Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2425/2022 16.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Aida Hüseyn Əli qızından ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi ilə, iddiaçının vəkili Vəkil2, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı X3 cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1565/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı X3 cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1565/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1565/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinin dəlillərinə uyğun əsaslandırılmışdır . Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi O.Heydərli apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1.vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2.vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. -50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir -58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: -49.1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. -219. 3.İşəgötürənlər və müəssisələrin rəhbər işçiləri 3 ildə bir dəfədən az olmayaraq əməyin mühafizəsi üzrə vaxtaşırı ixtisasartırma kurslarında təlim keçməli və bu sahədə onların bilikləri yoxlanılmalıdır. -219.4. İşçilərin təliminin və əlavə təhsilinin bütün formalarında əməyin mühafizəsi üzrə təlim nəzərdə tutulmalıdır. İşəgötürən işə qəbul edilən və başqa işə keçirilən işçilərə əməyin mühafizəsi üzrə təlimatlar verməli, onlara təhlükəsiz iş üsullarından istifadə etməyin və bədbəxt hadisələrdən zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi qaydalarının öyrədilməsini təşkil etməlidir. Yuxarıda adıçəkilən qanunvericiliyin normalarından göründüyü kimi, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarət formasıdır. Vergi Məcəlləsində vergi orqanları tərəfindən vergilərin yalnız kameral və səyyar vergi yoxlamaları ilə hesablanması, həmçinin operativ nəzarət tədbirləri ilə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq operativ vergi nəzarətinin keçirilməsi qaydaları, o cümlədən operativ vergi nəzarəti üçün əsaslar, nəzarətin keçirilməsi haqqında qərarın qəbul edilməsi və onun nəticələrinin rəsmiləşdirilməsi VM ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Göstərilən hesablama qərarlarından (inzibati aktlardan) başqa hər hansı digər fərqli formada vergilərin hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablanması üçün inzibati aktların qəbul edilməsi tələb olunur. Belə inzibati aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşkil edirlər və müvafiq olaraq şəxsi hesab vərəqəsində onlara uyğun hesablama əməliyyatları aparılır. Operativ vergi nəzarəti zamanı aşkar olunan nöqsanlar əsasında vergi ödəyicisinin maliyyə sanksiyasına cəlb olunması ilə bağlı isə qeyd olunmalıdır ki, maliyyə sanksiyasıvergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə, vergi agentlərinə və banklara tətbiq edilən pulla ifadə edilmiş tənbeh növüdür. Operativ vergi nəzarəti zamanı maliyyət sanksiyasının hansı hallarda tətbiq edildiyi qanunvericilikdə ətraflı olaraq sadalanmışdır ki, bunlardan biri də əmək müqaviləsi qüvvəsini almadan işəgötürən tərəfindən şəxsin əmək fəaliyyətinə cəlb edilməsidir. Göründüyü kimi, operativ vergi yoxlaması zamanı vergi ödəyicisinə maliyyə sanksiyasının tətbiq edilməsində əsaslardan biri də məhz əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi durur. Əlbəttə, “əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi” anlayışı əmək münasibətlərini tənzimləyən Əmək Məcəlləsində təsvir olunur. Əmək müqaviləsi (kontraktı) dedikdə işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə başa düşülür. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi anı isə əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınmasından aslıdır. Məhkəmə diqqətə çatdırır ki, qanunvericilik imperativ qaydada işəgötürən və işçi arasında əmək müqaviləsinin bağlanmasını, əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınmasını və tərəflər arasında əmək münasibətlərinin tənzimlənməsi qaydasını nəzərdə tutur ki, vergi ödəyicisi tərəfindən bu hallara əməl olunmadığı təqdirdə, onun vergi qanuvericiliyinin tələbləri baxımından maliyyə sanksiyasına cəlb olunması istisna olunmur. Digər tərəfdən nəzərə alınmalıdır ki, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün vergi ödəyicisinin hansı dövrdən sahibkarlıq fəaliyyətinə başlaması və ya hansı müddətə sahibkarlıq fəaliyyəti göstərməsi qanunvericilikdə heç bir əsasla şərtləndirilməmişdir. VM-in 58.10-cu maddəsində qeyd olunan vergi hüquq pozuntusu formal tərkibli olduğundan, həmin əmələ görə vergi ödəyicinə maliyyə sanksiyasının tətbiqi vergidən yayınma faktının baş verməsi ilə şərtləndirilə bilməz. Başqa sözlə, VM-in 58.10-cu maddəsinin tətbiqi üçün əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının müəyyən edilməsi yetərlidir. Belə ki, qanunverici məhz həmin faktın özünü gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradan hal kimi normada təsbit etmişdir. Bu zaman, əməlin həmin norma ilə tövsif olunması üçün cəlb edilən işçinin işləri (xidmətləri) hansı müddətdə yerinə yetirdiyinin də əhəmiyyəti yoxdur. Mübahisələndirilən qərardan görünür ki, cavabdeh tərəfindən iddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarın qəbul edilməsinin əsası odur ki, vergi ödəyicisi sahibkarlıq fəaliyyətini icra edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozmuş və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsləri işə cəlb etmişdir. Həqiqətən də, yuxarıda göstərildiyi kimi, əgər əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən cəlb olunmuş əməkdaşların əmək funksiyalarının yerinə yetirilməsi aşkar olunursa, bu zaman vergi ödəyicisinə təqvim ili ərzində belə hallara neçə dəfə yol verilməsindən asılı olaraq maliyyə sanksiyası tətbiq edilir. İşin faktiki hallarından da göründüyü kimi hazırkı vəziyyətdə iddianın təmin edilibedilməməsi ilə bağlı yekun nəticəyə gəlinməsi iddiaçının həyata keçirdiyi sahibkarlıq fəaliyyətində fiziki şəxsin həyata keçirdiyi fəaliyyətin xüsusiyyətlərindən asılı olacaqdır. Başqa sözlə, əgər iddiaçının fəaliyyətini həyata keçirdiyi obyektdə müqavilə mövcud olmadan fiziki şəxs işçi qismində fəaliyyət göstərmişdirsə, deməli vergi ödəyicisinin təqsiri müəyyən ediləcək, işçi qismində fəaliyyəti müəyyən edilməyəcəyi təqdirdə isə, vergi orqanının qərarının əsassız olduğu sübut olunacaqdır. Hazırkı işin aşağıdakı faktiki halları ilə isə R.Məhərrəmovun iddiaçının fəaliyyətini həyata keçirdiyi obyektdə əmək müqaviləsi olmadan işə cəlb edildiyini, nəticədə iddiaçının vergi pozuntusunda təqsirini təsdiq edir. Belə ki, xx.xx.2021-ci il tarixdə operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar əsasında 27 aprel 2021-ci il tarixdə iddiaçının obyektində yoxlama aparılmış və 1 nəfər işçisinin əmək müqaviləsi olmadan işlərə cəlb edildiyini müəyyən edilmişdir. Bununla əlaqədar olaraq R.Məhərrəmovun izahatı alınmış, həmin şəxs vermiş olduğu izahatında konkret olaraq dəqiq tarix göstərilməklə iddiaçı tərəfindən ütücü vəzifəsinə işə götürüldüyünü, onlar arasında əmək müqaviləsi və ya xidməti müqavilə olmadığını qeyd etmiş, iş saatları, əmək haqqının məbləği, ödənilmə qaydası barədə konkret məlumat vermişdir. İddiaçı isə əks arqument kimi həmin şəxsin qonşu obyektin işçisi olduğunu bildirmişdir. Məhkəmə sorğusuna əsasən əldə edilmiş məlumatdan da göründüyü kimi R.Məhərrəmov, həqiqətən də xx.xx.2020-ci il tarixdən X2 ilə əmək müqaviləsi bağlamışdır. Lakin, məhkəmə hesab edir ki, R.Məhərrəmovun M.Rzayeva ilə əmək müqaviləsinin olması iddiaçının vergi qanunvericiliyini pozmasını istisna edən, onun təqsirsizliyinə səbəb olan hal kimi qiymətləndirilmir. Belə ki, Məcəllənin 58.10-cu maddəsinin tələbi konkret olaraq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının mövcudluğu halını müəyyən edir. Hazırkı işin halları ilə isə R.Məhərrəmovun M.Rzayeva ilə əmək müqaviləsinin olması, birincinin iddiaçının sahibkarlıq fəaliyyətində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsini istisna etməmişdir. Qeyd olunan hal, təkcə həmin şəxsin İddiaçıla əmək müqaviləsi olmadan işə cəlb edilməsi, dəqiq tarix göstərilməklə iddiaçı tərəfindən ütücü vəzifəsinə işə götürülməsi, iş saatları, əmək haqqının məbləği, ödənilmə qaydası barədə məlumatların əks edildiyi izahatı ilə yox, həmin şəxsin məhkəmə iclasında vermiş olduğu şahid ifadəsi ilə də təsdiq edilir. Belə ki, R.Məhərrəmov ifadəsində onunla bağlanan müqavilənin Mətanət Rzayeva ilə bağlanıldığını qeyd etmiş, məhkəmənin verdiyi suala cavabında hər iki obyektin reallıqda İddiaçı məxsus olduğunu, müştərilərin bir obyektdə M.Rzayevanın işlətdiyi obyektdə qarşılanıb, digər işlərin isə o biri obyektdə İddiaçı məxsus olan digər obyektdə görüldüyünü qeyd etmişdir. Göründüyü kimi R.Məhərrəmovun İddiaçı məxsus obyektdə işlərin görülməsinə cəlb edilməsi təsdiq edilir. Bu zaman, M.Rzayevanın olduğu obyektin reallıqda İddiaçı məxsus olması vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Belə ki, həmin hal R.Məhərrəmovun iddiaçıya məxsus olan obyektdə heç bir müqavilə olmadan işlərə cəlb edilməsi faktını legitim etmir. Məhkəmə eyni zamanda, onun da qeyd edilməsini zəruri hesab edir ki, şahid ifadəsi ilə bağlı M.Rzayeva və İddiaçı arasında birgə fəaliyyətə dair hər hansı müqavilənin olubolmaması hissəsində araşdırma aparılmış, həmin hal da öz təsdiqini tapmamışdır. Eyni zamanda, M.Rzayevanın da şahid ifadəsinin təqdim edilməsi ilə bağlı məhkəmə iclasında iştirakının təmin edilməsi təklif edilmiş, lakin həmin şəxsin iştirakı da təmin edilməmişdir ki, məhkəmə həmin halları nəzərə alaraq hesab edir ki, R.Məhərrəmovun izahatı ilə onun məhkəmə verdiyi ifadə hər nə qədər ziddiyyətli kimi görünsə də, vergi orqanının qərarının qəbuluna əsas olmuş halı təsdiq edir. Belə ki, hər iki ifadədən də müəyyən edilir ki, R.Məhərrəmov faktiki olaraq iddiaçının obyektində əmək müqaviləsi olmadan işə cəlb edilmişdir ki, onun əmək müqaviləsinin bağlanıldığı şəxsin əslində iddiaçıya məxsus obyektdə onun işlərini görməsi iddiaçının R.Məhərrəmovu qanuni əsaslarla işə cəlb etdiyi anlamına gəlmir. Qanunvericiliyin tələbi aşkar olaraq şəxsin işə cəlb edilməsini müqavilənin və qanunvericilikdə nəzərdə tutulmuş digər əsasların olmasından asılı olaraq qanuniliyini müəyyən etmişdir ki, M.Rzayeva və İddiaçı arasında hər hansı partnyorluq münasibəti müəyyən edilmədiyindən, R.Məhərrəmovun iddiaçıya məxsus obyektdə işə cəlb edilməsi qanuni hesab edilə bilməz və həmin hal iddiaçının təqsirini istisna edə bilməz. Göründüyü kimi Məcəllənin 58.10-cu maddəsinin tələbi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının müəyyən edilməsi ilə bağlıdır ki, burada işə cəlb edilən fiziki şəxsin başqa şəxslə əmək müqaviləsinin olması həmin faktın mövcudluğunu birbaşa istisna edən hal deyil. Eyni zamanda, həmin şəxsin rəsmi olaraq əmək müqaviləsi bağladığı yerdə, eyni zamanda digər bir iş yerində işləməsi, o demək də deyildir ki, şəxslə bağlı yeganə əmək müqaviləsinin bağlanılması sonuncu fəaliyyəti legitim edir. Əmək Məcəlləsinin 58-ci maddəsi ilə də müəyyən edilir ki, Əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır. İş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir. İş vaxtı ərzində isə əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir. Əvəzçilik üzrə əmək şəraitinin şərtlərini, əmək funksiyasının həcmini əlavə iş yerinin işəgötürəni ilə əmək müqaviləsi bağlanarkən tərəflərin özləri müəyyən edirlər. R.Məhərrəmov isə faktiki olaraq onun dediyinə görə İddiaçı məxsus olan rəsmi olaraq isə Mətanət Rzayeva və İddiaçı məxsus hər iki obyektdə də işlərin yerinə yetirilməsinə cəlb edilmişdir ki, bununla bağlı əlavə əmək müqaviləsi bağlanılmamış və onun İddiaçı məxsus obyektdə işləməsini qanuni edən digər hallar (misal partnyorluq sazişi və s) iş materialları ilə öz təsdiqini tapmamışdır. Eyni zamanda, qeyd olunur ki, məhkəməyə təqdim edilən kamera görüntülərinə də baxış zamanı izahatların alınması zamanı hər hansı qanunsuzluğa yol verildiyi də öz təsdiqini tapmamışdır. Kollegiya apellyasiya şikayətinə münasibətdə bildirir ki, iş materialları və qanunvericiliyin müddəaları baxımından şikayət düzgün əsaslandırılmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunmamasına dair qərar qəbul etmişdir. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1565/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-2425/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2425/2022
16.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver