Məhkəmə qərarları › İş №2-1(103)-2420/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2420/2024

25.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2420/2024 25.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Sosial Xidmətlər Agentliyinə qarşı (Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi üçüncü şəxs) “mənzillə təmin olunma” tələbinə dair iş üzrə QƏRARDADİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Sosial Xidmətlər Agentliyinə qarşı (Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi üçüncü şəxs) “mənzillə təmin olunma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2-1(112)-7128/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda inşa edilmiş çoxmənzilli yaşayış binasından güzəştli şərtlərlə növbəlilik əsasında 1-ci qrup gözdən əlil kimi ailə tərkibi nəzərə alınmaqla mənzillə təmin olunma öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2-1(112)-7128/2024 nömrəli qərardadı ilə (hakim B.Cəlalov) iddia mümkün sayılmamışdır.

3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(103)-2686/2023 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-7128/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 215/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2686/2023 nömrəli, xx.xx.2023-cü il qərarı ləğv edilmiş, şikayət qismən təmin edilmiş və iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

5. İddiaçı məhkəməyə ərizə verərək apellyasiya şikayətini geri götürdüyünü bildirmiş və apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İŞTİRAKİ:

6. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini geri götürdüyünü bildirdi və apellyasiya icraatına xitam verilməsini xahiş etdi.

7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi ərizənin icraata qəbul edilməsinə və apellyasiya icraatına xitam verilməsinə etiraz etmədiyini bildirdi.

MƏHKƏMƏNİN MÖVQEYİ

8. Məhkəmə kollegiyası iddiaçının, onun vəkilinin və cavabdehin nümayəndəsinin izahatını dinləyib və iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayətinin geri götürülməsi barədə ərizə təmin edilməli və apellyasiya icraatına xitam verilməlidir.

9. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 88.1-ci maddəsinə əsasən şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər.

10. Həmin Məcəllənin 88.2-ci maddəsinə əsasən şifahi məhkəmə baxışı başa çatdıqdan sonra şikayətin geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir.

11. Həmin Məcəllənin 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir.

12. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

13. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.

14. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətini geri götürmək iddiaçının hüququ olduğundan və hazırki iş üzrə onun bu hüququndan istifadə etməsi başqa şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına toxunmadığından onun bu barədə ərizəsi təmin edilməlidir. Ona görə də, şikayətdən imtina barədə ərizə qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir.

15. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 88, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı cavabdeh Sosial Xidmətlər Agentliyinə qarşı (Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi üçüncü şəxs) “mənzillə təmin olunma” tələbinə dair iddiası üzrə iddiaçının apellyasiyasından imtinası qəbul edilsin və apellyasiya icraatına xitam verilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Mehriban Qarayeva Hakimlər: Şərafət Məmmədova Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar