Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2426/2025 03.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Rusiya Federasiyasının “X7” MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5707/2025 saylı, 03 fevral 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı Rusiya Federasiyasının “X7” cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “Rusiya Federasiyasının “X7” MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin barəsində Səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2024cü il tarixli **********189368 saylı qərarının və onun hüquqi nəticələrinin ləğv edilməsi” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Rusiya Federasiyasının “X7” MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (**********) fəaliyyətə başladığı müddətdən etibarən daimi vergi hesabatlarını vaxtlı vaxtında təqdim etmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsinin xx.xx.2024-cü il tarixli **********189368 saylı qərarı ilə Rusiya Federasiyasının “X7” MMCnin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin (**********) barəsində səyyar vergi yoxlamasının keçirilməsi: yoxlama ilə əhatə olunan vergi dövrü: Dekabr 2017-oktyabr 2024. Bu qərar xx.xx.2024; tələbnamə xx.xx.2024-cü ildə elektron qaydada onlara göndərilmişdir. Qərarla razı deyillər. Belə ki, bu yuxarıda qeyd edilən qərar qanunsuz və əsassız olaraq qəbul edilmişdir. İlkin olaraq bu münasibət 2016-cı ildən başlamış və bu günə kimi davam edir. Bu da 2017-ci ildə şəxsi vərəqədə artıq ödəmənin tələb edilməsi olub ki, onlar da buna məcbur olmuşdur. Çünki cavabdeh tərəfindən vaxtı ötmüş, tələb edilməyən məbləğlər kimi silinməsini icra edirdi. Qanunvericiliyə əsasən tövsiyyə ediləni etmiş və həmin gündən növbədənkənar səyyar vergi yoxlamalarının ard-ardı kəsilməmişdir. Belə ki, xx.xx.2017-ci il tarixli qərarla 2014-2016-cı illər; xx.xx.2020-ci il tarixli qərarla avqust 2017-iyul 2020-ci illərin növbədənkənar səyyar vergi yoxlaması ilə keçirilən yoxlama nəticəsində müvafiq aktlar tərtib edilmişdir. Bakı İnzibati məhkəməsinin 2-1(112)-1253/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə (hakim F.Mədətli) Rusiya Federasiyasının “X7” MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin iddiası təmin edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xx.xx.2018-ci il tarixli “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının tələbetmə müddətinin bitmiş hesab edilməsi haqqında” qərarın ləğv edilməsi, xx.xx.2018-ci ildə şəxsi hesab vərəqəsindən silinmiş 1.864.930,70 manat artıq ödəmə məbləğinin şəxsi vərəqəyə geri qaytarılması, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən keçirilmiş xx.xx.2018-ci il tarixdə Səyyar vergi yoxlaması aktına əsasən təsdiqlənmiş 2.014.350,04 manat artıq ödəmənin geri qaytarılması qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsinin cavabdehə həvalə edilməsi, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 150 (yüz əlli) manat pul vəsaitinin cavabdeh Аzərbаусаn Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən tutularaq dövlət nəfinə keçirilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-1810/2022 nömrəli, 29 iyul 2022-ci il tarixli; Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2113/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1253/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1253/2020 saylı xx.xx.2020-ci il tarixli qanuni qüvvəyə minmiş, cavabdeh tərəfindən 1.864.930,70 manat şəxsi vərəqəyə geri qaytarılmış, 2.014.350,04 manat artıq ödəmənin onlara geri qaytarılması üçün Maliyyə Nazirliyinə rəy ünvanlanmışıdr. Yəni məhkəmə qərarı qismən icra edilmişdir. Əsas diqqətçəkən məqam isə odur ki, vergi orqanı tərəfindən artıq Rusiya Federasiyasının “X7” MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (**********) barəsində xx.xx.2020-ci il tarixli **********140131 saylı qərarı ilə avqust 2017-iyul 2020-ci illər üzrə növbədənkənar səyyar vergi yoxlamanın keçirilməsi qərara alınmışdır. İddiaçıya növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş, yoxlamanın nəticələrinə dair xx.xx.2021-ci il tarixli **********140171 saylı səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Cavabdehin **********154512 saylı, xx.xx.2022-ci il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə iddiaçıya əlavə vergilər hesablanmış və maliyyə sanksiyaları tətbiq edilmişdir. **********154512 saylı, xx.xx.2022-ci il tarixli qərarın ləğvi ilə bağlı məhkəməyə müraciət edilmişdir. Həmin məhkəmə prosesi ilə yanaşı cavabdeh tərəfindən qanuni nümayəndə barəsində cinayət işi də açılmışdır. Məhkəmə baxışları zamanı **********154512 saylı, xx.xx.2022-ci il tarixli qərar məhkəmə tərəfindən ləğv edilmiş, Ali Məhkəmənin xx.xx.2024 cü il tarixli 2-1(102)-1197/2024 saylı qərarı ilə vergi orqanının şikayəti mümkünsüz sayılmışdır. Qərarlar qanuni qüvvəyə minmiş, cavabdeh tərəfindən icra edilmişdir. Şəxsi vərəqəyə silinmiş məbləğ geri qaytarılmışıdır. Buradan belə nəticə çıxarılır ki, qanunvericiliklə iddiaçının barəsində olan cinayət işinə xitam verilməlidir. Lakin cavabdeh yuxarıda sadalanan və məhkəməyə təqdim edilən Ali Məhkəmənin qərarlarına əhəmiyyət vermədən bitmiş bir iş üzrə yeni qərar qəbul edir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə VM-nin 38.3.6-cı maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlamasının dekabr 2017-oktyabr, o cümlədən yenidən yoxlama ilə əhatə olunan vergi dövrü dekabr 2017-iyul keçirilməsi qərara alınmışıdr. Halbuki, bu illər artıq yoxlanmış 2024-cü ilin hesabat dövrü bitməmişdir. Cavabdeh tərəfindən hesab edilir ki, qəbul edilən qərar qanunsuz və əsassızdır. Vergi Məcəlləsinin 38.3.6.-ci maddəsinə əsasən, cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən keçirilə bilər. İddiaçı barəsində heç bir məhkəmə və ya hüquq mühafizə orqanının qərarı yoxdur ki, vergi yoxlaması keçirilsin. Məhkəmələr bitib, qərarlar qanuni qüvvəyə minib, hətta iddiaçı tərəfindən icra edilib. Hüquq mühafizə orqanın qərarı da yoxdur ki, vergi yoxlaması keçirilsin. Yox əgər inzibati orqanın bu mübahisələndirilən qərarına istinad edilirsə bu işə də xitam verilməli idi. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5707/2025 saylı, 03 fevral 2025-ci il tarixli qərardadı ilə (hakim A.Almazova) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5707/2025 saylı, 03 fevral 2025-ci il tarixli qərardadının ləğv edilməsi, iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2017-2020-ci il yoxlama ilə əhatə edilən dövr artıq yoxlanılmışıdr, məsuliyyətə cəlb edilmə qərarı qəbul edilmişdi və Ali Məhkəmənin qərarı daxil olmaqla, məsuliyyət qərarı Bakı İnzibati Məhkəmənin xx.xx.2022ci il tarixli 2-1 (112)-890/2023-cü il tarixli qərarı ilə ləğv edilmişdir. Məsuliyyət qararının bütün hüquqi nəticələri məhkəmə qərarı ilə ləğv edilmişdi. Bu yoxlama əvvəlki səyyar vergi yoxlaması ilə yoxlanılan dövr əhatə edilməklə yuxarı vergi orqanının qərarı ilə açılmamışdır. Mübahisələndirilən qərar inzibati akt deyilsə, nədən sonda bu qərardan məhkəməyə şikayət verilə bilər sözləri yazılmışdır? 2024-cü ilin hesabt dövrü bitməmişdir, lakin cavabdeh yoxlama keçirir. İllərdir ki, nümayəndəlik barədə qanunsuz, qərəzli qərarlar qəbul edilir və cavabdeh tərəfindən icra edilir. İlkin olaraq bu münasibət 2016-cı ildən başlamış və bu günə kimi davam edir. Bu da 2017-ci ildə tərəflərindən şəxsi vərəqədə artıq ödəmənin tərəflərindən tələb edilməsi olub ki, onlar da buna məcbur olublar. Çünki cavabdeh tərəfindən vaxtı ötmüş, tələb edilməyən məbləğlər kimi silinməsini icra edirdi. Qanunvericiliyə əsasən onlara tövsiyyə ediləni ediblər və həmin gündən növbədənkənar səyyar vergi yoxlamalarının ard-ardı kəsilmir. Belə ki, xx.xx.2017-ci il tarixli qərarla 2014-2016-cı illər; xx.xx.2020-ci il tarixli qərarla avqust 2017-iyul 2020-ci illərin növbədənkənar səyyar vergi yoxlaması ilə keçirilən yoxlama nəticəsində müvafiq aktlar tərtib edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1253/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə Rusiya Federasiyasının “X7” MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin iddiası təmin edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xx.xx.2018-ci il tarixli “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının tələbetmə müddətinin bitmiş hesab edilməsi haqqında” Qərarın ləğv edilməsi, xx.xx.2018ci ildə şəxsi hesab vərəqəsindən silinmiş 1.864.930,70 manat artıq ödəmə məbləğinin şəxsi vərəqəyə geri qaytarılması, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən keçirilmiş xx.xx.2018-ci il tarixdə Səyyar vergi yoxlaması aktına əsasən təsdiqlənmiş 2.014.350,04 manat artıq ödəmənin geri qaytarılması qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsinin cavabdehə həvalə edilməsi, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 150 manat pul vəsaitinin cavabdeh Аzаrbаусаn Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən tutularaq dövlət nəfinə keçirilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kolegiyasının 2-1(103)-1810/2022 nömrəli, 29 iyul 2022-ci il tarixli; Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kolegiyasının 2-1(102)-2113/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1253/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı dəyişdirlmədən saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1253/2020 saylı xx.xx.2020-ci il tarixli qanuni qüvvəyə minmiş, cavabdeh tərəfindən 1.864.930,70 manat şəxsi vərəqəyə geri qaytarılmış, 2.014.350,04 manat artıq ödəmənin onlara geri qaytarılması üçün Maliyyə Nazirliyinə rəy ünvanlanmışıdr. Yəni məhkəmə qərarı qismən icra edilmişdir. Pul hesabda görünsə də, ondan istifadəyə qərəzli kameral qərarlar qəbul edilməklə süni maneələr yaradılır. Əsas diqqət çəkənməqam isə odur ki, az müddətdən sonra vergi orqanı yeni dövr üzrə Rusiya Federasiyasının “X7” MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi barəsində xx.xx.2020-ci il tarixli **********140131 saylı qərar qəbul edir və avqust 2017-iyul 2020-ci ilər üzrə növbədənkənar səyyar vergi yoxlamanın keçirilməsi baş tutur. Cavabdeh tərəfindən növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş, yoxlamanın nəticələrinə dair xx.xx.2021-ci il tarixli **********140171 saylı səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Cavabdehin **********154512 saylı xx.xx.2022-ci il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə iddiaçıya əlavə vergilər hesablanmış və maliyyə sanksiyaları tətbiq edilmişdir. **********154512 saylı, xx.xx.2022-ci il tarixli qərarın ləğvi ilə bağlı məhkəməyə müraciət edilmişdir. Həmin məhkəmə prosesi ilə yanaşı cavabdeh tərəfindən qanuni nümayəndə barəsində cinayət işi də açılmışdı. **********154512 saylı, xx.xx.2022-ci il tarixli qərar məhkəmə tərəfindən ləğv edilmiş, Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(102)- 1197/2024 qərarı ilə vergi orqanın şikayəti mümkünsüz sayılmışdır. Qərarlar qanuni qüvvəyə minmiş, cavabdeh tərəfindən icra edilmişdir. Şəxsi vərəqəyə silinmiş məbləğ geri qaytarılmışıdr. Buradan belə nəticə çıxarılır ki, qanunvericiliklə iddiaçının barəsində olan cinayət işinə xitam verilməlidir. Lakin cavabdeh yuxarıda sadalanan və məhkəməyə təqdim edilən Ali Məhkəmənin qərarlarına əhəmiyyət vermədən bitmiş bir iş üzrə yeni qərar qəbul edir. Cinayət işinə xitam verilməsi barədə dəfələrlə cavabdehə rəsmi müraciətləri belə olmuşdur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə VM-nin 38.3.6-cı maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlamasının dekabr 2017-oktyabr 2024, o cümlədən yenidən yoxlama ilə əhatə olunan vergi dövrü dekabr 2017-iyul 2020 keçirilməsi qərara alınmışıdr. Halbuki, 2017-2020 illər artıq yoxlanmış, 2024-cü ilin isə hesabat dövrü bitmədən belə yoxlama keçirilməsi qərara alınmışdır. Cavabdeh şirkətlər qrupuna daxil olan, əsassız olaraq 3 şirkətə cinayət işi açmış və əlavə vergi borcu ilə hüquqi şəxsləri borclandırmış və əlavə, əsassız öhdəliklər yaratmışıdr. Halbuki, VM-nə görə qanunsuz vergi hesablanması qanunvericiliyin tələblərinə ziddir. Cavabdehin xx.xx.2024-cü il tarixli **********189365 saylı qərarı Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən başlanmışdır. Vergi Məcəlləsinin 38.3-cü maddəsinə əsasən, növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.6. cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda. İddiaçı barəsində heç bir məhkəmə və ya hüquq mühafizə orqanının qərarı yoxdur ki, vergi yoxlaması keçirilsin. Məhkəmələr bitib, qərarlar qanuni qüvvəyə minib, hətta cavabdeh tərəfindən icra edilib. Hüquq mühafizə orqanın qərarı da yoxdur ki, vergi yoxlaması keçirilsin. Yox əgər inzibati orqanın bu mübahisələndirilən qərarına istinad edilirsə, bu işə də xitam verilməli idi. Tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etirazını bildirərək, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-5707/2025 saylı, 03 fevral 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 2 .Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İPM-in; - Maddə 35. İddianın mümkünlüyü. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Sözügedən qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İstinad olunan normaların tələbinə əsasən, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Belə ki, iddiaçının tələbi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsinin Səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli **********189368 saylı qərarın ləğv edilməsi və onun hüquqi nəticələrinin ləğv edilməsinə yönəlmişdir. Məhkəmə kollegiyası səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanlarının qəbul etdiyi qərarlarla bağlı ilk növbədə qeyd edir ki, Vergi Məcəlləsinin 38-ci maddəsində səyyar vergi yoxlamasının növbəti və növbədənkənar olmaqla, iki növü müəyyən olunmuşdur. Vergi orqanı tərəfindən hər iki yoxlamanın keçirilməsi barədə qəbul olunmuş qərar inzibati akt hesab edilmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla, aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati orqan tərəfindən qəbul edilmiş hər hansı qərarın inzibati akt sayılması üçün, həmin qərarın ünvanlandığı şəxsə münasibətdə mütləq qaydada hüquqi nəticələr yaratması tələb olunur. Başqa sözlə, inzibati akt ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi statusunda müəyyən dəyişikliyə səbəb olur, onun hüquqi vəziyyətini dəyişdirir, şəxsin üzərinə müəyyən vəzifə və ya öhdəlik qoyur, yaxud da onun bu və ya digər hüququnu təsbit edir və ya ona hər hansı hüquq tanıyır və bunun üzərindən hüquq münasibətlərinin əmələ gəlməsinin, mövcud münasibətlərin dəyişdirilməsinin və ya onlara xitam verilməsinin hüquqi əsası kimi çıxış edir. Vergi Məcəlləsinin 38, 39 və 49-cu maddələrinin əlaqəli təfsiri baxımından səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar inzibati aktın normativ anlayışı ilə ehtiva olunan zəruri hüquqi nəticə yaratmaq əlamətinə malik deyildir. Başqa sözlə, səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar vergi ödəyicisi üçün hər hansı hüquqi nəticə yaratmır. Həmin qərarın yoxlamaya məruz qalan şəxs üçün yarada biləcəyi müəyyən faktiki narahatlıqlar onun hər hansı hüququnun məhdudlaşdırılması və ya onun hüquqları sferasına müdaxilə kimi qiymətləndirilə və ona münasibətdə hüquqi nəticə anlamında qəbul edilə bilməz. Belə ki, hüquqi nəticə səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar üzərindən deyil, həmin qərar əsasında aparılan yoxlamanın yekununa dair vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən qəbul edilmiş qərar üzərindən yaranır. Başqa sözlə, vergi məsuliyyəti (hüquqi nəticə) səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar əsasında deyil, yoxlamanın yekununa dair vergi orqanı tərəfindən istinad olunan normaya (Vergi Məcəlləsinin 49-cu maddəsinə) əsasən qəbul edilmiş qərar əsasında yaranır. Yəni, vergi ödəyicisi yalnız vergi orqanının vergi məsuliyyətinə cəlb etmə barədə qərarı ilə vergi məsuliyyətinə (hüquqi nəticə) cəlb edilə bilər. Bu mənada məhz həmin qərar vergi ödəyicisi üçün hüquqi nəticə yaradan (vergi öhdəliyi nəzərdə tutan) inzibati akt qismində qəbul olunmalıdır. Cavabdeh tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi barədə qəbul edilmiş qərar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmadığından inzibati akt sayıla və İPM-in 2-ci maddəsinə əsasən inzibati məhkəmə qaydasında müstəqil şəkildə mübahisələndirilə bilməz. Bu baxımdan səyyar vergi yoxlamasının keçirilməsi barədə hazırkı qərarın mübahisələndirilməsinə dair iddia mümkün sayılmamalıdır. Lakin eyni zamanda nəzərə almaq lazımdır ki, səyyar vergi yoxlamasının nəticələrinə dair qəbul edilmiş vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar inzibati məhkəmə qaydasında mübahisələndirildiyi halda, həmin mübahisə üzrə icraat çərçivəsində həm də səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın qanuniliyi və əsaslılığı da yoxlanılır. Vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Bu mənada vergi qanunvericiliyi ilə vergi orqanlarının üzərinə qoyulmuş vəzifələri və vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsinin təmin olunması ilə bağlı səlahiyyətləri həyata keçirərkən vergi orqanı hər bir halda qeyd olunan məqsədlərdən çıxış etməli və vergi ödəyicisinə münasibətdə yalnız qanunda təsbit edilmiş əsasların mövcud olduğu hallarda və qaydada vergi nəzarəti tədbirlərini tətbiq etməlidir. Bu həm də inzibati orqanların, o cümlədən cavabdehin fəaliyyətinin qanunçuluq prinsipinə tabe olmasından irəli gəlir. Nəzərə almaq lazımdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunur və üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan konstitusiya ilə qorunan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin ... tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. İşin halları ilə müəyyən edilir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, iddia təmin edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xx.xx.2018-ci il tarixli “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının tələbetmə müddətinin bitmiş hesab edilməsi haqqında” qərarı ləğv edilmiş və xx.xx.2018-ci ildə Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə məxsus şəxsi hesab vərəqəsindən silinmiş 1.864.930,70 manat artıq ödəmə məbləği şəxsi vərəqəyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən keçirilmiş xx.xx.2018-ci il tarixli Səyyar vergi yoxlaması aktına əsasən təsdiqlənmiş 2.014.350,04 manat artıq ödəmənin geri qaytarılması məqsədilə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilmişdir. Hazırkı iş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi haqqında **********189365 nömrəli qərardan görünür ki, Rusiya Federasiysaının “X7” MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi üzrə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıda göstərilən vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama ilə əhatə olunan vergi dövrü: Dekabr 2017- Oktyabr 2024, o cümlədən yenidən yoxlama ilə əhatə olunan vergi dövrü: Dekabr 2017- İyul 2020. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək, hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Göründüyü kimi, iddiaçı barəsində cinayət işi məhkəmə qaydasında ləğv edilmiş inzibati akt əsasında başlanılmışdır. Məhkəmə aktı ilə inzibati mübahisə vergi ödəyicisinin xeyrinə yekunlaşdığı hallarda, yəni vergi ödəyicisinin vergi öhdəliyinin mövcud olmadığının qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsdiq olunduğu hallarda, vergi ödəyicisi vergi borcunu ödəməkdən yayınmağa görə cinayət təqibinə məruz qala bilməz. Belə ki, vergidən yayınmaq üçün ən azından şəxsin vergi borcunun olduğu müəyyən edilməlidir. Vergi borcunun müəyyən olunmadığı hallarda isə cinayət hadisəsinin mövcud olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5707/2025 saylı, 03 fevral 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-2426/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2426/2025
03.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver