Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2427/2022 22.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə. İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə qarşı (üçünçü şəxslər X2 və X3) “töhmət xarakterli intizam məsuliyyətinə cəlb edilmə tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4917/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə qarşı (üçünçü şəxslər X2 və X3) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sübutların olmadığı halda, inzibati tənbeh haqqında qərar qəbul etmiş polis kapitanı X2 və polis leytenantı X1 töhmət xarakterli intizam məsuliyyətinə cəlb edilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə xx.xx.2020-ci il tarixində saat 11:47-də Afiyəddin Cəlilov küçəsi ilə İzzət Orucova küçələrinin kəsişməsində **-YP-*** nömrəli DYP avtomobilini idarə edən polis əməkdaşı, onu, guya ona yol vermədiyinə görə saxlayaraq İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə barəsində protokol tərtib etmiş, həmin protokol əsasında polis kapitanı X2 işi araşdırmadan inzibati tənbeh haqqında qərar qəbul etmişdir. Ona yazılan protokol əsasında qəbul edilmiş qərar apellyasiya məhkəməsi tərəfindən ləğv edilmişdir. Bütün bu proseslər iki ilə yaxın çəkmiş və ona dəymiş maddi ziyan və mənəvi zərər mülki qaydada indi də davam edir. Sonuncu məhkəmənin qərarına əsasən onun qayda pozmadığı halda qanunsuz cərimə olunduğu üçün adları çəkilən polis əməkdaşlarının töhmət xarakterli intizam məsuliyyətinə cəlb olunması ilə bağlı DİN Baş X6 İdarəsinin rəisinə sorğu ilə müraciət etmişdir. Cavab məktubunda DYP əməkdaşlarının cəzalandırılması barədə məhkəmənin xüsusi qərardad qəbul etməməsi əsas gətirilmişdir. Qərar apellyasiya məhkəməsində ləğv edildiyindən, maddi və mənəvi ziyanın ödənilməsi isə mülki qaydada həll olunduğundan, polis əməkdaşlarının da intizam məsuliyyətinə cəlb olunmaları inzibati məhkəmə qaydasında həyata keçirilməlidir. Sonuncu məhkəmə qərarına əsasən inzibati xətanın ləğvi sübutların olmaması ilə əsaslandırılmışdır. Deməli hər iki qərar polis əməkdaşları tərəfindən sübutlarsız verilmişdir. Məhkəmənin qərarı DYP idarəsinin bütün qərarlarından üstündür. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4917/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmmışdır. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəmənin həmin qərardadının ləğv olunmasını və sübutlarsız inzibati tənbeh haqqında qərar qəbul etmiş polis kapitanı X2 və polis leytenantı X1 töhmət xarakterli intizam məsuliyyətinə cəlb edilməsinin cavabdeh Daxili İşlər Nazirliyi Baş X6 idarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci madddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Şikayətin əsaslarına görə birinci instansiya məhkəməsi qeyd etdiyim əməkdaşların hərəkətlərinin inzibati xətalar məcəlləsinin tələbləri ilə uyğunluğunu yoxlamayıb. Belə ki, açıq aşkar maddələri qeyd etməyimə baxmayaraq iclasda həmin faktlar müzakirə edilməyib. İXM-in 78.1, 38.6, 61.1.8 , 595.1 və 17-ci maddələrinin tələblərinə istinadən iddiaçı qeyd edir ki, polis əməkdaşlarının sübutlarsız İXM-sinin 114.1.1-ci bəndinin qanunsuz tətbiqi işin bu dərəcədə uzanmasına gətirib çıxarır. Halbuki sübutlar olmadıqda onlar İXM-sinin 114.1.4-cü bəndi tətbiq edərək işə özləri məhkəməsiz xitam verməyə İXMsinin 76.1-ci bəndinə əsasən borclu idilər. Belə olan halda yalnız protokolu sübutlarsız yazan polis əməkdaş cəzalanacaqdır. Amma indiki halda protokolu yazan deyil onun qararını verən hər iki əməkdaş məsuliyyətə cəlb olunmalıdır. Hakim sadaladıığım halın İXM-si ilə uyğunluğunu yoxlamadan iddianı mümkünsüz saymışdır. Bütün hallarda Hakimin iddianı mümkün saymayaraq qərardadda göstərdiyi istinadlar, mənim işə əlavə etdiyim materiallar və əsaslandığım maddələrə uyğun gəlmir. Belə olan halda apelyasiya şikayətim təmin olunmalıdır. Əlavə olaraq qeyd etmək istərdi ki, hakim işin icraata götürülməməsinin səbəbini əməkdaşların məsuliyyətə cəlb olunması üçün hadisənin onların əmək münasibətlərindən irəli gələn məsələlərlə bağlı baş verməməsi səbəbi kimi bildirmişdir. Halbuki, iddia tələbi elə onların əmək münasibətlərindən və işlərinə düzgün yanaşmadıqlarına görə baş vermişdir. Polisdən şikayət təkrar polisə deyil daha yuxarı instansiya olan məhkəmədə araşdırılmalıdır. Əyər polis cəzanın ancaq məhkəmə tərəfindən verilməsini, hakim isə cəza tədbiri öhdəliyini polisin üzərinə qoymasını təmin etmək səlahiyyətində olmadığını bildirirsə deməli, günahkar cəzasız qalır. Belə çıxır ki, polis əməkdaşı intizam məsuliyyətinə nə idarədaxili, nə də məhkəmə tərəfindən cəlb oluna bilmir. Deməli, polis əməkdaşı istənilən şəxsi qanunsuz tənbeh edə bilər və buna görədə arxayın ola bilər ki, onu heç kim məsuliyyətə cəlb edə bilməyəcək. Məsələ hələ onların qayda pozub pozmadıqları deyil, məsuliyyətə cəlb olunmaları üçün ilkin araşdırma prosesi mexanizminin olmaması problemidir. Qanunda belə bir boşluğun olmasına inanmır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdeh və üçüncü şəxslərin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iddiaçını dinləyib və iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıdakı əsaslara görə onun apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılan iddianın mahiyyətindən və onda irləli sürülən iddia tələbindən göründüyü kimi, barəsində yol polisi əməkdaşları (üçüncü şəxslər) tərəfindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (“İXM”) 327.2-ci maddəsi ilə tərtib olunmuş protokolu və həmin protokol əsasında tərtib olunmuş qərarını qanunsuz olduğunu inzibata xətalara dair icraat qaydasında mübahisələndirmiş, son nəticədə, onun şikayəti əsasında barəsində qəbul edilmiş qərarlardan verdiyi şikayətinə əsasən Bakı Apellasiya Məhkəməsininin xx.xx.2020-ci il tarixli qərarı ilə inzibati tənbeh vermə haqqında qərara xitam verilmişdir. Konkret halda, iddiaçı barəsində inzibati tənbeh haqqında qərar qəbul etmiş cavabdeh DYP əməkdaşlarının (üçüncü şəxslərin) töhmət xarakterli intizam məsuliyyətinə cəlb olunmasını məhkəmədən tələb etmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar birincisi, onu qeyd edir ki, şəxsin, o cümlədən, DYP əməkdaşlarının intizam məsuliyyətinə cəlb olunması həmin polis orqanunun daxili intizam qaydaları ilə tənzimlənən bir məslədəir və həmin qaydaların pozulmasına görə əməkdaşın məsuliyyətə cəlb olunması həmin orqana məxsus və yalnız onun səlahiyyətinə aid olan subyektiv hüququdur. Digər tərəfdən İXM-in 527-ci maddəsinin mahiyyətindən irəli gələn mənası onu deməyə əsas verir ki, məhkəmənin xüsusi qərardadı (qərarı) və ya hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) təqdimatı əsasında yalnız, qanun pozuntularına yol vermiş vəzifəli şəxs barədə intizam qaydasında tədbir görülməsinin mümkünlüyündən söhbət gedə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsindən isə görünür ki, bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən isə Bu Qanun inzibati orqanların: 3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; 3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə - şamil olunmur. İPM-in 2.1-ci maddəsinə əsasən isə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Proesessual qanunvericiliyin qeyd olunan normaları baxmından, iddiaçının hazırkı iddia tələbi inzibati məhkəmə icraatı qaydasında baxılan məsələni özündə əks etdirmir və İPM-in 2.2-ci maddəsində sadalanan iddia növlərinə aidiyyəti müəyyən olunmur. Başqa sözlə, iddianın inzibati məhkəmə icraatını zəruri edən faktiki şərtləri mövcud deyil. Bu baxımdan, İPM-in 35.1-ci maddəsində nəzərdə tutulan iddia əsaslandırılmış iddia kimi qiymətləndirilə bilməz, inzibati məhkəmə icraatının mümkünlüyü istisna edilir. Həmin Məcəllənin 35.3-cü maddəsi isə nəzərdə tutur ki, məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Birinci instansiya məhkəməsi də məhz, qərardadında haqlı olaraq iddianın mümkün iddia kimi qəbul etməmişdir. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən faktlrın İXM-in tələblərinə uyğun yoxlanılmadığını, bununla bağlı müzakirə aparılmadığını və əsassız qərardad qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki,onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4917/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4917/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-2427/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2427/2022
22.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver