Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2430/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həmidov Həmid Üzeyir oğlundan (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Hüseynova Arzu İsrafil qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6721/2022 saylı, 10 may 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “cavabdehdən maddi və mənəvi ziyanın əvəzi kimi 25000 (iyirmi beş min) manat pul məbləğinin tutulması” barədə iddiа ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli 2(006)-679/2018 nömrəli qətnaməsinə əsasən Təranə Muxtarovadan 23.300 manat tutulub iddiaçıya verilməlidir. Lakin bu günə kimi Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-cu il tarixli qətnaməsi, icra vərəqəsi icra olunmamışdır. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(006)-110/2020 nömrəli qərardadına əsasən Nəsimi rayon İcra və Probasiya şöbəsinin hərəkətsizliyi qanun pozuntusu kimi tanınmışdır. xx.xx.2019; xx.xx.2019-cu il tarixli müraciətlərə cavab verilməsi vəzifəsi Nəsimi rayon İcra və Probasiya şöbəsinin üzərinə qoyulsa da, bu günə kimi mahiyyəti üzrə baxılmamış, qərardad icra olunmamış, həmin müraciətlərə mahiyyəti üzrə cavab verilməmişdir. İddiaçı məhkəməyə qədər pretenziya qaydasında xx.xx.2021-ci il tarixli ərizə ilə Azərbaycan Respublikasının Ədliyyə Naziri cənab Fikrət Məmmədova müraciət etmişdir. İddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən bu günə kimi cavab almamış, şikayətləri alınsa da, baxılmamış qalmışdır. Hətta Azərbaycan Respublikasının Milli Məclisinin aparatından da müraciətləri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilsə də, baxılmamış qalmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə inzibati işin Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-247/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən, inzibati işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6721/2022 saylı, 10 may 2022-ci il tarixli qərardadı ilə İddiaçı Səftar qızının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “cavabdehdən maddi və mənəvi ziyanın əvəzi kimi 25.000 (iyirmi beş min) manat pul məbləğinin tutulması” barədə iddiası mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinə uyğun tərtib edilmiş və əlavə olaraq qeyd edilmişdir ki, məhkəməyə qədər pretenziya qaydasında cavabdehə müraciət etmiş, lakin ondan cavab olmamışdır.Ona görə də qərardad ləğv olunmalıdır. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin mümkün sayılmaması barədə qərardadında qeyd etmişdir ki, “cavabdeh qismində göstərilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi iddiaçıya maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini təmin edən orqan, yəni iddiaçının iddia tələblərinə cavab verən orqan da deyildir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində göstərilmişdir: ”1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.” Həmin Qanunun 20-ci maddəsinə əsasən,hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 28.1.-ci maddəsinə görə inzibati icraat fiziki və ya hüquqi şəxsin ərizəsi əsasında başlanılır. Həmin Qanunun 52-ci maddəsində göstərilmişdir: “1. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. 52.2. Azərbaycan Respublikasının müvafiq qanunları ilə bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən az və ya çox müddət müəyyən oluna bilər.52.3. İnzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən daha artıq müddət tələb olunduğu hallarda, inzibati icraatın müddəti inzibati orqan tərəfindən hər dəfə 30 gün olmaqla iki dəfə uzadıla bilər. İnzibati orqan tərəfindən müddətin uzadılması barədə maraqlı şəxsə məlumat verilir. 52.4. Bu Qanunun 52.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müddətin uzadılmasına səbəb olan hallar inzibati orqan tərəfindən inzibati aktda əsaslandırılmalıdır. 52.5. İnzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. İşin hallarından müəyyən edilir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)- 110/2020 saylı işi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilərək, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 15 yanvar 2018-ci il tarixli, 2(006)- 679/2018 saylı qətnaməsinin icra olunması ilə bağlı Nəsimi rayon icra və probasiya şöbəsinin hərəkətsizliyi və İddiaçı xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli müraciətlərinə qanunla müəyyən edilmiş müddətə cavab verilməməsi qanunsuz hesab edilməsi, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 15 yanvar 2018-ci il tarixli, 2(006)- 679/2018 saylı qətnaməsi üzrə icra hərəkətlərinin davam etdirilməsi və İddiaçı xx.xx.2019cu il tarixli və xx.xx.2019-cu il tarixli müraciətlərinə cavab verilməsi öhdəliyinin Nəsimi rayon icra və probasiya şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Bu qərardadda Ədliyyə Nazirliyinin hər hansı hərəkətinin qanunsuz olması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh qismində göstərilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi iddiaçıya maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini təmin edən orqan, yəni iddiaçının iddia tələblərinə cavab verən orqan deyildir. İddiaçı iddia ərizəsində ona zərərin vurulması ilə nəticələnən məhkəmə qətnaməsinin icra edilməməsində cavabdehin qanunsuz hərəkətsizliyinin”, yəni - “nəzarətsizliyi”nin nədən ibarət olmasını göstərməmişdir. Belə olan halda cavabdehin hərəkətsizliyi nəticəsində hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddiaçı iddia ərizəsində əsaslandırmamışdır Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etməsi halı da mövcud deyildir. Belə ki, iddiaçının Azərbaycan Respubikası Ədliyyə Nazirliyi və Nəsimi rayon İcra və Probasiya şöbəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli pretenziya qaydasında şikayət ərizəsinə əsasən, iddiaçı Nəsimi Rayon Məhkəməsinin 2(006)-679/2018 saylı işi üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnaməsinin qanunla müəyyən olunmuş müddətdə icra olunmadığına görə, qətnamənin icrasında Ədliyyə Nazirliyinin nəzarətsizliyinə görə 25.000 manat maddi və mənəvi zərərin əvəzi kimi ona verilməsini xahiş emişdir. İddiaçının bu müraciəti icra məmurunun hərəkətsizliyindən nazirliyə etdiyi şikayət olmaqla, Nəsimi rayon icra və probasiya şöbəsindən zərərin əvəzi tutulması kimi başa düşülür. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş və iddiaçının apellyasiya şikayətinin bu dəlili əassız olmuşdur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6721/2022 saylı, 10 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2430/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2430/2022
21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver