Məhkəmə qərarları › İş №2-1(103)-2430/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2430/2024

22.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2430/2024 22.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “mənzil uçotuna alınma” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11468/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə onun 2-ci qrup müharibə əlili kimi 5 nəfər ailə üzvü ilə birlikdə güzəştli mənzil növbəsinə götürülməsi və yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə qanun əsasında tələb olunan 4 otaqlı mənzilin verilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2-ci qrup əlil olmuşdur. Müharibə dövründə əlil və sağlamlıq imkanlarının məhdudluğu həkimlər tərəfindən müayinə olunaraq aşağıdakı diaqnozla müəyyən edilmişdir: hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, barotravma nəticəsində keçirilmiş qapalı kəllə beyin travması. Posttravmatik ensefalopatriya. Posttrovmatik sindrom. Posttravmatik stress pozuntusu. Xroniki beyin işemiyası. Qapalı kəllə beyin travmasından baş beyin silkələnməsindən sonrakı vəziyyət. Postkontuzion sindrom, başın, boynun, əllərin hiperknezi. Nitqin pozulması, ətraflarda hərəkətlərin pozulması. Yerişin pozulması. Koqnitiv funksiyaların zəifləməsi. İki tərəfli koxlear nevrit. Neyrosensor ağıreşitmə lll-İV mərhələr. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçına etdiyi xx.xx.2023-cü il tarixli, 5-10/1-Q-50-068/2023 saylı müraciəti imtina ilə nəticələnmişdir. İddiaçı daha sonra iddia tələbini dəqiqləşdirərək, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə onun 2-ci qrup müharibə əlili kimi 5 nəfər ailə üzvü ilə birlikdə güzəştli mənzil növbəsinə götürülməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11468/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-11468/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. - Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında arayışdan görünür ki, xx.xx.1993-cü il tarixli İddiaçı “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Barotravma nəticəsində keçirilmiş qapalı kəllə beyin travması. Posttravmatik ensefalopatiya. Posttravmatik sindrom. Posttravmatik stress pozuntusu. Xroniki beyin işemiyası. Qapalı kəllə beyin travmasından, baş beyin silkələnməsindən sonrakı vəziyyət. Postkontuzion sindrom. Başın, boynun, əllərin hiperkinezi. Nitqin pozulması. Ətraflarda hərəkətlərin pozulması. Yerişin pozulması. Koqnitiv funksiyaların zəifləməsi. İki tərəfli koxlear nevrit. Neyrosensor ağıreşitmə İİİ-İV mərhələ” diaqnozu üzrə xx.xx.2021-ci il tarixdə 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbi ilə ikinci dərəcə əlillik təyin edilmişdir. - “İddiaçı yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi barədə” Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 191 nömrəli sərəncamından görünür ki, İddiaçı ailə tərkibi 2 nəfər olmaqla (atası X5 və anası X1) Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar (Vətən müharibəsinin) 2-ci dərəcəli əlil kimi güzəştli əsaslarla yaşayış yeri üzrə Binəqədi Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülməsi, vətəndaş İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar (Vətən müharibəsinin) 2-ci dərəcəli əlil olmasını nəzərə alaraq, onun mənzil növbəsi güzəştli əsaslarla yaşayış sahəsilə təmin olunacaq ailələrin siyahısına daxil edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamına əsasən Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərdən aşağıda adı qeyd olunan imtiyazlı vətəndaşa Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Yeni Yaşayış məhəlləsində mənzil verilmişdir: - İddiaçı - Vətən müharibəsi əlili – 1 nəfər ailə tərkibixx.xx.2021-ci il tarixdə növbəyə dayanmış – 1 otaqlı 9 saylı evin 24 saylı mənzili. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndələrinin və İddiaçı iştirakı ilə tərtib edilmiş mənzilin imtiyazlı şəxsə təhvil verilməsi barədə xx.xx.2021-ci il tarixli aktından görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2449 nömrəli sərəncamının icrası çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Yeni yaşayış kompleksində yerləşən 1 otaqlı mənzil imtiyazlı şəxs qismində İddiaçı təhvil verilmişdir. - Bakı şəhəri Binəqədi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi 17 saylı MənzilKommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli 21 nömrəli arayışından görünür ki, İddiaçı Bakı şəhəri ünvan 2 ünvanında ailə üzvlərilə birlikdə qeydiyyatsız yaşayır. - Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 5- 10/2-1781/2023 nömrəli məktubundan görünür ki, aparılmış araşdırma zamanı məlum olmuşdur ki, vətəndaş Qurbanlı X3 Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 191 saylı Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ qrup əlil kimi Binəqədi Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülmüşdür. Qanunvericiliyin tələblərinə əsasən hər ilin 1 rübü ərzində vətəndaşların mənzil-uçot siyahılarının dəqiqləşdirilməsi (Binəqədi Rayon İcra Hakimiyyətində yaşayış yeri üzrə mənzil uçotunda olan vətəndaşların yaşayış yerlərinin dəyişməsi, vəfat etməsi, mənzil sahəsi ilə təmin olunub-olunmamaları və.s) aparılır, mənzillə təmin olunmuş vətəndaşlar mənzil növbə siyahılarından çıxarılır və mənzillə təmin olunmamış şəxslərin siyahıları artıq yeni tərkibdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə təsdiq olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən Binəqədi Rayon İcra Hakimiyyətinə daxil olmuş xx.xx.2022-ci il tarixli **********3 saylı məktubuna əsasən vətəndaş İddiaçı mənzillə təmin olunması müəyyən olunmuş və o Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 155 saylı sərəncamı ilə mənzil növbə siyahılarından çıxarılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosialməişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2449 saylı Sərəncamının 1.1-ci bəndinə əsasən 2014- cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməsi zərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir Göründüyü kimi, qanunverici Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən o şəxslərin 2021–2025-ci illər ərzində mənzillə təmin edilməsini nəzərdə tutmuşdur ki, həmin şəxslər:

1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır;

2. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsin mənzillə təmin edilməsi üçün ilk əvvəl o, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmalıdır. Şəxsin yaşayış sahəsinə ehtiyacı olan kimi müəyyən edilməsi isə Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə tənzimlənir. Mənzil Məcəlləsinə (bundan sonra –MM) əsasən: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 49.1. Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin ayrılma norması (bundan sonra – ayrılma norması) sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahəsinin ümumi sahəsinin (ölçülərinin) müəyyənləşdirilməsi üçün əsas götürülən yaşayış sahəsinin minimal ölçüsüdür. 49.2. Dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 49.4. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. 49.6. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən kateqoriyadan olan vətəndaşlar üçün fərqli uçot norması və ya dövlət mənzil fondundan sosial kirayə müqavilələri əsasında verilən yaşayış sahələrinin ümumi normadan daha yuxarı ayrılma norması müəyyən edilə bilər. 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa) 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. 56.5. Sosial kirayə müqaviləsi ilə yaşayış sahəsi vətəndaşlara onların yaşayış yeri üzrə (müvafiq yaşayış məntəqəsinin hüdudlarında) adambaşına düşən ümumi sahəsi ayrılma normasından az olmamaqla verilməlidir. 56.7. Mülkiyyətində yaşayış sahəsi olan vətəndaşa sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsinin ümumi sahəsi müəyyənləşdirilərkən onun mülkiyyətində olan yaşayış sahəsinin ölçüsü nəzərə alınır. Göründüyü kimi qanunverici sosial kirayə müqavilələri üzrə yaşayış sahələrinin verilməsi üçün iki fərqli norma müəyyən etmişdir:

1. uçot norması

2. ayrılma norması Uçot norması şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün tələb olunan yaşayış sahəsinin minimal ölçüsüdür, yəni əgər şəxsin yaşadığı sahə uçot normasından azdırsa, həmin şəxs yaşayış sahəsinə ehtiyacı olan hesab edilir və uçota alınır. Ayrılma norması isə artıq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəxsin yaşayış sahəsi ilə təmin edilərkən ona verilən ümumi sahənin minimal ölçüsüdür. Yəni yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəxsə verilən sahənin ümumi ölçüsü ayrılma normasından az ola bilməz. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009- cu il tarixli Fərmanının 1.3-cü bəndi ilə həmin Məcəllənin 49.2-ci maddəsində nəzərdə tutulmuş sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının, Mənzil Məcəlləsinin 49.5ci maddəsində nəzərdə tutulmuş dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün yaşayış sahəsinin uçot normasının və 51.7-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının müəyyən edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmış, lakin hazırkı tarixədək uçot norması və vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası qəbul edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 459 saylı qərarına əsasən isə sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün meyar kimi qəbul edilən uçot norması müəyyən edilməmiş, bu norma ayrılma normasına uyğun olaraq 16 kvadratmetr qəbul edilməlidir. İş materiallarından görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixdə 3 nəfər ailə üzvü ilə birlikdə 1 otaqlı mənzil verilmişdir, hansı ki, Xocəsən qəsəbəsi, Yeni yaşayış kompleksində 1 otaqlı mənzillərin (o cümlədən iddiaçıya verilmiş mənzilin) ümumi sahəsi 47,80 kv.metr olmuşdur. Həmçinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2006-cı il qeydiyyat tarixli ********* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68-də istifadədə olan 0.07 ha torpaq sahəsində yerləşən 3 nömrəli, 9 mərtəbəli, 49.95 kv.m ümumi, 30.05 kv.m yaşayış sahəsindən ibarət 7 nömrəli mənziul tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyata alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, sadalanan qanunvericilik normaları vətəndaşın və (və ya) onun ailə üzvlərinə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilməsini təsbit etdiyindən məhkəmə hesab edir ki, iddiaçının yaşayış sahəsinə ehtiyacının olması müəyyən edilərkən onunla birlikdə mənzil uçotuna alınmasını xahiş etdiyi atası R.Qurbanovun mülkiyyətində olan həmin sahə də nəzərə alınmalıdır. Belə olan halda isə müəyyən olunur ki, iddiaçı və onun 4 nəfərdən ibarət ailə üzvlərinə məxsus mənzil sahəsi ayırma normasına uyğun olmuşdur (49.95 kv.metr + 47.80 kv.metr ÷ 5= 97.75 ÷ 5 =19.55 kv.metr). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Beləliklə iddiaçı onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edə bilmədiyindən cavabdehin imtinası əsaslı olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11468/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11468/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar