Məhkəmə qərarları › İş №2-1(103)-2425/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2425/2024

18.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2425/2024 18.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlundan və X6 ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X16 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4772/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, (keçmiş Vneşne Koltsevaya), ev 18, mənzil 16 üzərində hüquqların ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli məktubu ilə İddiaçı müraciətinin təmin edilməsindən imtina edərək mənzilə dair mülkiyyət hüquqlarının onun adına qeydiyyata alınması üçün Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamının, orderinin və ya mənzil kirayəsi müqaviləsinin təqdim edilmədiyi bildirilmişdir. Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 nömrəli mənzilin mərhum həyat yoldaşı X8 mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1944-cü il təvəllüdlü X3 xx.xx.1968-ci il tarixdə nikaha daxil olmuş, Y.A.Muraşov xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Mərhum Y.A.Muraşovun adına ünvan 1 ünvanda mənzil olmuşdur. İddiaçı ərinin vərəsəsi kimi 9 saylı notariat ofisinə də müraciət etmişdir. Mərhum həyat yoldaşına verilmiş orderin arxivdə olmaması onun günahı deyildir. Sənədin əsli onda vardır. Bütün bu sənədlərin mövcud olduğu halda cavabdeh tərəfindən ona imtina edilərək mənzilə dair çıxarışın verilməməsi vətəndaş kimi onun hüquqlarının pozulması deməkdir.

5. Cavabdeh iddiaya qarşı imtina məktubu ilə eyni məzmunlu yazılı etirazını təqdim edərək, etirazında əlavə olaraq göstərmişdir ki, qeyd olunan mənzilə texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4772/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən, İddiaçı iddia ərizəsi rədd edilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4772/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4772/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aşağıdakı səbəblərə görə iddiaçı qərarla razılaşmır. Belə ki, o, xx.xx.1944-cü il təvəllüdlü X3 xx.xx.1968-ci il tarixdə rəsmi olaraq ailə qurmuş, həyat yoldaşı xx.xx.2007-ci il tarixdə ölmüşdür. Həyat yoldaşının adına ünvan 1 ünvanda mənzil olmuşdur. Mərhumun vərəsəsi kimi 9 saylı notariat ofisinə qızı müraciət etmişdir. Belə ki, xəstə olduğu, ayaqlarında problem olduğu üçün iddiaçı çox yerə gedib-gəlməkdə çətinlik çəkir. Ona görə qızına etibarnamə verərək onun adından sənədləşmə işlərini görməyi tapşırmış, qızı onun adından notariusa da müraciət etmişdir. O, Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, (keçmiş Vneşne Koltsevaya), ev 18, mənzil 16 üzərində hüquqların ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, ona xx.xx.2023-cü il tarixli məktubla imtina verilmiş, imtinada mərhum həyat yoldaşına verilmiş orderin arxivdə olmadığı bildirilmişdir. Orderin əsli onda mövcuddur. O, həmin evdə mərhum həyat yoldaşı ilə uzun illər yaşamış, hazırda da orada yaşamaqla həmin ünvanda pasport qeydiyyatındadır. Onun övladları da orada dünyaya gəlimiş və yaşamışlar. Orderin əslinin arxivdə olmamasının günahkarı, orderə möhürü vuran orqandı, onlar deyillər. Hakim 1979-cu ildə vətəndaşlara verilən orderlərə vurulan möhürlə onun təqdim etdiyi orderin möhürünün eynilik təşkil etməsi ilə bağlı ekspertiza keçirə bilərdi. Ona görə ki, orderin əslinin onda olması onu sübut edir ki, o, saxta deyildir. Hakim qeyd etmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparatının xx.xx.2023-cü il tarixli məktubuna əsasən Bakı şəhər Mənzildəyişmə İdarəsinin 1979-cu ilə dair sənədlər arasında xx.xx.1979-cu il tarixli, 048918 nömrəli order aşkar olunmamışdır. Göründüyü kimi onun təqdim etdiyi orderin mötbərliliyinə sübhə vardır. Şübhə olduğu halda qərar çıxarılması, iddianın rədd olunması bu qanunvericiliyə zidd olmaqla yanaşı onun hüquqlarının da pozulması deməkdir. Ona görə ki, onda mövcud olan mənzilə dair xx.xx.1979-cu il tarixli, 048918 nömrəli orderin əsli hal-hazırda mövcuddur və bu order elə belə verilə bilməzdi. Aydın məsələdir ki, onun ərinə yaşadıqları mənzilə görə order verilmiş, onlar sənədsiz mənzildə yaşaya bilməzdilər. O, 1968-ci ildə nikaha daxil olmuş, həmin vaxt onlar Bakı şəhəri Nəsimi rayonu, Mir Cəlal küçəsi, (keçmiş Vneşne Koltsevaya), ev 18-də 1-ci blokda 1 otaqdan ibarət mənzildə yaşamış, uşaqları doğulduqdan sonra onlar həmin binada 2-ci blokda yerləşən 16-cı mənzildə 2 otaqdan ibarət mənzili Portyonova ilə 1979-cu il tarixdə dəyişdirmişlər. Portyonovanın adına sorğu verilsəydi həmin order arxivdə çıxmalı idi. Belə ki, mənzillərin dəyişdirilməsi nəticəsində onlar mənzillərini ona, Portyonova isə mənzilini onlarla dəyişmiş, hakim isə buna diqqət yetirməmişdir. Portyonovanın həmin mənzilə ilkin orderi olmuş və o sonradan onlarla mənzili dəyişdirmişdir. Portyonovanın və onların mənzillərinin ilkin orderləri olmuşdur. Hakim isə işi tam və hərtərəfli araşdırmadan işin bu hallarına diqqət yetirməmiş və ədalətsiz qərar qəbul etmişdir. O, İcra Hakimiyyətinə kirayə müqaviləsinin bağlanması üçün müraciət etsə də ona heç bir cavab verilməmişdir. Ona cavabın verilməməsi də onun günahı deyildir. Hakim bunların heç birini araşdırmamışdır. Orderin əsli olsa da ona diqqət etməmiş, şübhəli məqamlar olduğunu əsas gətirərək qərar vermişdir. Orderi o, saxta almamış, əgər şübhəli məqamlar var idisə niyə hakim bu şübhəli məqamları aydınlaşdırmadan qərar qəbul etmişdir. Ən azından orderdə olan möhürün doğruluğunu aydınlaşdıra bilərdi. Yəni bununla bağlı sorğu göndərməli, yaxud ekspertiza təyin etməli idi ki, həmin orderdə olan möhürün düzgünlüyü aydınlaşsın. Onun bu mənzildən başqa mənzili yoxdur. O, ailə qurduqdan sonra bu ünvanda yaşamışdır. Məhkəmə işi tam hərtərəfli obyektiv araşdırmamış, onun hazırda qeydiyyatdan çıxarılması onun hüquqlarının pozulması deməkdir. Apellyasiya şikayətinə etirazın dəlilləri

9. Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. Tərəflərin izahatları və tədqiq olunan digər sübutlar

10. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

11. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X21 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

12. Bakı şəhəri Oktyabr (hazırda Yasamal) rayon VVAQ bürosu tərəfindən verilmiş xx.xx.1968-ci il tarixli AZ 119473 saylı nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, X12 ilə X13 xx.xx.1968-ci il tarixdə nikaha daxil olmuş, bu barədə 1239 saylı nikah akt qeydi tərtib edilmiş, nikaha daxil olduqdan sonra arvada Muraşova soyadı verilmişdir.

13. Bakı şəhəri Nəsimi rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1975-ci il tarixli İİİ JQ 393924 saylı doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X24 xx.xx.1974cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası X12, anası X1.

14. Bakı şəhər XDS İK-in Mənzildəyişmə bürosu tərəfindən X9 verilmiş 048918 saylı xx.xx.1979-cu il tarixli orderin surətindən müəyyən olunur ki, X14 üç (özü, İddiaçı, X22, X24) nəfərdən ibarət ailə tərkibi ilə birlikdə K.İ.Portyanova ilə dəyişdirilən Bakı şəhəri Yuxarı Dairəvi küçəsi 18 saylı evin sahəsi 29,47 m2 olan 2 otaqlı 16 saylı mənzilinə köçmək hüquqları vardır.

15. Bakı şəhər XDS İK-in Mənzildəyişmə bürosu tərəfindən X17 verilmiş 048919 saylı xx.xx.1979-cu il tarixli orderin surətindən müəyyən olunur ki, K.İ.Portyanovanın Y.A.Muraşovla dəyişdirilən Bakı şəhəri Yuxarı Dairəvi küçəsi 18 saylı evin sahəsi 16,7 m2 olan 1 otaqlı 2 saylı mənzilinə köçmək hüququ vardır.

16. Orenburq şəhər VVAQ İdarəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 4 saylı ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X14 xx.xx.2007-ci il tarixdə ölmüşdür.

17. 1 saylı Bakı ASAN xidmət mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ******* saylı arayışdan müəyyən olunur ki, X24 və İddiaçı Bakı şəhəri 4 mkr, M.Cəlal küçəsi 18 saylı evin 16 saylı mənzilində qeydiyyatdadırlar.

18. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, keçmiş Bakı şəhər XDS İK-in (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1979-cu il tarixli sərəncamı arxivdə mövcud olsa da, X18 barədə heç bir məlumat yoxdur.

19. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, Bakı şəhər Mənzildəyişmə İdarəsinin 1979-cu ilə dair sənədləri arasında xx.xx.1979-cu il tarixli, 048918 nömrəli order aşkar olunmamışdır.

20. Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, ünvan 2 saylı evin 1-ci giriş, 2 saylı mənzilinə və 2-ci giriş 16 saylı mənzilinə dair ilkin olaraq orderin kimlərə verilməsi, həmin mənzillərin birinin digəri ilə dəyişdirilib-dəyişdirilməməsi, hal-hazırda bu mənzillərdə kimlərin yaşamaları barədə məlumatların və bu məlumatları təsdiq edən sənədlərin təqdim edilməsinə dair sorğu ilə bağlı araşdırma zamanı məlum olmuşdur ki, X12 ailə üzvləri ilə birlikdə əvvəllər Bakı şəhəri Nəsimi rayonu 4-cü mkr., indiki Mir Cəlal (keçmiş Yuxarı Dairəvi) küçəsi 18 saylı binanın 1 (bir) otaqlı yaşayış sahəsi 16.7 kv.m olan 2 saylı mənzilində yaşamışlar. Onlar xx.xx.1979-cu il tarixli 048919 saylı dəyişmə orderinə əsasən öz mənzillərini həmin binanın, yəni 4-cü mkr. Mir Cəlal küçəsi 18 saylı binanın 2 (iki) otaqlı yaşayış sahəsi 29.47 kv.m olan 16 saylı mənzilinə dəyişmişlər. ünvan 2 saylı binanın 16 saylı mənzilində yaşayan X23 isə xx.xx.1979-cu il tarixli 048919 saylı dəyişmə orderinə əsasən X10 məxsus olmuş 2 saylı mənzilə köçmüşlər. Hal-hazırda Bakı şəhəri Nəsimi rayonu 4-cü mkr. indiki Mir Cəlal 18 saylı binanın 2 (iki) otaqlı yaşayış sahəsi 29.47 kv.m olan 16 saylı mənzilində X4 arvadı İddiaçı və onun qızı X24 yaşayırlar. Y.A.Muraşov xx.xx.2007-ci ildə Rusiya Federasiyasında rəhmətə getmişdir. Onun qızı X20 bu ünvanda pasport qeydiyyatında yoxdur. ünvan 2 saylı binanın 2 saylı mənzili hal-hazırda X7 şəxsi mülkiyyətindədir.

21. Bakı şəhəri 9 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, 9 saylı notariat ofisində X4 əmlakına dair xx.xx.2022-ci il tarixdə 46/2022 saylı vərəsəlik işi açılmışdır.

22. İddiaçı və X19 notarial qaydada təsdiq olunmuş xx.xx.2022-ci il tarixli ərizələrindən müəyyən olunur ki, onlar mirasqoyan X2 irs qalmış daşınar və daşınmaz əmlakların qəbul edilməsi üçün 9 saylı notariat ofisinə müraciət etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

23. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

24. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.

25. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

27. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

28. Maddə 139-1.1.1 Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

29. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ;

30. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

31. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

32. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

33. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

34. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

35. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

36. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

37. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu

38. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.

39. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

40. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir.

41. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.

42. Maddə 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır.

43. Maddə 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir.

44. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

45. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.

46. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

47. Maddə 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur.

48. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

49. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

50. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

51. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

52. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

53. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu

54. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.11.Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;

55. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

56. Maddə 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

57. Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);

58. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

59. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

60. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

61. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

62. Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır.

63. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

64. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

65. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

66. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

67. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati Kollegiyasına (bundan sonra - Ali Məhkəməyə) şikayət verilə bilər.

68. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil: burada araşdırılmalı məqam işin təfərrüatlarının ərizəçinin həmin müddəada nəzərdə tutulan hüquqa aidiyyəti olubolmamasıdır. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, § 103).” Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri

69. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

70. Qanunun tələbinə görə apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya Məhkəməsinin mövqeyi

71. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, inzibati iş üzrə toplanmış sübutları tədqiq edib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır.

72. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməyərək inzibati mübahisə üzrə tam, müfəssəl obyektiv araşdırma aparılmamış, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tələbləri düzgün tətbiq olunmayaraq iddia tələbinin rədd edilməsi barədə səhv nəticəyə gəlinmişdir.

73. Belə ki, apellyasiya instansiyası məhkəməsində tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Bakı şəhər XDS İK-in Mənzildəyişmə bürosu tərəfindən X11 verilmiş 048918 saylı xx.xx.1979-cu il tarixli orderə əsasən, X15, arvadı İddiaçı, övladları X22 və X24 ilə birlikdə K.İ.Portyanova ilə dəyişdirilən Bakı şəhəri Yuxarı Dairəvi küçəsi (hazırda Bakı şəhəri Nəsimi rayonu Mir Cəlal küçəsi) 18 saylı evin sahəsi 29,47 m2 olan 2 otaqlı 16 saylı mənzilinə köçmək hüququ əldə etmiş, iddiaçı 1979-cu ildən hal-hazıradək bu mənzildə yaşayır, əri X15 vəfat etdikdən sonra isə iddiaçı faktiki qəbul etdiyi miras əmlaka dair şəhadətnamənin verilməsi üçün Bakı şəhəri 9 saylı notariat ofisinə müraciət etmişdir.

74. İddiaçının hazırkı tələbi irəli sürməkdə hüquqi marağı Bakı şəhəri Nəsimi rayonu Mir Cəlal küçəsi 18 saylı evin 16 saylı mənzili üzərində hüququn ölmüş şəxsə məxsus olmasına dair arayış verilməsindən ibarətdir.

75. Kollegiya eyni zamanda qeyd edir ki, xx.xx.1979-cu il tarixli 048918 saylı orderin Bakı şəhər Mənzildəyişmə İdarəsində, X5 adının arxiv sənədlərində aşkar olunmaması iddiaçının hazırkı tələbinin təmin edilməməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçının vəzifəsi ona verilmiş orderin surətinin saxlanılmasından ibarət olmuş, o, xx.xx.1979-cu il tarixli 048918 saylı orderin notarial qaydada təsdiq olunan surətini məhkəməyə təqdim etmişdir. Dövlət orqanlarının səlahiyyətli şəxslərinin öz vəzifələrini hansı qaydada icra etmələrinə görə isə iddiaçı hər hansı bir məsuliyyət daşıya bilməz.

76. Birinci instansiya məhkəməsi iddiaçının hüquqmüəyyənedici sənəd kimi təqdim etdiyi xx.xx.2007-ci il tarixdə ölmüş X4 adına verilən Bakı şəhər Mənzildəyişmə İdarəsinin xx.xx.1979-cu il tarixli 048918 saylı orderinin mötəbərliyinə şübhə ilə yanaşaraq mənzilin balanssaxlayıcısı olan Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinə göndərdiyi sorğunun cavabını almadan, iddiaçının Bakı şəhəri Nəsimi rayonu Mir Cəlal küçəsi 18 saylı evin 16 saylı mənzilində nə vaxtdan və hansı əsaslarla yaşamasını araşdırmadan, iddiaçının da müraciəti əsasında açılan vərəsəlik işini tələb edib tədqiq etmədən iddiaçının təqdim etdiyi sübutu mötəbər sübut olaraq qəbul etməyib, onun mərhumun vərəsəsi olmaması qənaətinə gələrək iddianı rədd etmişdir. Baxmayaraq ki, iddiaçıya hüquqi yardım göstərmək, mübahisənin obyektiv arşadırılmasının təmin edilməsi üçün sorğular verərək bütün sübutları toplamaq, yəni öz təşəbbüsü ilə əlavə sübutlar toplamaq, bütün sübutları tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirmək birinci instansiya məhkəməsinin də, vəzifəsi idi.

77. İş üzrə obyektiv araşdırma aparmayan birinci instansiya məhkəməsi isə sonda cavabdehin qanunsuz imtinası ilə razılaşmaqla iddiaçının qanunla qorunmasına təminat verilən mülkiyyət hüquqlarının pozulması ilə nəticələnə bilən qərar qəbul etmişdir.

78. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının mənzilə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamının və mənzil kirayə müqaviləsinin təqdim edilməməsi səbəbindən də iddianın təmin edilməsinin qeyri-mümkün olması qənaəti ilə də razılaşmır. Belə ki, tədqiq olunan sübutlardan və yuxarıda istinad olunan maddi hüquq normasının tələbindən aydın müəyyən olunur ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamının, orderinin və ya mənzil kirayəsi müqaviləsinin, yəni sadalanan sənədlərdən birinin təqdim edilməsi, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün əsasdır. İddiaçı isə inzibati orqan olan cavabdehə mərhumun adına xx.xx.1979-cu ildə verilmiş, iddiaçının da adı qeyd edilən və hal-hazıradək qüvvədə olan mənzildəyişmə orderini təqdim etmişdir.

79. İstinad olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4772/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ləğv olunmalı, iddia tələbi təmin olunmalıdır. 80.Şərh olunanlara əsasən, Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4772/2024 saylı, xx.xx.2024-cü il qərarı ləğv edilsin. İddia ərizəsi təmin edilsin. Bakı şəhəri Nəsimi rayonu Mir Cəlal küçəsi 18 saylı evin 16 saylı mənzilinə dair hüququn mərhum X8 məxsus olması barədə arayışın, İddiaçı verilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar