Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2430/2021 16.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi iddiaçının, vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə qarşı “əmrin ləğv edilərək işə bərpa olunması, həmçinin məcburi işburaxma müddəti ərzində əmək haqqının hesablanaraq ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati-Məhkəməsinin 2-1(112)-5949/2021 saylı 24.06.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daxili İşlər nazirinin müavini Daxili Qoşunların komandanının 06.07.2020-ci il tarixli 107 nömrəli əmri ilə xidmətdən azad edilməyi barədə müvafiq əmrin ləğv edilərək yenidən işə bərpa olunması, həmçinin, məcburi işburaxma müddəti ərzində əmək haqqının hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı 28.10.2015-ci il tarixindən etibarən Daxili Qoşunlarda müddətli hərbi xidmətə qəbul edilmiş, xidmət etdiyi müddət ərzində ona heç bir intizam tənbehi tətbiq edilməmiş, lakin cavabdehin qeyd olunan əmri ilə qanunsuz olaraq Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Bakı İnzibati-Məhkəməsinin 2-1(112)-5949/2021 saylı 24.06.2021-ci il tarixli qərardadına əsasən müddətin buraxılması əsası ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edilərək icraata qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Qərardad əsassız, qanuna zidd və qeyri obyektivdir. Belə ki, birinci instansiya məhkəməsi iddianı qeyri-mümükün edərkən ona əsaslanmışdır ki, o, 06.08.2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon şöbəsi tərəfindən qeydiyyata alınmış və həmin gün ehtiyata buraxılmasından xəbərdar olmuşdur. Məhkəmənin qeyd olunan yanaşması düzgün yanaşma deyil. Belə ki, işə bərpa edilməsi ilə bağlı xidmət göstərdiyi qüruma müraciət etmiş, vitseprezidentə etdiyi müraciəti DİN-in Daxili qoşunlarına göndərilmiş, lakin sonunju 18.10.2020-ci il tarixli məktubla ehtiyata buraxılmasında heç bir qanunsuzluğa yol veprmədiyi bildirilmişdir. Dəfələrlə arxiv arayışının və əmrin verilməsi ilə bağlı müraciətinə baxmayaraq təmin edilməmişdir. Üçüncü dəfə müraciətinə əsasən 08.01.2021-ci il tarixli məktubla həqiqi hərbi xidmət keçməyini təsdiq edən sənədlər fevral ayının əvvəlində gəlib çatmışdır. Həmin sənədlərdə isə şikayət vermə müddəti və qaydası göstərilmədiyindən şikayət vermə müddəti 6 ay hesablanmalı idi. Mülki Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafəiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmçinin İPM-in 38.1-ci maddəsinin mahiyyətindən də görünür ki, inzibati aktın mübahisələndirilməsi təqdim edildiyi və ya elan edildiyi vaxtdan hesablanır ki, cavabdeh tərəfindən qeyd edilən inzibati akt ona nə təqdim edilmiş, nə də elan edilmiş, sadəcə olaraq, hərbi bileti təqdim edilmişdir ki, bunun əsasında o, hərbi qeydiyyata durmuşdur. İnzibati aktın təqdim-edilib edilməməsini sübut etmək inzibati orqanının üzərinə düşür. Hesab edir ki, hərbi qeydiyyata durması inzibati aktın ona elan edilməsi anlamına gəlmir. İnzibati orqan əmri elan etdyini və ya təqdim etdiyini sübut etməlidir. Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş, qanunsuz qərar qəbul etmişdir…» Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili şikayəti dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi əmrin cavabdehə elan edildiyini, ən azından, əmrin onun hərbi biliteində qeyd olunduğunu, hərbi biletin isə xidmətdən azad edilərkən ona təqdim edildiyni və SHXÇDX-nin İsmayıllı rayon şöbəsində özü qeydiyyata durduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərardadını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 32.1-ci maddəsinə asasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən isə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Qanunun 73.2-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı cavabdehin 06.07.2020-ci il tarixli 107 nömrəli əmrinin ləğv edilməsi və onun nəticələrinin aradan qaldırılması barədə iddia ərizəsi ilə inzibati qanunvericiliklə müəyyən olunan prosessual müddəti ötürməklə məhkəməyə müraciət etmişdür. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc dilməsi yolu ilə verilir. Qanunun qeyd olunan tələbindən göründüyü kimi, inzibati aktın maraqlı şəxsə elan edilməsi təqdim etmə sayılır. İddia ərizəsindən və ona əlavə edilmiş digər sənədlərdən görünür ki, iddiaçı Azərbaycan Respublikaı Daxili İşlər Nazirliyinin müavini X2 06.07.2020-ci il tarixli 107 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı madəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) N saylı hərbi hissədə xüsusi təyinatlı dəstədə 3-cü xüsusi həmlə qrupunun 1-ci yarımqrupunda atıcı-sanitar vəzifəsindən ehtiyata buraxılmış, şəxsi heyətin siyahısından və bütün təminat növlərindən çıxarılmışdır. İş materialları üzrə iddiaçının və cavabdehin nümayəndəsinin həm birinci instansiya məhkəməsində, həm də hazırkı mərhələdə izahat və suallara cavablarından, eləcə də onun işə əlavə olunmuş hərbi bilətinin surətinin qeydlərindən görünür ki, mübahisəlndirilən əmr qəbul edildikdən sonra, iddiaçıya tutduğu vəzifəsindən ehtiyata buraxıldığı bildirilərək, ona hərbi bileti təqdim olunmuş və o, 06.08.2020-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinə təqdim edərək qeydiyyata durmuşdur. Onun “AO 12337910” nömrəli hərbi biletinin 3-cü səhifəsində, biltin qeydlərinin 10-cu bəndində qeyd olunur ki, iddiaçı DİN DQK-nın 06.07.2020-ci il tarixli əmri ilə ehtiyata buraxılmışdır. Eyni zamanda, hərbi biletin 22-23-cü səhifələrində - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıl rayon şöbəsi itərəfindən, iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin «e» bəndi ilə xidmətdən ehtiyata buraxılması barədəqeyd, 24-cü vərəqində və isə onun 06.08.2020-ci il tarixində ehtiyatda olan hərbi qulluqçu kimi qeydiyyatı təsbit olunmuşdur. Qeyd olunanlar birmənalı olaraq onu deməyə əsas verir ki, iddiaçı, hərbi biletinin ona təqdim edildyi vaxtdan, ən azından, SHXÇDX-nin İsmayıllı rayon şöbəsində 06.08.2020-ci il tarixində qeydiyyata alındığı tarixdən cavabdehin əmrindən məlumatı olmuşdur. Məhkəməyə isə iddia ərizəsi ilə 21.04.2021-ci il tarixində, yəni 8 ay yarımdan sonra müraciət etmişdir. Beləliklə də nəinki İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilən 30 gülük apellyasiya şikayəti vermə müddətini, hətta “İnzibati icraat haqqında» Qanunun 73.2-ci maddəsində nəzərdə tutulan 6 aylıq şikayət vermə müddətini də ötürmüşdür. İddia müddətinin buraxılması isə iddiaçının, cavabdehin 06.07.2020-ci il tarixli 107 nömrəli əmrinin ləğv edilməsi və onun nəticələrinin aradan qaldırılması barədə iddia tələbininn əsaslandırılmış iddia tələbi kimi qəbul edilməsini və onun məhkəmə icraatının mümkünlüyü istisna edir. İPM-in 35.1-ci maddəsinin tələbindən isə nəzərdə tutulur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, iddia mümkün sayılır. Əks təqdirdə, Məcəllənin 35.3-cü maddəsinin tələbindən görünür ki, məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmamasını düzgün nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərardadın əsassız və qanunsuz olduğunu, maddi və prosessual hüquq normalarının pozulması qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati-Məhkəməsinin 2- 1(112)-5949/2021 saylı 24.06.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı şikayəti təmin edilməsin. Bakı İnzibati-Məhkəməsinin 2-1(112)-5949/2021 saylı 24.06.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Cahangir Yusifov Hakimlər Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-2430/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2430/2021
16.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver