Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2426/2023 30.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X5 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X3 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinin mülkiyyət hüqüqunun qeydiyyata alınıb reyestrdən çıxarışın tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-314/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 3493a saylı bağ sahəsinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş etmirşdir. İddianın əsaslarına görə Bakı Şəhər İcra Hakimiyyəti başçısının 10 noyabr 2005-ci il tarixli 289 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 3493a saylı bağ sahəsi İddiaçı ayrılmış və həmin sərəncam əsasında onunla X2 və İstismarı Birliyi ilə onun arasında 36495 nömrəli 26 dekabr 2005-ci il tarixli bağın istifadəyə verilməsi barədə müqavilə bağlanmışdır. İddiaçı həmin bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi üçün cavabdehə müraciət etmiş, lakin qanunvericiliklə tələb olunan bütün sənədlər təqdim edilməsinə baxmayaraq, cavabdeh müraciətdə qaldırılan məsələnin həllindən bağ sahəsinin sxematik xəritəyə uyğunsuz olması əsası ilə imtna etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, torpaq sahəsi 16b saylı bağ sahəsinin bir hissəsinə uyğundur. Bundan başqa iddiaçı tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqqında” Qanunun 8-ci maddəsində nəzərədə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-314/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı ona Bakı ŞİH X2 və İstismarı Birliyi ilə bağlanmış 36495 nömrəli 26 dekabr 2005-ci il tarixli müqavilə əsasında ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 3493a saylı bağ sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş və düzgün tətbiq edilməmişdir. Belə ki, aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, sözügedən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, 3493a saylı bağ sahəsnin faktiki göstərilən ərazisi 3351v saylı bağ sahəsinə uyğun gəlir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Rzazadə apellyasiya şikayətini müdafiə etdiyini bildirmiş, İddiaçı isə birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 3493a saylı bağ sahəsinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etmişdir. İş materiallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin X2 və İstismarı Birliyi ilə İddiaçı arasında Ləhiş bağ massivi ərazisində yerləşən, 3493a nömrəili bağ istifadəyə verilməsi haqqında 36445 saylı müqavilə imzalanmış və həmin müqaviləyə əsasən 0,12 ha torpaq sahəsi olan bağ iddiaçının istifadəsinə verilmişdir. Konkret halda, cavabdehin işə əlavə olunmuş, imtina məktubuna, iddia ərizəsinə etirazına və onun apellyasiya şikayətinin dəlillərinə əsasən həmin müqavilə və bağ sahəsinin faktiki olaraq iddiaçının sahibliyində olduğu mübahisələndirilmir. Cavabdeh yalnız onu mübahisəndirir ki, həmin (3493a) bağ sahəsi sxematik xəritəyə uyğunsuzluq təşkil edir. Belə ki, 3351v saylı bağ sahəsinə uyğun gəlir. İş materiallarına əsasən müəyyən olunur ki, cavabdehin qeyd olunan dəlili ilə əlaqədar birinci instansiya məhkəməsi tərəfindən torpaq kadastrı sahəsində yerquruluşu mütəxəssinin rəyi də alınmış və mütəxəssis tərəfindən həmin rəydə bildirilmişdir ki, Ləhiş bağlar massivin də bağ sahələrinin istifadəçiləri tərəfindən hasarlama işləri üzrə sxematik xəritəyə uyğun nömrə ardıcıllığı ilə aparılmadığı səbəbindən iddia olunan 3493a saylı bağın həqiqi yerinin müəyyən olunması mümkün olmamışdır. Qeyd olunmalıdır ki, cavabdeh qeydiyyat orqanı tərəfindən bütün oxşar mübahisələrdə olduğu kimi, konkret halda da, iddiaçının istifadəsində olan həmin torpaq sahəsinin faktiki yerləşməsinə görə bağların sxematik xərtiəyə görə digər bağ sahəsinə uyğun gəlməsi iddiaçının təqsiri kimi qiymətləndirilə bilməz. İkincisi, iddia olunan bağ sahəsi iddiaçının istifadəsinə verildiyi 2005-cı ildən halhazıradək onun faktiki istifadəsində olması, bu günə qədər ona qarşı istər qonşu bağ sahibləri, istərsə də digər üçüncü şəxslər tərəfindən hər hansı mübahisə qaldırılmamışdır. Həm də buna əsas da olduğu müəyyən olunmur. Həmçinin, bağ sahəsi onun istifadəsinə ayrılarkən, sxematik xəritəsinin bölünmüş bağların naturada yerləşmə vəziyyətinə uyğun tərtib olunub-olunmadığı da qeyri-müəyyəndir. Odur ki, qeyd olunanlar baxımından, bağ sahasinin sxematik xəritə ilə uyğunsuzluğu əsas gətirilməklə, iddiaçının adına mülkiyyət hüququnun qeydə alınmasından imtina olunması üçün əsas ola bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun, hüquqların dövlət qeydiyyatından imtina hallarının təsbit olunduğu 15-ci maddəsində qeyd olunan əsasla qeydiyyatdan imtina da nəzərdə tutulmamışdır. Digər tərəfdən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.20-ci bəndi isə nəzərədə tutur ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdeh qeydiyyat orqanının vəzifəsidir. “İnzibati icraat haqqında” Qanunun 22.1-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Həmin Qanunun 24.3-cü maddəsinin tələbinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Cavabdeh qurum qeydiyyat orqanı olaraq, qanunvericiliyin qeyd olunan tələblərinə varmadan laqeyid ifadə formasında “sxamatik xəritəyə uyğunsuzluq” adı altında imtinası “Torpaq islahatı haqqında” Qanunun 9-cü maddəsinin tələbi baxımından artıq həmin torpağın faktiki mülkiyyətçisinə çevrilmiş iddiaçıya bağ saəhsinin adına qeydiyyata alınmasından yayınması əsassızdır. Çünki, “Torpaq islahatı haqqında” Qanunun qeyd olunan 9-cu maddəsi nəzərdə tutur ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsi isə nəzərədə tutur ki, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış bağ sahələrinə hüququn qeydiyyata alınması üçün əsasdır. Beləliklə də, göstərilənlər onu deməyə əsas verir ki, bağ sahəsinin sxematik xəritəyə uyğun gəlməməsi əsası ilə iddiaçının adına qeydiyyatdan imtina iddiaçının qanunla qorunan hüquqlarını pozur. İPM-in 73.1-ci maddəsininin tələbindən də görünür ki, aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını işdə olan sübutlara və maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-314/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-314/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2426/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2426/2023
30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver