Məhkəmə qərarları › İş №2-1(103)-2427/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2427/2023

04.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2427/2023 04.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı ("xxxx" MMC və Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla) “kompensasiyanın ödəniməsi tələbi”nə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2-1(112)-517/2023 saylı qərardadından iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, M.B.Əhmədzadə küçəsi, 4 saylı binanın həyətində yerləşən və ümumi sahəsi 23.6 kv.m olan qeyri-yaşayış binasının sökülməsi nəticəsində ona verilməli olan 30 kv.metrlik qaraja görə ümumilikdə 50.000 manat kompensasiyanın, vurulmuş mənəvi ziyana görə isə 10.000 manatın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qaraj iddiaçıya məxsusdur. Buna dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən ona inventar nömrəsi 11/1176 olan xx.xx.2012-ci il tarixli daşınmaz əmlakın texniki pasportu tərtib edilmişdir. 2014-cü ildə Bakı şəhərinin baş planına uyğun olaraq Heydər Əliyev prospektində istismar müddətini keçmiş yaşayış binalarının sökülərək yerində yeni yaşayış binalarının inşa olunması nəzərdə tutulmuşdur. Bununla əlaqədar olaraq Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 29/89 saylı yaşayış binasının və həmin yerdə yerləşən qeyri-yaşayış sahələrinin sökülməsi sakinlərin köçürülməsi yeni tikiləcək binada köçürülən sakinlərin əvvəlki mənzillərinin və ya qeyri-yaşayış sahələrinin müqabilində yeni mənzillərlə və qeyri-yaşayış sahələri ilə təmin olunması nəzərdə tutulmuşdur. Adıçəkilən köçürülmə prosesini sifarişçisi və zəmanət verəni cavabdeh, podratçı şirkət isə "xxxx" MMC olmuşdur. xx.xx.2014-cü il tarixdə sifarişçi və zəmanət verən - cavabdeh, podratçı “ARAZ-2011 A" MMC və zəmanət alan iddiaçı arasında 31/89 №-li üçtərəfli zəmanət müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən ona məxsus qarajın əvəzinə həmin ünvanda inşa olunacaq yeni yaşayış binasının zirzəmisində 1 avtomobil yeri üçün ümumi sahəsi 30 kv.m olan qarajın ona verilməsi nəzərdə tutulmuşdur. 2014-cü il tarixdə adıçəkilən ünvanda söküntü işləri həyata keçirilmiş və ərazidə yeni müasir yaşayış binaları inşa edilmişdir. Lakin onunla bağlanmış zəmanət müqaviləsinin şərtlərinə riayət olunmamış və faktiki olaraq müqavilə öhdəliyi pozulmuşdur. Belə ki, sonradan müəyyən olunmuşdur ki, inşa edilmiş yaşayış binalarının layihə sənədlərində müvafiq dəyişikliklər aparılmış və bununla da yeraltı mərtəbə sahəsi ləğv edilmişdir. Bununla da faktiki olaraq cavabdeh tərəfindən müqavilə öhdəlikləri icra edilməyərək mülkiyyət hüququ pozulmuşdur. Dəfələrlə cavabdehə, eləcə də Bakı şəhər İcra Hakimiyyətinə onun etdiyi müraciətlərə cavab olaraq bildirilmişdir ki, dövlət büdcəsindən vəsait ayrılacağı təqdirdə ona dəymiş ziyan ödəniləcəkdir. Lakin 7 il keçməsinə baxmayaraq, hər hansı bir əməli tədbir həyata keçirilməmişdir. Buna görə də o hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, söküntüsü həyata keçirilən və ona məxsus qarajın əvəzinə verilməli olan 30 kv.m qarajın hazırkı satış qiyməti 50000 manat təşkil edir. Həmin dəymiş ziyanın ödənilməsi barədə müraciətləri isə icrasız qalmışdır. Məhkəmə araşdırması zamanı qeyd edilən tələblə bağlı cavabdehə müraciət etmədiyi əsas gətirilərək mənəvi ziyanla əlaqədar iddianın mümkün sayılmalı olmaması qənaətinə gəlinməməsi üçün qeyd edir ki, cavabdeh ona vurulmuş real zərəri ödəməkdən imtina etdiyi üçün əlavə olaraq mənəvi zərərlə əlaqədar müraciət etməyib. Çünki müraciətinin heç bir əhəmiyyəti olmayacağı ona aydındır. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(112)-12251/2021 nömrəli qərardadı ilə "xxxx" MMC və Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Cavabdeh iddia tələbinə qarşı etiraz ərizəsi göndərərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdehin sonuncu etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, qaraj sahəsi yeni tikintinin layihə sənədlərindən çıxarıldığından öhdəliyin icrası təmin edilməmişdir. Layihədə olunan dəyişiklik Cavabdeh ilə razılaşdırılmamışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçıya qarajın verilməsi öhdəliyi cavabdehin deyil, üçüncü şəxs "xxxx" MMC-yə aid olan öhdəlikdir Bakı İnzibati Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2-1(112)-517/2023 saylı qərardadı ilə (hakim B.Cəlalov) iddia mümkün sayılmamışdır. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2-1(112)-517/2023 saylı inzibati iş üzrə qərardadının ləğv edilməsi, işin növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, İcra Hakimiyyəti həyata keçirilən bütün işlərin maliyyə məsələlərinə birbaşa cavabdehlik daşıyan şəxs olmuşdur. Cavabdeh inzibati orqanla aralarında aparılmış çoxsaylı yazışmalardan görünür ki, zəmanət müqaviləsi bağlanan zaman reallaşdırılması nəzərdə tutulmuş layihəyə yenidən baxılmış və yeni təsdiq olunmuş layihədə inşa ediləcək binaların yeraltı mərtəbə sahəsi ləğv edilmişdir. İcra Hakimiyyəti həmin yazışmalarda məhz bu səbəbdən müqavilə öhdəliyini icra edə bilmədiyini rəsmi şəkildə bəyan etmişdir. Həmçinin, İcra Hakimiyyəti öz cavab məktublarında büdcədə yetərli vəsaitin olmaması səbəbindən iddiaçıya kompensasiyanın ödəmək iqtidarında olmadığını bildirmişdir. Göründüyü kimi iddiaçının pozulmuş mülkiyyət hüquqlarının müdafiəsi üçün düzgün cavabdehə qarşı iddia ilə məhkəməyə müraciət etmişdir. Çünki hazırkı mübahisənin mahiyyəti ondan ibarətdir ki, inzibati orqan iddiaçıya məxsus daşınmaz əmlakı dövlət layihəsi əsasında sökülməsini həyata keçirmiş və layihənin icra edilməsi üçün bütün maliyyə məsələləri Cavabdehin öhdəliyində olmuş, o isə müqavilə üzrə götürdüyü öhdəliyi icra etməmiş iddiaçının razılığı olmadan inşa ediləcək binanın layihəsini dəyişdirmiş və faktiki olaraq 2014-cü ildən hazırkı müddətə qədər iddiaçını aldadaraq onun qanunla qorunan hüquq və maraqlarını pozmuşdur. Bu münasibətdə "xxxx" MMC isə podratçı qismində çıxış etmiş və onun iddiaçı qarşısında hər hansı bir məsuliyyəti müəyyən olunmamışdır. Belə ki, podratçı tərəfindən icra edilən layihə dövlət layihəsi olmaqla bu layihənin təsdiqi və lazımi qaydada icrasına nəzarət məhz Cavabdeh tərəfindən həyata keçirilmişdir. Həmçinin qeyd olunmalıdır ki, cavabdeh inzibati orqan iddiaçı ilə uzun müddətli yazışmalarında törətdiyi hüquqazidd əməli etiraf etmiş və iddiaçıya yalnız maliyyə vəsaitinin mövcud olmaması əsası ilə kompensasiyanın ödənilməsindən boyun qaçırmışdır. Həmçinin, hazırkı mübahisəyə iki ilə yaxındır ki, birinci instansiya məhkəməsində baxılır və bundan öncəki işə baxan hakim tərəfindən iddianın mümkünlüyü məsələsinə baxılmış və iddianın mümkün olması qənaətinə gəlinmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2- 1(112)-517/2023 saylı inzibati iş üzrə qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə üçüncü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxslərin nümayəndələrinin məhkəmə kollegiyasının iclasında iştirakları təmin edilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə iddiaçı mülkiyyətində olan qeyri-yaşayış obyektinin sökülməsi və əvəzində yerində tikiləcək yeni binada 30 kv.m qaraj sahəsi verilməsinə razılıq vermişdir. Müqavilənin tərəfləri “Sifarişçi – “zəmanət verən” Cavabdeh, “podratçı – "xxxx" MMC, “zəmanətalan” isə iddiaçı göstərilmişdir. Müqavilənin “Tərəflərin öhdəlikləri” adlı 2-ci maddəsinə əsasən: 2.1. “Sifarişçi və zəmanətverənin” öhdəlikləri; 2.1.1. Müqavilədə nəzərdə tutulmuş, “Podratçı” tərəfindən həyata keçirilən bütün işlərin maliyyələşdirilməsini təmin etmək; 2.2.2. İşlərin keyfiyyətlə və vaxtında yerinə yetirilməsinə nəzarəti həyata keçirmək. 2.2 “Podratçının” öhdəlikləri; 2.2.1. Tikinti müddətində söküntüyə məruz qalan mənzilin və ya qeyri-yaşayış sahəsinin mülkiyyətçisinə (sahibinə) bu müqavilənin 1.2-ci bəndində nəzərdə tutulan mənzilin və ya qeyri-yaşayış sahəsinin verilməsini təmin etmək; 2.2.2. Mülkiyyətçilərə yeni binada veriləcək yaşayış və ya qeyri-yaşayış sahələrinin sənədlərini rəsmilədirərək mülkiyyətçiyə təhvil vermək. Beləliklə iş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 31/89 №li Zəmanət müqaviləsinə əsasən “Sifarişçi və zəmanət verən” Cavabdeh, “Podratçı” "xxxx" MMC, “Zəmanətalan” İddiaçı razılığa gələrək üçtərəfli müqavilə bağlamışlar. Həmin müqavilənin 1.1-ci bəndinə görə, Bakı şəhərinin Baş planına uyğun olaraq Heydər Əliyev prospektində istismar müddəti keçmiş yaşayış binalarının sökülərək yerində yeni müasir yaşayış binalarının inşa olunması ilə əlaqədar Ağa Neymətulla küçəsi 29/89 saylı yaşayış binasının sökülməsi və sakinlərin köçürülməsi üçün həmin yerdə müasir yaşayış binasının inşa edilməsi, yeni tikiləcək binada köçürülən sakinlərin mənzillər və ya qeyri-yaşayış sahələri ilə təmin olunması müqavilənin predmetini təşkil etmişdir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, iddiaçıya məxsus qaraj əvəzinə, həmin ünvanda inşa olunacaq yaşayış binasının zirzəmisində bir avtomobil yeri üçün ümumi sahəsi 30.0 kv.m olan qarajla təmin olunması razılaşdırılmışdır. İşin mübahisələndirilməyən hallarına əsasən mübahisə predmeti olan qaraj iddiaçının mülkiyyətində olmuş, yuxarıda qeyd olunan razılaşmaya əsasən podratçı şirkət olan "xxxx" MMC tərəfindən sökülərək yerində yeni bina inşa edilmişdir. Lakin iddiaçıya yeni tikilidə qaraj sahəsi verilməmişdir. Buna əsas kimi isə yeni tikilən binanın layihəsində qaraj sahəsinin nəzərdə tutulmaması olmuşdur. İddiaçı bu halla bağlı cavabdehə və müvafiq qurumlara müraciət etmiş, lakin müraciəti təmin olunmamış, bağlanmış müqavilə icrasız qalmışdır. Ona görə də, cavabdehə qarşı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Halbuki, müqavilənin şərtlərinə əsasən “Sifarişçi və zəmanətverən” (iş üzrə cavabdehin) öhdəlikləri yalnız müqavilədə nəzərdə tutulmuş, “Podratçı” tərəfindən həyata keçirilən bütün işlərin maliyyələşdirilməsini təmin etmək və işlərin keyfiyyətlə və vaxtında yerinə yetirilməsinə nəzarəti həyata keçirmək olmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən göründüyü kimi, yeni tikiləcək binada iddiaçıya qeyri-yaşayış sahəsinin verilməsi Podratçının (hazırki iş üzrə üçüncü şəxs MMC-nin) öhdəliyidir. Ona görə də, həmin sahənin verilməsi ilə bağlı müqavilənin icrasına öhdəliyi cavabdeh deyil, üçüncü şəxs "xxxx" MMC daşıyır. İddia tələbinin əsasını da müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsi təşkil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.3.-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 20.2-ci madəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. İPM-nin 2.2.3-cü maddəsinə görə, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. İPM-nin 35.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar. Göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. İnzibati icraat qaydasında baxılan istənilən iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfındən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafıq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfındən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2-1(112)-517/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar