Məhkəmə qərarları › İş №2-1(103)-242/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-242/2020

20.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-242/2020 20.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X8 Hərbi Qulluqçular və X7 İş İdarəsinə və 3-cü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-755/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X8 Hərbi Qulluqçular və X7 İş İdarəsinə və 3-cü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DSMF-nin göndərilmiş sonuncu məlumat vərəqəsində xidmət illərinə görə əlavə haqqın vəzifə maaşı və rütbə maaşının cəminin 50%-i miqdarında hesablanmasında ifadə olunan Penitensiar Xidmətinin hərəkətlərinin qanunsuz hesab edilməklə, pensiyanın tərkibindəki xidmət illərinə görə əlavə haqq hissəsinin, artırılmış vəzifə maaşı (vəzifə maaşı + rejimə görə əlavə) ilə rütbə maaşının cəminin 50%-i miqdarında hesablanmaqla yeni məlumat vərəqəsinin tərtib olunaraq DSMF-yə göndərilməsi barədə qərar qəbul edilməsini, DSMFnin onun Nazirlər Kabinetinin 123 saylı xx.xx.2008-ci il tarixli qərarının ona icrasının tətbiqində xidmət illərinə görə əlavə haqqın və rütbə maaşının cəminin 50%-i miqdarında hesablanmasında ifadə olunan hərəkətləri qanunsuz hesab edilməklə, həmin qərarın qüvvəyə mindiyi xx.xx.2008-ci il tarixinədək olan qulluq illərinin artırılmış vəzifə maaşı (vəzifə maaşı + rejimə görə əlavə) ilə rütbə maaşının cəmindən 50%-li hesablanması qaydası bərpa olunmaqla, xx.xx.2008-ci il tarixindən hazırkı iş üzrə çıxarılacaq məhkəmə qərarının icrası təmin olunacaq müddət dövrü üçün tam təminat xərcliyinin hesablanaraq həmin müddət dövrü ərzində yaranmış borcun miqdarı müəyyənləşdirməklə infilyasiyanın nəzərə alınması ilə Mülki Məcəllənin 443.3-cü maddəsinin tələblərinə uyğun olaraq ona ödənilməsinin cavabdeh DSMF-yə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən ona təyin olunmuş pensiyanın hesablanmasında nəzərə alınan artırılmış vəzifə maaşının rejimə görə əlavə və rütbə maaşının cəminin qulluq illərinin sayı əsasında yenidən hesablanaraq, 2011-ci ildən ödənilməsi vəzifəsinin cavabdeh DSMF-nin Hərbi Qulluqçular və X7 İş İdarəsinə həvalə edilməsi barədə məhkəmə qərarı qəbul edilməsini xahiş etmişdir. İddia tələbi əsasən onunla əsaslandırılmışdır ki, iddiaçı Penitensiar Xidmətdə Qobustan qapalı həbsxanasının rəisi vəzifəsində işləmiş, xüsusi rütbəsi ədliyyə polkovnikidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin penitensiar xidməti üzrə verilmiş 213 ş/h saylı xx.xx.2007-ci il tarixli əmr əsasında iddiaçının Ədliyyə orqanlarında qulluq keçirməyinə xitam verilmişdir və həmin əmrdə iddiaçının təqvimlə hesablanmış qulluq illərinin 27 il 08 ay 22 gün, güzəştli şərlərlə hesablanmış qulluq illərinin isə 38 il 07 ay 23 gün olması öz əksini tapmışdır. İddiaçı qeyd edilən tarixdən pensiyaçıdır. Ona «Hərbi qulluqçularının pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunu əsasında pensiya təyin edilmişdir. İddiaçının qənaətinə görə ona təyin edilmiş pensiyanın hesablanmasında vəzifə maaşının rejimə görə əlavə və rütbə maaşının cəminin xidmət illərinin sayı əsasında hesablanmaması əsassızdır. İddiaçının bununla bağlı müraciəti cavabdeh tərəfindən təmin edilməmiş və cavabdeh öz mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 123 saylı qərarı ilə təsdiq edilmiş Qaydanın 3.1-ci bəndinə əsasən qulluq illərinə görə əlavə haqq vəzifə maaşından və xüsusi rütbəyə görə əlavədən hesablanır. İddiaçı hesab edir ki, rejim əlavəsinin nəzərə alınmaması qanunvericiliyin tələbləri baxımından yolverilməz olduğuna görə heç bir hüquqi nəticə doğura bilməz. Bununla əlaqədar məhkəmələr tərəfindən qəbul edilmiş qərarlara istinad edən iddiaçı cavabdehin mövqeyinin əsassız olmasını bildirir və İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə istinad edərək bərabər hüquqlu şəxs kimi özünə münasibətdə də eyni məhkəmə qərarının qəbul edilməsini arzulayır. İddiaçı tələbinin əsasları kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına, Yasamal rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinə, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, 71ci, Ədliyyə orqanlarında qulluqkeçmə haqqında Azərbaycan Respublikası Qanununun 32.4-cü, 37.4-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443-cü maddələrinə istinad edilmişdir. Cavabdeh DSMF-nin Hərbi Qulluqçular və X7 İş İdarəsi iddiaya qarşı etiraz vermişdir. Etiraza görə, «Ədliyyə orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən Ədliyyə orqanlarının işçilərinin xüsusi rütbələri müvafiq icra hakimiyyəti orqanları və prokurorluq işçilərinə verilən xüsusi rütbələrinə, penitensiar və tibb xidmətlərinin sıravi və rəis heyətinin xüsusi rütbələri Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi rütbələrinə bərabər tutulurlar. Həmin Qanunun 33-cü maddəsinə əsasən penitensiar xidmətin işçiləri xüsusi rütbəsi olan əməkdaşlara, mülki işçilərə və hərbi qulluqçulara bölünür. Penitensiar xidmətin xüsusi rütbəsi olan əməkdaşları və mülki işçiləri ədliyyə orqanlarının işçiləridir. Qanunun 35.2-ci maddəsinə əsasən penitensiar xidmətdə hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət keçənlərin xidmət keçmə qaydaları «Hərbi xidmət haqqında», «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının qanunları, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamə, «Azərbaycan Respublikası Silahlı X3» və digər normativ hüquqi aktlarla tənzimlənir. «Ədliyyə orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli, 184-İİİQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında» Azərbaycan Respublikasının 2007-ci il 19 oktyabr tarixli 462 nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən 2007-ci il 29 noyabr tarixdən penitensiar xidmətdə qulluq etmiş əməkdaşların və onların ailə üzvlərinin pensiya təminatı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının 2.3-cü maddəsinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.3-cü maddəsində göstərilən müvafiq icra hakimiyyəti orqanlarına Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi də aid edilmişdir. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində xidmət keçən hərbi qulluqçu statusuna malik olan şəxslərin əmək pensiyalarına «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.5-ci, 12.2-ci, 17.2-ci və 20.14 - 20.18-ci maddələrinə əsasən müvafiq təminat xərcliyinin 35 faizindən 100 faizinədək olan miqdarda əlavə hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 123 saylı qərarı ilə təsdiq edilmiş «Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası»nın 3.1-ci bəndinə əsasən qulluq illərinə görə verilən əlavə haqq vəzifə maaşından və xüsusi rütbəyə görə əlavədən hesablanaraq aşağıdakı məbləğlərdə ödənilir: 1 ildən 2 ilə qədər qulluq illərinə görə 5 faiz, 2 ildən 5 ilə qədər qulluq illərinə görə 10 faiz, 5 ildən 10 ilə qədər qulluq illərinə görə 15 faiz, 10 ildən 15 ilə qədər qulluq illərinə görə 20 faiz, 15 ildən 20 ilə qədər qulluq illərinə görə 25 faiz, 20 ildən 25 ilə qədər qulluq illərinə görə 30 faiz, 25 ildən 30 ilə qədər qulluq illərinə görə 40 faiz, 30 ildən yuxarı qulluq illərinə görə 50 faiz. Nazirlər Kabinetinin qeyd edilən qərarının bu kateqoriyadan olan şəxslərə şamil edilməsi məqsədilə Penitensiar Xidmətdən daxil olan «məlumat vərəqi»ndə yalnız vəzifə maaşı və xüsusi rütbəyə görə əlavə hesablanaraq İdarəyə göndərilir. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.6-cı maddəsinə əsasən fərman və ya digər normativ hüquqi akt qanuna ziddiyyət təşkil etdikdə Qanun tətbiq edilir. Odur ki, cavabdeh iddianın təmin edilməməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-755/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərarı ilə iddia təmin edilərək İddiaçı pensiyasında xidmət illərinə görə əlavə ona təyin olunmuş pensiyanın hesablanmasında nəzərə alınan artırılmış vəzifə maaşı, rejimə görə əlavə və rütbə maaşının cəmi əsasında xx.xx.2011-ci ildən yenidən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X8 Hərbi Qulluqçular və X7 İş İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti və ona əlavə verərək məhkəmənin həmin qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və ona əlavə cavabdehin yazılı etirazının məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası NK-nin xx.xx.2008-ci il tarixli 123 saylı qərarının iddiaçı və onun koteqoriyasından olan şəxslərə şamil edilməsi üçün Penitensiar Xidmətdən daxil olan “məlumat vərəqi”ndə yalnız vəzifə maaşı və xüsusi rütbəyə görə əlavə haqq hesablanaraq idarəyə göndərilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-755/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilərək İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X8 Hərbi Qulluqçular və X7 İş İdarəsinə və 3-cü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Qərardan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(102)-2787/2019 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili X5 apellyasiya şikayətini müdafiə edərək əlavə olaraq bildirdi ki, iddiaçının xidmət illərinə görə əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi” Qaydasının 3.1-ci bəndinə uyğun olaraq, vəzifə maaşı və rütbə maaşının cəminin 50 faizi məbləğində müəyyən edilmişdir.Yəni qərara əsasən, iddiaçının xidmət illərinə görə aldığı əlavə vəzifə maaşı (485.00) ilə rütbə maaşının (138.00) cəminin 50 faizinə bərabər olmuşdur ki, o da 311.50 manat təşkil etmişdir. Qərar tətbiq olunmadığı halda isə, iddiaçının xidmət illərinə görə aldığı əlavə vəzifə maaşı (485.00), rütbə maaşı (138.00) və rejimə görə əlavənin (121.25) cəminin 40 faizinə bərabər olacaqmış ki, bu da 297.7 manat edir.Göründüyü kimi, qərar iddiaçının vəziyyətini yaxşılaşdırdığından ona münasibətdə tətbiq olunmalıdır. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, ona pensiya hesablanarkən vəzifə maaşı və xüsusi rütbəyə görə haqq hesablansa da, xidmət illəri nəzərə alınmamışdır. Bu isə onun vəziyyətini ağırlaşdıran haldır. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinin mövqeyi ilə onların mövqeyinin üst-üstə düşdüyünü bildirib apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki,Qobustan həbsxanasının rəisi kimi xx.xx.2007-ci ildə iddiaçının xidmətinə xitam verilmiş, onun barəsində ilk dəfə xx.xx.2007-ci ildə məlumat vərəqi tərtib edilmişdir. Məlumat vərəqində iddiaçının vəzifə maaşı 280 manat, məharət dərəcəsinə görə 35% əlavə 98 manat, rejimə görə 25% əlavə 70 manat, rütbə maaşı 64 manat xidmət illərinə görə 40% əlavə 165,60 manat, ərzaq payı əvəzinə 24,75 manat kompensasiya qeyd edilməklə, cəmi 702,35 manat pul təminatı hesablanmışdır. İddiaçının barəsində xx.xx.2011-ci ildə tərtib edilmiş məlumat vərəqəsində isə iddiaçının vəzifə maaşı 420 manat, usta məharət dərəcəsinə görə 35% əlavə 147 manat, rejimə görə 25% əlavə 105 manat, rütbə maaşı 138 manat xidmət illərinə görə 50% əlavə 279 manat, ərzaq payı əvəzinə 64 manat kompensasiya qeyd edilməklə, cəmi 1153 manat pul təminatı hesablanmışdır. Daha sonra xx.xx.2018-ci il tarixli məlumat vərəqəsində iddiaçının vəzifə maaşı 485 manat, usta məharət dərəcəsinə görə 35% əlavə 169,75 manat, rejimə görə 25% əlavə 121,25 manat, rütbə maaşı 138 manat, xidmət illərinə görə 50% əlavə 311,50 manat, ərzaq payı əvəzinə 64 manat kompensasiya qeyd edilməklə, cəmi 1289,50 manat pul təminatı hesablanmışdır. xx.xx.2007-ci il tarixli məlumat vərəqəsində də iddiaçının xidmət illərinə görə əlavəsi vəzifə maaşı + rütbə maaşının + rejimə görə əlavənin cəmindən hesablandığı halda, son iki məlumat vərəqələrində (2010 və 2018-ci illərdəki) iddiaçının xidmət illərinə görə əlavəsi vəzifə maaşı + rütbə maaşının cəmindən hesablanmış, bu hesablamalarda rejimə görə əlavə nəzərə alınmamış və cavabdeh məlumat vərəqəsində xidmət illərinə görə 50% əlavənin vəzifə maaşı + rütbə maaşının cəmindən hesablanmalı olmasını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 123 saylı, xx.xx.2008-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Qaydaların 3.1-ci bəndi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə iddiaçının ədliyyə orqanlarında xidmət etmiş hərbi qulluqçu hesab olunmadığına, ədliyyə orqanlarında xidmət etmiş xüsusi rütbəli işçi olduğuna görə, «Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli 123 saylı qərarı qüvvəyə mindiyi tarixdən əvvəl pensiyaya çıxdığına görə, iddiaçının pensiyasının hesablanmasına münasibətdə “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu tətbiq edilməli olduğu qənaətinə gələrək iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab edir və öz mövqeyini aşağıdakı kimi əsaslandırır. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustan həbsxanasının rəisi vəzifəsində qulluqda olmuş, xx.xx.2007-ci il tarixdə qulluq keçməsinə xitam verilmiş və həmin ildən ona pensiya təyin edilmişdir. “Əmək pensiyaları haqqında" Qanunun 1.0.5-ci maddəsinin iddiaçının pensiya hüququ yaranan zaman qüvvədə olan redaksiyasına görə təminat xərcliyi (pul təminatı)hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Oxşar norma Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması,hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 2-ci bəndində də əksini tapmışdır. Göründüyü kimi, iddiaçının pensiya hüququ yaranan zaman qüvvədə olan normalara görə təminat xərcliyinə həm də xidmət illərinə görə əlavə də daxildir. Yuxarıda qeyd edilən Qaydalarda təminat xərcliyinin tərkibi qeyd edilməsə də, Azərbaycan Respublikasi Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın 3.1-ci bəndinə əsasən, qulluq illərinə görə verilən əlavə haqq vəzifə maaşından və xüsusi rütbəyə görə əlavədən hesablanır. Məhkəmə kollegiyası qeyd edir ki, xx xxx 2008-ci il tarixli qərarla təsdiq edilən Qaydalar iddiaçının pensiya hüququnun yaranmasından sonra qəbul edildiyindən və bu qərarda qeyd edilən qulluq illərinə görə əlavənin tərkibinə rejimə görə ödənilən məbləğ daxil edilmədiyindən işin hazırkı vəziyyətində iddiaçının hüquqi vəziyyətini ağırlaşdırdığından iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Yasamal rayon məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli qərarı ilə iddiaçı da daxil olmaqla ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasinın Nazirlər Kabinetinin 123 saylı xx.xx.2008-ci il tarixli qərarı ilə təsdiq edilən “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın onlara şamil olunması barədə iddiaları təmin edilmiş, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 123 saylı xx.xx.2008-ci il tarixli qərarı ilə təsdiq edilən “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın 3.1-ci bəndinə istinad edərək iddiaçıya qulluq illərinin sayı 30 ildən artıq olduğu üçün əlavənin ödəniş faizi vəzifə maaşından və xüsusi rütbəyə görə əlavədən hesablanaraq 40 faizdən 50 faizə yüksəldilmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının vəziyyətini yaxşılaşdırdığı üçün iddiaçı barəsində həmin qərar tətbiq olunmalıdır. «Hərbi qulluqçuların pensiya təminatı haqqında» və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarını zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına görə “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli 728-İİQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 2006-cı il 7 fevral tarixli Qanununun 20.14.1-ci maddəsi ilə hərbi qulluqçuların pensiyasına qulluq stajına görə əlavələr hesablanarkən “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 1992-ci il 29 aprel tarixli Qanunu qüvvədə olduğu dövrdə hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçulara hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmalıdır. «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Həqiqi hərbi xidmət Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə dövlət xidmətinin xüsusi növüdür. Ehtiyatda xidmət toplanışlar keçməkdən və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarətdir. Azərbaycan Respublikasının xx xxxxxxx 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 3-cü bəndinə görə həqiqi hərbi xidmətdə olan vətəndaşlar hərbi qulluqçular, ehtiyatda hərbi xidmətdə olan vətəndaşlar isə hərbi vəzifəlilər adlanırlar. «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən isə üçüncü dərəcəli ehtiyatda olmağın son yaş həddinə çatmış, habelə hərbihəkim komissiyaları tərəfindən həqiqi hərbi xidmətə yararsız sayılmış hərbi vəzifəlilər hərbi uçotdan çıxarılıb istefaya keçirilirlər. «Hərbi qulluqçulann statusu haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin «Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Həmin Qanunun 2-ci maddəsinin birinci bəndində göstərilir ki, bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsinə əsasən isə vətəndaşlar Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışa çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. «Ədliyyə orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Həmin Qanunun 33.1-ci maddəsinə əsasən penitensiar xidmətin işçiləri xüsusi rütbəsi olan əməkdaşlara, mülki işçilərə və hərbi qulluqçulara bölünür. Xüsusi rütbəsi olan əməkdaşlar sıravi heyətdən, kiçik, orta, böyük və ali rəis heyətindən ibarətdir. Mülki işçilər dövlət qulluqçularından və dövlət qulluqçusu olmayan işçilərdən ibarətdir. Qanunun 33.4cü maddəsinə əsasən hərbi qulluqçular penitensiar müəssisələrin mühafizəsi və penitensiar müəssisələrdə saxlanılan şəxslərin müşayiəti üçün təşkil edilmiş penitensiar xidmətin xüsusi bölmələrində xidmət keçirlər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-755/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarıdəyişdirilmədən saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakimlər: Düzdür: Sədrlik edən: H.Ü.Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar