Məhkəmə qərarları › İş №2-1(103)-2427/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2427/2025

18.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2427/2025 18.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı "sonuncu mərhələyə baxılmaqla tələbələr sırasına bərpa olunma" tələbinə dair iş üzrə Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə (üçüncü şəxs Azərbaycan Memarlıq və İnşaat Universteti) qarşı "sonuncu mərhələyə baxılmaqla tələbələr sırasına bərpa olunma" tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10146/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARİLAN İCRAAT:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə(üçüncü şəxs Azərbaycan Memarlıq və İnşaat Universteti) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat Mühəndisliyi fakültəsinin əyani şöbəsi üzrə “Tikinti materialları və məmulatlarının texnologiyası” ixtisasının bitirilməsi ilə əlaqədar sonuncu mərhələyə buraxılmaqla tələbələr sırasına bərpa olunma öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1999-cu ildə X4 Dövlət Komissiyası yolu ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (keçmiş Azərbaycan İnşaat Mühəndisləri Universiteti) İnşaat Mühəndisliyi fakültəsinin əyani şöbəsinə “Tikinti materialları və məmulatlarının texnologiyası” ixtisasına qəbul olmuşdur. Təhsil ödənişli əsaslarla idi. Butun kursları oxumuş və imtahanlarını müvəffəqiyyətlə vermişdir.İV kursun sonunda imtahanları, o cümlədən Dövlət imtahanını vermişdir. Diplom müdafiəsi mərhələsində ailə vəziyyətimlə əlaqədar olaraq təhsil haqqı üzrə yarımçıq qalmış borcumu ödəyə bilmədiyi üçün diplom işinin müdafiəsinə buraxılmamışdır. xx.xx.2003-cü il tarixində isə Universitetdən xaric olunmuş və nəticədə təhsili bitirməyi ilə əlaqədar Diplomunu ala bilməmişdır. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Yanında Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyinə müraciət etmiş. xx.xx.2024-cü il tarixli müraciətinə cavab olaraq bildirilib ki, təhsili ilə bağlı müraciətinə Ali Təhsil müəsisəsindən rəsmi müraciət əsasında baxıla bilər. Cavabla faktiki iddiaçıya imtina olunmuşdur ki, bununla da məhkəmə müdaxiləsi zərurəti yaranmışdır. Bundan sonra Universitetə də müraciət etmiş. Lakin müsbət nəticə əldə olunmamışdır.

3. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

4. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının “Ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpa olunmaq barədə ərizənin verilməsi ilə əlaqədar müddətin üzürlü əsaslarla tətbiq edilməməsi; Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat Mühəndisliyi fakültəsinin əyani şöbəsi üzrə tələbələr sırasına bərpa olunmaqla “Tikinti materialları və məmulatlarının texnologiyası” ixtisasın bitirilməsi ilə əlaqədar sonuncu mərhələyə (diplom müdafiəsi) buraxılmanın rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10146/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

6. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

7. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunlu tərtib edilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin qərarı prosessual hüquq normalarının pozulması, maddi hüquq normalarının düzgün tətbiq olunmaması şəraitində qəbul olunduğuna görə ləğv edilməlidir. Tərəflərin izahatları:

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apellyasiya şikayətinin əsassız olduğunu və təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir.

İŞİN HALLARİ:

10. 06.05.2024-cü il tarixli 144 Arxiv Arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.1999-cu il, 317 u-p saylı əmrlə Azərbaycan İnşaat Mühəndisləri Universtetinin “İnşaat texnologiyası” fakültəsinin əyani şöbəsinin “Tikinti materialları və məmulatlarının texnologiyası” ixtisasına qəbul olunmuş (qr. 659A), xx.xx.2003-cü il tarixli, 223t/d saylı əmrlə buraxılış işini müdafiə etmədiyinə görə xaric olmuşdur. Təhsili natamam alidir.

11. Azərbaycan Memarlıq və İnşaat Universitetinin 223t/d nömrəli xx.xx.2003-cü il tarixli Əmrinə əsasən “İnşaat texnologiyası” fakültəsinin ödənişli əsaslarla təhsil alan 659a qrupunun tələbəsi İddiaçı buraxılış işini müdafiə etmədiyi və təhsil haqqından 300.00 manat borcu qaldığı üçün universitetdən xaric edilmişdir.

12. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin İddiaçı ünvanladığı 03 iyun 2024-cü il tarixli 3-29- 68/1-H-784/3-4/24 saylı məktubundan görünür ki, Azərbaycan Respublikasi Elm və Təhsil Nazirliyinin Kollegiyasının 21 fevral 2024-cü il tarixli, KQ-02 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyət verilməsi) Qaydaları”na əsasən ali təhsil müəssisəsindən xaric olunmuş şəxslər xaric olunma tarixindən 15 il müddətində yalnız əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə bərpa olunmaq üçün müraciət edə bilərlər.

13. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli vətəndaş müraciətinə cavabda qeyd edilmişdir ki, sizin xaric olunma tarixindən 25 il keçdiyi üçün ETN-nin KQ-02 xx.xx.2024- cü il tarixli qərarına əsasən bərpa olunmağınız qaydalara ziddir. TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 13.Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ:

15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.

16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

17. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır.

18. Kollegiya məhkəmənin mövqeyilə razılaşmır, işin hallarını nəzərə alaraq hesab edir ki, prosessual hüquq normaları düzgün tətbiq edilmədiyindən birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı ləğv edilərək iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

19. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı işin hallarına hərtərəfli yanaşılmamış, bununla da obyektiv araşdırma prinsipinin tələbləri pozulmuşdur.

20. Obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.

21. İşin hallarından görünür ki, İddiaçı xx.xx.1999-cu il, 317 u-p saylı əmrlə Azərbaycan İnşaat Mühəndisləri Universtetinin “İnşaat texnologiyası” fakültəsinin əyani şöbəsinin “Tikinti materialları və məmulatlarının texnologiyası” ixtisasına qəbul olunmuş (qr. 659A), xx.xx.2003-cü il tarixli, 223t/d saylı əmrlə buraxılış işini müdafiə etmədiyinə görə xaric olmuşdur.

22. Azərbaycan Respublikasi Elm və Təhsil Nazirliyinin Kollegiyasının 21 fevral 2024-cü il tarixli, KQ-02 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyət verilməsi) Qaydaları”na əsasən ali təhsil müəssisəsindən xaric olunmuş şəxslər xaric olunma tarixindən 15 il müddətində yalnız əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə bərpa olunmaq üçün müraciət edə bilərlər.

23. Yuxarıda qeyd olunan Qaydaların mahiyyətindən də aydın görünür ki, ali təhsil müəssisəsindən xaric olunmuş iddiaçı bərpa olunmaq üçün həmin ali təhsil müəssisəsinə müraciət etməlidir.

24. Bu mənada, hazırki iş üzrə ali təhsil müəsisəsindən xaric olma barədə xx.xx.2003cü il tarixli, 223t/d saylı əmr inzibati akt, həmin aktı qəbul edən Azərbaycan İnşaat Mühəndisləri Universteti isə cavabdeh inzibati orqan qismində çıxış etməlidir.

25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3).

26. Göründüyü kimi qanunvericiliyin tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibatı məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

27. Qeyd olunanları nəzərə alaraq kollegiya bildirir ki, hazırkı iş üzrə iddiaya Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi cavab verməli olmadığından birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılmamışdan öncə cavabdehin əvəz edilməsi ilə bağlı prosessual tədbirlər görülməli idi.

28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər.

30. Həmin Məcəlləsinin 54.4-cü maddəsinə əsasən əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır.

31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin yuxarıda qeyd edilən hallarına dair hərtərəfli araşdırma aparılmadan mübahisənin mahiyyəti üzrə yekun nəticəyə gəlinmiş, bununla da prosessual pozuntulara yol verilmişdir.

32. Azərabaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

33. Həmin Məcəllənin 82-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

34. Həmin Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə.

32. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.

33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10146/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə (üçüncü şəxs Azərbaycan Memarlıq və İnşaat Universteti) qarşı "sonuncu mərhələyə baxılmaqla tələbələr sırasına bərpa olunma" tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar