Məhkəmə qərarları › İş №2-1(103)-2426/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2426/2021

21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2426/2021 21.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, 3-cü şəxs X6 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X19 və X12 3-cü şəxs qismində cəlb edilməklə “qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 17.06.2021-ci il tarixli, 2-1(112)- 3666/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2014-cü ildə alqı-satqı yolu ilə Qarabağ Qazisi olan həyat yoldaşı X24 tərəfindən onun adına alınmış və hazırda onun şəxsi mülkiyyətində olan və həmin torpaq sahəsinə onun girişindən başqa heç bir başqa giriş-çıxış yolu olmadığı halda həmin 20 sot torpaq sahəsinə 2016-cı ildə təkrarən X6 adına ona məxsus torpaq sahəsinin 12 sotuna verilmiş qanunazidd qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Novxanı kəndi, Novxanı bağlar massivində yerləşən ona məxsus 20 sot torpaq sahəsini o, 2014-cü il tarixdə alqı-satqı yolu ilə alarkən həmin torpaq sahəsinin əvvəlki sahibi X14 və onun ailə üzvləri ilə 20 sot torpaq sahəsinin alqı-satqısı barədə razılaşmışlar, onlardan aldığı torpaq sahəsi 20 sotdur, yəni o, Sərxan Ağamalıyevdən 20 sot torpaq sahəsi almış, sadəcə ona bildirmişdir ki, sənəddə 8 sot göstərilib, qalan 12 sot torpaq sahəsi də anası X2 adınadır tezliklə həmin torpaq sahəsinin çıxarışını da düzəldib ona təqdim edəcək, hələ bu günə kimi də həmin sənədləri ona təqdim etməyib. O, 2014-cü il tarixdə torpaq sahəsini Ağamalıyevlərdən alandan 2 il sonra, yəni 2016-cı ildə başqa bir şəxs tərəfindən həmin 12 sot torpaq sahəsinə, hansı ki, həmin torpaq sahəsinin heç bir başqa giriş çıxışı olmadığı halda həmin əraziyə qanunsuz olaraq Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən X6 adına çıxarış verilmişdir. Onda olan məlumata görə Sərxan Ağamalıyev torpaq sahəsini ona satdıqdan sonra X11 yaşayır, alqı-satqıdan sonra həmin insanı görməmişdir. Yuxarıda sadaladığı faktlara əsasən onun 2014-cü ildə alqı-satqı yolu ilə aldığı və hazırda onun şəxsi mülkiyyətində olan 20 sot torpaq sahəsinə 2016-ci ildə təkrarən X6 adına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş Qanunazidd qeydiyyat şəhadətnaməsi ləğv edilməlidir. Bakı İnzibati Məhkəməsinin 25.01.2021-ci il tarixli, 2-1(112)-3666/2021 saylı qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, X19 və X12 iş üzrə üçüncü şəxslər qismində cəlb edilmişlər. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2014-cü ildə alqı-satqı yolu ilə Qarabağ Qazisi, 2-ci qrup Qarabağ müharibəsi əlili olan həyat yoldaşı X24 tərəfindən onun adına alınmış və hazırda onun şəxsi mülkiyyətində olan və həmin torpaq sahəsinə onun girişindən başqa heç bir başqa girişçıxış yolu olmadığı halda həmin 20 sot torpaq sahəsinə 2016-cı ildə təkrarən X6 adına ona məxsus torpaq sahəsinin 12 sotuna verilmiş qanunazidd qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilmisini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin əsl cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 17.06.2021-ci il tarixli, 2-1(112)-3666/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: A.Oruczadə) Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətində iddia ərizəsində göstərdiyi dəlilləri qeyd edərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə İddiaçı, cavabdeh və 3-cü şəxs X12 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən qeyd olunan tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışı zamanı 3-cü şəxs X6 nümayəndəsi X15 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə 3-cü şəxsin nümayəndəsini dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı X6 adına ona məxsus torpaq sahəsinin 12 sotuna verilmiş qanunazidd qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və qeyd etmişdir ki, qüvvədə olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış o vaxt mübahisələndirilə bilər ki, ona əsas verən ilkin hüquqmüəyyənedici sənədlər ləğv və ya məhkəmə qaydasında etibarsız hesab edilsin. İşin faktiki halllarından da göründüyü kimi, mübahisənin kökündə mülki hüquq münasibəti (vərəsəlik şəhadətnaməsi) durur. Mübahisələndirilən çıxarış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında qeydiyyata alınmışdır. Vərəsəlik hüququ haqqında şəhadətnamə inzibati akt deyil, vərəsəlik hüququ haqqında şəhadətnamə mübahisələndirildiyi halda, həmin məsələnin həlli Mülki Məcəllənin tələbləri ilə tənzimlənir. İnzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. Aydın olduğu kimi, mübahisələndirilən torpaq sahəsinin əldə edilməsinə əsas olan vərəsəlik haqqında şəhadətnamə mübahisələndirilməmiş və hazırki günədək qüvvədədir. Vərəsəlik haqqında şəhadətnamənin etibarsız olub-olmamasını müəyyən etmək isə ümumi məhkəmənin səlahiyyətindədir. Odur ki, qeyd edilən mübahisəyə ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən torpaq sahəsinin planı və ölçüsünə əsasən 706ə saylı bağ evi tikintisi üçün 1000 kvm torpaq sahəsi Ağamalıyeva (Dadaşeva) Sənubər Ağasi qızı, X16, X20 BM seriyalı 001769 saylı qeydiyyat vəsiqəsi ilə məxsus olmuşdur. İş materiallarında olan Seriya BM 001769 saylı qeydiyyat vəsiqəsinə əsasən 706ə saylı bağ evi paylı mülkiyyət hüququ ilə X13, X7, X20, X8 məxsus olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.084597 ha torpaq sahəsi (bağ sahəsi) X9, X16, X17 və X18 ümumi birgə mülkiyyətindədir. İş materiallarında olan 18.12.2014-cü il tarixli AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, X16 öz adından və digər mülkiyyətçilər X1, X18, X4 adından çıxış edərək onlara məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 126.3 kv.m, yaşayış sahəsi 21.6 kv.m, yardımçı sahəsi 104.7 kv.m, bağ evini mülkiyyətdə olan 0.084597 ha torpaq sahəsi ilə birlikdə İddiaçı 50.000 min manat 00 qəpik qiymətinə satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi 0.084597 ha üzərində yerləşən 2 mərtəbəli 1 otaqlı, yaşayış sahəsi 21.6 kv.m, yardımçı sahəsi 104.7 kv.m olan xüsusi mülkiyyət İddiaçı adına 08.01.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən torpaq sahəsinin planı və ölçüsünə əsasən 706a saylı bağ evi tikintisi üçün 1200 kvm torpaq sahəsi mərhum X10 məxsus olmuşdur. İş materiallarında olan 08.04.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 13.04.2011-ci il tarixdə ölmüş X5 vərəsələri X12 və X19 miras əmlakdan almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 06.04.2016-cı il tarixdə X10 verilmiş **********20 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən torpaq sahəsidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi (bağ sahəsi) X5 adına 06.04.2016-cı il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi (bağ sahəsi) ümumi birgə mülkiyyət əsasında X6 və X2 adına 20.04.2016-cı il tarixdə rəsmiləşdirilmişdir İş materialları ilə müəyyən olunur ki, mübahisə predmetini təşkil edən torpaq sahəsi (706a) iddiaçının mülkiyyətində olan torpaq sahəsindən (706ə) fərqlidir. İddiaçı 3-cü şəxslərin mülkiyyətində olan 12 sot torpaq sahəsinin də ona satılması ilə bağlı razılaşdırıldıqlarını, buna dair ödənişin həyata keçirildiyini iddia edərək, 3-ü şəxslərin mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair sənədi mübahisələndirir. Lakin iddiaçı daşınmaz əmlakın alqı-satqısı yolu ilə 0,084597 ha torpaq sahəsi almış, həmin torpaq sahəsinə dair mülkiyyət hüquqları qeydiyyata alınaraq çıxarış verilmişdir. İş materiallarında olan sənədlərdən aydın olur ki, 3-cü şəxslərin mülkiyyətində olan torpaq sahəsi qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əsasında onlara keçmişdir. Göründüyü kimi mübahisə predmetini təşkil edən torpaq sahəsi qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əsasında 3-cü şəxslərin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlak üzərində mülkiyyət hüquqları qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışlarla rəsmiləşdirilmişdir. İddia ərizəsindən göründüyü kimi, hazırki mübahisənin mahiyyəti 3-cü şəxslərə məxsus torpaq sahəsinin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi barədədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsinə görə inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) baxılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli Qərarında göstərilir ki, əmlak hüquqları ilə bağlı mübahisələrdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Qanunun 2.1 və 12-ci maddələrinin, habelə MM-in 140-cı maddəsinin tələblərinə görə daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Belə ki, müvafiq inzibati orqan mülki-hüquqi münasibəti, yəni mülki-hüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə DƏDRX-də qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ prezumpsiyasını yaradır. Beləliklə, daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat inzibati orqanın fəaliyyətinin ümumi (publik) hüquqa aid olan hərəkəti hesab edilsə də, təbiətinə görə daha çox mülki xarakterli münasibətlərin nəticəsi kimi ifadə olunur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li Qərarının 15-ci bəndində nəzərdə tutulmuşdur: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Qeyd olunan Qərarın 15.3-cü bəndinə görə mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının etibarsız hesab edilməsini tələb etdiyi çıxarışın mübahisələndirilmə əsasını mülki hüquq münasibətləri təşkil edir. Bu halda kollegiya hesab edir ki, iddiaçının həmin tələbi hüquqi təbiəti baxımdan mülki-hüquqi tələbdir. Bu səbəbdən iddiaçının həmin tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən çıxarış daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə olduğundan, həmin çıxarış inzibati akt hesab olunmadığından və tərəflər arasında yaranmış mübahisə mülki hüquq münasibətlərindən yarandığından müvafiq iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Həmçinin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, 3-cü şəxslərə çıxarışın verilməsinə əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərin ləğvinə və ya etibarsızlığına nail olduqdan sonra həmin hala istinadla qeydiyyatın və çıxarışın ləğvinə dair inzibati orqana müraciət etməli, həmin müraciəti təmin edilmədikdə isə inzibati orqanın hərəkətini məhkəmədə mübahisələndirməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 17.06.2021-ci il tarixli, 2-1(112)-3666/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar