Məhkəmə qərarları › İş №2-1(103)-243/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-243/2021

10.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-243/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X5 oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X9 İdarəsinə (hazırki X9 üzrə Mərkəzi Filialı) qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4997/2020 saylı qərarından cavabdehin nümayəndəsi və vəkili D.Novruzov tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4997/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçının pensiya hüququnun yarandığı gün, yəni 57 yaşının tamam olduğu xx.xx.2018-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanıb ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmuşdur (hakim A.Oruczadə). Həmin qərardan narazı qalan cavabdehin nümayəndəsi və vəkili D.Novruzov tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh DSMF-nun X9 İdarəsi - cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X9 üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X1rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya təyin edilməsinin və həmin tarixdən hal-hazıradək birdəfəyə ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, hal-hazırda Şirvan şəhər sakinidir. İddiaçının xx.xx.1979-xx.xx.2018-ci il tarixə kimi 39 il, 03 ay, 27 gün əmək stajı vardır. Həmin əmək stajının xx.xx.1979-xx.xx.1980-cı ilə kimi “Tikinti-Təmir İdarəsi”- də “dülgər”, xx.xx.1980xx.xx.1980-ci ilə kimi “Sabirabad Tikinti-Təmir İdarəsi”-də “dülgər”, xx.xx.1980-xx.xx.1982ci ilə kimi hərbi xidmətdə olmuş, xx.xx.1982-xx.xx.1982- ci ilə kimi “Şirvanneft” NQÇİ-də “dülgər”, xx.xx.1982- xx.xx.1983-cü ilə kimi “X11 Qovşağı”-da “dülgər”, xx.xx.1984xx.xx.2004-cü ilə kimi “Şirvanneft” NQÇİ-də “dülgər” xx.xx.2004-xx.xx.2009-cu ilə kimi “Şirvan” OYL-da “təmir-tikinti sexi”-də “iş icraçısı” vəzifələrində işləmişdir. İşlədiyi vəzifələr ağır iş olduğundan, iddiaçıya xx.xx.2018-ci il tarixdə, 57 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Lakin iddiaçı xx.xx.2018-ci il tarixdə səhhəti ilə əlaqədar işdən azad edilmişdir. « “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinə əsasən hüquqi yaranmış şəxslər güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq üçün xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısının XXVİİ. Bina,qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri: “iş icraçıları (2290000b—24441)” və “dülgərlər (2290100a— 16671)” vəzifələrinə əsasən 12 il 06 aydan çox zərərli əmək sahəsində əmək stajı və 25 ildən çox ümumi əmək stajını xx.xx.2006-cı il tarixə kimi toplamışlarsa, kişilər 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququ yaranır. İddiaçı cavabdeh təşkilata xx.xx.2020-ci il tarixli ərizə və ona əlavə edilmiş şəxsiyyət vəsiqəsinin, əmək kitabçasının və hərbi biletin notarial təsdiq edilmiş sürətləri ilə müraciət edərək, iddiaçıya xx.xx.2018-ci il tarixdən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X9 İdarəsi isə iddiaçıya xx.xx.2020-ci il tarixli **********1 saylı məktubla cavab olaraq müvafiq sənədlərin əsli təqdim edildikdən sonra baxıla bilinməsi barədə bildirilmişdir. Bundan sonra iddiaçı xx.xx.2020-ci il tarixdə ərizəyə əlavə edilmiş sənədlərin notarial təsdiq edilmiş sürətlərini və sənədlərin əslin cavabdeh orqana təqdim etmiş, lakin sənədlərin əslinə nəzərdən keçirilməsinə baxmayaraq cavabdeh orqan iddiçıya xx.xx.2020-ci il tarixli, 20631031 saylı məktubla ərizəyə cavab olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini mümkünsüz olduğunu bildirməklə imtina verilmişdir. Bunu da onunla əsaslandırmışlar ki, işlədiyi peşələrin Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısın da adı çəkilən peşələrlə və vəzifələrlə uyğun gəlmir və həmçinin xx.xx.2006-cı il tarixə güzəştli iş stajının 12 il 06 aydan az təşkil edir. İddiaçı cavabdehin hər iki məktubunu əsassız hesab edir. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxsin izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili X3 apellyasiya şikayətini müdafiə edərək, çıxışında bildirmişdir ki, Filial, **********1 saylı, xx.xx.2020-ci il tarixli tarixli məktubla iddiaçının müraciətinin icrasından imtina edib. İmtina onunla əsaslandırılıb ki, iddiaçı xx.xx.1984-xx.xx.2004-cü il tarixlərində “Şirvanneft” NQÇİ və “Shirvan Oyl” BMMM-in X10 “dülgər peşəsində çalışıb. Lakin iddiaçının çalışdığı sahə (yəni neft-qazçıxarma) iddiaçının istinad eldiyi NK-nın 1993-cü il tarixli 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıdakı 2290100а-16671 (dülgərlər) şifri altında nəzərdə tutulmuş peşənin aid olduğu sahə ilə üst-üstə düşmür. Birinci instansiya məhkəməsinin mövqeyinə görə dülgər peşəsi, istehsalatın hansı sahəsinə aid edilməsindən asılı olmayaraq, insan orqanizmi üçün zərərli peşə sayılır, odur ki, iddiaçının “dülgər” peşəsində çalışdığı dövr də güzəştli əmək pensiyası hüququ verən staja aid edilməlidir. İddiaçı xx.xx.1984-xx.xx.2006-cü il tarixlərində “Şirvanneft” NQÇİ və “Shirvan Oyl” BMMM-in X10 dülgər” və “iş icraçısı” peşələrində çalışdığı dövrün güzəştli olduğunu iddia edir. İddiaçı bu barədə “Shirvan OCL” şirkətinin xx.xx.2020-ci il tarixli, 05 nömrəli arayışına istinad edir. İddiaçının istinad etdiyi 2 saylı Siyahının müvafiq bölmələrinin İddiaçının çalışdığı neft-qaz hasilatı sahəsi ilə əlaqəsi olmadığı ortadadır. Belə ki, iddiaçının istinad etdiyi “İş icraçısı” (22900006-24441) 2 saylı Siyahının “Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlanan “XXVİİ Bölməsində, “dülgərlər” (2290100а-16671) peşəsi isə həmin Bölmənin "Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər (1 №-li Siyahıda nəzərdə tutulmuş fəlilə peşələrindən başqa)” adlanan 1-ci alt-qrupunda öz əksini tapıb. İddiaçının neft sahəsində çalışdığı aydındır. Həmin sahə üzrə güzəştli iş stajı verən peşələrin dairəsini 2 saylı Siyahının “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” adlanan Xll Bölməsi müəyyənləşdirir. Həmin Bölmədə isə “dülgər” və “iş icraçısı” peşələri ümumiyyətlə nəzərdə tutulmayıb. Göründüyü kimi, iddiaçı xx xxxxxx 2006-cı il tarixinədək 12 il yarım güzəştli iş stajını toplamamışdır. Məhkəmə isə, NK-nın məlum qərarı ilə təsdiqlənmiş siyahinin tərtib edilmə qaydasına diqqət yetirməyib. Halbuki həmin siyahı əvvəlcə istehsalat sahələri, daha sonra isə, həmin sahələr altında peşələr nəzərə alınmaqla tərtib edilib. Əgər iddiaçinin çalışdığı istehsalat sahəsində iddia etdiyi peşə yoxdursa, məhkəmə iddiaçiya aid edilməyən istehsalat sahəsindəki peşəyə istinad edə bilməz. Əks halda, yalnız peşələrin adı yetərli olar, istehsalat sahələrinin fərqləndirilməsinə zərurət olmazdı. Cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə apellyasiya şikayətinə dair etiraz ünvanlayaraq apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, cavabdehin vəkili və nümayəndəsinin çıxışını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsi nəticəsinə gəlir. İş materiallarına əlavə edilmiş: - 0******* saylı şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1961-ci il təvəllüdlüdür, ünvan 1 ünvanında qeydiyyatdadır. - 859 №-li nömrəli attestatın notariat qaydasında təsdiq edilmiş surətinə əsasən iddiaçı İddiaçı xx.xx.1978-ci ildə “Faner istehsalı” ixtisası üzrə Xırdalan şəhərinin 94 №-li peşə məktəbinə daxil olmuş və xx.xx.1979-cu ildə həmin peşə məktəbini bitirmişdir. - NZ-4037020 nömrəli hərbi biletin notariat qaydasında təsdiq edilmiş surətinə əsasən iddiaçı xx xxxxx 1980-ci ildən xx xxxx 1982-ci ilə qədər Sovet Ordusunda sıravi xidmət etmişdir. -“X7 Limited” Şirkətinin Azərbaycan Respublikası filialının xx xxxxxx 2020-ci il tarixli, 05 saylı “güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında” arayışında qeyd olunmuşdur ki, İddiaçı əmək kitabçasına əsasən xx.xx.2006-cı il tarixinə ümumi əmək stajı 27 il 23 gündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il 12 saylı Qərarının 29-cu bölməsinə (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatın, bərpası və təmiri) əsasən İddiaçı “Şirvanneft” NQÇİ və “Shirvan Oyl” BMMM-də xx.xx.2006-cı il tarixinə güzəştli şərtlərlə 21 il 05 ay 10 gün iş stajı var. Belə ki, 32/k saylı xx.xx.1984-cü il tarixli əmrlə xx.xx.1984-cü ildən xx.xx.2004-cü il tarixinə qədər “Şirvanneft” NQCİ və “Shirvan Oyl” BMMM-in X10 dülgər peşəsində işləmişdir (19 il 08 ay 10 gün) . 46/k saylı xx.xx.2004-cü il tarixli əmrlə xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək “Shirvan Oyl” BMMM-in X10 iş icraçısı vəzifəsində işləmişdir. (01 il 09 ay). Cəmi: “Şirvanneft” NQÇİ, “Shirvan Oyl” BMMM-də 21 il 05 ay 10 gün güzəştli şərtlərlə iş stajı var. xx.xx.2018-ci il tarixli 759/k saylı əmrlə xx.xx.2018-ci il tarixdən İddiaçı ilə bağlanmış Əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndilə (tərəflərin qarşılıqlı razılığı) xitam verilmişdir. İşdə olan iddiaçının İT-İ-0337002 nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı: - xx.xx.1979-cu il tarixdə 3-cü dərəcəli fanerovşik vəzifəsində, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək “Tikinti-Təmir İdarəsi”ndə dülgər vəzifəsində; xx.xx.1982-ci il tarixdən “Şirvanneft”NQCİ –də 4-cü dərəcəli dülgər vəzifəsinə, xx.xx.1982ci il tarixdə 5-ci dərəcəli dülgər vəzifəsinə keçirilmiş və xx.xx.1982-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş; xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək “X11 Qovşağı”nda 3-cü dərəcəli dülgər vəzifəsində; xx.xx.1983-cü il tarixdə 20 saylı sexində 4- cü dərəcəli dülgər, xx.xx.1983-cü il tarixdə 5-ci dərəcəli dülgər vəzifəsində fəaliyyət göstərmiş və xx.xx.1983-cü il tarixdə işdən azad edilmiş; xx.xx.1983-cü il tarixdən 4-cü dərəcəli dülgər vəzifəsində, xx.xx.1984-cü il tarixdə X11 Qovşağına keçirilmiş, xx.xx.1984-cü il tarixdə “Şirvanneft” NQCİ-yə 4-cü dərəcəli dülgər vəzifəsinə keçirilmiş, xx.xx.2004-cü il tarixdə həmin şirkətdə iş icraçısı keçirilmiş xx xxxxxxx 2009-cu il tarixdə öz xahişi ilə işdən azad edilmiş; xx.xx.2009-cu il tarixdən xx.xx.2018-ci il tarixədək “X8 Limited” Şirkətində iş icraçısı vəzifəsində fəaliyyət göstərmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X9 İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, **********1 saylı məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə qaydaların tələblərinə uyğun olaraq müvafiq sənədlərin əsillərinin tam şəkildə təqdim edilməsindən sonra baxıla bilər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X9 İdarəsinin xx xxxx 2020-ci il tarixli, **********1 saylı imtina məktubunda qeyd etmişdir ki, xx.xx.1979-cu il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1984-xx.xx.2004-cü il tarixləri arasındaki dövr ərzində “Şirvanneft” NQÇİ və “Shirvan Oyl” BMMM-in X10 dülgər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi sahə yuxarıda qeyd olunan sahəyə uyğun deyil. Bu səbəbdən iddiaçının xx xxxxxx 2006-cı il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Birinci instansiya məhkəməsi imtinanı əsassız hesab edərək aşağıdakıları qeyd etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun xx xxxxxx 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının xx xxxx 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1- dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu ilə qədər Xırdalan şəhərinin 94 №-li peşə məktəbində təhsil almışdır. (10 ay 16 gün) Həmçinin, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, onun hərbi xidmət illəri də sosial sığorta stajına da daxil edilməlidir. Belə ki, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 67- ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli xx xxxxxx 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsassən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüququqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Cavabdehin imtinasının əsasını təşkil edən hal olan - iddiaçının neft sahəsində çalışdığı təqdirdə, onun dülgər və iş icraçısı vəzifəsində fəaliyyət göstərdiyi peşələrin ümumiyyətlə güzəştli iş stajı verən peşələrin dairəsini əhatə edən siyahının “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı, kömürün və şistin emalı” bölməsində nəzərdə tutulmaması ilə bağlı birinci instansiya məhkəmə qeyd etmişdir ki, həmin sahələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 2 nömrəli siyahısının bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri (XXVİİ) bölməsində göstərilmişdir. Belə ki, 2290000b-24441 kodu altında olan “iş icraçıları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 2 nömrəli siyahısının “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin “rəhbərlər və mütəxəssislər” alt bölməsində; 2290100a-16671 kodu altında olan “dülgərlər” isə həmin bölmənin “metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər” alt bölməsində göstərilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, dülgər işlərinin görülməsi zamanı bütün istehsalatlarda çalışan dülgərlər insan orqanizmi üçün təhlükəli və zərərli olan amillərin təsirinə məruz qalırlar. Ona görə də, dülgər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004- cü il i noyabr tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş «işçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli digər ağır istehsalat amilləri mövcud olan əmək şəraiti istehsalatların, peşə və vəzifələrin Siyahısı»na və həmçinin 2004-cü il tarixli 5 iyul 92 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısına daxil edilmişdir ki, bu da onu deməyə əsas verir ki, dülgər peşəsi ağır və insan orqanizm üçün zərərli peşədir. Təhsil illəri və hərbi illəri (2 il 11 ay 16 gün) sosial sığorta stajına daxil edilərək müəyyən olunur ki, iddiaçının ümumilikdə xx.xx.2006-cı il tarixədək 28 il 11 ay 16 günü sığorta stajı mövcuddur, bu dövründən 12 il 6 ayından çoxunu güzəştli iş stajı təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının ”dülgər” və “iş icracısı” peşələrində çalışdığı dövrü güzəştli əmək pensiyası hüququ verən staja aid edilməsi düzgün deyil. İddiaçı “Shirvan OCL” şirkətinin xx.xx.2020-ci il tarixli, 05 nömrəli arayışına istinad edərək, xx.xx.1984-xx.xx.2006-cü il tarixlərində “Şirvanneft” NQÇİ və “Shirvan Oyl” BMMM-in X10 “dülgər” və “iş icraçısı” peşələrində çalışdığı dövrün güzəştli olduğunu iddia edir. İşin halları ilə müəyyən edilir ki, iddiaçı neft sahəsində çalışmışdır. Həmin sahə üzrə güzəştli iş stajı verən peşələrin dairəsini 2 saylı Siyahının “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” adlanan Xll Bölməsi müəyyənləşdirir. İddiaçının çalışdığı neft-qaz hasilatı sahəsi ilə əlaqəsi yoxdur və həmin Bölmədə isə “dülgər” və “iş icraçısı” peşələri ümumiyyətlə nəzərdə tutulmayıb Lakin birinci instansiya məhkəməsi qərarında iddiaçıya aid edilməyən istehsalat sahəsindəki peşəyə - “İş icraçısı” (22900006-24441) 2 saylı Siyahının “Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlanan “XXVİİ Bölməsində, “dülgərlər” (2290100а-16671) peşəsi isə həmin Bölmənin "Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər (1 №-li Siyahıda nəzərdə tutulmuş fəhilə peşələrindən başqa)” adlanan 1-ci alt-qrupuna istinad etmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərilən dəilləri qəbul edir və hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçiya aid edilməyən istehsalat sahəsindəki peşəyə istinad edilməsi əsassızdır. Beləliklə, iddiaçının xx xxxxxx 2006-cı il tarixinədək 12 il 06 ay güzəştli iş stajını toplamaması müəyyən olunur və məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia tələbi rədd edilməlidir. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdehin nümayəndəsi və vəkili D.Novruzov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4997/2020 saylı qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X9 İdarəsinə (hazırki X9 üzrə Mərkəzi Filialı) qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar