Məhkəmə qərarları › İş №2-1(103)-2428/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2428/2024

30.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2428/2024 30.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı: İddiaçı Cavabdeh: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iş üzrə (Açar sözlər: “torpaq sahəsinin istifadəyə verilməsi”) QƏRARDADİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Məmmədovadan (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3268/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İŞİN HALLARİ

1. İddiaçı hazırda faktiki sahibliyində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Pirşağı-Məhəmmədli yolunun sol kənarında yerləşən torpaq sahəsinin onun istifadəsinə verilməsini xahiş edir.

İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ

2. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ailə üzvlərinin həyat şəraitinin yaxşılaşdırılması üçün ona torpaq sahəsinin ayrılması və yaxud ayrılmış torpaq sahəsinə sənəd verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Pirşağı-Məhəmmədli yolunun sol kənarında yerləşən torpaq sahəsinin ona istifadəsinə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir.

4. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, ailə üzvlərilə birlikdə məlum hadisələrlə bağlı Ağdam rayonundan məcburi köçkün düşmüş və məcburi köçkün kimi ünvan 1 ünvanda məskunlaşmışdır. Onun üç övladı var, ailəlidirlər və azyaşlı uşaqları vardır, ailəsinin yaşayış səviyyəsi çox aşağıdır. Yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün torpaq sahəsi ayrılması lazımdır. Həmin torpağı əkib-becərib ərzaq bolluğu yaradaraq ailə vəziyyətini yaxşılaşdırmaq olar. O, uzun müddət təhsil sistemində çalışmış, 50 illik iş stajı var. Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmiş, Qarabağ müharibəsi və əmək veteranıdır. Həmçinin müharibədə şəhid, əlil olmuş, “Milli Qəhrəman” adı almış qohumları vardır. İddiaçının hal-hazırda yaşadığı ərazidə istifadəsiz torpaq sahələri mövcuddur, həmin torpaq sahələrindən onun ailəsinə ayrılması mümkündür və belə olan təqdirdə ayrılmış sahədə torpağı əkib-becərərək həyat şəraitini yaxşılaşdırmaq mümkündür. Məcburi köçkün olmasına baxmayaraq, o da Azərbaycan Respublikasının vətəndaşıdır, vətəndaşlar üçün Konstitusiyada təsbit edilmiş hüquqlardan istifadə etmək və yararlanmaq arzusundadır. Bakı şəhəri, Pirşağı qəsəbəsi, Pirşağı-Məmmədli avtomobil yolunun sol kənarında yerləşən 0.05 hektar torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə iddiaçıya ayrılması üçün Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətində ilkin sənədlər hazırlanmış və rəy bildirilməsi üçün Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyətinin 30 avqust 2018-ci il tarixli H-15/108- 038/33 nömrəli məktubu ilə Əmlak Məsələləri Dövlət Komitəsi Yanında X1 Təşkili üzrə Dövlət Agentliyinə göndərilmişdir. X6 Rayon İcra Hakimiyyətinə bildirilmişdir ki, qeyd olunan torpaq sahəsinin ayrılması üçün sifarişçinin vəsaiti hesabına Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən yerquruluşu qaydasında həmin torpaq sahəsinin hüdudları yerdə (naturada) və xəritədə müəyyən edilməlidir. Həmin işlər başa çatdıqdan və müvafiq sənədlər təqdim edildikdən sonra qeyd edilən məsələyə münasibət bildiriləcəkdir. Deməli, Əmlak Məsələləri Dövlət Komitəsi Yanında X1 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən də İddiaçı torpaq ayrılmasına imtina olunmamışdır. Lakin bütün bunlara baxmayaraq Sabunçu Rayon İcra Hakimiyyəti öhdəsinə düşən vəzifələri yerinə yetirməmişdir. Sabunçu rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri tərəfindən iddiaçının adına Pirşağı qəsəbəsi, Pirşağı- Məmmədli yolunun sol kənarında ona verilməsi təklif olunan torpaq sahəsinin cizgisi tərtib edilmişdir. Həmçinin ona Sabunçu Rayon İcra Hakimiyyəti başçısının İ müavini tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş cavabda Pirşağı qəsəbəsində yaşadığı evin yaxınlığında torpaq sahəsi ayrılması barədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinə müraciət edilməsi göstərilmişdir. Lakin indiyədək Sabunçu Rayon İcra Hakimiyyətindən torpağın tam olaraq mənə verilməsi və rəsmiləşdirilməsi üçün hər hansı bir nəticə edə bilmədiyindən, bu inzibati orqanın fəaliyyətsizliyindən narazıdır və Bakı Şəhər İcra Hakimiyyətini cavabdeh orqan kimi məhkəməyə cəlb etmək məcburiyyətində qalmışdır.

5. Cavabdeh iddiaya dair yazılı münasibətini məhkəməyə təqdim etməmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3268/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmaması qərara alınmışdır.

7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, məhkəmə iddianın mümkünlüyü baxımdan işin hallarını yoxlayaraq hesab edir ki, iddiaçı düzgün cavabdehə qarşı iddia qaldırmamışdır. Çünki iddiaçının iddia tələbi hazırkı cavabdeh inzibati orqanın səlahiyyətlərinə daxil deyil. Belə ki, iddiaçı hazırda faktiki sahibliyində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Pirşağı-Məhəmmədli yolunun sol kənarında yerləşən torpaq sahəsinin onun istifadəsinə verilməsini xahiş edir.

8. Əmlak Məsələləri Dövlət Xidməti yalnız o torpaq sahəsini istifadəyə və ya icarəyə verə bilər ki, həmin torpaq sahəsi:

1. dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqdır;

2. özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqdır; 3. və ya hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqdır.

9. Hazırkı iş üzrə mübahisəli torpaq sahəsi yuxarıda qeyd olunan torpaq sahələrindən heç birinə aid olmadığından məhkəmə belə qənaətə gəlir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin həmin torpaq sahəsini iddiaçının istifadəsinə verməsi ilə bağlı səlahiyyəti mövcud deyil.

10. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir.Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır.

APELLYASİYA İNSTANSİYASİNDA İCRAAT.

11. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

12. Məhkəmə Kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş məhkəmə icraatının digər iştirakçıları məhkəmə iclasında iştirak etməmişlər.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

MƏHKƏMƏNİN MÖVQEYİ

13. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3268/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

14. Belə ki, məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

15. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 2.1-ci bəndinə qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

16. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində isə qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını ... qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını ... yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir ... İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər.

18. Məhkəmə iddianın mümkünlüyü baxımdan işin hallarını yoxlayaraq hesab edir ki, iddiaçı düzgün cavabdehə qarşı iddia qaldırmamışdır. Çünki iddiaçının iddia tələbi hazırkı cavabdeh inzibati orqanın səlahiyyətlərinə daxil deyil.

19. Belə ki, iddiaçı hazırda faktiki sahibliyində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Pirşağı-Məhəmmədli yolunun sol kənarında yerləşən torpaq sahəsinin onun istifadəsinə verilməsini xahiş edir.

20. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 6-cı madəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətləri aşağıdakılardır: bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi, onların dövlət ehtiyacları üçün alınması.

21. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 291 saylı Fərmanının 1-ci hissəsinə əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 6-cı maddəsinin beşinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə dövlət ehtiyaclarının təmin edilməsi məqsədilə geri alınması səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər: dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqların (sənaye və yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna edilməklə) icarəyə və istifadəyə verilməsi barəsində – Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi.

22. İstinad olunan normadan görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti yalnız o torpaq sahəsini istifadəyə və ya icarəyə verə bilər ki, həmin torpaq sahəsi:

1. dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqdır;

2. özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqdır;

3. və ya hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqdır.

23. Hazırkı iş üzrə mübahisəli torpaq sahəsi yuxarıda qeyd olunan torpaq sahələrindən heç birinə aid olmadığından məhkəmə belə qənaətə gəlir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin həmin torpaq sahəsini iddiaçının istifadəsinə verməsi ilə bağlı səlahiyyəti mövcud deyil.

24. Əlavə olaraq məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı istinad edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Pirşağı-Məhəmmədli yolunun sol kənarında yerləşən hazırda iddia etdiyi torpaq sahəsinə dair kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün təklif olunan torpaq sahəsi kimi Sabunçu rayon İcra Hakimiyyəti Cizgi vermişdir.

25. Bununla bağlı məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı istinad etdiyi Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Pirşağı-Məhəmmədli yolunun sol kənarında yerləşən hazırda iddia etdiyi torpaq sahəsinə dair kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün təklif olunan torpaq sahəsi kimi Sabunçu rayon İcra Hakimiyyətinin Cizgisi hüquqmüəyyənedici sənəd olmamaqla yanaşı, həmçinin, müəyyən olunmuşdur ki, iddia olunan torpaq sahəsinin ayrılmasına dair heç bir hüquqmüəyyənedici sənəd mövcud deyildir.

26. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 844/2019 saylı, 13 mart 2019-cu il tarixli Qərarından görünür ki, iddiaçının cavabdeh Səbail rayon İcra Hakimiyyətinə (üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi) qarşı “torpaq sahəsinin ayrılması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbi də mümkün sayılmamışdır.

27. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, dövlət mülkiyyətində olan torpaq sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin fiziki və hüquqi şəxslərə verilməsi bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.

28. Məhkəmə Kollegiyası bir daha diqqətə çəkir ki, iddia olunan torpaq sahəsi Bu qərarın 22-ci bəndində qeyd olunan torpaq sahələrindən heç birinə aid olmadığından Əmlak Məsələləri Dövlət Xidmətinin həmin torpaq sahəsini iddiaçının istifadəsinə verməsi ilə bağlı səlahiyyəti mövcud deyil.

29. Beləliklə, məhkəmə Kollegiyası nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmışdır və həmin dəlillər mübahisələndirilən qərardadın ləğvi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən:

31. Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır.

32. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur.

33. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

34. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3268/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3268/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar