Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2424/2024 03.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçının cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı (X22, X23, X2, X17, X3, X18, X11, X28, X19, X12, X13, X27, X6 və X20 üçüncü şəxs) iş üzrə QƏRARİ (Açar sözlər: « qeydiyyatdan çıxarma öhdəliyinin inzibati orqanın üzərinə qoyulması») Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X15 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Üçüncü şəxs X4 və onun vəkili X21 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4005/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından üçüncü şəxs X11 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventerlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən 6 nömrəli ev xx.xx.2004-cü il tarixindən iddiaçının mülkiyyətindədir.
2. Apellyasiya baxışı zamanı məhkəmənin sorğusuna cavab olaraq Binəqədi rayon İcra Hakimiyyəti başçısının Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, ünvan 2 ünvanda ayrı-ayrılıqda 6 fərdi yaşayış evi vardır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək X22, X23, X2, X17, X3, X18, X11, X28, X19, X12, X13, X27, X6 və X14 iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 6 nömrəli evdən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iş üzrə X22, X23, X2, X17, X3, X18, X11, X28,və X19, X12, X13, X27, X6 və X20 məhkəmə icraatına zəruri olaraq 3-cü şəxs qismində cəlb edilmişlər.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4005/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin olunmuşdur.
6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventerlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən 6 nömrəli ev xx.xx.2004-cü il tarixindən iddiaçının mülkiyyətindədir. Üçüncü şəxslərin iddiaçıya məxsus mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalması sonuncuya həmin mənzildən maneəsiz istifadə etməyə imkan vermir, ona görə də iddiaçının məqsədi üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. Başqa sözlə, məhkəmə belə nəticəyə gəlir ki, üçüncü şəxslərin faktiki olaraq yaşamadığı və istifadə hüququnun mövcud olmadığı mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması formal xarakter daşıyır.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4005/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından üçüncü şəxs X11 apellyasiya şikayəti verərək qərarın ləğv edilib, iddianın təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
c) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsində inzibati işin olduğundan, həmin inzibati işə üçüncü şəxs kimi cəlb olunmağından və onun öz mülkiyyətindən qeydiyyatdan çıxarılması barədə məlumatı olmamışdır. Məhkəmə qərarının mövcudluğundan qərar ona poçt tərəfindən ünvanına gəldikdə məlumatı olmuşdur. Bundan əlavə qeyd edir ki, o, digər ailə üzvləri ilə birlikdə daim öz evində yaşamışdır. Ümumiyyətlə iddiaçı X9, hansı səbəblə onu öz evindən qeydiyyatdan çıxarmaq istəyir aydın deyildir.Belə ki, o, iddiaçını tanımır.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Proses iştirakçılarının izahatları
10. Məhkəmə Kollegiyasının iclasında 3-cü şəxs və onun vəkili apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər.
11. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasında iştirak etməmişlər.Məhkəmə Kollegiyası İPMin 62.3-cü maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
13. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır.
14. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi, 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə – yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən başqa ölkədə yaşayış yeri seçdikdə – müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, ömürlük azadlıqdan məhrum edildikdə –məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə – ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında, qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
15. Azərbaycan Respublikası Prezidentinin 518 nömrəli 30 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi haqqında Əsasnamə»nin 3.1.10-cu bəndinə əsasən Daxili İşlər Nazirliyi daxili işlər orqanlarının səlahiyyətinə aid olan işlərin – Azərbaycan Respublikası vətəndaşlığına qəbul, vətəndaşlığa bərpa və vətəndaşlığa xitam verilməsi məsələlərinin həllində iştirak edir, vətəndaşlara pasportların və şəxsiyyət vəsiqələrinin verilməsini, yaşayış və olduğu yer üzrə qeydiyyat işini və bu məsələlərə dair mərkəzləşdirilmiş uçot sistemini təşkil edir.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
18. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4005/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından yalnız üçüncü şəxs X11 apellyasiya şikayəti verdiyindən birinci instansiya məhkəməsinin qərarı ona münasibətdə yoxlanılır.
19. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)
21. Həmçinin, iddia mümkünlük şərtlərinə cavab verir.
22. Məhkəmə kollegiyası işin faktiki hallarına tətbiq edilən hüquq normalarından (Bu qərarın 14-16-cı bəndləri) çıxış edərək daha sonra qeyd edir ki, aşağıdakı səbəblərə əsasən apellyasiya şikayəti əsaslıdır, odur ki, təmin edilməlidir.
23. Belə ki, mübahisələndirilən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4005/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin olunmuşdur və məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventerlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən 6 nömrəli ev xx.xx.2004-cü il tarixindən iddiaçının mülkiyyətindədir. Üçüncü şəxslərin iddiaçıya məxsus mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalması sonuncuya həmin mənzildən maneəsiz istifadə etməyə imkan vermir, ona görə də iddiaçının məqsədi üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. Başqa sözlə, məhkəmə belə nəticəyə gəlir ki, üçüncü şəxslərin faktiki olaraq yaşamadığı və istifadə hüququnun mövcud olmadığı mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması formal xarakter daşıyır.
24. Apellyasiya baxışı zamanı apellyasiya şikayətinə əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, üçüncü şəxs X11 digər ailə üzvləri ilə birlikdə daim özünə məxsus evdə yaşamışdır və yaşayır.Həmin ev onun atası Malik Sultanova 1961-ci ildə verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport” və Kirov rayon XDS-nin xx.xx.1953-cü il tarixli müqaviləsi əsasında məxsus olmuşdur. Üçüncü şəxs X1 evi iddiaçının evindən aralıda yerləşir və həmin evin yerləşdiyi küçə əvvəllər Montin küçəsi olub. Üçüncü şəxs X11 ümumiyyətlə iddiaçını tanımır.
25. Apellyasiya baxışı zamanı məhkəmənin xx.xx.2024-cü il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin cavab məktubunda da Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Hacıbababəyov küçəsinin əvvəli adı Montin küçəsi olduğu bildirilmişdir.
26. Apellyasiya baxışı zamanı məhkəmənin sorğusuna cavab olaraq Binəqədi rayon İcra Hakimiyyəti başçısının Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, ünvan 2 ünvanda ayrı-ayrılıqda 6 fərdi yaşayış evi vardır.
27. Beləliklə, müəyyən olunur ki, iddiaçı onun mülkiyyətində olan M.Ə.Rəsulzadə qəsəbəsi, Hacıbababəyov küçəsi 6 saylı fərdi yaşayış evindən 3-cü şəxsin pasport qeydiyyatından çıxarılmasını tələb etsə də, birinci instansiya məhkəməsi iddianı təmin edərək əslində iddiaçının evindən aralıda yerləşən, üçüncü şəxs X7 ailə üzvləri ilə birlikdə yaşadığı və atası Malik Sultanova 1961-ci ildə verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport” və Kirov rayon XDS-nin xx.xx.1953-cü il tarixli müqaviləsi əsasında məxsus olmuş eyni ünvana malik fərdi yaşayış evindən (hazırda M.Ə.Rəsulzadə qəsəbəsi, Hacıbababəyov küçəsi 6 saylı fərdi yaşayış evi) pasport qeydiyyatından çıxarılması barədə cavabdehin üzərinə öhdəlik qoymuşdur.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “....yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir.Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur”.
29. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
30. Beləliklə, məhkəmə Kollegiyası tətbiq edilmiş hüquq normalarına və işin yuxarıda sadalanan faktiki hallarına istinad edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli (Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının tam ləğv olunması tələb olunsa da, qərardan yalnız üçüncü şəxs X11 apellyasiya şikayəti verdiyindən birinci instansiya məhkəməsinin qərarı ona münasibətdə yoxlanılır.) Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4005/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı qismən- 3-cü şəxs X5 iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 6 nömrəli ev ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulması hissəsində ləğv edilməli və həmin hissədə iddia rədd olunmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4005/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı qismən-3-cü şəxs X5 iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 6 nömrəli ev ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulması hissəsində ləğv edilsin. Həmin hissədə iddia rədd olunsun. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.