Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-243/2023 26.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X9 və X5 ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı (xx.xx.1981-ci il təvəllüdlü; AZE № ********) cavabdeh 11 nömrəli Bakı Şəhər Poliklinikasına qarşı “əlillik dərəcəsinin müəyyən olunması məqsədi ilə göndərişin tərtib edilməsi və “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestrinə daxil edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1313/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri 11 saylı şəhər poliklinikasına qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əlillik dərəcəsinin müəyyən olunması məqsədi ilə göndərişin tərtib edilməsi və Tibb-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestrinə daxil edilməsi vəzifəsinin Bakı şəhəri 11 saylı şəhər poliklinikasının (həkim komissiyasının) üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir (İPM m 34.1). İddianın əsaslarına görə xx.xx.2019-cu il tarixdə müraciəti əsasında “Zəfəran” hospitalında müayinələr edilərək, ürəyin işemik xəstəliyi - ürəyin sol mədəciyinin ön divarının kəskin miokard infarktı (X3, 10-cu redaksiya üzrə: i21.0) diaqnozu qoyulmuşdur. Aparılmış yoxlama zamanı (anjuografıya) ürəyin ön divarındakı koronar damarın tamamilə (98%) tutulması aşkar edilmişdir. Hospitalda dərhal ürəyinin qapalı əməliyyatı icra edilmiş və tutulmuş damara stend yerləşdirdərək, damarda qanın axını bərpa edilmişdir. Əməliyyat bitdikdən 3 gün sonra xəstəxanadan orta-kafi vəziyyətdə stasionar müalicə məqsədi ilə buraxılmışdır. Bundan sonra xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək xəstəlik vərəqəsi açılmış və xx.xx.2019-cu il tarixdən könüllü istəyi ilə işinə davam etmək məqsədi ilə poliklinikadakı xəstəlik tarixçənin bağlanmasını xahiş etmişdir Xəstəlik tarixçəni dayandırması heç də xəstəliyinin bərpa olunması və sağalmağı demək deyildir. Yəni bütün kardioloqlar və eləcə də tibb təhsili olan həkimlər də bilir ki, “infarkt” sağalan xəstəlik deyil və onun yaratdığı fəsadlər, qan dövranındakı pozğunluqlar və nəhayət ürək çatışmamazlığı tədricən özünü birüzə verir. Məhz buna görə də hazırda ürək çatışmamazlığının ilkin əlamətlərinin (bir az əsəbləşən kimi tənginəfəslik, öskürək, arterial təzyiqin yüksəlməsi, sol qolunda kəskin formada keyimə-uyuşma və s) iddiaçıda olduğuna görə müalicə həkimi (“Zəfəran” hospitalın həkimi Mehman Ağamalıyev) tərəfindən bu istiqamətdə qabaqlayıcı dərman-müalicə tədbirləri hazırda da davam etdirilir. Səhiyyə Nazirliyinin Akademik C.Abdullayev adına X8 institutunda aparılmış exokardioqrafiya müayinəsində də onun xəstəliyi təsdiqini tapır. Son bir neçə ay ərzində dəfələrlə 11 saylı Poliklinikaya müraciət edərək əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi məqsədi ilə xəstəliklərinin tibbi-sosial ekspert komissiyasına göndərilməsini xahiş etmişdir. Poliklinika tərəfindən sənədlərinin tibbi sosial ekspert komissiyasına göndərilməsindən, bir sözlə göndəriş edilməsindən imtina edilmişdir. Poliklinikada iddiaçını müayinə edən kardioloq (Xuraman həkim) və baş həkim Nəriman Məmmədov tərəfindən iddiaçıya bildirilmişdir ki, onun keçirdiyi xəstəlik üzrə əlillik qrupunun verilməsi mümkün deyildir, göndərişin verilməsi üçün mütləq qaydada şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olması vacibdir. Miokardın kəskin infarktı elə bir xəstəlikdir ki, bu xəstəliyi daşıyan şəxs 6 ay yox, 6 il stasionar və ya ambulator müalicə alsa belə, onun sağalması mümkün deyildir. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.1-ci bəndində qeyd edilmiş “ürəyin işemik xəstəlikləri” üzrə “121” kod adı X2 10-cu redaksiyasında “kəskin miokard infarktı” adlanır. Madam ki, Əsasnamədə 2-ci qrup əlilliyin təyini üçün “121” kod adı ilə qeyd edilmiş xəstəlik “X3”na görə “kəskin miokard infarktı” xəstəliyidir və iddiaçının xəstəliyinin diaqnozu da məhz “kəskin miokard infarktı”dır, bu zaman Poliklinika tərəfindən göndərişin verilməməsi səbəbi iddiaçı üçün qaranlıqdır. Halbuki, göndərişin verilməsi poliklinikanın həkimin və ya baş həkimin müraciəti ilə poliklinikanın həkim komissiyasının birbaşa vəzifəsidir. İddiaçının xəstəliyi həm ''Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə və həm də “X3’'na uyğun olaraq göndərişin verilməsinə və əlilliyin təyin edilməsinə həm hüquqi və həm də faktiki əsas verir. İmtina tamamilə qanunsuz və əsassızdır. İddiaçının xəstəliyi ürəyindədir və ürəyin funksiyaları bərpa olunan deyil, gün ərzində 5 ədəd ayrı-ayrı adda pereparataları qəbul edir. Cavabdeh poliklinakaiddiaçının müraciəti ilə əlaqədar ona ünvanlanan, işə əlavə olunmuş 941 saylı 7 mart 2020-ci il tarixli məktubunda bildirmişdir ki, AR Nazirlir Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş «Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi» Qaydallaraın ümumi maddələrin 1.5.1-ci bəndinə şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə, ümumilikdə, 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki,psixi,əqli və ya hissiyyat pozuntularının olması»na əsasən baxılır. Birinci instansiya məhkəməsində iştirak edən nümayəndəsi (X6), qeyd olunan əsaslarla iddianı qəbul etməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1313/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respubikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci madəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı Apellyasiya şikayətini aşağıdakılarla əsaslandırmışdır. «…Ağır ürək əməliyyatı keçirmiş və bu səbəbdən də bir müddət sonra 11 saylı Poliklinikaya müraciət edərək, əlillik dərəcəsinin müəyyən olunması məqsədi ilə tibbi komissiyadan keçirilməyimi, nəticəsindən asılı olaraq bu barədə müvafiq bildirişin “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin reyestrinə daxil edilməsini xahiş etmişdir. Lakin poliklinikanın baş həkimi tərəfindən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş, məni ümumiyyətlə tibbi komissiyadan keçirmədən və sağlamlıq vəziyyətimi müəyyən etmədən bildirişin reyestrə daxil edilməsindən imtina edilmişdir. Poliklinikanın baş həkimi və kardioloqu bildirmişdirlər ki, keçirdiyim xəstəlik üzrə əlillik qrupunun verilməsi mümkün deyildir. Göndərişin verilməsi üçün mütləq eyni xəstləik üzrə 6 aydan çox ambulator müalicə olunmaq və xəstəxanada bu müddətdə qalmaq lazımdır. Bakı İnzibati Məhkəməsi iddia tələbim üzrə 26 avqust 2021-ci il tarixli, 2-1(112)-1313/2021 saylı əsassız və qanunsuzdur. Belə ki, iddia ərizəsindən və əlavə etdiyi sənədlərdən ürək əməliyyatı keçirməyi və ürəyinin davam edən xəstəliyi həm özəl, həm də dövlət tibb müəssisələri tərəfindən aparılmış müayinələrdə təsdiqini tapır. Artıq uzun müddətdir ki, stasionar şəraitdə müalicələr almağına baxmayaraq sağlamlığının bərpa olunmaması, xəstəliyinin mövcud olması və davam etməsini birmənalı qaydada sübut edir. Onun dərdi onu poliklinika tərəfindən həkim komissiyasından keçirilməsindən qanunsuz olaraq imtinadır. Onun xəstə və ya sağlam olması məhz həkim komissiyası tərəfindən müəyyən edilə bilərdi, adi bir baş həkim tərəfindən deyil. Dəfələrlə tələb etməsinə baxmayaraq heç bir həkim komissiyasının tibbi müayinəsinə cəlb edilməmişdir. Bu hal onun iddiasının ən vacib əsaslarından biri olub, lakin məhkəmə inzibati orqanın öz vəzifəsini icra etməməsini, onu tibbi müyainədən keçirməsindən niyə imtina etməsini araşdırmaq əvəzinə onun həqiqətən xəstə olub-olmamasını araşdırmağa qərar vermiş, ekspertiza təyin etmiş və s. hərəkətlər etmişdir. Axı əlillik dərəcəsini müəyyən etmək vəzifəsi poliklinikalarda fəaliyyət göstərən tibbi komissiyanın vəzifəsidir. İstinad etdiyi halları təsdiq edən epikriz, elektrokardioqramma, exokardioqrafiya sənədlərində təsdiqini tapdığı halda məhkəmə ekspertiza təyin etmiş və aparılmamış ekspertiza əsasında tərtib edilmiş rəyə əsasən qərar çıxartmışdır. Rəyin nəticə hissəsində olanlar ağ yalandır. O, xx.xx.2020-ci il tarixdə nə də başqa tarixlərdə Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyində, nə də onların göstərişi ilə hər hansı xəstəxanada heç bir rəngli dopler müayinəsindən, nə də başqa elementar müayinədən keçirilməmişdir, adi fendoskopla ürək ritminə belə qulaq asan olmayıb. Madam ki, müayinədən keçiriblər, o zaman həmin dopler sənədini, digər müayinələri təqdim etsinlər. Ekspert rəyində ƏƏSMN-nin əməkdaşı, baş mütəxəssisi X7 adlı şəxsin imzası var. O belə bir adamı tanımır, onu görmədən bu şəxs rəyi necə imzalayıb. Bu saxta ekspert rəyini təhlil etmədən, rəyə heç bir münasibət bildirmədən, məhkəmə iclasına gələ bilmədiyini görüb məhkəmənin tələsik qərar çıxartması qanunsuzdur...” Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2759/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2759/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-686/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin həmin qərarı ləğv edilmiş iş təkrar baxılması üçün göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarını ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri, habelə məhkəmə iclasına gəlmədiyi təqdirdə işə onun nümayəndəsinin iştirakı olmadan baxılacağı barədə xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iddiaçını dinləyib, iş materiallarını təkrar apellyasiya qaydasında araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestrinə daxil edildikdən sonra altsistemə ötürülür. İddiaçının tələbindən göründüyü kimi, əlillik dərəcəsinin müəyyən olunması məqsədi ilə göndərişin tərtib edilməsi və Tibb-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestrinə daxil edilməsi vəzifəsinin Bakı şəhəri 11 saylı şəhər poliklinikasının (həkim komissiyasının) üzərinə qoyulmasını məhkəmədən tələb etmişdir. İşin hallarından göründüyü kimi, birinci instansiya məhkəməsinin qərarı ilə iddia rədd edilmiş, həmin qərar apellyasiya məhkəməsinin qərarı ilə dəyişdirilmədən qüvvədə saxanılmış, kassasiya instansiyası məhkəməsinin qərarı ilə apellyasiya məhkəməsinin qərarı ləğv edilərək yeni baxışa göndərilmişdir. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiyası məhkəmələri üçün məcburidir. Ali Məhəkəmə qərarında apellyasiya məhkəməsinin qərarını ləğv edərkən qeyd etmişdir ki, iddiaçının həqiqətən müayinədən keçirilməsini təsdiq edən hər hansı sənəd və həmin müayinənin nəticəsi barədə Həkim Məsləhət Komissiyasının qəbul etdiyi qərar təqdim edilməmişdir. Həmçinin sözügedən sənədlər işə baxan aşağı instansiya məhkəmələri tərəfindən tələb edilməmiş və onların mövcudluğu araşdırılmamışdır. Bundan əlavə, hazırkı iş üzrə birinci instansiya məhkəməsi İPM-nin 12.1-ci maddəsində təsbit olunmuş işin hallarının araşdırılması prinsipindən çıxış edərək iş üzrə ekspertiza təyin etmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinə həvalə olunmuşdur. Sonuncu tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ekspert rəyində cavabdehin imtinasının qanuni olması, yəni iddiaçının xəstəlik halının “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydalarının 1.5.1-ci bəndindəki meyara uyğun olmadığı nəticəsinə gəlinmişdir. İşin təkrar apellyasiya baxışında Ali Məhkəmənin qeyd olunan göstərişləri nəzərə alınmaqla, cavabdeh 11 nömrəli Bakı Şəhər Poliklinikasına sorğu verilərək iddiaçı barəsində Həkim Məsələhət Komissiyasının qəbul etdiyi sənədin məhkəməyə təqdim olunması tələb olunmuş və Poliklinikanın 536 saylı 21 fevral 2023-cü il tarixli izahlı məktubu ilə 25.Vİİ.2020-ci il tarixli “Həkim Məsələhət Komissiyası tərəfindən əlilliyin qiymətləndirilməsi üçün göndərişlərin verilməsindən imtina Aktı” məhkəməyə təqdim edilmişdir. Qeyd olunan məktubda aşağıdakılar bildirilmişdir: “İddiaçı xx.xx.2019-cu il tarixində “ÜİX-Solmədəciyin ön divarının kəskin miokard infarktı “diaqnozu ilə həkim kardioloqa müraciət etmiş və “Zəfəran “ hospitalında 16.11 – 18.11 tarixinədək (3 gün) stasionar müalicədən sonra yaxşılaşma qərarı ilə ambulator müalicəyə göndərilməsi haqqında epiqriz təqdim etmişdir.Poliklinikanın həkim kardioloqu tərəfindən xx.xx.2019-cu il tarixinədək xəstəlik vərəqəsinin tarixi artırılmış və 07.12-ci ayda xəstənin təkidi ilə yaxşılaşma ilə işə yazılmışdır. Bir müddət sonra xəstə ona əlillik verilməsini tələb edərək poliklinikanın HMK-na (Həkim Məsləhət Komissiyasına) müraciət etmişdir. Dəfələrlə həmin xəstəyə izah edilmişdir ki, bu xəstəlikdən TSEK-ə göndəriş verilməsi üçün 180 gün xəstəlik vərəqəsi olmadan “forma 88” rəsmiləşdirə bilməz. Bilavasitə komissiyanın üzvləri tərəfindən ona izah edilmişdir ki, xəstənin bu günkü vəziyyəti və onun fəaliyyət göstərdiyi peşəni nəzərə alaraq o, xəstənin ağırlıq dərəcəsi əlillik meyarlarınauyğun deyil . Son 3 il ərzində bu xəstə bir dəfə də olsun həkim kardioloqa müraciət etməmiş və həmin xəstəliyə uyğun xəstəlik vərəqəsi almamışdır. Yalnız xx.xx.2020-ci il tarixdə “Covid-19” diaqnozu ilə çağırış etmiş və xx.xx.2021-ci il tarixinədək həmin diaqnozla poliklinikada müalicə almışdır.Həmin müddət də HMK-nın məsləhəti və həkim kardioloqun məsləhətinə ehtiyacı olduğu bildirilsə də o, kardioloqa müraciət etməmişdir. Həmin məktuba əlavə edilmiş 25.Vİİ.2020-ci il tarixli “Həkim Məsələhət Komissiyası tərəfindən əlilliyin qiymətləndirilməsi üçün göndərişlərin verilməsindən imtina aktı”nda aşağıdakılar qeyd olunmuşdur: “İddiaçı əlilliyinin qiymətləndirilməsi məqsədilə tibb müəssisəsinin Həkim Məsələhət Komissiyasına müraciət etmiş, 180 gün xəstəlik vərəqəsinin olmadığına görə əlillik meyarlarınauyğun olaraq AR Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarına əsasən şəxsə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsindən imtina edilmişdir (Akt Komissianın 5 üzvünün imzaları və poliklinikanın möhürü ilə təsdiq olunmuşdur) İş materiallarından görünür ki, cavabdehin qeyd olunan imtinasından narazı qalan, iddiaçı “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi”nə (TƏBİB PHŞ) də müraciət edərək ona göməklik göstərilməsini xahiş etmiş, sonuncu isə ona ünvanladığı 01 sentyabr 2020-ci il tarixli məktubunda bildirmişdir ki, onun “müraciəti əsasındaən 11 nömrəli Bakı Şəhər Poliklinikasınnın rəhbərliyi tibb müssisənə dəvət olunmuş və həkim Məsələhət Komissiyasının üzvlərinin iştirak ilə təkrar müayinə olunduğu bildirilmişdir. onun xəstəlik halı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli “Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişin verilməsi Qaydası”naaid 12 saylı qərarının 1.5.1-ci bəndinə əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə, ümumilikdə, 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması” meyarına uyğun gəlmədiyindən TSEK-ə göndərişlə təmin edilməmişdir.” İş materiallarının tədqiq olunduqda və qanunvericiliyin tələbləri araşdırıldıqda müəyyən olunur ki, cavabdehin göndəriş verilməsindən imtina etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası”nın 1.2-ci bəndinə əsasən şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. Həmin Qaydanın 1.3-cü bəndinə əsasən göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. Həmin Qaydanın 1.5-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir). 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Eyni zamanda, həmin Qaydanın: 2.1-ci bəndinə əsasən göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bəndinə əsasən komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-cü bəndinə əsasən komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Qaydanın qeyd olunan 1.5-ci bəndinin tələblərindən göründüyü kimi, həmin bənddə sadalanan hallarda yalnız tibb müəssisəi tərəfindən göndəriş verilə bilər. İşin tədqiq olunan sübutlarla müəyyən olunan hallarından göründüyü kimi, cavabdeh tərəfindən Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən əsasın - yəni, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması” iddiaçıda mövcudolmadığından ona TSEK-ə “forma 088” göndəriş verilməsindən imtina olunmuşdur. İşdən görünür ki, cavabdehin imtinasının əsaslılığının yoxlanılması məqsədilə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tibbi ekspertizası da təyin olunmuş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nin ekspertləri tərəfindən xx.xx.2020-ci il tarixli T25/2021 nömrəli ekspert rəyi verilmişdir. Həmin rəydə ekspertlərin gəlidiyi nəticə ondan ibarət olumuşdur ki, “vətəndaş İddiaçı 16xx.xx.2019-cu il tarixlərdə “Zəfəran Hospital”ın kardiologiya şöbəsində “ürəyin işemik xəstəliyi, sol mədəciyin ön divarının kəskin miokard infarktı” diaqnozu ilə daxil olarkən aparılmış müvafiq müayinələrdən sonra stasionar müalicədə olmuş və stent implanta edilmişdir. xx.xx.2020-ci il tarixdə məhkəmə-tibb ekspert komissiyası tərəfindən göndərişlə aparılan rəngli doppler axokardioaqrafiyası zamanı sol mədəciyin sistolo-diastolik ölçüləri və sistolik finksiyaları normal olmuşdur. Bu səbəbdən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş əlilliyin quymətləndirilməsi üçün qüvvədə olan “Əsasnamənin meyarlarına” uyğun ona əlillik dərəcəsinin verilməsindən imtina düzgün olmuşdur.” Rəydə ekspertlər həmin nəticəyə gələrkən iddiaçının ilkin müəyinə olunduğu “Zəfəran” hospitalında xx.xx.2019-cu il tarixdə tərtib olunmuş epikriz, daha sonra, onun Akademik C.A.Abdullayev adına X1 xx.xx.2019-cu il tarixdə transtorakal exokardioqrafiya müayinəsi zamanı qoyulmuş diaqnozu, “Zəfəran” hospitalında xx.xx.2020-ci il tarixdə rəngli doppler exokardioqrafiya protokolu və Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası Sanator- Kurort kitabçasın müalicə zamanı qoyulmuş xəstəlik diaqnoz tədqiq olunmuş və iddiaçı 17 fevral 2021-ci il tarixdə Birliyin Təkrar ekspertizalar şöbəsində müayinədən keçirilmişdir. Qeyd olunmalıdır ki, işin təkrar apellyasiya icraatı mərhələsində, iddiaçının etirazına baxmayaraq, məhkəmə öz təşəbbüsü ilə xx.xx.2023-cü il tarixli qərardadı ilə əlavə sual qoyulmaqla, onun xəstəliyinin - “Əlilliyin və sağlamlıq imkanlarının məzhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə ilə müəyyən edilən meyarlara uğun gəlibgəlmədiyinə və ona Forma-88 göndəriş verilməsinə əsasıların olub-olmadığına aydınlıq gəgətirilməsi üçün iş üzrə əlavə komission məhkəmə tibbi ekspertizası təyin edilsə də iddiaçı sənədləri ilə birlikdə ekspertiza tədqiqatına gəlməmiş, bu səbəbdən bBirliyin xx.xx.2023-cü il tarixli məktubu ilə geri qaytarılmış, məhkəmənin 10 may 2023-cü il tarixli məktubu ilə iş materialları iddiaçının iştirakı ilə tədqiqatın aparılması üçün iş materialları təkrarən Birliyə qaytarılsa da, təkrarən iddiaçı gəlmədiyindən Birliyin xx.xx.2023-cü il tarixli məktubu ilə iş ekspertiza aparılmadan icrasız geri qaytarılmışdır. Hazırkı məhkəmə iclasında iştirak edən iddiaçı məsələyə münasibət bildirərkən qeyd etmişdir ki, birinci dəfə həqiqətən telefon əlaqəsi ilə ekspertizaya dəvət olunsa da getməmiş, amma sonradan ona müvafiq məlumat verilməmiş, hər bir halda, ekspertiza təyin olunmasına əvvəlcədən razı olmadığını məhkəməyə bildirmişdir. İPM-in 1.2-ci maddəsinin göndərişi baxımından MPM-in 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçı tərəfindən tibb-sosial ekspertiza müayinəsi üçün 088 formalı göndərişin tərtib edilib reyestrə daxil edilməsi vəzifəsinin cavabdehə həvalə olunması üçün əsasların mövcudluğu sübuta yetirilmiş hesab oluna bilməz. Halbuki, İPM-in 14.3-cü maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Belə olan halda, məhkəmə kollegiyası ilkin məhkəmə tibbi ekspertizasının qeydolunan nəticələrinə inandırıcı yanaşharaq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının müraciətinə əsasən göndəriş verilməsindən imtina olunması əsaslıdır. Əsaslı imtina isə iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsi isə onu nəzərdə tutur ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarının pozmuş olsun. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsi mahiyyəti üzrə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1313/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1313/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Hakim Şərafət Məmmədovanın XÜSUSİ RƏYİ Bakı Apellyasiya Məhkəməsinin qərarına hörmətlə yanaşaraq, qərarın təsviriəsaslandırıcı hissəsi ilə qismən razıyam, nəticə hissəsi ilə isə razı deyiləm.Buna görə də xüsusi rəyimi bildirirəm. İş materiallarında olan “Zəfəran” Hospitalı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli epikrizdə qeyd edilmişdir ki, iddiaçı xx.xx.2019-cu il tarixdə sinəsində qəflətən yaranmış, sol qoluna və kürək nahiyəsinə yayılan kəskin ağrılar səbəbindən müəssiyə müraciət etmiş və hospital tərəfindən kardioreanimasiya şöbəsinə qəbul edilmişdir. Aparılan müayinələrdən sonra iddiaçıya “ÜİX (ürəyin işemik xəstəliyi): sol mədəciyin ön divarının kəskin miokard infarkt”ı diaqnozu qoyulmuşdur. İddiaçı hospital tərəfindən iki gün dinamik müşahidə altında saxlanılaraq xx.xx.2019-cu il tarixində orta-kafi vəziyyətdə evə yazılmışdır. İddiaçı cavabdehə müraciət edərək, əlillik dərəcəsinin müəyyən olunması məqsədi ilə göndərişin tərtib edilməsini və göndərilməsini xahiş etmişdir/ Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əlillik dərəcəsinin müəyyən olunması məqsədi ilə göndərişin tərtib edilməsi və “Tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilməsi vəzifəsinin 11 saylı Bakı şəhər poliklinikasının (həkim komissiyasının) üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin Qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının əlillik dərəcəsinin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi üçün “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.2-ci və 1.5-ci bəndində göstərilən əsaslar yoxdur. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarına əsasən iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin həmin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarı ilə birinci instansiya məhkəməsinin qərarı yenidən dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İşin hallarına, iddiaçının tələbinə, məhkəmələr tərəfindən mübahisə üzrə qəbul edilmiş aktlara əsasən müəyyən edilir ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı əlillik dərəcəsinin müəyyən olunması məqsədi ilə göndərişin verilməsinə nail olmaqdır. “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydalarının 2.1-ci bəndinə əsasən göndərişin verilməsi üçün şəxs Komissiyaya müraciət edir və komissiya şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdıraraq, o cümlədən zərurət olduqda diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxsi ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərməklə, son nəticədə göndərişin verilməsi və ya verilməsindən imtina barədə qərar qəbul edir. Lakin iş materiallarında cavabdeh orqan tərəfindən şəxsin müraciəti əsasında onun barəsində müvafiq sənədlərin toplanması, həmin sənədlərin təhlil edilməsi, diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxsin ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərilməsi, başqa sözlə, qanunvericiliyin tələbinə uyğun icraatın aparılması və həmin icraat nəticəsində göndərişin verilməsindən imtina barədə qərarın qəbul edilməsini təsdiq edən sübutlar yoxdur. İnzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə düzgün və qanunauyğun qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Başqa sözlə, cavabdeh inzibati orqan kimi iddiaçının müraciəti əsasında inzibati icraatı başlamalı, bu zaman “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulan inzibati icraatın prinsiplərinə riayət etməklə inzibati icraat aparmalı, son nəticədə inzibati icraatın nəticəsində əsaslandırılmış inzibati akt qəbul etməlidir.Məhkəmə isə qəbul edilən qərarın qanuniliyinə qiymət verməlidir. Bundan əlavə, hazırkı iş üzrə məhkəmə İPM-nin 12.1-ci maddəsində təsbit olunmuş işin hallarının araşdırılması prinsipindən çıxış edərək iş üzrə ekspertiza təyin etmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinə həvalə olunmuşdur. Sonuncu tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ekspert rəyində cavabdehin imtinasının qanuni olması, yəni iddiaçının xəstəlik halının “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydalarının 1.5.1-ci bəndindəki meyara uyğun olmadığı nəticəsinə gəlinmişdir. Bununla bağlı qeyd edilməlidir ki, ekspert hüquqi məsələ ilə bağlı hər hansı nəticəyə gəlməkdə səlahiyyətli deyildir, qeyd olunan bu səlahiyyət işə baxan məhkəməyə aiddir. Digər tərəfdən, iş üzrə iddiaçının dəlili onun xəstəliyinin “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydalarının 1.5.1ci bəndində qeyd edildiyi kimi müəyyən müddət stasionar və ya ambulator müalicədən sonra bərpa edilməsinin mümkün olmamasına görə ümumiyyətlə həmin meyar baxımından xəstəliyinin qiymətləndirilməməsi ilə bağlıdır. Başqa sözlə, iddiaçı hesab edir ki, onun xəstəliyi müalicə nəticəsində sağalan xəstəlik olmadığından, ondan müəyyən müddət stasionar və ya ambulator müalicə tələb edilməsi əsassızdır. Daha sonra işin təkrar apellyasiya baxışında Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarındakı göstərişləri nəzərə alınmaqla, cavabdeh 11 nömrəli Bakı Şəhər Poliklinikasına sorğu verilərək iddiaçı barəsində Həkim Məsələhət Komissiyasının qəbul etdiyi sənədin məhkəməyə təqdim olunması tələb olunmuş və Poliklinikanın 536 saylı 21 fevral 2023-cü il tarixli izahlı məktubu ilə 25.Vİİ.2020-ci il tarixli “Həkim Məsələhət Komissiyası tərəfindən əlilliyin qiymətləndirilməsi üçün göndərişlərin verilməsindən imtina Aktı” məhkəməyə təqdim edilmişdir. Qeyd olunan məktubda aşağıdakılar bildirilmişdir: “İddiaçı xx.xx.2019-cu il tarixində “ÜİX-Solmədəciyin ön divarının kəskin miokard infarktı “diaqnozu ilə həkim kardioloqa müraciət etmiş və “Zəfəran “ hospitalında 16.11 – 18.11 tarixinədək (3 gün) stasionar müalicədən sonra yaxşılaşma qərarı ilə ambulator müalicəyə göndərilməsi haqqında epiqriz təqdim etmişdir. Poliklinikanın həkim kardioloqu tərəfindən xx.xx.2019-cu il tarixinədək xəstəlik vərəqəsinin tarixi artırılmış və 07.12-ci ayda xəstənin təkidi ilə yaxşılaşma ilə işə yazılmışdır. Bir müddət sonra xəstə ona əlillik verilməsini tələb edərək poliklinikanın HMK-na (Həkim Məsləhət Komissiyasına) müraciət etmişdir. Dəfələrlə həmin xəstəyə izah edilmişdir ki, bu xəstəlikdən TSEK-ə göndəriş verilməsi üçün 180 gün xəstəlik vərəqəsi olmadan “forma 88” rəsmiləşdirə bilməz. Bilavasitə komissiyanın üzvləri tərəfindən ona izah edilmişdir ki, xəstənin bu günkü vəziyyəti və onun fəaliyyət göstərdiyi peşəni nəzərə alaraq o, xəstənin ağırlıq dərəcəsi əlillik meyarlarınauyğun deyil. Son 3 il ərzində bu xəstə bir dəfə də olsun həkim kardioloqa müraciət etməmiş və həmin xəstəliyə uyğun xəstəlik vərəqəsi almamışdır. Yalnız xx.xx.2020-ci il tarixdə “Covid-19” diaqnozu ilə çağırış etmiş və xx.xx.2021-ci il tarixinədək həmin diaqnozla poliklinikada müalicə almışdır.Həmin müddətdə HMK-nın məsləhəti və həkim kardioloqun məsləhətinə ehtiyacı olduğu bildirilsə də o, kardioloqa müraciət etməmişdir. Qeyd edilməlidir ki, göründüyü kimi, əvvəla cavabdehin yuxarıdakı 21 fevral 2023-cü il tarixli izah məktubu “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydalarının tələblərinə əsasən inzibati orqanın Qərarını əvəz etmir. İkincisi, məktubda cavabdehin imtinasının dəlili kimi göstərilmişdir ki, xəstənin bu günkü vəziyyəti və onun fəaliyyət göstərdiyi peşəni nəzərə alaraq xəstənin ağırlıq dərəcəsi əlillik meyarlarına uyğun deyil. Qeyd edilməlidir ki, iddiaçının hüquqşünas peşəsi üzrə fəaliyyət göstərməsi “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydalarının 2.1-ci bəndinə əsasən göndərişin verilməsindən imtina əsaslarına aid deyil. Qaydalarının 2.1-ci bəndinə əsasən göndərişin verilməsi üçün şəxs Komissiyaya müraciət edir və komissiya şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdıraraq, o cümlədən zərurət olduqda diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxsi ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərməklə, son nəticədə göndərişin verilməsi və ya verilməsindən imtina barədə qərar qəbul edir. Daha sonra yuxarıda adıçəkilən məktuba əlavə edilmiş 25.Vİİ.2020-ci il tarixli “Həkim Məsələhət Komissiyası tərəfindən əlilliyin qiymətləndirilməsi üçün göndərişlərin verilməsindən imtina aktı”nda aşağıdakılar qeyd olunmuşdur: “İddiaçı əlilliyinin qiymətləndirilməsi məqsədilə tibb müəssisəsinin Həkim Məsələhət Komissiyasına müraciət etmiş, 180 gün xəstəlik vərəqəsinin olmadığına görə əlillik meyarlarına uyğun olaraq AR Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarına əsasən şəxsə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsindən imtina edilmişdir (Akt Komissianın 5 üzvünün imzaları və poliklinikanın möhürü ilə təsdiq olunmuşdur). Göründüyü kimi, şəxsə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsindən imtina edilməsi barədə cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Qanunun və “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydalarının tələblərinə uyğun əsaslandırılmış Qərar qəbul edilməmişdir. Aparılan məhkəmə araşdırması nəticəsində iddiaçı barəsində “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydalarının tələblərinə uyğun müayinənin aparılmadığı və müvafiq qərarın qəbul edilmədiyi müəyyən edildiyindən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2.-ci maddəsinə (İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.) əsasən məhkəmə tərəfindən cavabdehin üzərinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının müraciətinə “İnzibati icraat haqqında” Qanunun və “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydalarının tələblərinə uyğun olaraq yenidən baxılması ilə bağlı öhdəlik qoyula bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-243/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-243/2023
26.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver