Məhkəmə qərarları › İş №2-1(103)-2418/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2418/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2418/2023 28.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X3 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya təyin edilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1995/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 20 sentyabr 2021-ci il tarixdən (65 yaşdan) yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxxx 1956-cı il tarixdə anadan olmuş, 1973-cü ildə orta məktəbi bitirdikdən sonra 22 avqust 1973-cü il tarixdən 29 aprel 1975-ci il tarixədək Füzuli rayonu, Engeles adına üzümçülük sovxozunda fəhlə işləmişdir. 06 may 1975-ci il tarixdən 15 may 1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. 29 iyul 1977-ci il tarixdən 20 iyun 2006-cı il tarixədək Horadiz təsərrüfat hesablı Avtonəqliyyat müəssisində sürücü işləmişdir. Beləliklə onun 01 yanvar 2006-cı il tarixədək 33 ilə yaxın sığorta stajı vardır. Odur ki, 01 yanvar 2006-cı il tarixədək 33 ilə yaxın sığorta stajı olduğuna görə ona 20 sentyabr 2021-ci il tarixdən qanunla nəzərdə tutulmuş qaydada yaşa görə əmək pensiyası təyin edilməlidir. Ona 20 sentyabr 2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh müraciətə 04 iyul 2022-ci il tarixli məktubu ilə müxtəlif bəhanələrlə imtina edərək məhkəməyə müraciət etmək hüququnun olmasını bildirmişdir. Hesab edir ki, cavabdehin ona pensiyanın təyin etməməsi əsassız və qanunsuzdur. Həmin imtina məktubunu 13 iyul 2022-ci il tarixdə poçt vasitəsi ilə almışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün, 2 əsas eyni anda mövcud olmalıdır: 1) Vətəndaşın yaşı bu qanunda göstərilən yaş həddinə çatmalıdır; 2) Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir yaxud azı 25 il sığorta stajı olmalıdır. İddiaçı nəzərən birinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı ildə anadan olmuşdur. İddiaçının pensiya almaq hüququ “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq xx.xx.2021-ci il tarixində yaranmışdır. İkinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçının cəmi 3 il 8 ay sığorta stajı, 3089.02 manat vardır ki, bu da qanunvericiliklə tələb olunan 25 il sığorta stajından və 28800 manat pensiya kapitalından azdır. İşin faktiki hallarına əsasən, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixə kimi hərbi xidmətdə olmuş, xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixə kimi Engels adına üzümçülük sovxozunda əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçının cavabdeh orqan tərəfindən mübahisələndirilməyən 3 il 8 ay sığorta stajı, 3089.02 manat pensiya kapitalı mövcuddur. İddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.2006-cı il tarixə kimi (28 il 10 ay 22 gün) "xxxx" MMC-də işləməsi faktı aparılan araşdırma nəticəsində öz təsdiqini tapmadığı üçün sosial sığorta stajı kimi nəzərə alına bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət X4 tərəfindən verilən 67 nömrəli xx.xx.2021ci il tarixli arayışa əsasən müəssisənin sənədlərinin (əməkhaqqı cədvəlləri, əmrlər kitabı və s.) Dövlət Arxivinə təhvil verilmədiyi müəyyən olunmuşdur. Beləliklə İddiaçı işləməsi faktının düzgünlüyünü yoxlamaq cavabdeh orqan tərəfindən mümkün olmamışdır. Cavabdeh orqan tərəfindən həmin sənədlərin üzləşdirilməsinin həyata keçirilə bilməməsi səbəbindən, iddiaçının işləməsi faktını təsdiq edən işə daxilolma, işdən azad edilmə əmrlərinin olmaması, həmçinin xx.xx.1977-ci il tarixdən xx.xx.2006-cı il tarixə kimi olan dövrlərə dair əməkhaqqı cədvəllərinin olmaması həmin dövrlərin sığorta stajı kimi nəzərə alınması mümkün hesab edilmir. İş materiallarına əlavə edilmiş iddiaçının əmək kitabçasındakı qeydlərdə xx.xx.1977-ci il tarixdən xx.xx.2006-cı il tarixə kimi əmək fəaliyyəti ilə məşğul olması göstərilmişdir. Bu qeydlərdən də aydın olduğu kimi, iddiaçı xx.xx.2006-cı il tarixə kimi əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bu halda “Sığorta AS”-də onun adına ödənilən məcburi dövlət sığorta haqları göstərilməli, yığılmış pensiya kapitalı əks olunmalı idi. Lakin göstərilən heç bir hal baş verməmiş, iddiaçının adına ödənilən heç bir məcburi dövlət sosial sığorta haqqı qeydə alınmamışdır. Yuxarıda göstərilən halların iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.2006-cı il tarixə kimi əmək fəaliyyəti ilə məşğul olmasına dair əsaslı şübhələr yaratması səbəbindən həmin dövrlər sığorta stajı kimi nəzərə alına bilməz. Beləliklə, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajının olmaması və iddiaçının fərdi hesabının sığorta hissəsində geydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda iddiaya dair etiraza əlavədə göstərmişdir ki, işin hərtərəfli, obyektiv araşdırılması məqsədilə tərəfimizdən Dövlət Vergi Xidmətinin Füzuli rayon Vergilər Şöbəsinə xx.xx.2022-ci il tarixli **********7 nömrəli sorğu ünvanlanmışdır Füzuli rayon Vergilər Şöbəsinin xx.xx.2022-ci il tarixli **********82000 nömrəli cavab məktubunda bildirilmişdir ki, "xxxx" MMC xx.xx.2006-cı il tarixində qeydiyyata alınmış, xx.xx.2010-cu il tarixdən xx.xx.2025-ci il tarixə kimi fəaliyətini dayandırmışdır. İddiaçının xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabında qeydə alınan pensiya kapitalı barəsində Dövlət Sosial Müdafiə Fondunun Fərdi uçota nəzarət və sosial sığorta departamentinə 2022-ci il 13 oktyabr tarixli **********2 nömrəli xidməti məktub ünvanlanmışdır. Fondun **********3 nömrəli xx.xx.2022-ci il tarixli cavab məktubunda həmin məsələ ilə bağlı bildirilmişdir ki, Nazirliyin “Mərkəzləşdirilmiş Elektron informasiya Sistemi”nin Sığorta (Monitorinq) altsistemindən əldə olunan məlumatlara əsasən sığortaedən "xxxx" MMC (SUN:**********9) tərəfindən 2006-cı il üzrə təqdim edilmiş illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatda İddiaçı adı sığortaolunan kimi qeyd olunmamış, həmçinin hərhansı sığortaedən tərəfindən vətəndaşın xeyrinə xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsi qeydə alınmamışdır. Həmçinin Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi uçot üzrə mərkəzi filialının **********1 nömrəli xx.xx.2022-ci il tarixli məktubuna əsasən "xxxx" MMC Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Monitorinq) altsisteminin “Sığortaedənlərin reyestri” bölməsində **********9 saylı SUN-la və ********** saylı VÖEN-lə (VÖEN alma tarixi xx.xx.2006-cı il) 16 yanvar 2009-cu il tarixdə sığortaedən kimi uçota alınmışdır. MElS-in “Sığorta” (Hesabat) altsistemində sığortaedən tərəfindən 2006-cı il üçün 397,50 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmiş, sözügedən il üçün təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatda sığortaolunan İddiaçı (SSN: **********516) dair heç bir məlumat qeyd edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1995/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və İddiaçı 65 yaşı tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hebsa edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1995/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - AZE 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı Azərbaycan Respublikası vətəndaşıdır və xx.xx.1956-cı ildə Füzuli rayonunda doğulmuşdur. - İddiaçının İZ ******* nömrəli hərbi biletinin surətinə əsasən iddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********4 nömrəli yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunması haqqında məktubunda bildirilmişdir ki, təqdim edilən əmək kitabçasının, hərbi biletin surətlərinə əsasən sığorta stajı (xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr) 3 il 8 ay təşkil edir. Həmçinin, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1977-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olub ki, Dövlət X4nın xx.xx.2021 -ci il tarixli arayışına əsasən əmək kitabçasının surətində qeyd olunmuş Horadiz "xxxx" MMC-nin xx.xx.1977-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan arxiv sənədləri Dövlət Arxivinə təhvil verilməyib. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə sənədlər təqdim edəiləcəyi təqdirdə sığorta stajı qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilib, xx.xx.2022-ci il tarixindən isə 180 manata çatdırılıb. - 25 avqust 1973-cü il tarixli əmək kitabçasının təsdiq olunmuş surətinə əsasən, iddiaçı Engeles adına üzümçülük sovxozunda xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilədək fəhlə, "xxxx" MMCdə xx.xx.1977-ci ildən xx.xx.2006-cı ilədək sürücü işləmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron sistemində vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumata əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin VÖEN-i **********, vergi uçotu orqanının adı Füzuli rayon Vergilər şöbəsi, hüquqi ünvanı AZ1900, ünvan 4 İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Füzuli rayon Vergilər şöbəsinin Dövlət Sosial Müdafiə Fondu Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filiala ünvanladığı 19.1012022-ci il tarixli məktubuna əsasən, "xxxx" MMC xx.xx.2006-cı il tarixində (VÖEN **********) qeydiyyata alınmışdır. Baza məlumatlarına əsasən 03 noyabr 2010-cu il tarixdən 16 noyabr 2025-ci il tarixədək ərizə ilə müraciət edərək fəaliyyətini dayandırmışdır. "xxxx" MMC (VÖEN **********) fəaliyyət göstərdiyi dövrdə sadələşdirilmiş vergi mükəlləfiyyəti üzrə vergi hesabatlarını və ödənişlərini vaxtində təqdim etmişdir. - X1 iddiaçıya ünvanladığı müəssisə arayışına əsasən Füzuli rayon təsərrüfat hesablı Avtonəqliyyat müəssəsində iddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.2006-cı ilə qədər sürücü işləmişdir; Qarabağ döyüşləri zamanı müəssisənin sənədləri yanmışdır; arayış Dövlət Sosial Müdafiə Fonduna təqdim edilmək üçün verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır; Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi iddiaçıya pensiya yaşına çatmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda ona yaşa görə əmək pensiyası təyin edilə bilər. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşıdır. 1975-ci ilin may ayından 1977-ci ilin may ayına qədər hərbi xidmətdə olmuşdur, əmək kitabçasında olan qeydlərə və müəssisə arayışına əsasən xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilədək Engeles adına üzümçülük sovxozunda fəhlə, xx.xx.1977-ci ildən xx.xx.2006-cı ilədək "xxxx" MMCdə sürücü işləmişdir. Pensiya yaşına çatdığı xx.xx.2021-ci ildən ona yaşa görə sosial müavinət təyin edilmişdir, iddiaçı həmin tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etsə də cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1956-cı il tarixdə doğulduğu nəzərə alındıqda, onun 65 yaşının tamam olduğu vaxtdan, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlər də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti; 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin faktiki hallarına əsasən iddiaçının 2006-cı ilin yanvar ayının 1-nə qədər 25 ildən çox sığorta stajı iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmışdır. Belə ki, iddiaçının hərbi xidmətdə olduğu, Engeles adına üzümçülük sovxozunda xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilədək, "xxxx" MMC-də xx.xx.1977-ci ildən xx.xx.2006-cı ilədək işlədiyi müddətlər (cəmi 30 il 7 ay) iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası almaq hüququ verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tərixli, 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.-ci bəndinə əsasən, Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; Göründüyü kimi, qanunvericiliyə əsasən əmək pensiyasının təyin edilməsi üçün 2006-ci il yanvarın 1-dək olan dövr üzrə şəxsin iş müddəti əmək fəaliyyəti barədə sənəd - əmək kitabçası əsasında müəyyən olunur. İddiaçının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN **********) xx.xx.1977xx.xx.2006-cı illərdə işlədiyi iddiaçıya məxsus əmək kitabçası və X2 tərəfindən verilən müəssisə arayışı ilə təsdiqləndiyindən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Belə ki, həmin əmək kitabçasında "xxxx" MMC-də işləməsinə dair qeydlər MMC-nin möhürü ilə təsdiqlənmişdir. Müəssisənin arayışı bunu bir daha təsdiq etmişdir. Digər tərəfdən əmək kitabçasında və əmək fəaliyyətinə dair arayışda mötəbərliyini şübhə altına almaq üçün iş materiallarında hər hansı əsaslar da müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin imtinasının digər dəlili olan əməkhaqqı cədvəllərinin olmamasına dair münasibətinə nəzərən qeyd edir ki, X1 arayışından məlum olur ki, müəssisənin sənədləri yanıb məhv olduğundan Dövlət Arxivinə təhvil verilməsi mümkün olmamışdır. «İnzibati icraat haqqında» Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iş stajı, o cümlədən onun mübahisəli hissəsi (xx.xx.1977-ci ildən xx.xx.2006-cı ilədək) əmək fəaliyyətinə dair müəssisənin arayışında, o cümlədən əmək kitabçasında (işə qəbul olma tarixi, işdən azad olma tarixi) olan məlumatlarla təsdiqlənir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1995/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1995/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar