Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-242/2024 31.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Oruczadənin sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Günel Məhərrəm qızı Abbasovadan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-594/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 9 iyun 2020-ci il tarixli, **********211000 nömrəli qərarın və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 08 yanvar 2021-ci il tarixli, **********143580 nömrəli qərarın ləğv olunmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun elektron kabinetinə daxil olmuş məktub nəticəsində bəlli olmuşdur ki, cavabdehin xx.xx.2020-ci il tarixli, **********748100 nömrəli qərarına əsasən iddiaçıya iyul 2017-iyun 2020 hesabat dövrünü əhatə edən növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Daha sonra cavabdehin qərarına əsasən yoxlamaya ekspert dəvət edilmişdir. Yoxlamanın bundan sonrakı gedişatı haqqında iddiaçıya heç bir məlumat verilməmişdir. Bununla bağlı cavabdehə xx.xx.2020-ci il tarixdə yazılı müraciət olunsa da, həmin müraciətə cavab verilməmişdir. Daha sonra elektron kabinetə daxil olmuş məktubdan aydın olmuşdur ki, cəmiyyətdə keçirilən səyyar vergi yoxlaması nəticələndirilmiş və nəticəsi xx.xx.2020-ci il tarixli, **********13943 nömrəli aktla rəsmiləşdirilmişdir. Həmin aktın əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********143580 nömrəli qərar qəbul edilmişdir. Səyyar vergi yoxlaması iddiaçının nümayəndəsinin iştirakı təmin olunmadan həyata keçirilmiş və cavabdeh qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Cavabdeh vergi qanunvericiliyinin tələblərinə zidd olaraq həyata keçirilən ekspertizanın nəticəsində tərtib edilmiş ekspert rəyini, səyyar vergi yoxlaması aktını və məsuliyyət qərarını iddiaçıya təqdim etməmiş və bununla da vergi qanunvericiliyinin tələblərini pozmuşdur. Səyyar vergi yoxlaması aktı və qərar yalnız iddiaçı tərəfindən müraciət olunduqdan sonra təqdim olunmuşdur. Bundan başqa, iddiaçıya 2017-2019-cu illərin mənfəət vergisi üzrə əlavə vergi məbləği hesablanmışdır. Hesablama isə ekspert rəyi əsasında aparılmışdır. Belə ki, bu zaman ekspert elektron vergi hesab-fakturasında olan malların bir vahidinin qiymətini tətbiq etmişdir. Halbuki, elektron qaimə-fakturada bir neçə və fərqli qiymətdə olan malların siyahısı öz əksini tapmışdır. Bu isə ekspertin rəyinin və dolayısı ilə cavabdehin aktının əsassızlığını və obyektiv, dolğun aparılmadığını göstərir. Ekspert rəyi hazırki vaxtadək iddiaçıya təqdim olunmadığından gəlinən nəticədən xəbərdar deyil. Bundan başqa, cavabdeh iddiaçının mənfəət vergisində sənədlərlə təsdiqini tapmayan xərcləri silmiş və yalnız sənədi olan xərcləri qəbul edərək, ona müvafiq hesablama aparmış və bu zaman Nazirlər Kabinetinin 55 saylı qərarı nəzərə alınmamışdır. İddiaçı dondurulmuş toyuq əti məhsullarının idxalı və satışı ilə məşğuldur. Vergi Məcəlləsinin 164.1.37-ci maddəsinin 2020-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən, quş ətinin satışı ƏDV-dən azadddır. Lakin buna baxmayaraq, cavabdeh toyuq ətinin satışını ƏDV-yə cəlb edərək, cəmiyyətə ƏDV üzrə əlavə vergi məbləği hesablamışdır. Eyni zamanda 2019-cu ilin vergisi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020ci il tarixli, **********211000 nömrəli qərara əsasən cəmiyyətə 1.147.179,59 manat mənfəət vergisi hesablanmışdır. Daha sonra 2019-cu il üzrə səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticəsində həmin kameral hesablama qüvvədə saxlanılmış, əlavə olaraq 172.799,51 manat vergi hesablanmışdır. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək, iddianın xx.xx.2021-ci il tarixli, **********143580 nömrəli qərarın ləğv edilməsi hissəsində təmin olunmaması, xx.xx.2020ci il tarixli, **********211000 nömrəli qərarın ləğv edilməsi hissəsində mümkünsüz sayılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2-1(112)-594/2022 nömrəli qərarı ilə (hakim N.Abıyev) iddia tələbi qismən təmin edilərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********211000 nömrəli qərarı, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyətə cəlb edilməsi barədə” xx.xx.2021-ci il tarixli, **********143580 nömrəli qərarı-2017-2019-cu illər üzrə büdcəyə əlavə olaraq 3.080.048,88 manat mənfəət vergisinin hesablanması və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi həcmində, yəni 1.540.024,44 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 2018-2020-ci illər üzrə büdcəyə əlavə olaraq 442.199,32 manat məbləğində ƏDV hesablanması və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 1.231.614,28 manat məbləğinin 50 faizi miqdarında 615.807,14 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi hissələrində ləğv olunmuş, iddia qalan hissədə təmin olunmamışdır. Məhkəmə hesab etmişdir ki, məhkəmə araşdırması nəticəsində cavabdeh iddiaçıya səyyar vergi yoxlaması ilə əhatə olunan hesabat dövrləri üzrə mübahisələndirilən mənfəət və əlavə dəyər vergilərinin hesablanmasına əsas olan hər hansı mötəbər sübut təqdim edə bilməmiş və həmin hesablamaların əsaslı olmasını sübuta yetirə bilməmişdir. Belə olan halda iddiaçıya əlavə mənfəət və əlavə dəyər vergilərinin hesablanması və həmin məbləğə maliyyə sanksiyasının tətbiq olunması hissəsində cavabdehin mübahisələndirilən qərarı əsassız və qanunsuz olduğundan ləğv olunmalıdır. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, mübahisələndirilən xx.xx.2021-ci il tarixli, **********143580 nömrəli qərarın iddiaçıya 2018-2020-ci illər üzrə 670,6 manat məbləğində ÖMV hesablanması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında 335,3 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində qərar Vergi Məcəlləsinin tələblərinə uyğun olduğundan, həmin hissədə qərarın ləğv olunması barədə iddiaçının tələbi təmin oluna bilməz. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, «…İşin faktiki halları məhkəmə və ekspert tərəfindən təhrif olunmuşdur. İddiaçıya hesablanmış vergi məbləğləri ləğv edilmişdir. İddiaçı idxal etdiyi quş əti məhsullarının satışını həyata keçirilmişdir. Müəssisə tərəfindən yoxlamaya bəyan edilmiş gəlir və xərcləri təsdiq edən sənədlər təqdim olunmamışdır. Buna görə də yoxlama iddiaçının bəyannamələri, idxal məlumatları, elektron qaimələr və vergi hesab fakturaları əsasında aparılmış və müəyyən edilmişdir ki, quş əti məhsullarının çox kiçik hissəsi elektron qaimələr əsasında satılmış, qalan hissəsinin satışı ilə bağlı yoxlamaya hər hansı bir sənəd təqdim edilməmişdir. Satış üzrə məhsulların miqdarı idxal edilmiş və dövrün əvvəlinə olan mallara əsasən müəyyən edilmiş,eyni zamanda, müəssisənin dövrün sonuna mal qalığı da nəzərə alınmışdır. Yoxlama zamanı satış sənədləri təqdim edilməmiş quş əti məhsullarının hər bir çeşidi üzrə təqdim etdiyi elektron qaimələrdəki orta satış qiymətləri müəyyən edilmiş və satış sənədi təqdim olunmayan quş əti məhsullarının hər çeşidi üzrə illər üzrə orta satış qiymətləri tətbiq edilməklə, müəssisənin ümumi gəlir məbləğləri müəyyən edilmişdir. Məsələn, 2017ci il üzrə müəsisəsinin təqdim etdiyi qaimə fakturalara əsasən toyuq budunun 1 kq orta satış qiyməti 2,45 manat, toyuq filesinin 1 kq orta satış qiyməti 4,48 manat və toyuq ətinin 1 kq orta satış qiyməti 3,14 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən satış sənədi təqdim olunmayan hissəyə qeyd olunan orta satış qiymətləri tətbiq edilməklə gizlədilmiş ümumi gəlir məbləği müəyyən edilmişdir. Müəssisənin illər üzrə xərc məbləği isə idxal məlumatları əsasında müəyyən edilmişdir. Beləliklə yoxlama ilə: 2017-ci il üzrə ümumi gəlirləri 14124756,19 manat, xərci 9440298,14 manat müəyyən edilməklə 932.403,56 manat mənfəət vergisi; 2018-ci il üzrə ümumi gədirləri 33829077,14 manat, xərci 23537980,18 manat müəyyən edilməklə 1974845,81 manat mənfəət vergisi; 2019-cu il üzrə ümumi gəlirləri 45318817,23 manat, xərci 38008937,04 manat müəyyən edilmiş, eyni zamanda kameral yoxlama ilə xx.xx.2020-ci il tarixdə 1.147179,59 manat mənfəət vergisin hesablandığı nəzərə alınaraq hazırkı yoxlama ilə 172799,51 manat əlavə mənfəət vergisi hesablanmışdır. ƏDV üzrə müəssisənin 36 aylıq ƏDV bəyannamələri üzrə göstəriciləri aşağıdakı kimi olmuşdur: Quş ətinin satışı ƏDV-dən azadolan əməliyyat hesab edildiyi halda vergi ödəyicisi tərəfindən bəzi hesabat aylarında quş ətinin ƏDV tutulan əməliyyatlara cəlbedildiyi və buna müvafiq olaraq bəzi hallarda mal alanlara tətbiq edilməklə qaiməfakturalar təqdim etdiyi, eyni zamanda, alınmış mallara görə əldə etdiyi VHF və YGB üzrə ƏDV məbləğini əvəzləşdirməyi müəyyən edilmişdir Vergi Məcəlləsinin 159.8-ci maddəsinin tələbləri nəzərə alınmaqla, ƏDV tətbiq etməklə (qaimə-fakturalarda göstərilən) aparılan əməliyyatlar ƏDV tutulan əməliyyatlara,qalan mallar mənfəət vergisinin 1 nömrəli əlavəsində göstərilən mal qalığı nəzərə alınmaqla ƏDV-dən azad olan əməliyyatlara aid edilmişdir. Yoxlanılan dövr üzrə əvəzləşdirilmiş ƏDV məbləği isə xüsusi çəki əsasında müəyyən edilmişdir. Satış sənədi təqdim edilməyən mallar üzrə dövriyyə məbləğləri isə qanunvericiliyə əsasən ƏDV-dən azad olunan dövriyyəyə aid edilmiş, həmin dövriyyə üzrə müəssisənin etdiyi ƏDV əvəzləşmələri ləğv edilmişdir. Beləliklə yoxlama ilə: vergiyə cəlb edilən dövriyyə 12652074,50 manat, azad olunan dövriyyə - 91831655,81 manat, 2.277.373,41 manat, əvəzləşdirilən ƏDV 1.991736,01 manat olmaqla, 442.199,32 manat əlavə vergi hesablanmışdır. ÖMV üzrə yoxlama zamanı müəssisə tərəfindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1.959,2 kv.m olan anbarın aylıq icarə haqqı 500 manat olmaqla xx.xx.2017-ci il tarixdə icarə müqaviləsi əsasında icarəyə götürüldüyü müəyyən edilmiş, ümumilikdə 6 rüb üzrə 8990 manat icarə haqqı bəyan edilməli olsada müəssisə tərəfindən 4.200 manat göstərilmişdir. Beləliklə yoxlama ilə 670,60 manat əlavə ÖMV hesablanmışdır. Məhkəmənin Vergi Məcəlləsinin 37-ci maddəsinə istinadən xx.xx.2020-ci il tarixli qərar üzrə gəlir və xərclə bağlı sənədlər mövcud olduğu və buna əsasən vergi orqanı tərəfindən vergilərin düzgün hesablanmadığının vurğulanması əsassızdır. Görünür məhkəmə yoxlama materialları araşdırılmadan bu yanlış qənaətə gəlmişdir. Çünki, Vergi orqanı tərəfindən Məhkəmənin 2019-cu il üçün hesablanmış mənfəət vergisi ilə bağlı dəlili əsassızdır. Səyyar vergi yoxlaması zamanı kameral yoxlama zamanı hesablanmış vergi nəzərə alınmışdır. Yoxlama üçün zərur olan sənədlər iddiaçı tərəfindən təqdim olunmamış, bu barədə xx.xx.2020-ci il tarixli akt tərtib edilmişdir. Məhsulların bir hissəsinin satışı elektron qaimələr, qalan hissəsi ilə bağlı yoxlamaya sənədlər təqdim edilməmişdir. Hesablanmış vergilər satış sənədi təqdim edilməyən mallarla bağlıdır. Həmin məhsullar üçün elektron qaimələrdəki satış orta satış qiyməti tətbiq edilərək vergilər hesablanmışdır. Müəssisə real gəlirini gizlətmək üçün yoxlamaya hər hansı gəlir və xərc sənədi təqdim etməmişdir. İddiaçıya vergilər məhz Vergi Məcəlləsinin 67.1-ci maddəsində sadalanan əlaqəli məlumatlara, yəni iddiaçının təqdim etdiyi bəyannamələr, idxal məlumatları, təqdim etdiyi elektron qaimələr və vergi hesab fakturaları əsasında hesablanmışdır. İddiaçının təqdim etdiyi sənədlər (NKA) gəlir və xərclə bağlı sənədlər hesab edilmir. Çünki, iddiaçının vergi ödəyicilərinə münasibətdə əməliyyatları qaimə faktura ilə rəsmiləşdirilməlidir. Ekspertin dəlilləri işin hallarına və Vergi Məcəlləsinin tələblərinə ziddir. Məhkəmə tərəfindən ekspert rəyi qiymətləndirilməmiş, iş üçün əhəmiyyətli hallar araşdırılmamış, işin hallarına uyğun maddi hüquq normaları tətbiq edilməmişdir. Apellyasiya və kassasiya instansiyası məhkəmələrində əvvəlki icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli, 2- 1(103)-1486/2022 nömrəli qərarı ilə (hakimlər C.Yusifov-sədrlik edən və məruzəçi, E.Kazımov və N.Cəfərov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-594/2022 nömrəli, 10 yanvar 2022-ci il tarixli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətinin, həmin qərarın yoxlanılan hissədə əsassız olduğuna, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyinə dair dəlilləri ilə razılaşmır. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddianın rədd olunması haqqında yeni qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 493/2023 nömrəli, 18 may 2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli, 2- 1(103)-1486/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş tərəflər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi qismən təmin edilsə də, iddiaçı tərəfindən iddia tələbinin təmin edilməyən hissəsinə münasibətdə qərardan apellyasiya şikayəti verilməmiş, qərar yalnız cavabdeh tərəfindən iddianın təmin edilən hissəsində mübahisələndirilmişdir. Odur ki, apellyasiya baxışının predmetini cavabdehin apellyasiya şikayətinin dəlilləri həddində iddia tələbinin təmin edilən hissəsində qərarın qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 493/2023 nömrəli, 18 may 2023-cü il tarixli qərarındakı göstərişləri aşağıdakılardan ibarətdir: - Mübahisələndirilən kameral qərarın iddiaçıya qanunla müəyyən edilmiş qaydada çatdırılıb-çatdırılmamasının müəyyən edilməsindən asılı olaraq iddianın mümkünlüyünə qiymət verilməli; - Mübahisələndirilən 9 iyun 2020-ci il tarixli qərarla cavabdeh vergi orqanı iddiaçıya 2019cu ilin mənfəət vergisi üzrə 1147179,59 manat vergi məbləği hesablamışdır. Vergi orqanı malların faktiki, yəni invoys qiymətləri ilə statistik qiymətləri arasında 5735897,94 manat fərq müəyyən etmişdir. Ona görə də iddiaçının həmin dövr üzrə həm mənfəət vergisi bəyannaməsi, həm də kameral bəyannamə işə əlavə olunmalı və idxal sənədləri ilə üzləşdirilməli, iddiaçının xərclərdə invoys yoxsa statistik dəyəri göstərdiyi araşdırılmalı, həmçinin cavabdeh vergi orqanının xərclərdə iddiaçının statistik dəyəri göstərdiyini iddia etməsinə rəğmən, buna dair təsdiqedici sənədlər (yük gömrük bəyannamələri və iddiaçının həmin dövr üzrə sonuncu bəyannaməsi) iş materialına əlavə olunmamışdır. Bu istiqamətdə araşdırma aparılmalı; - Səyyar yoxlama zamanı iddiaçının NKA vasitəsilə pərakəndə satışının olubolmaması cavabdeh tərəfindən araşdırılmamasının və iddiaçının da tələbnaməyə uyğun olaraq yoxlama zamanı NKA çeklərini təqdim etməməsinin səbəblərini araşdırılmalı; - cavabdehin yoxlama nəticəsində hesabladığı vergilərin, nə də iddiaçının həmin dövrlərdə bəyannamələrdə əks etdirdiyi dövlət büdcəsinə ödənilməli vergilərin düzgün hesablanıb-hesablanmaması müəyyən olunması üçün 2017- 2019-cu illər üzrə iddiaçının təqdim etdiyi bəyannamələr, həmçinin idxal sənədləri iş materiallarına əlavə olunmalı; - iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı ekspert qarşısında konkret suallar qoyulmasına baxmayaraq, ekspert tərəfindən həmin suallar dolğun cavablandırılmamış, yoxlama dövrünə aid ayrı-ayrı vergi növləri üzrə iddiaçının ödəməli olduğu vergi məbləğləri müəyyən olunmamış, bu istiqamətdə araşdırma aparılmalı; - cavabdeh vergi orqanı tərəfindən iddiaçının elektron vergi hesab-fakturaları əsasında müəyyən olunmuş orta satış qiymətinin iddiaçının göstəricilərinə hansı qaydada tətbiq olunması və yekun hesablanmış vergi məbləğinin alınması ardıcıllığı iş materiallarına əlavə edilmiş sənədlərdən görünmür, bu istiqamətdə araşdırma aparılmalı, həmçinin, vergi orqanı iddiaçının NKA ilə satdığı malları sənədsiz satış kimi qiymətləndirdiyi üçün, həmin hissəni bəyannamədə ƏDV-yə cəlb olunan hissədən azad olunan hissəyə keçirmiş, bununla da ƏDV üzrə əvəzləşdirmənin xüsusi çəkisini azaltmışdır. Lakin bütün bunların həyata keçirilməsi ardıcıllığı konkret rəqəmlərlə iş materiallarında öz əksini tapmamışdır. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında əks olunan hüquqi mövqeləri nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli, iddia həmin hissədə rədd edilməli, qalan hissədə qərar dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktların ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh hazırki iddiaya cavab verməli orqandır. İddiaçı hazırki tələbində inzibati orqanın “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********211000 nömrəli və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyətə cəlb edilməsi barədə” xx.xx.2021-ci il tarixli, **********143580 nömrəli qərarlarını mübahisələndirir. İddia ərizəsi poçt rabitə orqanına xx.xx.2021-ci il tarixdə təqdim edilmiş, məhkəmə dəftərxanasında xx.xx.2021-ci ildə qeydiyyata alınmışdır. Mübahisələndirilən ikinci qərara münasibətdə qanunvericiliklə tələb olunan müddətə riayət edilməsi ilə bağlı mübahisə yoxdur. Lakin mübahisələndirilən birinci qərar üzrə kassasiya instansiya məhkəməsinin qərarında həmçinin iddianın mümkünlüyü ilə bağlı qeyd olunmuşdur ki, iddiaçı 9 iyun 2020-ci il tarixli qərarın ləğvi barədə həmin qərarın qəbul edilməsindən 6 ay sonra, yəni xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir, həmin kameral qərarın asan imza (elektron imza) ilə və ya adi qaydada imzalanmasına dair iş materiallarında heç bir sübut yoxdur, işə baxmış aşağı instansiya məhkəmələri həmin dövrün səyyar vergi yoxlaması ilə əhatə olunduğu üçün kameral qərarın ləğvinə dair iddianı mümkün saysalar da, həmin qərarın xx.xx.2020-ci il tarixdə qəbul olunduğuna, növbəti səyyar vergi yoxlamasının isə xx.xx.2020-ci il tarixdə başlanıldığına diqqət yetirməmişdir, halbuki, səyyar vergi yoxlaması başladığı vaxt artıq İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi ilə müəyyən olunan 30 gün müddət başa çatmış idi, bu baxımdan iddianın mümkünlüyünə məhkəmə tərəfindən həmin əsas üzərindən deyil, kameral qərarın iddiaçıya qanunla müəyyən olunmuş qaydada çatdırılıb-çatdırılmamasının müəyyən edilməsindən asılı olaraq qiymət verilməli idi. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iş materiallarından xx.xx.2020-ci il tarixli **********211000 nömrəli “Vergilərin hesablanması barədə” Qərarın iddiaçıya qanunla müəyyən edilmiş qaydada təqdim edildiyi müəyyən olunmur. Belə ki, AR Vergi Məcəlləsinin: -13.2.72-ci maddəsinə əsasən elektron kabinet – vergi ödəyicisi kimi uçota alınma zamanı təqdim edilən ərizəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, gücləndirilmiş elektron imza və (və ya) vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir. -70.1-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. -70.2-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. -70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. -70.2-2-ci maddəsinə əsasən sənədlər (onların surətləri) bu Məcəllənin 70.2-1.1-ci maddəsinə əsasən şəxsən verildikdə, vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Sadalanan normalardan aydın olduğu kimi sənədlərin vergi ödəyicisinə təqdim edilməsi üçün 3 üsul müəyyən edilmişdir: 1) şəxsən, 2) poçt rabitəsi vasitəsilə 3) elektron qaydada. “Elektron imza və elektron sənəd haqqında” AR Qanununun: -1.1.5-ci maddəsinə əsasən gücləndirilmiş elektron imza (bundan sonra gücləndirilmiş imza) - imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imzadır. -6.1-ci maddəsinə əsasən dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının informasiya sistemlərində elektron sənəd mübadiləsi üçün ancaq gücləndirilmiş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə edilir. -6.4-ci maddəsinə əsasən dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən elektron imzadan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən elektron imzadan istifadə Qaydası”nın 3.3-cü bəndinə əsasən qanunvericiliklə sənədin möhürlə təsdiqlənməsi tələb edildikdə, təkmil sertifikatda imza sahibinin səlahiyyətlərinə dair məlumatlarda qeyd olunmuş gücləndirilmiş imzadan istifadə edilir. Bu imza şəxsin kağız daşıyıcı üzərindəki və möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. Sadalanan normalardan aydın olur ki, dövlət hakimiyyət orqanlarında, o cümlədən vergi orqanlarında elektron üsulla göndərilən sənədlər (xüsusilə möhürlə təsdiq edilməli olanlar) gücləndirilmiş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə edilməklə imzalanmalıdır. Lakin iş materiallarından görünür ki, cavabdeh vergi orqanı mübahisələndirilən xx.xx.2020-ci il tarixli **********211000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığrotası haqlarının hesablanması barədə” Qərarı qanunla müəyyən edilmiş qaydada elektron imza vasitəsilə imzalamamışdır. Eyni zamanda, həmin qərar şəxsən və ya poçt rabitəsi vasitəsilə də iddiaçıya təqdim edilməmişdir. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, oxşar iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-30/2021 saylı, xx.xx.2021-ci il tarixli və 15(102)-108/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarlarında da mövqe bu cür əsaslandırılmışdır. Həmin məhkəmə qərarlarının məzmunundan da aydın olduğu kimi inzibati orqan tərəfindən iddiaçıya göndərilmiş sənəd elektron sənədlərin hazırlanmasına dair ümumi tələblər cavab verməlidir. Belə ki, elektron sənədin həqiqiliyi təsdiqlənməli, elektron sənəd “Unicode” standartını, “UTF-8” formatını dəstəkləməli, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsi ilə müəyyən edilmiş quruluşda olmalı, elektron sənəd müvafiq vəzifəli şəxsin elektron və ya gücləndirilmiş elektron imzasının əlavə edilməsi yolu ilə həyata keçirilməlidir. Beləliklə, mübahisələndirilən xx.xx.2020-ci il tarixli, **********211000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığrotası haqlarının hesablanması barədə” Qərar iddiaçıya rəsmi şəkildə təqdim edilmədiyindən iddiaçı tərəfindən iddia müddəti ötürülməmiş hesab edilməlidir. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. -16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. -23.1-ci və 23.1.6-cı maddələrinə uyğun olaraq, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. -37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. -37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. -37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. -37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. -37.6-cı maddəsinə əsasən kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. -38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. -42.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir. -42.3-cü maddəsinə əsasən səyyar vergi yoxlaması üçün zəruri olan vergi orqanı tərəfindən tələb edilən sənədlərin və ya elektron faylların vergi ödəyicisi tərəfindən vergi orqanına verilməsindən imtina edilməsi və ya bu Məcəllənin 42.1-ci maddəsində göstərilən müddətdə təqdim edilməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Bu maddədə göstərilən qaydada sənədləri və ya elektron faylların təqdim edilməsindən imtina edildikdə, səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədlərin götürülməsini həyata keçirə bilər. -43.1-ci maddəsinə əsasən sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. -43.11-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. -103.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. -104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Həmin Məcəllə -153-cü maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. -159.5-ci maddəsinə görə vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. -174.1-ci maddəsinə əsasən bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İşin faktiki halları ondan ibarətdir ki, cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********211000 nömrəli qərara əsasən iddiaçıya 1.147.179,59 manat mənfəət vergisi hesablanmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli, **********138902 nömrəli qərarına əsasən Vergi Məcəlləsinin 38.2-ci maddəsinə uyğun olaraq iddiaçı tərəfindən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsinin düzgünlüyünün yoxlanılması məqsədi ilə iyul 2017-İyun 2020-ci illəri əhatə edən növbəti səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlama xx.xx.2020-ci il tarixdə başlanılmış və xx.xx.2020-cü il tarixdə başa çatdırılmış, yoxlamanın nəticələri xx.xx.2020-ci il tarixli, **********139943 nömrəli aktla rəsmiləşdirilmişdir. Yoxlamanın nəticəsinə dair vergi orqanı tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********143580 nömrəli qərarla vergi ödəyicisinə 1231614,28 manat vergi borcu hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə 615807,14 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Hazırki iş üzrə kassasiya instansiya məhkəməsinin qərarındakı hüquqi mövqeyə uyğun iş üzrə araşdırma aparan məhkəmə kollegiyası aşağıdakıları nəzərə çatdırır. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, iddiaçı vergi ödəyicisində 2017-2019-cu illər üzrə səyyar vergi yoxlaması aparılarkən iddiaçıdan tələb olunmuş gəlir və xərc sənədlərinin təqdim olunmadığı əsas gətirilərək, ona Vergi Məcəlləsinin 67.1-ci maddəsinə müvafiq olaraq, əlaqəli məlumatlara əsasən əlavə vergilər hesablanmışdır. O cümlədən, təqdim etdiyi bəyannamələr, idxal məlumatları, elektron qaimələr (və vergi hesab fakturaları) əsasında, onun idxal etdiyi quş əti məhsullarının yoxlamaya satış sənədləri təqdim etməyən hissəsinə, təqdim edilən satış sənədlərində (elektron qaimələrdə) təsbit olunan illik orta satış qiymətləri çıxarılıb tətbiq olunmaqla, iddiaçıya aşağıdakı əlavə vergilər hesablanmışdır: - ƏDV üzrə satış sənədi təqdim edilməyən mallar üzrə 442.199,32 manat; - mənfəət vergisi üzrə 2017-ci il üçün 932.403,56 manat; 2018-ci il üçün 1.974.845,81 manat, 2019-cu il üçün kameral vergi yoxlaması ilə xx.xx.2020-ci il tarixdə ona hesablanmış 1.147179,59 manat vergi nəzərə alınmaqla 172799,51 manat; - ÖMV üzrə 2018-ci ilin 3-4-cü rübləri, 2019-cu ilin 2-3-cü rübləri və 2020-ci ilin 1-2ci rübləri üzrə 670,60 manat əlavə vergi hesablanmışdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, ÖMV üzrə vergi ödəyicisinə hesablanmış vergi məbləği hazırki apellyasiya baxışının predmeti olmadığına görə yoxlama nəticəsində hesablanmış ƏDV və mənfəət vergisinin düzgün hesablanıb-hesablanmadığı istiqamətində araşdırma aparılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası işin hallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək qeyd edir ki, cavabdeh vergi orqanı səyyar vergi yoxlaması zamanı nəzarət kassa aparatının çekləri ilə rəsmiləşdirilmiş pərakəndə satış əməliyyatlarını “sənədləri təqdim edilməmiş quş əti məhsullarının satışı” kimi qiymətləndirmiş və iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimə-fakturalar barədə məlumatlar əsasında quş əti məhsullarının hər çeşidinin illər üzrə orta satış qiymətlərini müəyyən etmiş və bunu Vergi Məcəlləsinin 67-ci maddəsi ilə əsaslandırmağa çalışmışdır. İş materiallarından müəyyən olunur ki, vergi orqanı tərəfindən satış sənədləri təqdim edilməyən məhsullar dedikdə, vergi orqanının özündə qeydiyyat keçən nəzarət kassa aparatları (NKA) vasitəsilə 2017-2019-cu illərdə satışı həyata keçirilən məhsulları nəzərdə tutulur. Mübahisənin mahiyyəti də məhz ondan ibarətdir ki, cavabdeh NKA vasitəsilə həyata keçirilən satışların rəsmiləşdirildiyi satış çeklərini satış sənədləri kimi qəbul etmir. Belə ki, iddiaçıya əlavə vergilər hesablayarkən əlaqəli məlumatlar kimi bəyannamə, elektron qaimə və fakturaları nəzərə aldığı halda, vergi orqanı onun özü tərəfindən qeydiyyata alınan NKA vasitəsilə rəsmiləşdirilən satışları üzrə kassa çeklərini nəzərə almır, həmin çeklərin ehtiva etdiyi məhsulları satış sənədi olmayan məhsullar kimi qiymətləndirir. Beləliklə, cavabdeh NKA üzrə pərakəndə satışları sənədsiz satış kimi qiymətləndirməsini iki formada əsaslandırır – 1) NKA ilə satışa dair sənədlər yoxlamaya təqdim edilməmişdir 2) iddiaçının fəaliyyəti növü topdansatış olduğundan və malları ancaq vergi ödəyicilərinə satdığından, NKA çekləri gəlirə dair sənəd sayıla bilməz. Cavabdehin 1-ci - NKA ilə satışa dair sənədlərin (kassa çeklərinin) yoxlamaya təqdim edilməməsi barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus Merkuri-112FK markalı 00101416 zavod nömrəli nəzarət kassa aparatı xx.xx.2016-cı il tarixdə vergi orqanında uçota alınmış və cavabdeh tərəfindən iddiaçıya buna dair **********3 nömrəli nəzarət kassa aparatının qeydiyyat vərəqəsi verilmişdir ki, bu da vergi orqanının iddiaçının pərakəndə ticarət fəaliyyəti ilə məşğul olduğundan xəbərdar olduğunu göstərməklə yanaşı, həm də razılığını ifadə edir. Həmçinin qeyd etmək lazımdır ki, xx.xx.2016-cı il tarixdən səyyar vergi yoxlaması keçirilən günədək cavabdeh vergi orqanı tərəfindən iddiaçıya NKA vasitəsilə malların pərakəndə qaydada satışına dair hər hansı etiraz bildirilməmişdir. Cavabdeh vergi orqanı iddiaçı tərəfindən mübahisələndirilən dövrdə məhsullar vergi orqanında uçotda olan nəzarət-kassa aparatı vasitəsilə alıcılara təqdim edildiyi halda, həmin məhsulların kassa aparatı vasitəsilə pərakəndə satışının həyata keçirildiyini bilirdi və ya, ən azından, bilməli idi. Bununla belə səyyar vergi yoxlaması zamanı bununla bağlı tam və hərtərfli araşdırma aparmamışdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24.2-ci maddəsi isə nəzərdə tutur ki, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh vergi orqanı Vergi Məcəlləsinin 43.11-ci maddəsinə müvafiq olaraq sənədlərin və nümunə kimi əşyaların vergi orqanına təqdim edilməsinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-2134/2021 nömrəli qərarı ilə iddia təmin edildiyi halda, cavabdeh həmin qərarın icrasını gözləmədən xx.xx.2020-ci il tarixdə səyyar vergi yoxlamasını başa çatdırmışdır. Bir sözlə, cavabdeh iddiaçının NKA vasitəsilə pərakəndə satış həyata keçirdiyini bildiyi halda, bununla bağlı lazımı həcmdə araşdırma aparmadan, əlavə sübutlar toplamadan və Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-2134/2021 nömrəli qərarının icrasını gözləmədən, iddiaçının vergiyə cəlb edilən gəlirini (dövriyyəsini) yalnız elektron vergi hesab fakturalar (elektron qaimə fakturalar) əsasında müəyyən edilmiş orta satış qiymətinə əsasən hesablamışdır. Məhkəmə kollegiyası cavabdehin 2-ci – fəaliyyət növlərinə müvafiq olaraq iddiaçı tərəfindən satışın yalnız vergi ödəyicilərinə topdansatış qaydasında həyata keçirildiyindən NKA çeklərinin xərc və ya gəlirə dair təsdiqedici sənəd hesab edilməməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, cavabdehin göstərilən dəlili sadəcə ehtimal xarakterlidir və cavabdeh həmin dəlilə dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı pərakəndə satışla bağlı nəzarət kassa aparatını vergi orqanında qeydiyyatdan keçirmiş, cavabdeh həmin kassadan məlumatlı olmuş və fəaliyyət dövrü ərzində vergi nəzarəti qaydasında iddiaçının NKA-dan qanunsuz şəkildə istifadə etməsinə və ya topdansatış fəaliyyəti ilə bağlı vergi ödəyicilərinə elektron qaimə-faktura təqdim etməli olduğu halda təqdim etməməsinə dair aşkar edilmiş pozuntu faktı və ya faktları ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Başqa sözlə desək, cavabdeh vergi orqanı iddiaçı tərəfindən pərakəndə satışla bağlı çap edilmiş NKA çeklərinin mötəbərliyini təkzib edə biləcək hər hansı əsaslı sübuta malik olmadığı halda, yalnız ehtimallara əsaslanmaqla NKA ilə satışları sənədsiz satış kimi qiymətləndirərək iddiaçıya əlavə vergi öhdəliyi hesablamışdır. Məhkəmə kollegiyası həmçinin vergi qanunvericiliyində malların topdansatışı ilə yanaşı pərakəndə satışını qadağan edən norma da mövcud deyil. Mübahisələndirən dövrə münasibətdə vergi qanunvericiliyi malların “topdansatış” və “pərakəndə satış” konkret həcmlərini birbirindən fərqləndirən (ayıran) normaları da mövcud olmamışdır. Belə ki, Vergi Məcəlləsinin 13.2.62-ci və 13.2.63-cü maddələrində nəzərdə tutulan fərqləndirci əlamətlərə gəldikdə isə, qanunverici burada pərakəndə satış ilə topdansatış fəaliyyətinin fərqləndirici əlaməti olaraq malların alıcı tərəfindən hansı məqsədlə alınmasını müəyyən etmişdir. Həmin Məcəllənin 13.2.63-cü maddəsinə əsasən “pərakəndə satış” – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin Məcəllənin 13.2.63-cü maddəsinə əsasən isə “topdansatış” – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətdir. Göründüyü kimi, topdansatışı pərakəndə satışdan fərqləndirən əlamət satışın hansı məqsədlə həyata keçirilməsi ilə əlaqəlidir. Daha konkret, ikinci halda malların satışı sahibkarlıq məqsədlərini ehtiva edir. Konkret halda isə cavabdeh orqan tərəfindən bu istiqamətdə araşdırma aparılmamış, mübahisələndirilən dövrdə təqdim edilən malların sahibkarlıq məqsədi ilə alınmasını və realizə olunub-olunmasına aydınlıq gətirilməmiş, iddiaçının nəzarət-kassa aparatı çekləri ilə satıdığı məhsullara dair kassa çekləri araşdırılmamış, buna əhəmiyyət verilməmiş, həmin hissədə məhsulların satışını satış sənədləri olmayan məhsullar kimi qiymətləndirilməklə iddiaçıya əlavə vergilər hesablanmışdır. Bu zaman cavabdeh səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun gəlməyən, özünəməxsus hesablamalardan, o cümlədən, satış sənədi təqdim edilməyən məhsullara, yəni NKA vasitəsilə satışı həyata keçirilən məhsulların satış qiymətini – topdansatış üzrə vergi orqanına təqdim edilən elektron qaimələrdə (VHF-larda) təsbit olunan satış qiymətlərindən orta illik satış qiymətindən istifadə olunmuşdur. Halbuki, qeyd edildiyi kimi, vergi orqanı bilirdi ki, vergi ödəyicisində satışın konkret qiymətlərini əks etdirən NKA çekləri mövcuddur. Belə olan halda, vergi orqanı iddiaçının vergiləri ödəməkdən gizləndiyini mübahisələndirən dəlillərinin hüquqi əsası ola bilməz. Cavabdeh vergi orqanı tərəfindən elektron vergi hesab fakturalar (elektron qaimə fakturalar) əsasında müəyyən edilmiş “orta satış qiyməti”nə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin göstəricilər aşağıda qeyd edilən səbəblərə görə vergilərin hesablanması üçün əsas ola bilməz. İş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən tərtib edilmiş “İdxal edilmiş mallar əsasında satış” başlıqlı cədvəldə qeyd edilənlərə əsasən cavabdeh vergi orqanı 6 çeşiddə quş əti (dəri, farş, toyuq qanadı, toyuq budu, toyuq filesi, toyuq əti) məhsullarının ayrıayrılıqda idxal üzrə ümumi çəkisini müəyyən etmiş, həmin çəkidən elektron vergi hesab faktura (elektron qaimə faktura) əsasında satılmış malların çəkisini çıxmış, yaranan fərqə həmin məhsulların bir vahidinin satış qiymətini tətbiq edərək, idxal edilmiş mallar üzrə cəmi satış məbləğini müəyyən etmişdir. Daha sonra isə həmin ümumi satış məbləğindən təqvim ilinin sonuna olan mal qalığının manatla dəyərini və elektron vergi hesab faktura (elektron qaimə faktura) əsasında satılmış malların dəyərini çıxaraq, vergidən yayındırılmış dövriyyəni hesablamışdır. Qeyd olunan cədvələ münasibətdə məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, cədvəlin 6-cı sətrində malların çeşidlər üzrə bir vahidinin satış qiyməti qeyd edilsə də, həmin satış qiymətinin necə hesablandığı müəyyən deyil. Belə ki, hər hansı çeşid üzrə elektron vergi hesab fakturalar üzrə ümumilikdə hansı həcmdə (çəkidə) və məbləğdə mal təqdim edildiyi, həmin göstəricilərə əsasən orta satış qiymətinin necə hesablandığı səyyar vergi yoxlaması aktında və ya vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi haqqında qərarda əsaslandırılmamış və məhkəməyə, eləcə də Məhkəmə Ekspertiza Mərkəzinə buna dair hər hansı sübut təqdim edilməmişdir. Bundan başqa, cədvəlin 8-ci sətrində 2017-2020-ci illərdə çeşidlər üzrə malların dövrün sonuna manatla qalıq dəyəri qeyd edilsə də, məhkəmə araşdırması zamanı həmin qalıqların necə hesablandığını müəyyən etmək mümkün olmadı. Belə ki, cədvəldə həmin qalıqların mənfəət vergisi bəyannamələrinə əsasən müəyyən edildiyi yazılsa da, bəyannamələrdə malların ayrı-ayrılıqda çeşidlər üzrə qalıqlarına dair hər hansı qeyd aşkar edilmədi və buna dair cavabdeh tərəfindən məhkəmə araşdırması zamanı hər hansı sübut təqdim edilmədi. Həmçinin, cədvəldə dəri və farşla bağlı elektron qaimə faktura və ya elektron vergi hesab faktura tərtib edilmədiyi göstərilsə də, həmin malların bir vahidinin qiymətinin necə hesablandığı əsaslandırılmamışdır. Halbuki, cavabdeh vergi orqanı səyyar vergi yoxlaması aktında və apellyasiya şikayətində malların bir vahid üzrə satış qiymətini elektron vergi hesab fakturalar (elektron qaimə fakturalar) əsasında hesabladığını qeyd edir. Eyni zamanda, idxal barədə məlumatlara əsasən toyuq əti çeşidlərinin özlərinin də müxtəlif adda fərqli növləri (məsələn, toyuq budunun “Qualiko”, “Ukranian Chicken”, “Sultanah”, “Asillah” nişanlı fərqli növləri) olduğu halda, cavabdeh vergi orqanı hər hansı fərqləndirmə aparmadan bir çeşid üçün vahid qiymət müəyyən etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, cavabdeh inzibati orqan səyyar vergi yoxlaması zamanı vergiləri “orta satış qiyməti” əsasında hesablasa da, məhkəmə araşdırması zamanı həmin göstəricilərin mötəbərliyi və düzgünlüyü öz təsdiqini tapmadı. İş materiallarından göründüyü kimi, yoxlama zamanı cavabdeh vergi orqanı ilk öncə müəyyən etdiyi “orta satış qiyməti” əsasında iddiaçının quş əti məhsulları üzrə ümumi satış dövriyyəsini müəyyən etmiş və daha sonra isə həmin dövriyyəni 18% dərəcə ilə ƏDV-yə cəlb edilən və ƏDV-dən azad olunan olmaqla 2 hissəyə ayırmışdır. Belə ki, elektron vergi hesab fakturalar əsasında 18% ƏDV tətbiq edilməklə həyata keçirilmiş satışları ƏDV-yə cəlb edilən dövriyyəyə, geri qalan hissəni (orta satış qiyməti tətbiq edilməklə müəyyən edilmiş satışı və elektron vergi hesab fakturalar üzrə ƏDV tətbiq edilmədən həyata keçirilmiş satışı) ƏDV-dən azad olunan dövriyyəyə aid etmişdir. Halbuki, iddiaçı istər elektron qaimə faktura, istərsə də NKA çekləri vasitəsilə eyni malları – toyuq məhsulları satmışdır. Daha sonra isə cavabdeh vergi orqanı müəyyən etdiyi ƏDV üzrə azad olunan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə müvafiq olaraq hesabat dövləri üzrə əvəzləşdirilməli ƏDV məbləğini hesablamışdır. Nəticədə, 18% dərəcə ilə ƏDV-yə cəlb edilən dövriyyədən hesablanan ƏDV məbləği ilə əvəzləşdirilməli ƏDV məbləğinin fərqi nəticəsində iddiaçıya 442,199.32 manat əlavə vergi məbləği hesablamışdır. Bununla bağlı məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, cavabdeh vergi orqanı iddiaçının ƏDV üzrə vergiyə cəlb edilən və ƏDV-dən azad olunan dövriyyəsinin bölgüsünü düzgün həyata keçirməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş NKA çeklərinə və ekspert rəyinə əsasən iddiaçı NKA vasitəsilə həyata keçirdiyi satışlara 18% dərəcə ilə ƏDV tətbiq (əlavə) etdiyi halda, cavabdeh vergi orqanı NKA üzrə satışları nəzərə almadığından, orta satış qiyməti əsasında hesabladığı dövriyyəni Vergi Məcəlləsinin 164.1.37-ci maddəsinə əsasən quş ətinin satışı ƏDV-dən azad olduğu üçün ƏDV-dən azad olunan satış kimi qiymətləndirmişdir. Halbuki, Vergi Məcəlləsinin 159.8-ci maddəsinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən şəxslərin ƏDV tətbiq etməklə aparılan əməliyyatları, habelə ƏDVdən azad edilən və ya sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb edilən, lakin ƏDV tətbiq etməklə aparılan əməliyyatları vergitutma obyektidir. Göründüyü kimi, quş ətinin satışı ƏDV-dən azad olunmasına baxmayaraq, iddiaçı NKA vasitəsilə həyata keçirdiyi pərakəndə satışlara 18% ƏDV tətbiq (əlavə) etdiyi üçün həmin əməliyyatlar ƏDV-nin məqsədləri üçün vergitutma obyekti (vergiyə cəlb edilən əməliyyat) hesab edilir. Buna baxmayaraq, cavabdeh vergi orqanı vergilərin hesablanması zamanı ƏDV-yə cəlb edilən əməliyyat qismində yalnız elektron vergi hesab faktura əsasında 18% ƏDV tətbiq edilməklə həyata keçirilmiş satış əməliyyatlarını nəzərə almış, geri qalan dövriyyəni hər hansı əsas olmadığı halda, ƏDV-dən azad olunan dövriyyəyə daxil etmişdir. Halbuki, vergi qanunvericiliyində ƏDV-dən azad edilən malların və ya xidmətlərin vergi ödəyicisi tərəfindən ƏDV tətbiq (əlavə) edilməklə təqdim edilməsinə hər hansı məhdudiyyət qoyulmamış, əksinə Vergi Məcəlləsinin 159.8-ci maddəsinə əsasən ƏDV-dən azad olunan mallara (xidmətlərə) ƏDV tətbiq edildiyi halda, həmin əməliyyat ƏDV-nin məqsədləri üçün vergiyə cəlb edilən əməliyyat olur. İşin hallarından və apellyasiya şikayətinin dəlillərindən də görünür ki, cavabdeh vergi orqanı özü belə quş ətinin satışı ƏDV-dən azad olunduğu halda, iddiaçının elektron vergi hesab faktura (elektron qaimə faktura) əsasında 18% ƏDV tətbiq etməklə həyata keçirdiyi satış əməliyyatlarını ƏDV-yə cəlb edilən əməliyyat kimi qiymətləndirmiş, həmin əməliyyatların ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq idxal zamanı ödənilmiş ƏDV məbləğlərini əvəzləşdirilməli ƏDV məbləğləri kimi nəzərə almış və bunu Vergi Məcəlləsinin 159.8-ci maddəsi ilə əsaslandırmışdır. Cavabdeh tərəfindən yoxlama zamanı hesablanmış əvəzləşdirilməli ƏDV məbləğinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh vergi orqanı iddiaçıya münasibətdə vergi qanunvericiliyinin normalarını düzgün tətbiq etməmişdir. Belə ki, cavabdeh vergi orqanı quş ətinin satışı ƏDV-dən azad olduğu üçün orta satış qiyməti əsasında müəyyən etdiyi ümumi satış dövriyyəsini ƏDV-dən azad olunan dövriyyə kimi qiymətləndirmiş, daha sonra isə həmin dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisini müəyyən edərək, idxal zamanı ödənilmiş ƏDV məbləğini həmin çəkiyə uyğun olaraq yenidən hesablamışdır. Orta satış qiyməti əsasında müəyyən edilmiş dövriyyənin ƏDV-dən azad olunan dövriyyəyə aid edilməsinin əsassızlığına məhkəmə tərəfindən artıq yuxarıda hüquqi qiymət verilmişdir. İddiaçı tərəfindən əvəzləşdirilmiş ƏDV məbləğinin cavabdeh tərəfindən etibarsız hesab edilməsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı NKA vasitəsilə bütün satışları və elektron vergi hesab faktura üzrə satışların bir qismini ƏDV tətbiq etməklə həyata keçirmişdir ki, bu da iddiaçıya idxal zamanı ödənilmiş ƏDV məbləğlərini buna müvafiq olaraq əvəzləşdirmək hüququ vermişdir. Belə ki, Vergi Məcəlləsinin 164.1.37-ci maddəsinin xx.xx.2020-ci ilədək qüvvədə olmuş redaksiyasına əsasən quş ətinin satışı – 2017-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilmişdir. Həmin Məcəllənin 159.8-ci maddəsinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən şəxslərin ƏDV tətbiq etməklə aparılan əməliyyatları, habelə ƏDV-dən azad edilən və ya sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb edilən, lakin ƏDV tətbiq etməklə aparılan əməliyyatları vergitutma obyektidir. Həmin Məcəllənin 175.4-cü maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur. Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir Həmin Məcəllənin 175.10-cu maddəsinə əsasən gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri ödənişin formasından asılı olmayaraq bu maddənin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas verir. Qeyd olunan normaların birgə təhlilindən aydın olduğu kimi, vergi ödəyicisi həm vergiyə cəlb edilən, həm də ƏDV-dən azad olunan əməliyyat aparırsa, bu halda malların idxalı və ya alışı zamanı ödənilmiş ƏDV məbləğləri ƏDV-yə cəlb edilən əməliyyatların ümumi dövriyyədəki xüsusi çəkisinə müvafiq olaraq əvəzləşdirilir. İndiki halda isə iddiaçı NKA vasitəsilə həyata keçirdiyi bütün satışları, elektron vergi hesab faktura üzrə satışların isə bir qismini ƏDV tətbiq etməklə həyata keçirdiyindən və həmin əməliyyatlar Vergi Məcəlləsinin 159.8-ci maddəsinə əsasən vergitutulan əməliyyat hesab edildiyindən, idxal zamanı ödədiyi ƏDV məbləğlərini həmin satış əməliyyatlarının ümumi dövriyyədəki xüsusi çəkisi həcmində əvəzləşdirmək hüququna malik olmuşdur. Lakin hazırki iş üzrə cavabdeh vergi orqanı ilk öncə iddiaçının ƏDV tətbiq edilməklə həyata keçirdiyi satışlarını sənədsiz satış kimi, orta satış qiyməti əsasında müəyyən etdiyi dövriyyəni isə ƏDV-dən azad olunan dövriyyə kimi qiymətləndirərək idxal zamanı ödənilmiş ƏDV məbləğlərini ƏDV-dən azad olunan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə müvafiq olaraq yenidən hesablamışdır ki, bu da iddiaçının ƏDV üzrə əvəzləşdirmələrinin etibarsız hesab edilməsi və nəticədə qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnmişdir. Halbuki, yuxarıda da qeyd etdiyimiz kimi, cavabdeh vergi orqanı Vergi Məcəlləsinin 159.8-ci maddəsini əsas götürərək, iddiaçının elektron vergi hesab faktura (elektron qaimə faktura) əsasında 18% ƏDV tətbiq etməklə həyata keçirdiyi satış əməliyyatlarını ƏDV-yə cəlb edilən əməliyyat kimi qiymətləndirmiş və həmin əməliyyatların ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq idxal zaman ödənilmiş ƏDV məbləğlərini əvəzləşdirilməli ƏDV məbləğləri kimi nəzərə almışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, vergi qanunvericiliyinin tələblərinə zidd olaraq cavabdeh vergi orqanı orta satış qiyməti əsasında müəyyən etdiyi dövriyyəni ƏDV-dən azad edilən dövriyyəyə aid etdiyindən və iddiaçının əvəzləşdirilmək hüququna malik olduğu ƏDV məbləğlərini etibarsız hesab etdiyindən, iddiaçıya yoxlama nəticəsində ƏDV üzrə hesablanmış əlavə vergi məbləği qanunsuz olmuşdur. İşdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin mübahisələndirilən qərarları ilə iddiaçıya hesablanmış əlavə vergilərin əsaslılığının müəyyən olunması üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və AR ƏN Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/3793 №li xx.xx.2021-ci il tarixli ekspert rəyi ilə səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində vergilər (ƏDV, mənfəət) üzrə yoxlama ilə aparılmış əlavə hesablamaların düzgünlüyü, həmçinin təqdim edilmiş iş materialları ilə vergi ödəyicisinin bəyannamə məlumatları (ƏDV, mənfəət) arasında fərq olmadığı üçün hazırki ekspertiza tədqiqatı zamanı yoxlamanın əhatə etdiyi dövrdə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə vergilərin az hesablanması müəyyən edilməmişdir (Ekspertiza ilə 670,60 manat məbləğində ödəmə mənbəyində tutulan verginin az hesablanması müəyyən edilmişdir). İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı ekspert qarşısında konkret suallar qoyulmasına baxmayaraq, ekspert tərəfindən həmin suallar dolğun cavablandırılmamış, yoxlama dövrünə aid ayrı-ayrı vergi növləri üzrə iddiaçının ödəməli olduğu vergi məbləğləri müəyyən olunmamışdır. Sonuncu apellyasiya baxışı zamanı kassasiya instansiya məhkəməsinin göstərişləri nəzərə alınmaqla mübahisənin ədalətli həlli baxımından işin xüsusatlarına düzgün qiymət verilməsi istiqamətində işin tam, hərtərəfli və obyektiv araşdırılması və yoxlama dövrünə aid ayrı-ayrı vergi növləri üzrə iddiaçının ödəməli olduğu vergi məbləğlərinin müəyyən edilməsi məqsədilə iş üzrə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 22 avqust 2024-cü il tarixli, 9/9801 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, təqdim edilmiş iş materiallarına əlavə edilmiş elektron qaimə-faktura və NKA çeklərinə əsasən cəmiyyətin 2017-ci il üzrə topdansatış fəaliyyətindən gəliri 321.562,10 manat (ƏDV-siz), pərakəndə satış fəaliyyətindən gəliri 8.817.392,54 manat (ƏDV-siz), 2018-ci il üzrə topdansatış fəaliyyətindən gəliri 2.159.359,95 manat (ƏDV-siz), pərakəndə satış fəaliyyətindən gəliri 21.093.150,76 manat (ƏDV-siz) və 2019-cu il üzrə topdansatış fəaliyyətindən gəliri 9.478.994.77 manat (ƏDV-siz), pərakəndə satış fəaliyyətindən gəliri 28.890.355,33 manat (ƏDV-siz) müəyyən edildi. Tədqiqat zamanı müəyyən edilmiş gəlirlərə dair təsdiqedici sənədlər elektron qaimə faktura və NKA çəklərindən, xərclərə dair təsdiqedici sənədlər isə idxala dair yük gömrük bəyannamə məlumatları və alışa dair elektron qaimə fakturalardan və vergi orqanının özünün də qəbul etdiyi bəyannamə göstəricilərində öz əksini tapmış əmək haqq, rabitə xidməti, icarə haqqı, sosial ödənişlər, bank xidməti üzrə xərclər və s. ibarət olması müəyyən edildi. Həmçinin qeyd edilir ki, müəssisə 2017-2019-cu illər üzrə gəlir və xərclərinin uçotunu hesablama metoduna uyğun olaraq həyata keçirmiş və bu səbəbdən də tədqiqat zamanı da vergilər iş materiallarına əlavə edilmiş ilkin sənədlərinə müvafiq olaraq hesablama metoduna uyğun olaraq hesablandı. Yekun olaraq xx.xx.2020-ci il tarixli, **********139943 nömrəli səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində İddiaçındə ƏDV və mənfəət vergiləri üzrə yoxlama ilə aparılmış əlavə hesablamaların düzgünlüyü müəyyən olunmur, eyni zamanda hazırkı tədqiqat nəticəsində İddiaçı tərəfindən yoxlamanın əhatə etdiyi dövr ərzində 2017-ci il üzrə 27.908,11 manat, 2018-ci il üzrə 57.644,59 manat, 2019-cu il üzrə 4.626,78 manat, ümumilikdə 90.179,48 manat mənfəət vergisinin az hesablanması, 2017-ci ilin iyul-dekabr ayları üzrə büdcəyə ödənilməli ƏDV məbləği 142.391,10 manat, 2018-ci il üzrə büdcədən qaytarılmalı ƏDV məbləği 354.849,99 manat, 2019-cu il üzrə büdcəyə ödənilməli ƏDV məbləği 250.297,89 manat, 2020-ci ilin yanvar-iyun ayları üzrə büdcədən qaytarılmalı ƏDV məbləği 131.338,26 manat, ümumilikdə isə iyul 2017-iyun 2020 hesabat dövrləri üzrə cəmiyyətə büdcədən qaytarılmalı ƏDV-nin məbləğinin 93.499,26 manat, iş materiallarında olan sənədlərə əsasən müəssisə tərəfindən 670,60 manat məbləğində ödəmə mənbəyində tutulan verginin az hesablanması müəyyən edilir. Hazırki iş üzrə əldə edilmiş 22 avqust 2024-cü il tarixli ekspert rəyinin sübuti əhəmiyyəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcburi olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununu qiymətləndirmək hüququnun olması kimi başa düşülür. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrıayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, sözügedən ekspert rəyinin mötəbərliyini şübhəyə alan məqamlar mövcud deyildir. Göründüyü kimi ekspert rəyində qeyd edilənlərə əsasən rəsmi satış sənədlərinə (elektron vergi hesab faktura və NKA çeklərinə) əsasən iddiaçının ƏDV-nin məqsədləri üçün ƏDV-yə cəlb edilən və ƏDV-dən azad dövriyyəsi, eləcə də ƏDV-yə cəlb edilən dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisi əsasında idxal üzrə əvəzləşdirilməli ƏDV məbləği hesablanmış, nəticədə 2017-ci ilin iyul-dekabr ayları üzrə büdcəyə ödənilməli ƏDV məbləği 142,391.10 manat, 2018-ci il üzrə büdcədən qaytarılmalı ƏDV məbləği 354,849.99 manat, 2019-cu il üzrə büdcəyə ödənilməli ƏDV məbləği 250,297.89 manat, 2020-ci ilin yanvar-iyun ayları üzrə büdcədən qaytarılmalı ƏDV məbləği 131,338.26 manat, yekunda ƏDV üzrə iddiaçıya büdcədən qaytarılmalı ƏDV məbləğinin 93,499.26 manat (142,391.10 – 354,949.99 + 250,297.89 – 131,338.26) olduğu müəyyən edilmişdir, bu da iddiaçı tərəfindən ƏDV üzrə hər hansı vergi məbləğinin büdcədən yayındırılmadığını təsdiq edir. Yoxlama nəticəsində hesablanmış mənfəət vergisinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh vergi orqanı aşağıda qeyd edilən səbəblərə görə iddiaçıya mənfəət vergisi hesablayarkən vergi qanunvericiliyinin tələblərini pozmuşdur. İş materiallarından göründüyü kimi, cavabdeh vergi orqanı səyyar vergi yoxlaması zamanı ilk öncə “orta satış qiyməti” əsasında iddiaçının təqvim illəri üzrə malların təqdim edilməsindən əldə edilən ümumi gəlirini, daha sonra vergi orqanının baza məlumatlarına əsasən gəlirdən çıxılan xərclərini müəyyən etmiş və nəticədə hər iki göstəricinin fərqi nəticəsində iddiaçıya 2017-ci ilə 932,403.56 manat, 2018-ci il üzrə 1,974,845.81 manat, 2019-cu il üzrə 172,799.51 manat, ümumilikdə isə 3,080,048.88 manat mənfəət vergisi hesablamışdır. Bundan başqa, cavabdeh vergi orqanı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 9 iyun 2020-ci il tarixli, **********211000 nömrəli qərara əsasən kameral qaydada 2019-cu ilə mənfəət vergisi üzrə 1,147,179.59 manat əlavə vergi məbləği hesablamışdır. Hesablama ilə bağlı məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, cavabdeh vergi orqanı iddiaçının təqvim illəri üzrə malların təqdim edilməsindən ümumi gəlirini “orta satış qiyməti” əsasında hesablamışdır ki, məhkəmə bunun əsassızlığına dair dəlillərini yuxarıda artıq qeyd etdiyindən təkrarlamağa zərurət yoxdur. Qeyd etmək lazımdır ki, cavabdeh vergi orqanı səyyar vergi yoxlaması zamanı iddiaçının mənfəət vergisi məqsədləri üçün malların təqdim edilməsindən ümumi gəlirini 2017-ci il üzrə 14,124,756.19 manat, 2018-ci il üzrə 33,829,077.14 manat, 2019-cu il üzrə 45,318,817.23 manat, ümumilikdə 93,272,650.56 manat müəyyən etsə də, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən həyata keçirilmiş ekspertiza tədqiqatı nəticəsində verilmiş xx.xx.2024-cü il tarixli 9/9801 nömrəli ekspert rəyə əsasən mötəbərliyini təkzib edəcək hər hansı sübut olmayan rəsmi satış sənədləri - NKA çekləri və elektron vergi hesab fakturalara əsasında iddiaçının həmin illər üzrə ümumi gəlirinin 2017-ci il üzrə 9,138,954.64 manat (pərakəndə satış üzrə 8,817,392.54 manat, topdansatış üzrə 321,562.10 manat), 2018-ci il üzrə 23,252,510.71 manat (pərakəndə satış üzrə 21,093,150.76 manat, topdansatış üzrə 2,159,359.95 manat), 2019-cu il üzrə 38,369,350.10 manat (pərakəndə satış üzrə 28,890,355.33 manat, topdansatış üzrə 9,478,994.77 manat), ümumilikdə isə 70,760,815.46 manat olduğu müəyyən edilmişdir. Göründüyü kimi, rəsmi satış sənədləri - NKA çeklərinə və elektron vergi hesab fakturalara əsasən iddiaçının mənfəət vergisi məqsədləri üçün ümumi gəliri 2017-2019-cü illər üzrə ümumilikdə 70,760,815.46 manat olduğu halda, cavabdeh vergi orqanı “orta satış qiyməti” əsasında iddiaçının gəlirini qanunsuz olaraq 22,511,835.1 manat artıraraq, ümumilikdə 93,272,650.56 manat müəyyən etmişdir. Bundan başqa, iş materiallarına əsasən səyyar vergi yoxlaması nəticəsində iddiaçının gəlirdən çıxılmasına yol verilən xərcləri 2017-ci il üzrə 9,440,298.14 manat, 2018-ci il üzrə 23,587,980.18 manat, 2019-cu il üzrə 38,008,937.04 manat müəyyən edilsə də, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən həyata keçirilmiş ekspertiza tədqiqatı nəticəsində verilmiş xx.xx.2024-cü il tarixli 9/9801 nömrəli ekspert rəyə əsasən ekspertizaya təqdim edilmiş ilkin uçot sənədlərinə əsasən iddiaçının gəlirdən çıxılmasına yol verilən xərcləri 2017-ci il üzrə 8,976,973.82 manat, 2018-ci il üzrə 22,597,419.82 manat, 2019-cu il üzrə 37,636,231.50 manat müəyyən edilmişdir. Həmçinin, xx.xx.2024-cü il tarixli 9/9801 nömrəli ekspert rəyində gəlinən nəticəyə əsasən iddiaçı büdcəyə ödənilməli mənfəət vergisini 2017-ci il üzrə 27,908.11 manat, 2018-ci il üzrə 57,644.59 manat, 2019-cu il üzrə 4,626.78 manat, ümumilikdə isə 90,179.48 manat az hesablamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırması və xx.xx.2024-cü il tarixli 9/9801 nömrəli ekspert rəyinə əsasən cavabdeh vergi orqanının mənfəət vergisi üzrə həyata keçirdiyi hesablamaların düzgünlüyü öz təsdiqini tapmasa da, iş materiallarının və ekspertiza rəyinin qarşılıqlı tədqiqi nəticəsində iddiaçının mənfəət vergisini 2017-ci il üzrə 27,908.11 manat, 2018-ci il üzrə 57,644.59 manat, 2019-cu il üzrə 4,626.78 manat, ümumilikdə isə 90,179.48 manat az hesabladığı müəyyən edildi. Mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 9 iyun 2020-ci il tarixli, **********211000 nömrəli qərara əsasən kameral qaydada 2019-cu il üzrə hesablanmış 1,147,179.59 manat əlavə vergi məbləğinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh vergi orqanı kameral vergi yoxlaması nəticəsində iddiaçının 2019-cu il üzrə ümumi gəlirini 39,032,390.93 manat, gəlirdən çıxılan xərclərini 32,586,508.27 manat, vergiyə cəlb edilən mənfəəti 6,445,882.66 manat, ödənilməli mənfəət vergisini 1,289,176.53 manat müəyyən etsə də, həmin dövrü səyyar vergi yoxlaması ilə yenidən yoxlamış və yoxlama nəticəsində iddiaçının ümumi gəlirini 45,318,817.23 manat, gəlirdən çıxılan xərclərini 38,008,937.04 manat, vergiyə cəlb edilən mənfəətini 7,309,880.19 manat, ödənilməli mənfəət vergisini isə 1,461,976.04 manat müəyyən etmişdir. Göründüyü kimi, cavabdeh vergi orqanı 2019-cu il üzrə yekun hesablamanı səyyar vergi yoxlaması ilə fərqli əsaslarla həyata keçirsə və kameral vergi yoxlaması ilə həyata keçirilmiş hesablama faktiki olaraq öz qüvvəsini itirsə də, cavabdeh vergi orqanı kameral vergi yoxlamasının nəticəsinə dair 9 iyun 2020-ci il tarixli qərarı ləğv etməmişdir. Bu səbəbdən də iddiaçı 9 iyun 2020-ci il tarixli qərarı da mübahisələndirməyi məcbur olmuşdur. Həmin qərara münasibətdə qeyd etmək lazımdır ki, 2019-cu il üzrə kameral vergi yoxlaması nəticəsində mənfəət vergisi üzrə əlavə vergi məbləği vergi bəyannaməsində xərclərin 5,735,897.94 manat şişirdilməsi (xərclərin statistik dəyər əsasında bəyan edilməsi) əsası ilə hesablanmışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən həyata keçirilmiş ekspertiza tədqiqatı nəticəsində verilmiş xx.xx.2024-cü il tarixli 9/9801 nömrəli ekspert rəyində 2019-cu il üzrə iddiaçının mənfəət vergisi məqsədləri üçün ümumi gəliri 38,369,350.10 manat, gəlirdən çıxılan xərcləri 37,636,231.50 manat, vergiyə cəlb edilən mənfəəti 733,118.60 manat, ödəməli olduğu mənfəət vergisi isə 146,623.72 manat müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının gəlirdən çıxılan xəcləri kameral vergi yoxlaması zamanı 32,586,508.27 manat, səyyar vergi yoxlaması zamanı 38,008,937.04 manat, ekspertiza tədqiqatı zamanı isə 37,636,231.50 manat müəyyən edilmişdir. Başqa sözlə desək, cavabdeh vergi orqanı səyyar vergi yoxlaması nəticəsində kameral vergi yoxlaması zamanı özünün müəyyən etdiyi xərclərə dair göstərici ilə razılaşmamış və 5,422,428.80 manat artıraraq 38,008,937.04 manat müəyyən etmişdir. Nəzərə alsaq ki, iddiaçı özü təqdim etdiyi mənfəət vergi bəyannaməsində xərclərini 38,322,406.21 manat bəyan etmişdir, bu halda kameral vergi yoxlaması zamanı xərclər üzrə müəyyən edilmiş 5,735,897.94 manat kənarlaşmanın düzgünlüyü heç cavabdehin özü tərəfindən də təsdiq edilməmişdir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyində isə ilkin uçot sənədlərinə əsasən iddiaçının xərclərinin səyyar vergi yoxlaması zamanı müəyyən edilmiş xərclərin məbləğindən 372,705.50 manat az olması aşkar edilmişdir. Göründüyü kimi, kameral vergi yoxlaması nəticəsində xərclər üzrə müəyyən edilmiş göstəricinin düzgünlüyü nə səyyar vergi yoxlaması, nə ekspertiza tədqiqatı zamanı öz təsdiqini tapmamışdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin xx.xx.2021-ci il tarixli **********143580 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı 90,179.48 manat mənfəət vergisinin hesablanması və ona müvafiq maliyyə sanksiyasının tətbiq edilməsi hissəsi istisna olmaqla, qalan hissədə ləğv edilməlidir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı iştirakçısının tələbinin qismən təmin edildiyi hallarda prosessual xərclər üzrə qarşılıqlı hesablaşma aparılır və ya xərclər inzibati məhkəmə icraatının iştirakçıları arasında müvafiq nisbətdə bölüşdürülür. Xərclər üzrə qarşılıqlı hesablaşmanın aparıldığı hallarda, hər tərəf məhkəmə xərclərinin yarısını ödəyir, zəruri xərclər isə tərəflərin öz hesabına ödənilir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri 345 manat (145+200) təşkil etmişdir. İddia tələbi qismən təmin edildiyindən məhkəmə kollegiyası hesab edir ki, ekspertiza xərcinin 145 manatı iddiaçının üzərinə, 200 manatı isə cavabdeh orqanın üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan, şikayət qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-594/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı qismən- “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyətə cəlb edilməsi barədə” xx.xx.2021-ci il tarixli **********143580 №li Qərarı-2017-2019-cu illər üzrə büdcəyə əlavə olaraq 90,179.48 manat mənfəət vergisinin hesablanması və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi həcmində maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv olunsun” hissəsində ləğv olunmalı, iddia həmin hissədə rədd edilməli, qalan hissədə qərar dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-594/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı qismən- “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyətə cəlb edilməsi barədə” xx.xx.2021-ci il tarixli **********143580 №li Qərarı-2017-2019-cu illər üzrə büdcəyə əlavə olaraq 90,179.48 manat mənfəət vergisinin hesablanması və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi həcmində maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv olunsun” hissəsində ləğv olunsun, iddia həmin hissədə rədd edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 345 manatın 145 (bir yüz qırx beş) manatı İddiaçındən, 200 (iki yüz) manatı isə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Mirzə Tağızadə Günel Abbasova
Məhkəmə qərarları › İş №2-1(103)-242/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-242/2024
31.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver