Məhkəmə qərarları › İş №2-1(103)-2419/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2419/2021

10.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2419/2021 10.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısının vəfat etdiyi tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması və fərqin ödənməsi” barədə tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 05.07.2021-ci il tarixli, 2-1(112)-4900/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə müraciət edərək cavabdehinn hərəkətsizliyinin qanunsuz hesab edilməklə mərhum həyat yoldaşı X2 vəfat etdiyi - yəni 11.10.2015-ci il tarixindən başlayaraq ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasını və həmin tarixdən almalı olduğu ailə başçısını itirməyə görə əmək pensiyası ilə 01.10.2020-ci il tarixinədək ona verilən yaşa görə əmək pensiyası arasındakı yaranmış 5 illik fərqin ona ödənilməsi öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mərhum həyat yoldaşı X5 ilə 01 iyun 1974-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurub. Həyat yoldaşı uzun müddət xüsusi rütbəli dövlət qulluqçusu kimi Daxili İşlər Nazirliyində çalışmışdır. Belə ki, O, 08.07.1971- 06.06.1973-cü il tarixlərdə Silahlı Qüvvələrdə xidmət etmişdir. Əmək kitabçasındakı qeyddən də görünür ki, bu xidmət Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yanğından Mühafizə Orqanlarında xidmət hesab olunmuşdur. Həmçinin həyat yoldaşı 03.01.1974-cü ildən 18.10.2000-ci Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında müxtəlif vəzifələrdə çalışaraq xidmət etmişdir. Onun əmək kitabçasında yazılan qeydə əsasən mərhum həyat yoldaşının 18.10.2000-ci il tarixə xidmət müddəti, təqvimi - 28 il 10 ay 11 gün, güzəştli xidmət müddəti isə 34 il 02 ay 16 gün təşkil etmişdir. Əlavə olaraq bildirir ki, həyat yoldaşı zabit kimi pensiyaya çıxarkən baş leytenant rütbəsində olmuşdur. Həyat yoldaşı əmək pensiyasına çıxdıqdan sonra onun xidmət etdiyi Daxili İşlər Nazirliyinin tabeliyində olan Yanğından Mühafizə Xidməti Fövqəladə Hallar Nazirliyinin tərkibinə verilmişdir. Özü xx.xx.1951-cı il tarixdə doğulduğu üçün 30.06.2008-ci il tarixdən çalışdığı dövlət qulluğundan yaşa görə əmək pensiyasına çıxıb. Mərhum həyat yoldaşı X5 11.10.2015-ci il tarixdə vəfat etmişdir. Məhz, 11.10.2015-ci il tarixdən ailə başçısını itirməyə görə pensiya almaq hüququ yaranmışdır. O, isə qanunvericiliyə əsasən yaşına görə aldığı əmək pensiyası növünün dəyişdirilərək ailə başçısını itirməyə görə verilən pensiya ilə əvəz olunmasını istəyib. Lakin mərhum həyat yoldaşı rəhmətə gedən ildən, yəni 11.11.2015-ci il tarixindən 5 il ərzində Dövlət Sosial Müdafiə Fonduna çoxsaylı müraciətlər etməsinə baxmayaraq, məhz, 01.10.2020-ci il tarixindən ona ailə başçısını itirməyə görə pensiya təyin olunmuşdur. 11.10.2015-cı il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq maddəsinə əsasən, həyat yoldaşı əmək stajı nəzərə alınmaqla orta aylıq əmək haqqının 80%-i miqdarında pensiya alırdı. 11.10.2015-cı il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.13-cü maddəsinə əsasən isə ailə başçısını itirməyə görə iddiaçının həyat yoldaşının aldığı əmək pensiyası və ona əlavənin 80%-i miqdarında pensiya almaq hüququ yaranmışdır. Lakin buna baxmayaraq, həyat yoldaşı X2 əmək pensiyası və ona əlavənin 80%-i ailə başçısını itirdiyi üçün ona məhz 01.10.2020-ci il tarixdən ödənilir. Lakin bu məbləğ ona 11.10.2015cı il tarixdən ödənilməlidir. O, 01.10.2020-ci il tarixinə kimi yaşa görə əmək pensiyası alıb. Bu halda 15.10.2015-ci il tarixdən başlayaraq almalı olduğu ailə başçısını itirməyə görə əmək pensiyası ilə 01.10.2020-ci il tarixənədək özü aldığı yaşa görə əmək pensiyası arasındakı yaranmış 5 illik fərqin ona birdəfəlik ödənilməsini Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat İdarəsindən tələb etmək hüququ yaranıb. 11.10.2015-ci il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.3-cü maddəsinə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yarandığı gündən bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Qeyd edilənlərə əsasən, onun tərəfindən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat İdarəsi əmək pensiyaları arasında fərq məbləğinin ödənilməsi ilə bağlı müraciətinə 07 dekabr 2020-ci ildə rəsmi imtina cavabı verilərək, heç bir qanuni əsas gətirmədən yaşa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyası məbləğləri arasındakı fərq məbləğinin ödənilməsi qanunvericiliklə nəzərdə tutulmadığından Mərkəzin ona hər hansı borc məbləğinin olmadığı bildirmişdir. Belə ki, cavabdeh təşkilatın əsassız imtina verməsi və mübahisə barəsindəki hərəkətsizliyi nəticəsində pensiya hüququ pozulmuşdur. Bu səbəbdən də Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat İdarəsinin hərəkətsizliyi qanunsuz hesab edilməklə, mərhum həyat yoldaşı şəhid X3 vəfat etdiyi - yəni 11.10.2015-ci il tarixdən başlayaraq, ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasını və həmin tarixdən almalı olduğu ailə başçısını itirməyə görə əmək pensiyası ilə 01.10.2020-ci il tarixinədək iddiaçıya verilən yaşa görə əmək pensiyası arasındakı yaranmış 5 illik fərqin (03.07.2016-cı il tarixdə qüvvədə olan normalara əsasən) ona birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh təşkilatın üzərinə qoyulmalıdır. Belə ki, O, 11.10.2015-ci il tarixdən başlayaraq ailə başçısını itirməyə görə əmək pensiyası olaraq hər ay mərhum həyat yoldaşının aldığı pensiyanın 80 faizini almalı olduğu halda, ona məhz yaşa görə əmək pensiyasının verilməsi davam etdirilmiş və daha aşağı məbləğdə əmək pensiyası alıb, beləliklə də almalı olduğu pensiya ilə aldığı pensiya arasında ödənilməmiş fərq məbləği yaranmışdır. Bakı İnzibati Məhkəməsinin 05.07.2021-ci il tarixli, 2-1(112)-4900/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 05.07.2021-ci il tarixli, 2-1(112)-4900/2021 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Əlavə olaraq qeyd olunmuşdur ki, iddiaçı 11.11.2015-ci ildə ona məhz ailə başçısını itirməyə görə pensiyanın təyin olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 05.07.2021-ci il tarixli, 2-1(112)-4900/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri barədə əvvəlcədən məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - İddiaçının müraciətinə cavab olaraq Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamenti tərəfindən 17.11.2015-ci il tarixli məktubla bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.1-ci maddəsinə əsasən əmək pensiyaçısı vəfat etdiyi gün pensiyanın ödənişi dayandırılır. Bu Qanunun 42.2-ci maddəsinə əsasən isə əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə yaşa görə əmək pensiyasının baza hissəsinin (Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən yaşa görə əmək pensiyasının baza hissəsi 01 sentyabr 2013-cü il tarixdən 100,00 manat təşkil edir) 3 misli məbləğində, yəni 300,00 (üç yüz) manat dəfn üçün müavinət ödənilir. Eyni zamanda bildirilir ki, ailə başçısını itirməyə görə əmək pensiyası Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 20.17.1 və 20.17.2 maddələri ilə tənzimlənir: Əmək pensiyaları haqqında Qanunun 20.17.1-ci maddəsi - Azərbaycan Respublikasının müdafiəsi zamanı, habelə başqa hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailələrinə - ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısınının təminat xərcliyinin 50 faizi məbləğində; Bu Qanunun 20.17.2-ci maddəsi hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə - ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi məbləğləində ailə başçısını itirməyə görə pensiya təyin olunacaq. Bildiririlmişdir ki, Əmək pensiyası təminatına dair normativ hüquqi aktlara əsasən Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə müraciət olunduğu təqdirdə ona Əmək pensiyaları haqqında Qanuna müvafiq olaraq ailə başçısını itirməyə görə pensiya bu Qanunun 20.17.2-ci maddəsinə uyğun olaraq təminat xərcliyinin 35 faizi məbləğində 252,08 (iki yüz əlli iki) manat hesablanacaqdır. "Əmək pensiyaları haqqında' Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Həmçinin əmək pensiyası təminatına dair normativ hüquqi aktlara uyğun olaraq şəxsin əmək pensiyası pensiya növünün dəyişməsinin rəsmiləşdirildiyi tarixdən sonrakı növbəti ayın 1-dən təyin edilir. Eyni zamanda qeyd etdiyi məsələ ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat idarəsinə müraciət etməyi tövsiyə olunmuşdur. - İddiaçının müraciətinə cavab olaraq Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamenti tərəfindən 03.03.2016-cı il tarixli məktubla bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinə əsasən, əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə yaşa görə əmək pensiyaçısının baza hissəsinin (Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən yaşa görə pensiyasının baza hissəsi 01 sentyabr 2013-cü il tarixdən 31 yanvar 2016-cı il tarixə qədər 100,00 manat təşkil etmişdir) 3 misli məbləğində, yəni 300,00 (üç yüz) manat dəfn üçün müavinət ödənilir. Dəfn müavinəti almaq barədə 21 oktyabr 2015-ci il tarixli ərizəsinə əsasən, 10 noyabr 2015-ci il tarixdə poçt ünvanına 300,00 manat dəfn üçün müavinət köçürülmüşdür. Bildirilmişdir ki, ailə başçısını itirməyə görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.17.1 və 20.17.2-ci maddələri ilə tənzimlənir. Bildirilmişdir ki, ailə başçısını itirməsinə görə pensiya təyin edilməsi ilə əlaqədar Departamentə ərizə ilə müraciət edəcəyi təqdirdə qanuna müvafiq olaraq əmək pensiyasının təyin olunmasına baxılacaqdır. - İddiaçının növbəti müraciətinə DSMF-nin Bakı şəhəri Nizamı rayon şöbəsinin 14.03.2016-cı il tarixli məktubunda bildirilmişdir ki, ona «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 7-cı maddəsinə uyğun olaraq dövlət qulluğundakı 16 il 01 ay sığorta stajı (Əmək ve Əhalinin Sosial Müdafiəsi Mərkəzindən sosial işçi) nəzərə alınmaqla həmin Qanunun 20-ci maddəsinə əsasən 168,16 (b/h 60+s/h 26,86+psk 2,95+qulluq stajına əlavə 78,35) manat yaşa görə əmək pensiyası təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Dövlət qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında” 02.12.2013-cü il tarixli 135 nömrəli Sərəncamı ilə vətəndaşın pensiyasının məbləği 01.12.2013-cü il farixdən 221,80 ((b/h 100+s/h43,55+psk 4,17+qulluq stajına əlavə 74,08) (170 vəzifə maaşı + 42,94 qulluq stajına əlavə+49,30 mükafat+15 ixtisas dərəcəsi = 277,24 X 80% = 221,80)) manata çatdırılaraq düzgün olaraq ödənilir. - İddiaçının növbəti müraciətinə 29.11.2017-ci il tarixdə verilən cavabda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.2-ci maddəsinə əsasən, ata, ana, ər, arvad həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşına çatdıqda, yaxud İ və ya İİ qrup əlil olduqda ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. 01 iyul 2017-ci il tarixdən qadınların pensiya yaş həddi 60 yaş 6 ay müəyyən edilmişdir. Eyni zamanda bildirilmişdir ki, əmək pensiyalarına dair normativ hüquqi aktlara əsasən əmək pensiyasının təyin edilməsi, ödənilməsi, yenidən hesablanması, növünün dəyişdirilməsi şəxsin (ərizəçinin) daimi yaşadığı yer üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon və şəhər şöbələri tərəfindən həyata keçirilir. Bununla bağlı qeydiyyatda olduğu ərazi üzrə Fondun yerli orqanlarına müraciət tövsiyə olunmuşdur. - İddiaçının növbəti müraciətinə 07.12.2017-ci il tarixdə verilən cavabda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1 -ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr uzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Eyni zamanda bildiriririk ki, pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işləmiş və hal-hazırda işləməkdə davam edən şəxslər fərdi hesablarının sığorta hissəsində toplanan pensiya kapitalının hesablanması üçün müraciət etdikdə yenidən hesablama müraciət etdiyi gündən sonrakı ayın 1-dən aparılır. - İddiaçının növbəti müraciətinə 25.12.2017-ci il tarixdə cavab verilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinə əsasən əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir. Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin təqdim etdiyi məlumata əsasən həyat yoldaşı X2 11 oktyabr 2015-ci il tarixdə vəfatı ilə əlaqədar ona 300 manat məbləğində dəfn üçün müavinət qanunvericiliyə müvafiq olaraq ödənilmişdir. - İddiaçının növbəti müraciətinə 05.02.2018-ci il tarixdə cavab verilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinə əsasən, əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin 3 misli məbləğində dəfn üçün müavinət verilir. Həmin Qanunun 14.1.2-ci maddəsinə əsasən qadınların həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşına çatdıqda yaxud İ və ya İİ qrup əlil olduqda ailə başçısını itirməyə görə əmək pensiyası hüququ bardır. 01 iyul 2017-ci il tarixdən qadınların pensiya yaş həddi 60 yaş 6 ay müəyyən edilmişdir. Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinin təqdim etdiyi məlumata əsasən həyat yoldaşı X4 11 oktyabr 2015-ci il tarixdə vəfatı ilə əlaqədar ona 300 manat məbləğində dəfn üçün müavinət qanunvericiliyə uyğun olaraq ödənmişdir. - İddiaçının növbəti müraciətinə 15.05.2018-ci il tarixdə cavab verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na əsasən, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən hesablanır və həmin şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi oarədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə zvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və bu qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Nazirlik yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. - İddiaçının növbəti müraciətinə 13.06.2020-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondu tərəfindən cavab verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş müraciətinə Fondda baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, əsasən əmək pensiyaçısına yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilməsi istisna olmaqla əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Həmçinin əmək pensiyası təminatına dair normativ hüquqi aktlara uyğun olaraq şəxsin əmək pensiyası pensiya növünün dəyişməsiinin rəsmiləşdirildiyi tarixdən sonrakı ayın 1-dən təyin edilir. Eyni zamanda bildirilmişdir ki, qeyd etdiyi məsələ ilə bağlı aidyyəti üzrə Fondun Xüsusi şərtlərlə təyinat idarəsinə müraciət etməyi tövsiyə olunur. - Birinci instansiya məhkəməsinin sorğusuna əsasən iddiaçının Fonda və aidiyyəti qurumlarına müraciətləri tələb olunmuş, müəyyən edilmişdir ki, iddiaçının müraciətləri yaşa görə ona təyin edilmiş pensiyanın məbləği ilə bağlı olmuş, eləcə də Dövlət Başçısına ünvanlanmış 09.02.2016-cı il tarixli şikayətindən müəyyən olunur ki, O, həyat yoldaşının vəfatı ilə əlaqədar ona ödənilməli olan dəfn xərcinin məbləği, eləcə də müraciəti olacağı təqdirdə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarında ailə başçısını itirməyə görə pensiya təyinatına etirazla bağlı olmuşdur. Belə ki, O, şifahi olaraq ailə başçısını itirməyə görə pensiya təyinatı üçün müraciət etdikdə, Fonddan ona müvafiq ərizə ilə müraciət etdiyi təqdirdə, vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvü kimi ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarında pensiya təyin edilməsi hüququ izah edilmiş, O, isə həmin məbləğlə razılaşmadığından ərizə ilə müraciət etməmiş, müraciət edəcəyi təqdirdə təyin olunacaq məbləğdən narazılığını bildirmişdir. - Birinci instansiya məhkəməsinin sorğusuna əsasən iddiaçının tələb olunmuş pensiya işinə əsasən müəyyən olunur ki, iddiaçı ailə başçısını itirməyə görə pensiya təyin edilməsi ilə bağlı 11.09.2020-ci il tarixdə cavabdeh qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət etmiş, qeyd edilən müraciət əsasında iddiaçıya 01.10.2020ci il tarixdən ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.1, 14.1.2, 32.1-1, 34, 35.2, 20.17.2-ci maddələrini tətbiq etməklə belə qərara gəlmişdir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir. Həmin Qanunun 14.1.2.-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının ata, ana, ər, arvadı bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 34-cü əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. Qanunvericiliyin tələblərinə əsasən müəyyən olunur ki, əmək pensiyasının bir növündən başqa bir növünə keçirilməsi üçün ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər müvafiq inzibati orqana təqdim olunmalıdır. Baxılan iş üzrə iddiaçı 2015-ci il tarixdə qeyd olunan məsələ ilə bağlı inziabti orqana müraciət etdiyini bildirsə də, işdə olan sənədlərə və birinci instansiya məhkəməsində aparılmış icraat zamanı əldə olunmuş sənədlərə əsasən müəyyən olunmuşdur ki, iddiaçı 11.11.2015-ci ildən etibarən inzibati orqana müxtəlif məzmunlu ərizələrlə müraciət etmişdir. Lakin həmin ərizələr ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması barədə olmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməməsi qərarına gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 05.07.2021-ci il tarixli, 2-1(112)-4900/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar