsinə nail ola bilmək üçün məhkəmələr tərəfindən çıxarılmış qərarların icrasının təmin olunması həlledici əhəmiyyət daşıyır. Mövcud qanunvericilik normaları isə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasını məcburi sayır və inzibati mübahisələrlə bağlı belə qərarlarının icra olunmamasını 50000 manatadək cərimə ilə sanksiyalaşdırır. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər cavabdeh tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra olunmamasına əsas vermir. Odur ki, birinci instansiya məhkəməsinin cavabdehə 1000 manat məbləğində cərimənin tətbiq edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür. Yuxarıda göstərilənlərə əsasən, hazırkı inzibati işə apellyasiya qaydasında baxan Məhkəmə kollegiyası işin müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin cavabdeh inzibati orqanın cərimə olunması ilə bağlı qərardadı dəyişdirilmədən saxlanılmalı, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 80, 85 və 120-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ:
Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2074/2022 nömrəli, 20 fevral 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova