Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2424/2025 02.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və s.” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və s.” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1185/2025 saylı 14 fevral 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 02 iyul 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür. İddiaçıya məxsus xx.xx.2000-ci il tarixli ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdə Şəmkir rayon Fazil Əsgər kənd orta məktəbində gecə gözətçisi vəzifəsinə təyin edilmiş, xx.xx.1983-cü il tarixdə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1983-cü il tarixdə X5 15 saylı briqadasına fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.1983-cü il tarixdə hərbi xidmətə getdiyi üçün işdən azad edilmişdir. xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1985-ci il tarixdə Seyfəli üzümçülük sovxozunun 15 saylı briqadasına fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.1987-ci il tarixdə 13 saylı briqadaya fəhlə vəzifəsinə keçirilmiş, xx.xx.1988-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.1988-ci il tarixdə Şamxor rayon Xalq Məhkəməsində məhkəmə icraçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.1993-cü il tarixdə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1993-cü il tarixdə Qazax Qarnizonu Hərbi Tribunalının hakimi seçilib sədr təsdiq olunmuş, xx.xx.2000-ci il tarixdə səlahiyyət müddətinin qurtarması ilə əlaqədar səlahiyyətlərinə xitam verilmişdir. xx.xx.2000-ci il tarixdə "xxxx" MMC-də hüquqşünasməsləhətçi vəzifəsinə təyin edilmiş, xx.xx.2002-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) aparatının İnsan hüquqlarının və azadlıqdalrının müdafiəsi məsələləri üzrə İdarəsinə hərbi qulluqçuların hüquqlarının müdafiəsi şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. İddiaçıya Müdafiə Nazirliyinin məlumat vərəqinə əsasən xx.xx.2000-ci il tarixdə əmək pensiyası təyin edilmişdir. Müdafiə Nazirliyinin ZE-51802 saylı xx.xx.2018-ci il tarixli məlumat vərəqindən görünür ki, iddiaçı Qazax qarnizonu Hərbi Məhkəməsinin sədri kimi xx.xx.2020-ci ildə tərxis edilmiş, cəmi iş stajı və xidmət illəri 31 il 07 ay 08 gün olmuşdur. “Azərbaycan Respublikası Bakı şəhər məhkəməsinin, rayon (şəhər) xalq məhkəmələrinin və hərbi tribunalların hakimlərinə ixtisas dərəcələri verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 01 iyul 1994-cü il tarixli 844 nömrəli Qərarından görünür ki, Qazax qarnizonu hərbi tribunalının sədri İddiaçı beşinci ixtisas dərəcəsi verilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, 2000-ci ilin oktyabr ayından bu günədək olan dövr üzrə ixtisas dərəcəsi ilə bağlı minimum əməkhaqqının bir misli həddində indeksasiya nəzərə alınmaqla ödənilməli olan məbləğin hesablanması və hesablanmış məbləğin birdəfəlik olaraq ona ödənilməsi, eləcə də ixtisas dərəcəsi ilə bağlı sonrakı aylar üzrə ödənişlərin pensiyasına əlavə edilib ödənilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış 3-17-1/2-H-77477/2024 nömrəli, xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 5 oktyabr 2000-ci il tarixində ona xidmət illərinə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən əmək pensiyası həmin tarixdən etibarən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Eyni zamanda, iddiaçının təqdim etdiyi digər şəxsə aid məhkəmə qərarı əsas götürülməklə əmək pensiyasının yenidən hesablanması qaydası və prosedurunun, ümumilikdə mümkünlüyünə dair hər hansı müddəa Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarının 3-cü hissəsinə əsasən hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən onun müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada müvafiq elektron informasiya sisteminə daxil edilməklə Dövlət Sosial Müdafiə Fonduna ötürülür. Sözügedən Qaydaların 4-cü hissəsinə görə şəxsin əmək pensiyasının yenidən hesablanmasına əsas verən, onun xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılınası ilə bağlı dəyişikliklər barədə əsaslandırılmış məlumatlar Qaydaların 1-ci hissəsində göstərilən orqanlar tərəfindən müvafiq elektron informasiya sisteminə daxil edilməklə Fonda ötürülür. Qeyd olunanlara əsasən məktubda əmək pensiyasının məbləğinə təsir göstərən hər hansı yenidən hesablanmanın aparılması məsələsinə xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə müvafiq məlumat sonuncu xidmət keçdiyi orqan tərəfindən müvafiq elektron informasiya sisteminə daxil edilməklə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edildikdən sonra baxılacağı bildirilmişdir. Cavabdehin qeyd olunan imtinasından narazı qalan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2000-ci ilin oktyabr ayından hazırkı vaxtadək olan dövr üzrə ixtisas dərəcəsi ilə bağlı minimum əmək haqqının bir misli həddində indeksasiya nəzərə alınmaqla ödənilməli olan məbləğin hesablanması və hesablanmış məbləğin birdəfəlik olaraq ödənilməsi, eləcə də ixtisas dərəcəsi ilə bağlı sonrakı aylar üzrə ödənişlərin pensiyasına əlavə edilib ödənilməsinin təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Qazax Hərbi Məhkəməsinin (Qazax Qarnizonu Hərbi Tribunalının) sədri kimi bu vəzifədə səlahiyyət müddətinin başa çatması ilə əlaqədar 2000-ci ilin sentyabr ayında ədliyyə polkovniki rütbəsində hərbi xidmətdən tərxis olunmaqla işdən azad edilmişdir. Müharibə veteranıdır. Hərbi məhkəmə sədri olaraq ona hərbi qulluqçu kimi xx.xx.2000-ci il tarixdən pensiya təyin olunmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin 01 iyul 1994-cü il tarixli, 844 nömrəli Qərarı ilə hərbi məhkəmə sədri olaraq beşinci ixtisas dərəcəsi verilmişdir. “Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələrinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikasının 29 iyul 1992-ci il tarixli 250 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında” Əsasnamənin 7-ci bəndində qeyd edilir ki, ixtisas dərəcələri hakimlərə ömürlük verilir. Həmin əsasnamənin 8-ci bəndində isə qeyd edilir ki, ixtisas dərəcəsi olan hakimlərə vəzifə maaşından əlavə haqq müəyyən edilir. “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 04 noyabr 1992-ci il tarixli, 364 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası məhkəmələrinin beşinci ixtisas dərəcəli hakimlərinə minimum əmək haqqının bir misli məbləğində əlavə haqq verilir. Həmin Qərarın 2-ci bəndində qeyd edilir ki, hakim seçildiyi müddət qurtardıqdan sonra başqa işə keçən və pensiyaya çıxan Azərbaycan Respublikası məhkəmələri hakimlərinin əlavə haqq alamaq hüququ saxlanılır. O, Qazax Hərbi Məhkəməsinin (keçmiş Qazax Qarnizonu Hərbi Tribunalının) sədri kimi xidmət etdiyi 1993-2000-ci illərin bir hissəsini Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində, qalan hissəsini isə Ali Məhkəmənin Hərbi Kollegiyasında təminatda olmuş və təminat xərcliyini də əvvəlcə N nömrəli həmin hərbi hissədən, sonra isə Ali Məhkəmənin Hərbi Kollegiyasından almışdır. 2000-ci ildə pensiya təyin ediləndə ixtisas dərəcəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məbləğ (minimum əmək haqqının bir misli) pensiyasına əlavə edilməmişdir. Əmək pensiyasının yenidən hesablanmasına əsas verən hal mövcud olduğuna görə pensiyanın yenidən hesablanması üçün xx.xx.2024-cü il tarixdə aidiyyəti üzrə Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin, cavabdeh qurum pensiyanın yuxarıda qeyd edilən əsasa görə yenidən hesablanmasından imtina etmişdir. Baxmayaraq ki, mahiyyətcə eyni faktiki və hüquqi hallara söykənən oxşar işlər üzrə vahid məhkəmə təcrübəsi mövcuddur. Bu cür analoji mübahisələr üzrə, yəni qeyd edilən məbləğin hazırda pensiya alan sabiq hakimlərin pensiyalarına əlavə edilməsi barədə qanuni qüvvəsini almış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən icra edilmiş məhkəmə qərarları mövcuddur. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz verilərək bildirilmişdir ki, ən son Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Fondun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli 12/2361 nömrəli məktubuna əsasən Müdafiə Nazirliyi xətti ilə pensiya alan “Qazax qarnizonu Hərbi Məhkəməsinin sədri” istefada olan polkovnik İddiaçı (ZE-51802) pensiyasının məbləği xx.xx.2000-ci il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövrlərdə aşağıdaki kimi olmuşdur: xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək: -Vəzifə maaşı -47.00 manat, rütbə maaşı - 8.00 manat, xidmət illərinə görə faiz əlavəsi (15%) - 8.25 manat, ərzaq əvəzinə pul kompensasiyası -24.75 manat, cəmi: 87.99 manat *71%=62.47 manat. xx.xx.2001 -ci il tarixdən xx.xx.2003-cü il tarixədək: vəzifə maaşı -70.00 manat, rütbə maaşı -12.00 manat, xidmət illərinə görə faiz əlavəsi (15%) - 12.30 manat, ərzaq əvəzinə pul kompensasiyası -24.75 manat, cəmi: 119.04 manat *71%=84.52 manat . xx.xx.2007-ci il tarixdən: vəzifə maaşı -1071.00 manat, rütbə maaşı - 64.00 manat, xidmət illərinə görə faiz əlavəsi (15%)- 170.25 manat, ərzaq əvəzinə pul kompensasiyası - 24.75 manat, cəmi: 1330.00 manat *83%=1103.90 manat. Göründüyü kimi, məlumat vərəqində iddiaçının tələb etdiyi “ixtisas dərəcəsi ilə bağlı minimum əməkhaqqının bir misli həddində məbləğ” öz əksini tapmamışdır. Qanunvericiliyin tələbinə əsasən, əmək pensiyasının məbləğinə təsir göstərən hər hansı yenidən hesablanmanın aparılması məsələsinə xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılınası ilə bağlı dəyişikliklər barədə müvafiq məlumat sonuncu xidmət keçdiyi orqan tərəfindən müvafiq elektron informasiya sisteminə daxil edilməklə Mərkəzi Filiala təqdim edilərək baxılır. Sözügedən məbləğ Müdafiə Nazirliyi tərəfindən təqdim olunan məlumat vərəqində öz əksini tapmadığı üçün, iddiaçının pensiyasının tələb etdiyi məbləği nəzərə alaraq yenidən hesablanması mümkün olmamışdır. Eyni zamanda, iddiaçının təqdim etdiyi digər şəxsə aid məhkəmə qərarı əsas götürülməklə əmək pensiyasının yenidən hesablanması qaydası və proseduru, ümumilikdə mümkünlüyünə dair hər hansı müddəa Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1185/2025 saylı 14 fevral 2025-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı xx.xx.2000-ci il tarixdən təyin edilmiş əmək pensiyasının beşinci ixtisas dərəcəsi ilə bağlı minimum əmək haqqının bir misli həcmində əlavə haqq nəzərə alınmaqla indeksasiya edilərək yenidən hesablanması və yaranmış fərq məbləğinin xx.xx.2021-ci il tarixdən hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qəbul etdiyi qərarda qeyd etmişdir ki, hazırkı mübahisə 2000-ci ilin oktyabr ayından hazıradək olan dövr üzrə ixtisas dərəcəsi ilə bağlı minimum əmək haqqının bir misli həcmində əlavə haqq nəzərə alınmaqla iddiaçının pensiyasının yenidən hesablanmasından, daha doğrusu iddiaçıya həmin dövr üzrə ixtisas dərəcəsi ilə bağlı minimum əmək haqqının bir misli həcmində əlavə haqqın ödənilməməsinin məlumat vərəqində göstərilməməsi səbəbindən pensiyanın yenidən hesablanmasından cavabdehin imtinası ilə bağlıdır. Bununla bağlı nəzərə almaq lazımdır ki, yuxarıda istinad olunan normalara görə, Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələri müəyyən edilmiş, ixtisas dərəcələri hakimlərə ömürlük verilmiş və ixtisas dərəcəsi olan hakimlərə vəzifə maaşından əlavə haqq müəyyən edilmişdir. xx.xx.1992-ci il tarixdə qəbul edilmiş, xx.xx.2007-ci il tarixədək qüvvədə olan “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Azərbaycan Respublikası məhkəmələrinin beşinci ixtisas dərəcəli hakimlərinə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının bir misli məbləğində əlavə haqq verilməsi qərara alınmışdır. Göründüyü kimi, həmin normalar baxımından ixtisas dərəcəli hakimlərə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının bir misli məbləğində əlavə haqqın verilməsi birbaşa qanundan irəli gəlir və həmin tənzimləmə imperativ xarakter daşıyır. Yəni, hakimlərə həmin əlavə haqqın ödənilməsi qanunun mütləq tələbidir. Bu mənada ixtisas dərəcəli hakimə əlavə haqqın verilməsi ilə bağlı hakimlərin maddi təminatını həyata keçirən inzibati orqan hər hansı mülahizə haqqına malik deyil. Hesab edirik ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1 (112)-1185/2025 nömrəli qərarı məhkəmənin gəldiyi nəticədə iş üzrə mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi, məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən ləğv edilməli, iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. İddiaçı yuxarıda qeyd olunan məsələ ilə bağlı xx.xx.2024-cü il tarixli ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Mərkəzi Filial tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-H-77477/2024 nömrəli məktubla iddiaçıya bildirilmişdir ki, ərizədə qeyd olunan məsələnin təmin edilməsi hal-hazırda qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Belə ki, iddiaçının əmək pensiyasının məbləğinə təsir göstərən hər hansı yenidən hesablanmanın aparılması məsələsinə xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə müvafiq məlumat sonuncu xidmət keçdiyi orqan tərəfindən müvafiq elektron informasiya sisteminə daxil edilməsi barədə məlumat Mərkəzi Filiala təqdim edildikdən sonra mümkün olacaq. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 5 oktyabr 2000-ci il tarixində iddiaçıya xidmət illərinə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu (bundan sonra - Fond) həyata keçirdiyindən iddiaçının əmək pensiyası həmin tarixdən etibarən Mərkəzi Filial tərəfindən ödənilir. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007- ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü hissəsinə əsasən hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən onun müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada müvafiq elektron informasiya sisteminə daxil edilməklə Dövlət Sosial Müdafiə Fonduna ötürülür. Sözügedən Qaydaların 4-cü hissəsinə görə şəxsin əmək pensiyasının yenidən hesablanmasına əsas verən, onun xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə əsaslandırılmış məlumatlar Qaydaların 1-ci hissəsində göstərilən orqanlar tərəfindən müvafiq elektron informasiya sisteminə daxil edilməklə Fonda ötürülür. Bildiririk ki, ən son Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Fondun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli 12/2361 nömrəli məktubuna əsasən Müdafiə Nazirliyi xətti ilə pensiya alan “Qazax qarnizonu Hərbi Məhkəməsinin sədri” istefada olan polkovnik İddiaçı (ZE-51802) pensiyasının məbləği xx.xx.2000-ci il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövrlərdə aşağıdaki kimi olmuşdur: xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək: Vəzifə maaşı 47.00 manat, Rütbə maaşı 8.00 manat, Xidmət illərinə görə faiz əlavəsi (15%) 8.25 manat ərzaq əvəzinə pul kompensasiyası 24.75 manat cəmi: 87.99 manat *71%=62.47 manat xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək: Vəzifə maaşı 70.00 manat, Rütbə maaşı 12.00 manat, Xidmət illərinə görə faiz əlavəsi (15%) 12.30 manat > ərzaq əvəzinə pul kompensasiyası 24.75 manat cəmi: 119.04 manat *71%=84.52 manat, xx.xx.2007-ci il tarixdən: Vəzifə maaşı 1071.00 manat, Rütbə maaşı 64.00 manat, Xidmət illərinə görə faiz əlavəsi (15%) 170.25 manat > ərzaq əvəzinə pul kompensasiyası 24.75 manat, cəmi: 1330.00 manat *83%=1103.90 manat. Göründüyü kimi, məlumat vərəqində iddiaçının tələb etdiyi “ixtisas dərəcəsi ilə bağlı minimum əməkhaqqının bir misli həddində məbləğ” öz əksini tapmamışdır. Qanunvericiliyin tələbinə əsasən əmək pensiyasının məbləğinə təsir göstərən hər hansı yenidən hesablanmanın aparılması məsələsinə xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə müvafiq məlumat sonuncu xidmət keçdiyi orqan tərəfindən müvafiq elektron informasiya sisteminə daxil edilməklə Mərkəzi Filiala təqdim edilərək baxılır. Sözügedən məbləğ Müdafiə Nazirliyi tərəfindən təqdim olunan məlumat vərəqində öz əksini tapmadığı üçün iddiaçının pensiyasının tələb etdiyi məbləği nəzərə alaraq yenidən hesablanması mümkün olmamışdır. Eyni zamanda bildiririk ki, iddiaçının təqdim etdiyi digər şəxsə aid məhkəmə qərarı əsas götürülməklə əmək pensiyasının yenidən hesablanması qaydası və proseduru, ümumilikdə mümkünlüyünə dair hər hansı müddəa Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmayıb. Oxşar işlər üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1 (102)-1838/2023 nömrəli qərarının 45-ci bəndində göstərilmişdir ki, mübahisə üzrə iddiaçının sosial təminat hüququnun təmin edilməsi istiqamətində məhkəmə tərəfindən onun mübahisəli iş illərinə dair xüsusatlar hərtərəfli araşdırılmalı və əldə edilən mötəbər sübutların qiymətləndirilməsi nəticəsində yekun nəticəyə gəlinməlidir. Apellyasiya şikayətinə etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 2-1 (112)-1185/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdehin verdiyi apellyasiya şikayətinin dəlilləri əsassız və qəbuledilməzdir. Bakı İnzibati Məhkəməsinin 2-1 (112)-1185/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından müəyyən səbəblərə görə apellyasiya şikayəti verə bilməmişdir. Birinci instansiya məhkəməsi öz qərarında əmək pensiyasının yenidən hesablanmasının başlanğıcının xx.xx.2021-ci il tarixdən qeyd etməsi, həmçinin ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyasının üzərinə əlavə edilməklə ödənilməsi ilə bağlı "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsaslanması Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə ziddir. Belə ki, iddia tələbində qeyd etdiyi kimi ona verilmiş ixtisas dərəcəsi ilə bağlı minimum əmək haqqının bir misli həddi nəzərə alınmaqla pensiya hüququ xx.xx.2000-ci il tarixdə yaranmasına baxmayaraq, birinci instansiya məhkəməsi qeyd etdiyi hallar üzrə düzgün olmayaraq "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş xx.xx.2017-ci və xx.xx.2018-ci il tarixlərdə edilmiş dəyişikliyə əsaslanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri bu cür mübahisələrin həlli ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə ünvanlandığı, tövsiyə xarakterli xx.xx.2019-cu il tarixli, 2-239/19 nömrəli məktubunda qeyd etmişdir ki, "Əmək pensiyaları haqqında” Qanununun 32.1-1-ci maddəsinin əmək pensiyasının onu almaq hüququ olan şəxsin müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi barədə müddəası 1 iyul 2017-ci il tarixdən, ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi barədə müddəası isə 1 yanvar 2019cu il tarixdən qüvvəyə mindiyindən, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə, eləcə də "Normativ hüquqi aktlar haqında" Konstitusiya Qanununun 87.1 və 87.2-ci maddələrinə əsasən, həmin müddəalar müvafiq olaraq 1 iyul 2017-ci il və 1 yanvar 2019-cu ildən sonra əmək pensiyası almaq hüququ yaranmış şəxslərə şamil oluna bilər. Odur ki, 1 iyul 2017-ci il tarixə qədər əmək pensiyası hüququ yaranmış şəxslərin bu hüququn yarandığı gündən sonra istənilən vaxt əmək pensiyasının təyin olunması, yenidən hesablanması müraciət etmək hüququna malik olması nəzərə alınaraq onların əvvəlki dövr üçün hesablanmış pensiyası əmək pensiyası alan şəxsin mülkiyyəti hesab edildiyinə və keçmiş müddət üçün alınmamış müavinətin məbləği müddətindən asılı olmayaraq tam məbləğdə ödənilməli olduğuna görə əvvəlki dövrə aid məbləğin birdəfəlik ödənilməsi qanuna zidd hesab edilmir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1185/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdehin verdiyi apellyasiya şikayətinin təmin edilməməsi və iş üzrə qanunamüvafiq qərarın qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdə birinci instansiya məhkəmsinin qərarından yalnız cavabdeh qurum tərəfindən şikayət verildiyindən həmin qərarın qanuniliyi və əsaslılığı iddianın təmin edildiyi hissədə yoxlanır. Çünki iddianın təmin edilmədiyi hissədə iddiaçı apellyasiya şikayəti verməmişdir. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinə münasibətdə cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2024-cü il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Ona görə də Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, iddiaçı 2000-ci ilin oktyabr ayından hazırkı vaxtadək olan dövr üzrə ixtisas dərəcəsi ilə bağlı minimum əmək haqqının bir misli həddində indeksasiya nəzərə alınmaqla ödənilməli olan məbləğin hesablanması və hesablanmış məbləğin birdəfəlik olaraq ödənilməsi, eləcə də ixtisas dərəcəsi ilə bağlı sonrakı aylar üzrə ödənişlərin pensiyasına əlavə edilməsini tələb edir. Cavabdeh qurum isə sözügedən məbləğin Müdafiə Nazirliyi tərəfindən təqdim olunan məlumat vərəqində öz əksini tapmadığı üçün, iddiaçının pensiyasının tələb etdiyi məbləği nəzərə alaraq yenidən hesablanmanın mümkün olmadığından iddiaçının tələbini təmin etməkdən imtina etmişdir. İşə baxan birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edildiyi hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 109-cu maddəsinə əsasən hakimlərin, sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.4-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr əmək pensiyası yaşına çatmış sabiq hakimlərə təyin edilir. Həmin Qanunun 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 20.7-ci maddəsinin redaksiyasına görə bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 5 il hakim işləmiş sabiq hakimlərə-hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında; 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla; 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. xx.xx.1992-ci ildə qəbul edilmiş və xx.xx.2001-ci il tarixədək qüvvədə olan “Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələrinin müəyyən edilməsi haqqında” Qanunla Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələri müəyyən edilmişdir. “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında” Əsasnamənin 7-8-ci bəndlərinə əsasən ixtisas dərəcələri hakimlərə ömürlük verilir və ixtisas dərəcəsi olan hakimlərə vəzifə maaşından əlavə haqq müəyyən edilmişdir. xx.xx.1992-ci il tarixdə qəbul edilmiş, xx.xx.2007-ci il tarixədək qüvvədə olan “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Azərbaycan Respublikası məhkəmələrinin beşinci ixtisas dərəcəli hakimlərinə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının bir misli məbləğində əlavə haqq verilməsi qərara alınmışdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə” 5 oktyabr 2001-ci il tarixli, 190-İİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə “Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələrinin müəyyən edilməsi haqqında” Qanun qüvvədən düşmüşdür. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7 maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008-ci il tarixli qərarına əsasən, "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsi və "Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə həmin günədək qüvvədə olmuş "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin, 19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə - həmin günədək qüvvədə olmuş «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli qərarına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 29 iyul tarixli 250 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən ali, birinci, ikinci ixtisas dərəcələri - Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə, Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin hakimlərinə; birinci, ikinci, üçüncü ixtisas dərəcələri - Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimlərinə, Naxçıvan Muxtar Respublikası Arbitraj Məhkəməsinin hakimlərinə, Bakı Şəhər Məhkəməsinin hakimlərinə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi tribunallarının hakimlərinə; ikinci, üçüncü, dördüncü, beşinci ixtisas dərəcələri - rayon: (şəhər) xalq məhkəmələrinin hakimlərinə, yerli arbitraj məhkəmələrinin hakimlərinə verilir: 7-ci bəndinə əsasən ixtisas dərəcələri hakimlərə ömürlük verilir. 8-ci bəndinə əsasən ixtisas dərəcəsi olan hakimlərə vəzifə maaşından əlavə haqq müəyyən edilir. “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 4 noyabr 1992-ci il tarixli 364 nömrəli qərarına əsasən Azərbaycan Respublikası məhkəmələrinin beşinci ixtisas dərəcəli hakimlərinə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının bir misli məbləğində, dördüncü ixtisas dərəcəli hakimlərinə iki misli məbləğində, üçüncü ixtisas dərəcəli hakimlərinə üç misli məbləğində, ikinci ixtisas dərəcəli hakimlərinə dörd misli məbləğində, birinci ixtisas dərəcəli hakimlərinə beş misli məbləğində, ali ixtisas dərəcəli hakimlərinə altı misli məbləğində əlavə haqq verilməsi qərara alınmışdır. İşin faktiki hallarından görünür ki, iddiaçıya Müdafiə Nazirliyinin məlumat vərəqinə əsasən xx.xx.2000-ci il tarixdə əmək pensiyası təyin edilmişdir. Müdafiə Nazirliyinin ZE- 51802 saylı xx.xx.2018-ci il tarixli məlumat vərəqinə əsasən iddiaçı Qazax qarnizonu Hərbi Məhkəməsinin sədri kimi xx.xx.2020-ci ildə tərxis edilmiş, cəmi iş stajı və xidmət illəri 31 il 07 ay 08 gün olmuşdur. Həmçinin iddiaçıya Azərbaycan Respublikası Milli Məclisinin 01 iyul 1994-cü il tarixli 844 nömrəli Qərarına əsasən Qazax qarnizonu hərbi tribunalının sədri olaraq beşinci ixtisas dərəcəsi verilmişdir. Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələri müəyyən edilmiş, ixtisas dərəcələri hakimlərə ömürlük verilmiş və ixtisas dərəcəsi olan hakimlərə vəzifə maaşından əlavə haqq müəyyən edilmişdir. Yuxarıda da qeyd olunduğu kimi, xx.xx.1992-ci il tarixdə qəbul edilmiş, xx.xx.2007ci il tarixədək qüvvədə olan “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Azərbaycan Respublikası məhkəmələrinin beşinci ixtisas dərəcəli hakimlərinə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının bir misli məbləğində əlavə haqq verilməsi qərara alınmışdır. Göründüyü kimi, ixtisas dərəcəli hakimlərə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının bir misli məbləğində əlavə haqqın verilməsini nəzərdə tutan normalar imperativ xarakterli normalardır. Buna görə də ixtisas dərəcəli hakimə əlavə haqqın verilməsi ilə bağlı hakimlərin pensiya təyinatını həyata keçirən inzibati orqan qanunun imperativ tələbini mütləq nəzərə almalıdır. hər hansı mülahizə Ona görə də cavabdeh qurum pensiya hesablayarkən həmin məbləği mütləq nəzərə almalıdır. Məhkəmə kollegiyası cavabdehin məlumat vərəqinə dair dəlilinə münasibətdə isə qeyd edir ki, işdə olan Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubunda da göstərilmişdir ki, hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə’’nin müvafiq maddəsinin müddəalarına əsasən “beşinci ixtisas dərcəsi"nə görə hər hansı bir ödəniş nəzərdə tutulmamışdır. Eyni zamanda, sonuncu təminat xərcliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən ödənilməsi, habelə tutduğu sonuncu vəzifənin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ştat strukturunda mövcud olmamasını nəzərə alaraq, iddiaçıya tutduğu sonuncu vəzifə üzrə aldığı təminat xərcliyini (pul təminatı) və xidmət müddətlərini əks etdirən yeni “Məlumat vərəqi"nin tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi mümkün olmamışdır. Qüvvədə olan qanunvericiliyin tələbinə görə, təminat xərcliyi əsasında təyin edilmiş əmək pensiyaçılarının pensiyalarının sonradan yenidən hesablanması yeni məlumat vərəqinin tərtib edilib verilməsi qaydasında həyata keçirilməlidir. Lakin hazırki işdə xüsusi halın mövcudluğu istisnaya yol verir. Belə ki, iddiaçı ona ixtisas dərəcəsinə görə aldığı əlavələr nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını tələb edir. Hazırki işdə iddiaçıya əmək pensiyası təminat xərcliyi əsasında təyin edilsə də, onun hazırda yenidən hesablama aparılmasını tələb etdiyi ödəniş ona təminat xərcliyini təyin edən orqan tərəfindən verilmiş ödəniş deyildir. Həmin ödəniş ona Müdafiə Nazirliyi tərəfindən deyil, Ali Məhkəmə tərəfindən verilmişdir. Yeni məlumat vərəqinin tərtib edilməsi qaydasına riayət edilməsi isə o halda tələb oluna bilər ki, məlumat vərəqinə daxil edilməli olan ödəniş məhz məlumat vərəqəni tərtib edən orqan tərəfindən verilmiş ödəniş olsun. Kollegiya onu da qeyd etməyi vacib sayır ki, baxmayaraq ki, ixtisas dərəcəsinə görə hər ay alınmış haqqdan sosial sığorta haqqı ödənilməmişdir, bu hal iddiaçının tələbinin təmin olunmasına mane olmur. Belə ki, iddiaçı həmin əlavələri 1992-2000-ci illərdə almışdır, həmin vaxt qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin tələblərinə görə həmin vəsaitlərdən sosial sığorta haqqının tutulması nəzərdə tutulmurdu. (Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-768/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı) Odur ki, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ona xx.xx.2000-ci il tarixdən təyin edilmiş əmək pensiyasının beşinci ixtisas dərəcəsi ilə bağlı minimum əmək haqqının bir misli həcmində əlavə haqq nəzərə alınmaqla indeksasiya edilərək yenidən hesablanması və yaranmış fərq məbləğinin xx.xx.2021-ci il tarixdən hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. O ki qaldı apellyasiya şikayətinin dəlillərinə, məhkəmə kollegiyası həmin dəlilləri bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı qəbul etmir və hesab edir ki, həmin dəlillər qanuni və əsaslı olan məhkəmə qərarının mübahisələndirilən hissədə ləğvi və iddianın həmin hissədə rəddi üçün əsas yaratmır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1185/2025 saylı 14 fevral 2025-ci il tarixli qərarı mübahisələndirilən- iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1185/2025 saylı 14 fevral 2025-ci il tarixli qərarı mübahisələndirilən- iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X6 Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-2424/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2424/2025
02.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver