Məhkəmə qərarları › İş №2-1(103)-243/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-243/2024

04.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-243/2024 04.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququn reyestrdə qeydə alınıb çıxarış verilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3976/2022 saylı xx.xx.2022-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda yerləşən 0,08 ha torpaq sahəsinə dair İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Abşeron rayon İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 47 nömrəli qərarı və bu qərar əsasında sovxoz Həmkarlar Komitəsi ilə X2 birgə ümumi iclasında qəbul edilmiş xx.xx.1991-ci il tarixli, 7 nömrəli qərarına əsasən Abşeron rayon Donuzkökəltmə Sovxozunun fəhlə və qulluqçularına 0,08 ha torpaq sahəsi ayrılmışdır. Həmin qərarlara uyğun olaraq Abşeron rayon Donuzkökəltmə Sovxozunun xx.xx.1991-ci il tarixli, 108 saylı əmri əsasında iddiaçıya 0,08 ha torpaq sahəsi istifadəsinə verilmişdir. Həmin torpaq sahələrinin cizgi və xəritədən çıxarış Xəzər rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilərək təsdiq edilmişdir. Daha sonra, həmin torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair ərizə ilə cavabdehə müraciət edilmiş, lakin cavabdeh onun müraciətinə imtina cavabı verərək, onunla əsaslandırmışdır ki, hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Halbuki, sadalanan hüquqmüəyyənedici sənədlər ərizəsinə əlavə edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur ...” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “... Aparılan araşıdırma zaman aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi Donuzkökəltmə sovxozundan 196 metr kənarda, faktiki olaraq Qala qəsəbəsinin ərazisində yerləşir. Əlavə olaraq Ərazinin 6 m. yaxınlığından orta təzyiqli qaz xətti (219 mm.lik) keçir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3976/2022 saylı xx.xx.2022 il tarixli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 47 nömrəli qərarına və sovxoz Həmkarlar İttifaqı Komitəsinin qərarına (xx.xx.1991-ci il tarixli, 7 nömrəli protokol) uyğun olaraq Abşeron rayon Donuzkökəltmə sovxozunun xx.xx.1991-ci il tarixli, 108 saylı əmrinə əsasən fərdi ev tikdirmək üçün İddiaçı ayrılmış 0,08 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və Torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “…Birinci instansiya məhkəməsi tərəfindən aşağıda qeyd olunan maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuşdur. Belə ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2020-ci il tarixli, ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatına torpaq sahəsi Donuzkökəltmə sovxozundan 196 metr kənarda, faktiki olaraq Qala qəsəbəsinin ərazisində yerləşir. Bununla bağğlı iddiaçıya xx.xx.2020-ci il tarixli məktub ünvanlanmışdır. Əlavə olaraq Ərazinin 6 m. yaxınlığından orta təzyiqli qaz xətti (219 mm-lik) keçir. Qeyd olunanlardan əlavə, torpaq sahəsinin yerləşmə sxeminin perimetrik ölçüləri ilə faktiki ölçüləri arasında uyğunsuzluq var. Bakı inzibati Məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almamış, əsassız olaraq İddiaçı iddia tələbini təmin etmişdir. Bu səbəbdən də, həmin Məhkəmə tərəfindən qəbul olunmuş 02 iyun 2022-ci il tarixli, 2- 1(112)-3976/2022 nömrəli qərar ləğv olunmalı, iddiaçının iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul olunmalıdır...” Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3386/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin həmin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-785/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2022-ci il tarixli 2-1(103)-3386/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə təkrar apellyasiya qaydasında baxılması üzrə təyin olunmuş hazırkı məhkəmə iclası barədə məlumat verilmiş tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. ІІ. Məhkəmə kollegiyası təkrar apellyasiya qaydasında iş materiallarını araşdırıb və Ali Məhkəmənin qərarından irəli gələn göstərişləri nəzərə alıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd olunmalıdır. Azərbaycan Respublikasının «Dövlət reyestri haqqında» Qanunun 8.0.8-ci maddəsinin tələbinə görə bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmışdaşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvfaiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlakın dövlət reyestrində hüquqların əmələ gəlməsi üçün əsasdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında dəyişikliklər edilməsi barədə 30 oktyabr 2015-ci il tarixli 664 №-li Fərmanın 1.2-ci bəndi ilə Siyahıya aşağıdakı məzmunda 2.5-ci bənd əlavə olunmuşdur: 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; Həmin Fərmanın 2-ci bəndi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanupuna uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir.» İş materiallarına əsasən Abşeron rayon İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 47 nömrəli qərarı və bu qərar əsasında sovxoz Həmkarlar Komitəsi ilə X2 birgə ümumi iclasında qəbul edilmiş xx.xx.1991-ci il tarixli, 7 nömrəli qərarına əsasən Abşeron rayon Donuzkökəltmə Sovxozunun fəhlə və qulluqçularına 0,08 ha həyatyanı torpaq sahəsi ayrılmışdır. Həmin qərarlara uyğun olaraq Abşeron rayon Donuzkökəltmə Sovxozunun xx.xx.1991-ci il tarixli, 108 saylı əmri əsasında iddiaçıya 0,08 ha həyətyanı torpaq sahəsi istifadəsinə verilmiş və Xəzər rayon İcra Hakimiyyəti tərəfindən həmin torpaq sahələrinin cizgi və xəritədən çıxarış tərtib edilərək təsdiq edilmişdir. Abşeron rayon İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 47 nömrəli qərarı və bu qərar əsasında sovxoz Həmkarlar Komitəsi ilə X2 birgə ümumi iclasında qəbul edilmiş xx.xx.1991-ci il tarixli, 7 nömrəli qərarına əsasən Abşeron rayon Donuzkökəltmə Sovxozunun fəhlə və qulluqçularına 0,08 ha torpaq sahəsi ayrılmış, daha sonra Abşeron rayon Donuzkökəltmə Sovxozunun xx.xx.1991-ci il tarixli, 108 saylı əmri əsasında iddiaçıya 0,08 ha torpaq sahəsi istifadəsinə verilmiş və həmin torpaq sahələrinin cizgi və xəritədən çıxarış Xəzər rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilərək təsdiq edilmişdir. Lakin cavabdehin etirazınnın və apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, ilk öncə mübahisəli torpaq sahəsinin yüksəktəzyiqli qaz xəttinin mühafizə zolağında, daha sonra isə həmin torpağın Dönuzkökəltmə sovxozunun ayrıc aktından kənarda olduğu mübahisələndirilir. İşin yuxarıda qeyd olunan faktiki hallarından göründüyü kimi,Ali Məhkəmə iş üzrə qərarında birinci və apellyasiya instansiya məhkəmələrinin iddiaçının tələbində haqlı olduğu qənaətinə gəlsə də, cavabdehin kassasiya şikayəti ilə mübahisəli torpaq sahəsinin sovxozun ayrıc aktından kənarda yerləşdiyini mübahisələndirilən hissəsində araşdırma aparılmadığını mübahisələndirən hissəsində qismən razılaşaraq iş yeni baxışa göndərilmişdir. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəməinin isə iş üzrə qərarda ifadə olunan hüquqi mövqeyi aşağıdakılardan ibarətdir: “...Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsininin torpaq sahəsinin yaxınlığından orta təzyiqli qaz xəttinin keçməsinin torpağa mülkiyyət hüququnun qeydiyyata alınmasına heç bir maneçilik törətməməsi ilə bağlı mövqeyi ilə razılaşır və hesab edir ki, cavabdehin qaz xətti ilə bağlı dəlili əsassızdır. Eyni zamanda, “Azəriqaz” İstehsalat Birliyinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, sözügedən ünvanda Xəzər rayonu, Binə qəsəbəsi Donuzkökəltmə sovxozunda İddiaçı məxsus torpaq sahəsi qaz xətlərinin mühafizə zonasına düşmür. Göründüyü kimi, cavabdehin dəlili həm də iş materiallarında olan sənədlə təkzib olunur. Bununla yanaşı, məhkəmə kollegiyası, pellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin “torpaq sahəsinin Donuzkökəltmə sovxozundan 196 metr kənarda, faktiki olaraq Qala qəsəbəsinin ərazisində olmaqla, Donuzkökəltmə sovxozunun ayrıcından kənarda yerləşməsi” ilə bağlı dəlilinin hərtərəfli araşdırılmalıdığını, bununla da İPM-in 12.1 və 58.7-ci maddələrinin tələblərinin pozulduğunu hesab edir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”na əsasən, torpaq sahəsi Donuzkökəltmə sovxozundan 196 metr kənarda, faktiki olaraq Qala qəsəbəsinin ərazisində yerləşir. İşə baxan məhkəmə Xəzər rayon İcra Hakimiyyəti tərəfindən verilmiş torpaq sahəsinin cizgisinə və xəritədən çıxarışına istinadən qeyd etmişdir ki, cizgi və xəritədən çıxarışda torpaq sahəsinin koordinatları qeyd olunmuş, lakin torpaq sahəsinin Donuzkökəltmə sovxozundan kənarda yerləşməsi halı müəyyən edilməmişdir. Bundan başqa, torpaq sahəsinin sovxozdan kənarda yerləşməsi hallarına iddiaçı cavabdehlik daşımır. Əvvəla, torpaq sahəsinin cizgisinin və xəritədən çıxarışın verilməsinin yerli icra hakimiyyətinin səlahiyyətinə aid olub-olmaması məsələsinə apellyasiya instansiya məhkəməsi qiymət verməmişdir. Bundan əlavə, iş materiallarında sovxozun ayrıc aktı mövcud olmadığı halda, eyni zamanda torpaq sahəsinin Donuzkökəltmə sovxozundan kənarda yerləşib-yerləşməməsi ilə bağlı mütəxəssis rəyi verilmədiyi halda, həmçinin Xəzər rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış məktublarda da torpaq sahəsinin Donuzkökəltmə sovxozundan kənarda yerləşməsi məsələsinə toxunulmadığından (hərçənd ki, həmin məsələyə qiymət verilməsi də yerli icra hakimiyyətinin səlahiyyətinə aid deyildir), məhkəmənin gəldiyi qənaət aydın deyildir və hər hansı mötəbər sübuta əsaslanmır. Odur ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisənin düzgün həlli edilməsi üçün sovxozun ayrıc aktını tələb edilməli (cavabdeh torpaq sahəsinin ayrıc aktından kənarda yerləşdiyinə istinad etdiyindən, ayrıc aktının mövcudluğu ehtimal olunur), iddiaçının iddia etdiyi torpaq sahəsinin koordinatlarının (yerində baxış keçirilməklə mütəxəssis tərəfindən müəyyən edilməlidir) sovxozun ayrıc aktının hüdudları daxilində yerləşib-yerləşməməsi məsələsinin həlli istiqamətində araşdırma aparılmalı, bu məqsədlə müvafiq mütəxəssis və ekspert rəyi alınmalı, eyni zamanda ayrıc aktından iddiaçıya ayrılmış torpaq sahəsinin hüdudlarının müəyyən edilməsinin mümkünlüyü araşdırılmalı, iddiaçının istinad etdiyi hüquqmüəyyənedici sənədlər (Abşeron rayon Donuzkökəltmə sovxozunun 108 saylı əmri ) əsasında iddia tələbinin qanuniliyinə qiymət verməlidir...” Ali Məhkəmənin qərarında ifadə olunan hüquqi mövqeyindən göründüyü kimi, “mübahisəli torpaq sahəsinin qaz xətlərinin mühafizə zonasına düşdüyünü” mübahisələndirən dəlillərinin əsassız olması ilə razılaşsa da, qeyd etmişdir ki, həmin torpaq sahəsinin sovxozun ayrıc aktının hüdudları daxilində yerləşib-yerləşməməsi məsələsinin həlli istiqamətində məhkəmə tərəfindən araşdırma aparılmamışdır...” İşə təkrar apellyasiya qaydasında baxılarkən Ali Məhkəmənin sözügedən mövqeyi nəzərə alınmaqla, iddiaçıya ayrılmış mübahisəli torpaq sahəsinin “Donuzkökəltmə” sovxozunun ayrıc aktı hüdudları çərçivsində yerləşib-yerlmədiyini müəyyən olunması məqsədilə məhkəmə sorğuları verilmiş və mütəxəssis rəyi alınmışdır. Belə ki, ilk öncə, cavabdeh idarədən Donuzkökəltmə sovxozunun ayrıc aktının məhkəməyə təqdim olunması tələb olunmuş, bununla bağlı sonuncu məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarili cavab məktubunda bildirmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən işə əlavə edilmiş cizgidəki tək koordinatlı sahə Donuzkökltmə sovxozunun ayrıcından 190-200 m kənarda yerlşir. Lakin 3 gün fərqlə məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli başqa bir cavab məktubunda bildirmişdir ki, sovxozun ayrıc aktının kağız xəritə materialları idarədə aşkar edilməmişdir. Qeyd olunan uyğunsuzluqların aradan qaldırılması üçün mübahisəli torpaq saəhsinə münasibətdə ayrıc aktı və həmin ərazinin aerokosmik görüntüsü tələb olunmuş və cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli məktubu ilə sorğu edilən həmin sənədlər məhkəməyə təqdim olunduqdan sonra, həmin ayrıc aktı və aerokosmik görüntü də əlavə olunmaqla, məhkəmə, xx.xx.2024-cü il tarixli sorğu məktubu ilə 0,08 ha ölçüdə olan mübahisəli torpaq sahəsinin sovxozu ərazisində, yoxsa, ayrıc iaktından kənarda yerləşibyerləşməməsi ilə bağlı mütəxəssis rəyinin verilməsi tələb olunmuş və cavabdeh idarənin baş mühəndisi Ramiz Babayevin məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində aşağıdakıları bildirilmişdir: - göstərilən torpaq sahəsi faktiki olaraq 839,0 kv.m təşkil edir, torpaq sahəsiin üzərində tikili yoxdur, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Donuzkökəltmə sovxozunun ayrıcından 229 m kənarda yerləşir (İşə əlavə olunmuş ayrıc aktına münasibətdə aerokosmik görüntüdə təsbit olunan cizgisindən də aydın görünür tmübahisəli torpaq sahəsi sovxozun ayrıc aktından kənarda yerləşir. İddiaçının torpaqayırma sənədələrindən isə görünür ki, sovxoz fəhlə və qlluqçularına, o cümlədən iddiaçıya ilə 0,8 ha həyətyanı torpaq sahəsi - Abşeron rayon İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 47 nömrəli qərarı və həmin qərara vəsaslanan sovxoz Həmkarlar Komitəsi ilə X2 birgə ümumi iclasında qəbul edilmiş xx.xx.1991-ci il tarixli 7 nömrəli qərarı, həmin qərarı və bu qərar əsasında qəbul edilmiş Donuzkökəltmə sovxozunun xx.xx.1991-ci il tarixli 108 saylı əmri məhz, sovxoz ərazisində ayrılmışdır. Qeyd olunan qərarlardan və əmrdən həm də göründüyü kimi, burada həyətyanı torpaq sahəsi ayrılmasından söhbət getdiyi halda, mütəxəssis rəyindən isə göründüyü kimi, konkret halda mübahisəli torpaq sahəsində hər hansı tikili aşkar olunmamış, həm də torpağın faktiki ölçüsü (0,0839) də sənəd üzrə verilən (0,08ha) torpaq sahəsindən artıqdır. Beləliklə də, mübahisəli torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Belə olan halda, cavabdeh tərəfindən mübahisəli torpaq sahəsinin iddiaçının adına qeydə alınmasından və bu barədə çıxarış və plan ölçü tərtib edilməsindən imtina olunması əsaslıdır. Əsaslı imtina isə iddiaçının qanunla qorunan hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin mənası da məhz, ondan ibarətdir ki məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Qeyd edilənlər isə birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış, cavabdehin etirazının dəlillərinə münasibətdə hərtərəfli araşdırma aparılmamış, iddianın təmin olunması barədə gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Bu baxımdan məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3976/2022 saylı xx.xx.2022cü il tarixli qərarı ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3976/2022 saylı xx.xx.2022-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar