Məhkəmə qərarları › İş №2-1(103)-242/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-242/2023

27.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-242/2023 27.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Kamran Hüseyn oğlu Əkbərov və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin (VÖEN **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “xx.xx.2021-ci il tarixli **********274700 nömrəli qərarın ləğv edilməsi və müvafiq məbləğlərin şəxsi hesab vərəqəsinə bərpa edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5318/2022 saylı, 28 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC (VÖEN **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin qəbul etdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********274700 nömrəli, 15 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı dövlət büdcəsinə olan vergiləri və digər ödənişləri vaxtlı-vaxtında ödəmiş, öz qanuni fəaliyyəti ilə digər müəssisələrə hər zaman nümunə olmuş, heç bir qanuna zidd hərəkətlərə yol verməmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə özünün təqdim etdiyi vergi bəyannaməsində 2020-ci il üzrə mənfəət vergisini səhvən 581.235,73 manat məbləğində göstərmiş olsa da, sonra xx.xx.2021-ci il tarixdə dəqiqləşmiş bəyannamə təqdim etmiş, mənfəət vergisi məbləğini 436.023,86 manat azaltmış, 2020-ci il üzrə mənfəət vergisi 145.211,87 manat göstərilmişdir. İddiaçı tərəfindən mənfəət vergisinin məbləğinin azaltmağına səbəb isə pandemiya ilə əlaqədar Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisinə güzəştin tətbiq olunmasıdır. İddiaçı 46901 (ixtisaslaşdırılmamış topdansatış) kodu altında fəaliyyət göstərir, onun fəaliyyət sahəsi pandemiyada zərər çəkdiyinə görə, fəaliyyəti dayandırıldığına görə ona mənfəət vergisi üzrə 75% güzəşt tətbiq edilmişdir. 13 mart 2020-ci il tarixində AR Nazirlər Kabineti tərəfindən ölkə ərazisində xüsusi karantin rejimi tətbiq olunandan şirkətin fəalliyyət sahəsi qadağan olunan siyahıya salınmış və işləri dayanmışdır. İşçilərin əmək haqqı Dövlət tərəfindən olunan yardım hesabına ödənilmişdir. Hətta Azərbaycan Respublikası Prezidentinin subsidiyalarla bağlı qərarına əsasən şirkətin bankdan götürmüş olduğu subsidiyaların faiz ödənişində yardım da olunmuş, öncədən danışılmış PO üzrə işlər çox çətinliklə həyata keçirilmişdir. Elə bu səbəbdən şirkətin əməkdaşlıq etdiyi yəni, təchizatını həyata keçirdiyi "xxxx" şirkəti əməkdaşlığı minimum səviyyəyə endirmişdir. Şirkət 2021-ci ildə təchizat sahəsində heç bir tenderdə qalib gələ bilməmişdir. Hazırda balansında olan ağır texnikanın xidmət göstərməsi üzrə fəaliyyətini davam etdirə bilir. İddiaçı tərəfindən fəaliyyəti üzrə əlavə edilmiş məlumat forması üzrə gəlir və xərclərin bölgüsü, həmçinin həmin bölgü üzrə təsdiqedici sənədlər vergi orqanına təqdim edilmişdir. Lakin bəyannamədə bütün göstərilənlər və təqdim etdiyi sənədlər, şikayətlər vergi orqanı tərəfindən nəzərə alınmamışdır. Vergi orqanı xx.xx.2021-ci ildə onun şəxsi vərəqəsinə heç bir kameral vergi yoxlaması barədə qərar qəbul etmədən iddiaçıya MV 2020 dəqiqləşmiş (KYB) adı ilə 436.040.69 manat məbləğində mənfəət vergisi hesablamışdır. Belə ki, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********274700 nömrəli, 15 dekabr 2021-ci il tarixli qərarına əsasən kameral yoxlama nəticəsində iddiaciya əsassız olaraq 2020-ci il üzrə mənfəət vergisi üzrə vergi və ya sığorta haqqı məbləği 436.040,65 manat hesablanmışdır. Həmin qərarda göstərilmişdir ki, “mənfəət vergisi bəyannaməsinin Hesabat dövrünün gəlirlərinin əldə edilməsilə bağlı xərclər hissəsinin 227.3 sətrindəki (Nəqliyyat vasitələri üzrə hesablanmış amortizasiya) 71369.86 manat məbləği, bəyannamənin 1 nömrəli əlavəsinin 1.1.3-cü sətrinin (Nəqliyyat vasitələri üzrə hesablanmış amortizasiya üzrə kateqoriyası) hesabat dövrünün sonuna sütunundakı 213773.64 manat məbləğ üstəgəl (toplamaq,+) 227.3-cü sətrindəki 71369.86 manat məbləğ və bu 285143.50 manat cəmin nəticəsinin Vergi Məcəlləsinin 114.3.3-cü maddəsində nəzərdə tutumuş 25 faiz amortizasiya normasına hasilindən (vurulmasından) yaranan 71258.88 manat məbləğdən böyük olduğuna görə, pandemiyadan güzəşt hüququ olmadığı halda güzəştdən istifadə edib”. Halbuki bu formada vergi borcunun hesablanması qanunsuzdur. Həmçinin, kameral yoxlama qərarı xx.xx.2021-ci ildə, yəni onun bəyannamə təqdim etdiyi vaxtdan 5 ay sonra qəbul edilmişdir. Bununla da VM-nin 37.2-ci maddəsinin tələbləri vergi orqanı tərəfindən pozulmuşdur. İddiaçının 2020-ci ildə AR Nazirlər Kabineti və Operativ Qərargah tərəfindən ölkədə tətbiq edilmiş sərt karantin rejimi və Covid-19 pandemiyası ilə əlaqədar fəaliyyəti dayandırılmış, fəaliyyətinə icazə verilməmişdir. Fəaliyyəti qadağan olunduğuna görə işçiləri də icazə e-qov saytı ilə icazə ala bilməmiş və işə çıxa bilməmişdir. İddiaçıya 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisinə güzəşt tətbiq olunmalı olduğu halda, vergi orqanı tərəfindən əsassız və qanunsuz olaraq tətbiq olunmamış, ona Vergi Məcələsinə zidd olaraq vergi borcu hesablanmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, Vergi Məcəlləsinin XVİİİ fəslinin müddəaları ilə müəyyən edilmiş vergi güzəştləri və azadolmalarının İddiaçı MMC-yə şamil edilməsi ilə bağlı vergi ödəyicisinin xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2021-ci il tarixli **********560900 nömrəli və xx.xx.2021-ci il tarixli **********190600 nömrəli) müraciətlərinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xx.xx.2021-ci il tarixli **********938600 nömrəli cavab məktubunda İddiaçı MMC-nin faktiki fəaliyyət növünün (tikinti materiallarının satışı) Vergi Məcəlləsinin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyət sahələrinə aid olmadığını, eləcə də 2020-ci il ərzində mal, iş və ya xidmətlərin əsasən neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlərə uyğun olaraq fəaliyyət göstərən şəxslərə təqdim edildiyini nəzərə alaraq Vergi Məcəlləsinin XVİİİ fəslinin müddəalarının İddiaçı MMC-yə şamil olunmadığını qeyd etmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 mart 2020-ci il 120, 31 mart 2020-ci il 122, 24 aprel 2020-ci il 147 və 01 may 2020-ci il tarixli 163 saylı Qərarlarında və Nazirlər Kabinetinin 2 mart 2020-ci il, 7 mart 2020-ci il, 20 mart 2020-ci il, 18 aprel 2020-ci il, 1 may 2020-ci il tarixli Sərəncamlarında pandemiya dövründə fəaliyyəti məhdudlaşdırılan və fəaliyyətinə icazə verilən iş və xidmət sahələri müəyyən edilmişdir ki, cəmiyyətin fəaliyyət sahəsi xüsusi karantin rejimində fəaliyyətinin davam etdirilməsinə icazə verilən sahələrə aid edilmişdir. İddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 mart 2020-ci il tarixli 120 nömrəli Qərarının 4.6-cı bəndinə istinad edərək vergi ödəyicisinin ixtisaslaşdırılmamış topdansatış fəaliyyəti ilə məşğul olduğunu qeyd etməklə fəaliyyəti məhdudlaşdırılan sahələrə aid edildiyini bildirmişdir, halbuki Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 mart 2020-ci il tarixli 120 nömrəli Qərarının 4.6.5-ci bəndinə əsasən tikinti materiallarının satışı üzrə fəaliyyətə, habelə həmin Qərarın 4.5.8-ci bəndinə əsasən neft və qazın hasilatı, emalı, saxlanması və satışı üzrə fəaliyyətə pandemiya dövründə icazə verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5318/2022 saylı, 28 aprel 2022-ci il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı onunla əsaslandırılmışdır ki, iddiaçının fəaliyyət sahəsi vergi orqanı tərəfindən pandemiyadan zərərçəkmiş sahə kimi qəbul edildiyi halda, buna görə maddi yardımlar, güzəştlər əldə etdiyi halda cavabdeh tərəfindən bunun əksinin iddia edilməsi qanunsuz və əsassız olmuşdur. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya yazılı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, kameral vergi yoxlaması ilə vergi ödəyicisinin faktiki fəaliyyət növünün (tikinti materiallarının satışı) Vergi Məcəlləsinin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyət sahələrinə aid olmadığını, eləcə də 2020-ci il ərzində mal, iş və ya xidmətlərin əsasən neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlərə uyğun olararaq fəaliyyət göstərən şəxslərə təqdim edildiyini nəzərə alaraq Vergi Məcəlləsinin XVİİİ fəslinin müddəaları İddiaçı MMCyə şamil olunmamışdır.Məhkəməyə təqdim edilmiş etiraza 2020-ci il üzrə təqdim edilmiş elektron qaimələr barədə məlumatlar əlavə edilmişdir.Təqdim edilmiş elektron qaimələrdə qeyd edilmiş təqdim edilən mallara diqqət yetirildikdə cəmiyyətin faktiki fəaliyyətinin tikinti materiallarını satışından ibarət olduğu aydın görünür. Məhkəmə yanlış qərara gələrək kameral vergi yoxlaması üzrə müəyyən edilmiş müddətin yalnız bəyannamənin (cari) təqdim edildiyi tarixdən hesablanmalı olduğunu vurğulamışdır. Vergi Məcəlləsinin 72-ci maddəsi isə həm cari, həm də dəqiqləşdirilmiş vergi bəyannamələrini əhatə edir. Bundan başqa, məhkəmə vergi orqanı tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1, 21.2-ci və 51.1-ci maddələrinin tələblərinin pozulduğunun qeyd etsə də, kameral vergi yoxlaması yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza və apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.1-cü maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dıyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir: iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə verilmiş, prosessual müddətə əməl edilməklə iddia qaldırılmışdır. Belə ki, xx.xx.2021-ci il tarixli inzibati akt xx.xx.2022-ci il tarixdə (poçt zərfinin tarixi) məhkəmə qaydasında mübahisləndirilmişdir. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, öz xidməti vəzifəsinə uyğun olaraq ətraflı araşdırma həyata keçirilməmişdir. Belə ki, işin araşdırılan halları ilə müəyyən edilir ki, iddiaçı 2020-ci ilin mənfəət vergisi bəyannaməsini təqdim edərkən Vergi Məcəlləsinin 222.5.9 və 224.1.2-ci maddələrinə istinad edərək vergi güzəştindən istifadə etmişdir. İşin tərəflər arasında mübahisələndirilən halı iddiaçının fəaliyyət sahəsinin koronavirus pandemiyası dövründə qismən məhdudlaşdırılan fəaliyyət sahəsinə aid olub-olmamasıdır. İddia tələbinin əsası kimi ona istinad edilmişdir ki, iddiaçı pandemiyadan zərər çəkən müəssisə olduğundan və 2020-ci ildə ona maliyyə yardımı edildiyindən, müəssisə mənfəətinin (gəlirinin) 75 faizi miqdarında vergidən azaddır. Cavabdeh isə o hala istinad edir ki, iddiaçının faktiki fəaliyyət növü (tikinti materiallarının satışı) Vergi Məcəlləsinin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyət sahələrinə aid edilmir. Məhkəmə kollegiyası ilk növbədə iş materiallarında olan aşağıdakı sübutları nəzərdən keçirir: - Cavabdehin iddiaçıya 2020-ci il üçün təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsi üzrə fəaliyyət növləri üzrə gəlir və xərclərin bölgüsü barədə uyğunsuzluq məktubu ilə bildirilmişdir ki, Vergi Məcəlləsinin 37.3-ci maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Koronavirus pandemiyası ilə əlaqədar güzəşt Vergi Məcəlləsinin 222.4-cü maddəsinə əsasən 222.5-ci maddədə nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilir. Uçot məlumatlarına əsasən bir neçə fəaliyyət növündə fəaliyyət göstərməyinə baxmayaraq, tərəfindən təqdim edilmiş 2020-ci il üçün mənfəət (gəlir) vergisi bəyannaməsində Vergi Məcəlləsinin 222.5-ci maddəsinə əsasən pandemiyasından əziyyət çəkənlər kateqoriyasına aid olmayan fəaliyyət növləri də daxil olmaqla, əldə etdiyi ümumi mənfəət (gəlir) məbləğinə 75 faiz vergi azadolması (güzəşt) tətbiq edilmişdir. Qeyd olunanlara əsasən, hər bir fəaliyyəti üzrə əlavə edilmiş məlumat forması üzrə gəlir və xərclərin bölgüsü, həmçinin həmin bölgü üzrə təsdiqedici sənədlərin (müqavilələr, bank çıxarışları, Online kassa məlumatları və zəruri hesab etdiyi digər sənədlər) 5 iş günü müddətində vergi orqanına təqdim edilməsinə zərurət yaranmışdır. Bildirilmişdir ki, göstərilən müddət ərzində məlumatlar təqdim edilmədiyi halda, Vergi Məcəlləsinin 37,67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının vergi öhdəliklərini yenidən hesablamaq hüququ vardır. - Cavabdehin iddiaçıya ünvanlanmış Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubu (azalmalar üzrə) ilə bildirilmişdir ki, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanın Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. Həmin Məcəllənin 37.3-ci maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. - Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********274700 nömrəli, 15 dekabr 2021-ci il tarixli qərarından görünür ki, iddiaçıya 2020-ci il üzrə mənfəət vergisi ilə əlaqədar olaraq 436.040,65 manat məbləğində əlavə vergi hesablanmışdır. - Cavabdehin iddiaçıya ünvanlanmış müraciətə baxılması barədə məktubu ilə bildirilmişdir ki, Vergi Məcəlləsinin XVİİİ fəslinin müddəaları ilə müəyyən edilmiş vergi güzəştləri və azadolmalarının şamil edilməsi ilə bağlı xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müraciətlərinə (AVİS qeydiyyatı: xx.xx.2021-ci il tarixli **********560900 nömrəli və xx.xx.2021-ci il tarixli **********190600 nömrəli) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmışdır. Məlum olduğu kimi, Azərbaycan Respublikasının 8 may 2020-ci il tarixli 90-VİQD nömrəli Qanunu ilə Vergi Məcəlləsində dəyişikliklər edilərək müvəqqəti vergi rejimi dövründə pandemiyadan zərər çəkən sahibkarlıq subyektlərinə münasibətdə bir sıra vergi güzəşt və azadolmaları müəyyən olunmuşdur. Güzəşt və azadolmaların qanunda göstərilən pandemiyadan zərər çəkən ayrı-ayrı iqtisadi fəaliyyət sahələri ilə yanaşı, Nazirlər Kabinetinin qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələrinə də (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla) tətbiq edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 mart 2020-ci il 120, 31 mart 2020-ci il 122, 24 aprel 2020-ci il 147 və 01 may 2020-ci il tarixli 163 saylı Qərarlarında və Nazirlər Kabinetinin 2 mart 2020-ci il, 7 mart 2020-ci il, 20 mart 2020-ci il, 18 aprel 2020-ci il, 1 may 2020-ci il tarixli Sərəncamlarında pandemiya dövründə fəaliyyəti məhdudlaşdırılan və fəaliyyətinə icazə verilən iş və xidmət sahələri müəyyən edilmişdir ki, iddiaçının fəaliyyət sahəsi xüsusi karantin rejimində fəaliyyətinin davam etdirilməsinə icazə verilən sahələrə aid edilmişdir. Qeyd olunanlara əsasən bildirilmişdir ki, faktiki fəaliyyət növü (tikinti materiallarının satışı) Vergi Məcəlləsinin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyət sahələrinə aid olmadığından, eləcə də 2020-ci il ərzində mal, iş və ya xidmətlərin əsasən neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlərə uyğun olararaq fəaliyyət göstərən şəxslərə təqdim edildiyini nəzərə alaraq iddiaçıya Vergi Məcəlləsinin XVİİİ fəslinin müddəaları şamil olunmur. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 mart 2020-ci il tarixli 120 nömrəli Qərarının 4.6.5ci bəndinə əsasən tikinti materiallarının satışı üzrə fəaliyyətə, habelə həmin Qərarın 4.5.8ci bəndinə əsasən neft və qazın hasilatı, emalı, saxlanması və satışı üzrə fəaliyyətə pandemiya dövründə icazə verilmişdir. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 120 nömrəli Qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 31 May 2020-ci il saat 00:00-dək dayandırılmış, həmin tarixdən ölkə ərazisində xüsusi karantin rejiminin tətbiqinə başlanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinə xx.xx.2020-ci il tarixdə koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimini tənzimləmək məqsədilə 18-ci fəsil daxil edilmişdir. Həmin fəsilə aid olan Vergi Məcəlləsinin 222-ci maddəsinə əsasən: 222.1. Bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyəti həyata keçirən vergi ödəyicilərinin, habelə sadələşdirilmiş verginin ödəyicisi olan mikro sahibkarlıq subyektlərinin apardıqları əməliyyatlara tətbiq edilən vergi dərəcələrini, vergi güzəştlərini və azadolmaları, vergilərin ödənilməsi müddətlərini, vergi rejiminin seçilməsi ilə bağlı məsələləri tənzimləyir. 222.2. Bu fəslin müddəaları 2020-ci il yanvarın 1-dən bir il müddətinə tətbiq edilir. Bu maddə ilə müəyyən edilən müddət bitdikdən sonra vergi ödəyicisinin fəaliyyəti üzrə vergi öhdəlikləri, vergi ödəyicisinin hüquq və vəzifələri, vergi ödəyicisinin apardığı əməliyyatlara tətbiq edilən vergi dərəcələri, vergi güzəştləri və azadolmaları, vergilərin ödənilməsi müddətləri bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 222.3. Bu fəslin müddəaları əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan vergi ödəyicilərinə (əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparmadığı dövr istisna olmaqla) şamil edilmir. Bu fəslin müddəaları vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarından sonra tətbiq olunur. 222.4. Bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilir. 222.5. Bu fəslin müddəaları aşağıdakı fəaliyyəti həyata keçirən şəxslərə şamil edilir: 222.5.1. avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti; 222.5.2. yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlərin fəaliyyəti; 222.5.3. turoperator və turagent fəaliyyəti; 222.5.4. sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının satıcılardan alıcılara daşınması və (və ya) çatdırılması fəaliyyəti; 222.5.5. ictimai iaşə fəaliyyəti; 222.5.6. sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti; 222.5.7. idman-sağlamlıq obyektlərinin fəaliyyəti; 222.5.8. hazırlıq (tədris) və ixtisasartırma kurslarının, məktəbdənkənar təhsil müəssisələrinin, psixoloji mərkəzlərinin fəaliyyəti; 222.5.9. koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla). Vergi Məcəlləsinin 224.1-ci maddəsinə əsasən, Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə aşağıdakı vergi növləri üzrə güzəşt və azadolmalar tətbiq edilir: 224.1.1. əmlak və torpaq vergiləri üzrə tam məbləğdə; 224.1.2. əldə edilən mənfəətin (gəlirin) 75 faizi; 224.1.3. bu Məcəllənin 222.5.1-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə bu Məcəllənin 220.5-ci maddəsində müəyyən edilən sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz; 224.1.4. bu Məcəllənin 222.5.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə bu Məcəllənin 220.1-1-ci maddəsi ilə müəyyən edilən sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz. Göründüyü kimi, 222.5-ci maddədə nəzərdə tutulmuş fəaliyyəti həyata keçirən şəxslərə, o cümlədən koronavirus pandemiyasının yayılması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə fəaliyyəti ya tam, ya da qismən məhdudlaşdırılan fəaliyyət sahələrinə onların əldə etdikləri mənfəətin (gəlirin) 75 faizi miqdarında vergidən azadolma tətbiq etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda qeyd edilən xx.xx.2020-ci il tarixli 120 nömrəli Qərarının 3-cü bəndinə əsasən, insanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədilə aşağıdakı iş və xidmət sahələri üzrə fəaliyyət bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddətdə qadağan edilir: 3.1. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisindəki ticarət mərkəzlərində (həmin ticarət mərkəzlərində yerləşən müştəri ilə təmasda olmayan obyektlər istisna olmaqla) xidmətlər; 3.2. istirahət və əyləncə məkanları üzrə xidmətlər; 3.3. mədəniyyət obyektlərinin, eləcə də muzey və sərgi zallarının, kinoteatrların, teatrların, idman zallarının fəaliyyəti; 3.4. masaj və hamam xidmətləri; 3.5. dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili xidmətləri; 3.6. dərzi xidmətləri (o cümlədən, bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət); 3.7. fotoatelye/fotostudiyalar (o cümlədən, bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət); 3.8. tədbirlərin təşkili üzrə xidmətlər (o cümlədən, bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili); 3.9. idman, sağlamlıq-bərpa üzrə xidmətlər (bu sahədə tibbi xidmətlər istisna olmaqla); 3.10. fərdi mənzillərdə təmizlik xidmətləri; 3.11. qrup halında fərdi tədris və repetitor xidmətləri (o cümlədən bu sahədə evlərdə xidmət). 4-cü bəndinə əsasən, bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddətdə xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərtilə aşağıdakı istiqamətlərdə fəaliyyətin davam etdirilməsinə icazə verilir: 4.5. əsas istehsalat növləri: 4.5.1. müdafiə sənayesi məhsullarının istehsalı; 4.5.2. neft avadanlıqlarının və qurğularının istehsalı; 4.5.3. qida məhsullarının və onlar üçün xammal istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanması və topdan satışı; 4.5.4. gündəlik baxım və gigiyena vasitələrinin istehsalı; 4.5.5. kimyəvi məhsulların istehsalı; 4.5.6. kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti; 4.5.7. əkinçilik və məhsul yığımı; 4.5.8. neft və qazın hasilatı, emalı, saxlanması və satışı; 4.5.9. neft və qazın boru kəmərləri vasitəsilə ötürülməsi; 4.5.10. metallurgiya sənayesi üzrə fəaliyyət; 4.5.11. tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri; 4.5.12. mühəndislik və layihələndirmə xidmətləri; 4.5.13. mülki və sənaye təyinatlı bina və qurğuların, yolların tikintisi və təmiri; 4.5.14. qablaşdırma məhsullarının istehsalı; 4.5.15. daş, metal və taxta məhsullarının istehsalı; 4.5.16. mebel istehsalı və təmiri; 4.5.17. diri heyvanların kəsimi. “Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli Qərarının 1.1-ci bəndinə əsasən aşağıda qeyd edilən iş və xidmət sahələri üzrə fəaliyyət dayandırılsın: 1.1.1. nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti; 1.1.2. ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər (açıq hava sahəsində müştərilərə yerində xidmətlər istisna olmaqla); 1.1.3. muzey və sərgi zallarının fəaliyyəti; 1.1.4. bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət); 1.1.5. təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla); 1.1.6. açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi. Həmin Qərara əlavədə fəaliyyətinə icazə verilən iş (xidmət) sahələri göstərilmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Ali Məhkəmənin İnzibati Kollegiyasının analoji qərarlarında olan göstərişlərinə uyğun araşdırma aparan məhkəmə kollegiyası aşağıdakıları nəzərə çatdırır. Belə ki, Ali Məhkəmənin İnzibati kollegiyasının oxşar iş üzrə 2-1(102)-1651/2022 nömrəli 29 noyabr 2022-ci il tarixli Qərarında qeyd edilir ki:

29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yalnız maddi yardımların edilməsi öz-özlüyündə vergi ödəyicisinə Vergi Məcəlləsinin 222.5.9 və 224.1.2-ci maddələrinə istinad etməklə vergi güzəşti hüququndan istifadə etmək imkanı vermir. Vergi ödəyicisinin fəaliyyəti yuxarıda qeyd edilən normativ sənədlərlə tam və qismən məhdudlaşdırıldıqda, bu hüquqdan istifadə edilə bilməz.

34. Yuxarıda qeyd edildiyi kimi, iddiaçının Vergi Məcəlləsinin 222.5.9 və 224.1.2-ci maddələrinə istinad etməklə vergi güzəşti hüququndan istifadə etməyə hüquq qazanması yalnız o halda mümkündür ki, iddiaçının fəaliyyət sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli Qərarı ilə məhdudlaşdırılmış (tam və ya qismən) olmalıdır.

35. Lakin işə baxan apellyasiya instansiya məhkəməsi iddiaçının fəaliyyətinin konkret olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli Qərarında göstərilmiş hansı fəaliyyət sahəsinə uyğun olması ilə bağlı qiymətləndirmə aparmamışdır. İşin araşdırılmış hallarında isə iddiaçının fəaliyyətinin tam məhdudlaşdırılması və ya iddiaçının fəaliyyətinə işçilərin ümumi sayının 50 faizindən çox olması şərtilə, icazə verilməsi hallarını müəyyən etmək mümkün olmur.

36. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi ilk növbədə, iddiaçının qeyd etdiyi kimi, işçilərin 50 faizinə işləmə icazəsi verilib-verilməməsinin araşdırılması üçün müvafiq qurumlara sorğular verməli və elektron portal üzərində iddiaçının işçilərinin işə çıxmaları ilə bağlı məhdudiyyətin olub-olmamasını müəyyən etməli və əldə olunmuş mötəbər məlumatlar əsasında qərar qəbul etməlidir. Eyni zamanda, işə təkrar baxan məhkəmə qiymətləndirməni həyata keçirərkən iddiaçının faəliyyət sahəsini dəqiq müəyyən etməlidir. Belə ki, cavabdehin dəlillərindən biri iddiaçının qeydiyyatdan keçdiyi fəaliyyət sahəsi ilə faktiki həyata keçirdiyi fəaliyyət sahəsinin bir-birindən fərqlənməsi barədədir ki, aşağı instansiya məhkəmələri tərəfindən bu hallar araşdırılmamışdır. Qeyd edilən istiqamətdə ətraflı araşdırma aparan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, yalnız maddi yardımların edilməsi öz-özlüyündə vergi ödəyicisinə Vergi Məcəlləsinin 222.5.9 və 224.1.2-ci maddələrinə istinad etməklə vergi güzəşti hüququndan istifadə etmək imkanı vermir. Vergi ödəyicisinin fəaliyyəti yuxarıda qeyd edilən normativ sənədlərlə tam və qismən məhdudlaşdırıldıqda, bu hüquqdan istifadə edilə bilər. Yuxarıda sadalanan Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarlarında (120 və 208 nömrəli) fəaliyyəti tam məhdudlaşdırılan sahələr ilə bağlı aşkar müddəalar olsa da, fəaliyyəti qismən məhdudlaşdırılan sahələr barədə hər hansı açıqaşkar müddəa əks olunmamışdır. Bununla belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli qərarın 6.1-ci bəndində Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində bu Qərarın əlavəsinin 4.4-cü, 4.11-ci, 4.12-ci, 4.14-cü, 4.15-ci, 4.16-cı, 5.4-cü, 5.5-ci, 5.6-cı, 6.2-ci, 6.3-cü, 6.4cü, 6.5-ci, 6.6-cı və 9.2-ci bəndləri ilə fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayının həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmaması ilə bağlı müddəa mövcuddur. Həmin müddəaların birgə təhlili belə nəticəyə gəlməyə əsas verir ki, həmin bənddə qeyd olunan sahələr fəaliyyəti qismən məhdudlaşan sahələrə aiddir. 1.Məhkəmə kollegiyası tərəfindən iddiaçının işçilərinin 50 faizinə işləmə icazəsi verilib-verilməməsinin araşdırılması aparılmışdır. İddiaçı MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 03/23 nömrəli məktubda qeyd edilir ki, “Koronavirus (COVİD-19) pandemiyası dövründə MMCnin 2020-ci ildə aşağıda göstərilən aylar üzrə işçi sayı olmuşdur. Yanvar-11, Fevral-11, Mart-11, Aprel-9, May-10, İyun-10, İyul-12, Avqust-12, sentyabr-13, Oktyabr13, Noyabr-14, Dekabr-14. İnnovasiya və X2 tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 3-27-104/2- 158/2023 nömrəli məktuba əlavə edilmiş iddiaçının icazə verilmiş işçilərinin siyahısından görünür ki, elektron portal üzərində sürücülər, satış menecerləri, icraçı direktor, mühasib, baş mühasibin işə çıxmalarına icazə verilmişdir. Müvafiq olaraq pandemiya başlanılan ay üzrə aprel və may aylarında 10 işçiyə, iyun ayında 9 işçiyə, iyul ayında 12 işçiyə, avqust ayında 12 işçiyə, sentyabr ayında 1 işçiyə, dekabr ayında 13 işçiyə icazə verilmişdir. Göründüyü kimi pandemiya dövründə (2020-ci il üzrə) iddiaçının işçilərinə aylar üzrə demək olar ki, tam tərkibdə (50 faizdən çox) işləməyə rəsmi icazə verilmişdir. 2.Həmçinin, iddiaçının faktiki fəaliyyət sahəsi istiqamətində araşdırılma aparılmışdır. İddiaçının fəaliyyət kodu (46901) – ixtisaslaşdırılmamış topdan satış kimi göstərilmişdir. Cavabdehin əsas dəlilləri ondan ibarətdir ki, vergi orqanı tərəfindən müəssisənin 2020-ci il üzrə gəlirlərinin araşdırılması zamanı uçot-baza məlumatlarına əsasən, müəssisə tərəfindən qarşı tərəfə "xxxx" Birgə Müəssisəsinə əksəriyyəti tikinti materialları olan elektron qaimə-fakturaların təqdim olunduğu müəyyən edilmişdir. Qeyd edilən elektron qaimə-fakturalar iş materiallarına əlavə edilmişdir. Bundan başqa, iddiaçı həm iddia ərizəsində, həm də məhkəməyə təqdim etdiyi yazılı məlumatında pandemiya dövründə "xxxx" Birgə Müəssisəsi ilə əməkdaşlıq etdiyini qeyd etmişdir. "xxxx" Birgə Müəssisəsi Azərbaycan Respublikası DNŞ və TEKFEN İnşaat və Təsisat A.Ş. tərəfindən təsis edilmişdir.Sözügedən şirkətin fəaliyyət istiqaməti araşdırılmış və neft şirkətləri üçün tikinti və mühəndislik işlərini həyata keçirdiyi aydın olmuşdur. Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 120 nömrəli Qərarından göründüyü kimi, şirkətlərə xüsusi karantin rejminin tətbiq olunduğu dövrlərdə müvafiq faktiki fəaliyyətin davam etdirilməsinə icazə verilmişdir. Odur ki, İddiaçı MMC-nin mübahisələndirilən dövr üzrə faktiki fəaliyyət göstərdiyi sahənin pandemiyadan zərər çəkən sahə olması öz təsdiqini tapmır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas verir, bu səbəbdən, şikayət təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68- 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5318/2022 saylı, 28 aprel 2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı MMC-nin (VÖEN **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “xx.xx.2021-ci il tarixli **********274700 nömrəli qərarın ləğv edilməsi və müvafiq məbləğlərin şəxsi hesab vərəqəsinə bərpa edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Kamran Əkbərov Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar