Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2424/2023 12.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Aytən Nadir qızı Kərimovanın katibliyi, İddiaçı Şixrəhim oğlunun iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1494/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı RİH başçısının 22 sentyabr 1993-cü il tarixli 2321 saylı sərəncamı ilə vətəndaş İddiaçı Şixrəhim oğluna fərdi yaşayış evinin tikintisi üçün Əmircan qəsəbəsi, 2-ci Mədən döngə küçəsi, “Suraxanıneft” NQÇİ-nin elektrik sexinin yanında 600 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı RİH-in İddiaçı Şixrəhim oğluna ünvanlanmış 09 iyun 2022-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - Əmircan qəsəbəsində yerləşən torpaq sahəsinə dair cizginin verilməsinə köməklik göstərilməsi haqqında ərizəyə Suraxanı RİH tərəfindən baxılmışdır. RİH-in sənədləri 2016cı il daxil olmaqla Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verildiyini və bu barədə Suraxanı RİH-də heç bir məlumat olmadığını nəzərə alaraq, müraciətinin müsbət həlli inzibati orqanın səlahiyyətləri xaricindədir. İİ. Tərəflərin əsaslandırması
1. İddiaçının əsaslandırması:
İddiaçı Şixrəhim oğlu cavabdeh Bakı şəhəri Suraxanı RİH-ə qarşı «torpaq sahəsinə dair cizginin verilməsi» tələbini irəli srərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı (X2) 1957-ci ildə Bakı şəhərində doğulmuşdur. O, 1993-cü ildə Bakı şəhəri Suraxanı RİH-ə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılması ilə bağlı müraciət etmişdir. Suraxanı RİH başçısının 22 sentyabr 1993-cü il tarixli 2321 saylı sərəncamı ilə ona Əmircan qəsəbəsi, 2-ci Mədən küçəsi, “Suraxanıneft” NQÇİnin elektrik sexinin yanında 600 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı hazırda torpaq sahəsinə yerləşmə cizgisi əldə etmək istəyir. Göstərilənlərə əsaslanaraq, iddiaçıya Bakı şəhəri Suraxanı RİH-in 22 sentyabr 1993-cü il tarixli 2321 saylı sərəncamı ilə Əmircan qəsəbəsi, 2-ci Mədən döngə küçəsi, “Suraxanıneft” NQÇİ-nin elektrik sexinin yaxınlığında olan sahədə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,06 ha torpaq sahəsinə dair cizginin (plan-sxemin) verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı RİH-in üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur.
2. Cavabdehin etirazı:
Cavabdeh Bakı şəhəri Suraxanı RİH iddia ilə bağlı məhkəməyə ünvanlanmış 30 avqust 2022-ci il tarixli məktubunda bildirir ki, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 2-ci Mədən küçəsində 600 kv.m torpaq sahəsinə dair (cizgi plan-sxem) 1993-cü ildə Suraxanı RİH başçısının 2321 saylı sərəncamı ilə birlikdə vətəndaşa təqdim edilmişdir. Qanunvericiliyə uyğun olaraq, son beş ilə dair sənədlər RİH-də saxlanılmaqla ötən illəri əhatə edən sənədlər Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verilmişdir.
3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1494/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin olunmuşdur.
4. Cavabdeh Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1494/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
5. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın məzmunu ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsində inzibati işə baxılarkən Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarxli, 2321 nömrəli sərəncamı ilə sözügedən ərazinin uyğun gəlib-gəlməməsi, yəni sözügedən sahəyə aid olması araşdırılmamış və zərurət yarandığı halda yerində baxış keçirilməmişdir.
6. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.Verilən suallara cavab olaraq bildirmişdir ki, sərəncamına əsasən iddiaçının iddia etdiyi torpaq sahəsi həmin mülkiyyətində olan torpaq sahəsi ilə bir hasar daxilindədir və istifadəsindədir, həmçinin torpaq sahəsi üzərində tikililər var.
7. Məhkəmə Kollegiyasının iclasınını vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
İİİ. Məhkəmənin mövqeyi
8. Məhkəmə kolegiyası iş üzrə materialları, cavabdehin apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1494/2023 saylı, xx.xx.2023-cü tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır.
9. Apellyasiya baxışının hədləri ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
10. İnzibati Prosessual qanunvericiliyin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
11. Məhkəmə Kollegiyası iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
12. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
13. İddia tələbinin mahiyyəti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir:
14. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir.
15. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir.
16. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz.
17. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
18. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı RİH başçısının 22 sentyabr 1993cü il tarixli 2321 saylı sərəncamı ilə vətəndaş İddiaçı Şixrəhim oğluna fərdi yaşayış evinin tikintisi üçün Əmircan qəsəbəsi, 2-ci Mədən döngə küçəsi, “Suraxanıneft” NQÇİ-nin elektrik sexinin yanında 600 kv.m torpaq sahəsi ayrılmışdır.
19. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı RİH-in İddiaçı Şixrəhim oğluna ünvanlanmış 09 iyun 2022-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - Əmircan qəsəbəsində yerləşən torpaq sahəsinə dair cizginin verilməsinə köməklik göstərilməsi haqqında ərizəyə Suraxanı RİH tərəfindən baxılmışdır. RİH-in sənədləri 2016- cı il daxil olmaqla Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verildiyini və bu barədə Suraxanı RİH-də heç bir məlumat olmadığını nəzərə alaraq, müraciətinin müsbət həlli inzibati orqanın səlahiyyətləri xaricindədir.
20. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinin: - 1-ci bəndinə görə yerquruluşu – torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir; - 3-cü bəndinə görə yerquruluşu, ərazilərin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin artırılması, onların mühafizəsi üzrə respublika və regional proqramlarının və proqnozlarının, habelə yerquruluşu sxemlərinin hazırlanması, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar layihələrin və digər yerquruluşu sənədlərinin hazırlanması işlərini də nəzərdə tutur; - 4-cü bəndinə əsasən yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının (yerli icra hakimiyyəti orqanları) qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır. Sözügedən Məcəllənin 65-ci maddəsinin: - 1-ci bəndinə görə torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir; - 2-ci bəndinə görə torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir; - 3-cü bəndinə görə torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır; - 6-cı bəndinə görə torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir; - 7-ci bəndinə görə torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır; - 8-ci bəndinə görə torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir.
21. Azərbaycam Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanunvericilik torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir.
22. Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il tarixli 372 nömrəli Fərmanı ilə təsdiq edilmiş (16 iyun 1999-cu il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə»nin 13-cü bəndinin “q” yarımbəndinə görə torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək icra hakimiyyəti başçısının əsas səlahiyyətləri sırasına daxildir.
23. Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş (06 iyun 2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 28-ci bəndinə görə müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir.
24. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.16.6-cı bəndinə görə torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir.
25. Nəzərə alınmalıdır ki, iş materiallarında olan aktın surətindən görünür ki, torpaq sahəsinin ölçülərinin naturada ifadəsi ilə pay bölgüsü aparılmış, bununla bağlı akt tərtib edilmişdir. Cavabdeh inzibati orqan yerləşmə cizgisinin verildiyini qəbul edir. Lakin, sənədlərin Dövlət Arxivinə verilməsi əsası ilə yerləşmə cizgisinin yenidən iddiaçıya təqdim olunmasını onun səlahiyyətləri xaricində olduğunu bildirir. Halbuki, yerləşmə cizgisinin verilməsi məhz cavabdeh inzibati orqanın səlahiyyət sferasına aiddir ki, yerləşmə cizgisinin təkrar verilməsidə cavabdeh tərəfindən təmin olunmalıdır.
26. Sadalanan qanunvericilik aktlarına əsasən hazırkı iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılan vaxtda (1993-cü ildə) və ondan sonrakı dövrlərdə torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək, torpaq istifadəçilərinin müraciəti əsasında yerquruluşu sxemlərinin hazırlanması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxildir.
27. Məhkəmənin mövqeyinə görə nə qədər ki, iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılması barədə Bakı şəhəri Suraxanı RİH-in 22 sentyabr 1993-cü il tarixli sərəncamı mübahisələndirilməmişdir və qüvvədədir, həmin qurum torpaq ayrılan həmin qərarda nəzərdə tutulmuş torpaq sahəsinin cizgisinin verilməsindən imtina etməkdə haqlı olmamışdır və bu imtina qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olan haldır. Torpaq sahəsinin cizgisi sərəncam qəbul olunan zaman onun ayrılmaz hissəsi kimi təqdim olunmalı idi. Hətta həmin vaxt sözügedən cizgi təqdim olunsa belə, onu təkrarən tələb etməklə iddiaçı haqlıdır. Odur ki, iddiaçının tələbi əsaslıdır.
28. Eyni zamanda məhkəmə diqqətə çatıdır ki, hazırki iş üzrə məhkəmənin mövqeyi kassasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-2246/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarda nümayiş etdirilmişdir.
29. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, iddia təmin edilərək, İddiaçı Şixrəhim oğluna Bakı şəhəri Suraxanı RİH-in 22 sentyabr 1993-cü il 2321 saylı sərəncamı ilə Əmircan qəsəbəsi, 2-ci Mədən döngə küçəsi, “Suraxanıneft” NQÇİ-nin elektrik sexinin yaxınlığında olan sahədə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,06 ha torpaq sahəsinə dair cizginin (plansxemin) verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı RİH-in üzərinə qoyulmalıdır.
30. Həmçinin, məhkəmə Kollegiyası cavabdehin iddia tələbinə etirazının dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olduğunu, həmin dəlillərə isə yuxarıda hüquqi qiymət verildiyini qeyd etməklə yanaşı cavabdehin apellyasiya şikayətinə münasibətdə əlavə olaraq qeyd edir ki, şikayətdə göstərilmişdir ki, birinci instansiya məhkəməsində inzibati işə baxılarkən Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarxli, 2321 nömrəli sərəncamı ilə sözügedən ərazinin uyğun gəlib-gəlməməsi, yəni sözügedən sahəyə aid olması araşdırılmamış və zərurət yarandığı halda yerində baxış keçirilməmişdir.
31. Şikayətin bu dəlilinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, şikayətin dəlilləri baxımından apellyasiya məhkəməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarxli, 2321 nömrəli sərəncamına əsasən iddiaçının iddia etdiyi torpaq sahəsi ilə onun faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarının Elektron-baza məlumatlarına əsasən uyğun olub-olmaması barədə məlumatların təqdim edilməsinə dair sorğu göndərmişdir.
32. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, elektron kadastr məlumatlarina əsasan ləğv edilmiş DTXK tərəfindən verilmiş "Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair" JN 24517D saylı şəhadətnamədə qeyd olunan torpaq sahəsi ilə faktiki torpaq sahəsinin yerləşməsi arasında uyğunsuzluq mövcuddur. Bele ki, şəhadətnamənin yerləşməsinə dair ilkin cizgidə göstərilmiş istinad məlumatına nəzərən sənəd üzrə sahə tamamilə başqa ərazidədir.Həmçinin, torpaq sahəsinin sənəd üzrə ölçüləri ilə faktiki ölçüləri arasında konfiqurasiya uyğunsuzluğu mövcuddur.Bundan başqa, faktiki torpaq sahasi 1730 kv.m təşkil edir və torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir.
33. Apellyasiya baxışı zamanı iddiaçının təqdim etdiyi ləğv edilmiş DTXK tərəfindən verilmiş "Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair" JN 24517D saylı şəhadətnamədən və iddiaçının izahatından müəyyən olunmuşdur ki, iddiaçının istifadəsində olan torpaq sahəsinin 0,04 ha hissəsi xx.xx.2005-ci il tarixli, 4Ə/2-256 saylı notarial alqı-satqı müqaviləsi əsasında və JN 24517D saylı şəhadətnamə ilə rəsmiləşdirilməklə mülkiyyətindədir.
34. Məhkəmə araşdırması zamanı o da müəyyən olunmuşdur ki, Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarxli, 2321 nömrəli sərəncamına əsasən iddiaçının iddia etdiyi torpaq sahəsi həmin JN 24517D saylı şəhadətnaməyə əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə bir hasar daxilindədir və istifadəsindədir.
35. Beləliklə, Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarxli, 2321 nömrəli sərəncamına əsasən iddiaçının iddia etdiyi torpaq sahəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə bir hasar daxilindədir və istifadəsində olması müəyyən edilmişdir.
36. İddiaçı məhkəmənin suallarına cavabında bildirmişdir ki, həmçinin torpaq sahəsi üzərində tikililər var və həqiqətən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir, lakin bu faktiki istifadəsində olan sahəyə aiddir. (Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, faktiki torpaq sahasi 1730 kv.m təşkil edir və torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir.)
37. Məhkəmə Kollegiyası yuxarıda qeyd edilən işin hallarından çıxış edərək onu da nəzərə alır ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarxli, 2321 nömrəli sərəncamına əsasən iddiaçının iddia etdiyi torpaq sahəsinə plan-cizginin verilməsindən imtina üçün əsaslar kimi hər hansı normativhüquqi aktda nəzərdə tutulmamışdır.Bu fakt torpaq sahəsinin mülkiyyət hüququnun tanınması ilə bağlı mübahisə zamanı nəzərə alına bilər.
38. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
39. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, ədalətli və işin faktiki halları baxımdan əsaslıdır.
40. Göstərilənlərə əsasən, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır, odur ki, təmin edilməməlidir və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1494/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin tələblərinə əsasən: Maddə 58.7. sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1494/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.