Məhkəmə qərarları › İş №2-1(103)-2431/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2431/2024

06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2431/2024 06.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə (X7 üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X10 (sədrlik edən və məruzəçi), X2 və Xəyalə Adil qızı Cəmilovadan ibarət tərkibdə, Aygün Ülviyyət qızı Nizamlının katibliyi, Üçüncü şəxs X3 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2345/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı məxsus seriya AZE, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən o, ünvan 1 ünvanında qeydiyyatdadır.

2. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən X7 ünvan 1 ünvanında qeydiyyatdadır.

3. ünvan 2mrəli evdə yaşayan vətəndaşın qeydiyyatı üçün kitabın surətinə əsasən xx.xx.1991-ci il təvəllüdlü İddiaçı, xx.xx.2009-cu il təvəllüdlü X8 və X7 qeydiyyatdadırlar. Sonradan isə İddiaçı və X3 həmin ünvandan qeydiyyatdan çıxmaları barədə qeyd əlavə edilmişdir.

4. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, 059- 42503-1222 nömrəli məktub göndərilmişdir. Məktuba qoşma olaraq X3 fərdi uçot kartoçkasının surətinə əsasən o, xx.xx.1985-ci il tarixdə Ağsu rayonunda anadan olmuşdur və ünvan 1 ünvanında qeydiyyatdadır.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsi tərəfindən daxil olmuş xx.xx.2022-ci il tarixli, **********66 saylı məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Bakıxanov küçəsi, döngə 2, 33 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X4 və X1 iddiaçıya məxsus olan ünvan 4 ünvanında yerləşən 19 nömrəli mənzilə olan qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini iddiaçının anası o, ailə qurmamışdan əvvəl almışdır. İddiaçı X7 ilə ailə qurduqdan sonra o, sözügedən mənzilə qeydiyyata alınmışdır. Qeyd edir ki, X7 ilə aralarında bağlanan nikaha rəsmi olaraq xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Lakin bir ildən çoxdur ki, X7 iddiaçıya məxsus olan fərdi yaşayış evində yaşamır. Belə ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçu, ev 0120, mənzil 2068 ünvanında özünə məxsus evi vardır və 1 ildən çoxdur ki, həmin ünvanda yaşayır, həmin evin kommunal xidmətləri də onun adınadır. İddiaçı dəfələrlə X6 iddiaçıya məxsus evdən qeydiyyatdan çıxmasını xahiş etsə də, adı çəkilən şəxs qeydiyyatdan çıxmaqla bağlı heç bir hərəkət etməmişdir. X3 iddiaçıya məxsus evdə formal qeydiyyatda olması səbəbindən mənzilə istədiyi kimi sahib olmaq və ondan istifadə etmək hüquqlarını tam həyata keçirə bilmir. X3 iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə olan pasport qeydiyyatının ləğv edilməsi ilə bağlı cavabdehə ərizə ilə müraciət etsə də, cavabdeh qurumdan müraciətinə bu günədək cavab verilməmişdir. Bu səbəbdən də, mövcud tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

8. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək X3 iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iş üzrə X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdu.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2345/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslar konkret olaraq müəyyən edilmişdir ki, məhkəmə hesab edir ki, hazırkı işin faktiki halları ilə üçüncü şəxsin qeydiyyatdan çıxarılması üçün hüquqi əsas müəyyən edilməmişdir. Beləliklə, iddiaçı və üçüncü şəxs yaşayış sahəsinə münasibətdə bərabərhüquqlu şəxslərdir və iddiaçı yaşayış sahəsinə münasibətdə subyektiv hüquqa malik olmasa da, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma əsaslarından hər hansı biri olmadığından iddia əsaslı hesab edilə bilməz iddiaçının və keçmiş əri olmuş 3-cü şəxsin yaşayış yeri üzrə qeydiyyatda olduqları ünvana əmlak (mülkiyyət, istifadə, icarə və sair) hüquqlarının yaranıb-yaranması məsələsi də inzibati mühakimə icraatı qaydasında baxılan hazırkı məhkəmə tədqiqatının predmeti ola bilməz. Çünki, bu hüquqlar əmlak hüquqi xarakterli olub, mülki hüquq münasibətlərindən meydana gəlməklə, mülki mühakimə icraatı qaydasında baxılan işlərin predmeti ola bilər. Sadalanan bu hüquqların yalnız mövcud olub-olmaması, mövcuddursa inzibati orqanın həmin hüquqa müdaxiləsinin qanuni olub-olmaması məsələləri inzibati mühakimə icraatında araşdırıla bilər. Qeyd olunanlara əsasən, cavabdehin 3-cü şəxsi qeydiyyatdan çıxarmaqdan imtinası qanuni və əsaslıdır. Belə ki, İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə əsasən isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu baxımdan, cavabdeh yalnız “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsində təsbit olunan hallarda 3-cü şəxsi qeydiyyatdan çıxarmaq səlahiyyətinə malik olduğundan, iddiaçının həmin maddə ilə tələb olunan sənədləri cavabdehə təqdim etməsi zəruri idi ki, bu hallar da iş üzrə mövcud deyil. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin yuxarıda sadalanan sənədlərin təqdim olunmaması ilə əsaslandırılan imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, cavabdehin imtinası mahiyyətcə qanuna zidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya zidd olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

11. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2345/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və apellyasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Tahirov Loğman 2 ildən çoxdur ki, həmin evdə yaşamır. Onun ünvan 5 öz evi var, 2 ildən çoxdur ki, həmin evdə yaşayır. Evin kommunalı da öz adınadır. O, dəfələrlə ondan qeydiyyatdan çıxmağı tələb etsə də, o, buna məhəl qoymamışdır. O, iddiaçının evində qeydiyyatda olduğu üçün evə istədiyi kimi sahib ola bilmir. İnzibati orqana müraciət etsə də, bununla bağlı heç bir addım atılmamışdır.Evinin mülkiyyət sənədi yoxdur. Tahirov Loğman əvvəllər Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə, korpus 93 küçəsi, 77B saylı evdə qeydiyyatda olmuşdur. X5 özünə məxsus evi vardır və **********02068 saylı abunə kodu əsasında evinə sayğac quraşdırılmışdır. Hazırda da, adı çəkilən şəxs özünə məxsus evdə yaşamaqdadır.Məhkəmə yanlış olaraq qənaətə gəlmişdir ki, guya iddia əsassızdır. Necə ola bilər ki, əgər Loğmanın özünün evi varsa, öz adına sayğacı varsa, niyə onun evində qeydiyyatda qalmalıdır ki? Məhkəmə fərdi yaşayış evinin, yəni evinin onun anası tərəfindən alınıb ona hədiyyə edilməsini mübahisələndirə bilməmişdir. Ancaq evin mülkiyyət sənədi olmadığı üçün qeydiyyat məsələsini açıq saxlamışdır.Məhkəmə əsassız bəhanə gətirib ki, guya qeydiyyat icazə xarakteri daşımır. Məgər onun evinə icazəsi olmadan özbaşına tikilidir deyə kimi gəldi qeydiyyata sala bilər aidiyyatı qurum? Təbii ki, sala bilməz, qeydiyyata alınması üçün həmin evdə qeydiyyatı olub yaşayan şəxsin icazəsi alınır və sonra həmin şəxs qeydiyyata alınır. Necə ki, o, öz evinə vaxtilə Tahirov Loğmanın qeydiyyata düşməsinə razılıq vermiş, indi həmin şəxsin faktiki sahibi olduğu evdən qeydiyyatdan çıxarılmasını istəyir, çünki, adı çəkilən şəxslə artıq heç bir əlaqəsi qalmamışdır və həmin şəxs artıq 2 ildən çoxdur ki, özünə məxsus başqa evdə yaşayır. Tahirov Loğmanın qeydiyyatda olduğu və faktiki sahibliyində olan evdə qeydiyyatda qalması onun üçün əlavə kommunal xərclər və bir çox başqa problemlər yaradır.Tahirov Loğman özünə məxsus olan və artıq 2 ildən çoxdur ki, yaşadığı ünvan 5 ünvanında yerləşən evinə qeydiyyata düşə bilər.Lakin, adı çəkilən şəxs, şəxsi prinsip səbəbindən hələ də onun faktiki sahibliyində olan ünvan 1-da yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxmaq istəmir. Qanunda da göstərilib ki, şəxs başqa yerdə yaşayırsa, özü müraciət edib orda qeydiyyata düşməlidir. Yəni bunun üçün hüquqi əsas var, əsas odur ki, məcburetmə mexanizmi olsun. Yəni şəxs yaşadığı yer üzrə müraciət edib qeydiyyata düşməlidir, lakin prinsip xatirinə bunu etmək istəmir. Ona görə də inzibati məhkəmənin mövqeyi qanunsuzdur və apellyasiya qaydasında ləğv edilməlidir.Bu işdə şəxsin özünün Xırdalan şəhərində evi və həmin evə quraşdırılmış sayğacı vardır. Yəni o istəsə, onun faktiki sahibi olan evindən qeydiyyatdan çıxıb öz evinə qeydiyyata düşə bilər. Lakin şəxsi prinsip və onları incitmək xətrinə öz evində qeydiyyata düşmür. Nəticədə onlara əlavə kommunal xərclər gəlir ki, bu da əlavə yükdür. Bu məsələ məhkəmə tərəfindən yanlış qiymətləndirilmişdir və apellyasiya qaydasında yenidən araşdırılmalıdır. Çünki ədalət mühakiməsinin məqsədinə cavab vermir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.

Prosses iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X7 apellyasiya şikayətini qəbul etməyərək, iddiaçı ilə rəsmi nikahlarının olduğunu və nikahın məhkəmə qaydasında pozulduğunu, iddiaçının onu qeydiyyatdan çıxarmağa çalışdığı evin ona mənə məxsus olduğunu, uşaqların da həmin evdə qeydiyyatda olduqlarını, evin iddiaçı tərəfindən kiryə verildiyini, uşaqların onun himayəsində olduqlarını, hazırda Müşfiqabad qəsəbəsində qardaşının mənzilində yaşayadıqlarını, həmin mənzildə yaşamaqlarına səbəb uşaqların həmin ərazidəki məktəbə getmək istəməməklər olduğunu, mübahisəli evə dair kommunal ödənişlərin onun adına olduğunu, evə dair bütün sənədlərin iddiaçıda olduğunu bildirmişdir.

15. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Konstitusiyasının:

- 13-cü maddəsinin İ hissəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

-152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun:

-1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. - 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. - 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

20. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarında da qeyd edilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda, həmin qərarda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər

Apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

22. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Belə ki, iddiaçı da həmin ünvanda hazırda qeydiyyatdadır.

24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

26. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. İddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir:

28. İşin faktiki hallarından müəyyən edilir ki, İddiaçı və üçüncü şəxs X7 nikaha daxil olmuş, aralarında bağlanan nikaha rəsmi olaraq xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Nikah dövründə üçüncü şəxs X7 mübahisəli tikiliyə qeydiyyata alınmışdır. Həmin tikiliyə dair heç bir hüquq müəyənedici sənəd mövcud deyildir.

29. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Maddədə həmin şəxslərin dairəsi konkret müəyyənləşdirilmişdir mülkiyyətçinin əri, arvadı, valideynləri, uşaqları.

30. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Konstitusiya Məhkəməsinin Plenumu MM-in 228.5-ci maddəsi ilə bağlı yuxarıda adı çəkilən 27 may 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri tərəfindən öz ər və ya arvadının həmin sahəyə köçürülməsi üçün mülkiyyətçinin razılığı tələb olunur.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarında qeyd edimişdir ki, mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması əsasları ilə yanaşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarını da nəzərdə tutmuşdur.

32. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur.

33. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin istifadəçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir.

34. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir.

35. Müraciət edənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır.

36. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir.

37. Müraciətdə göstərilən işdə olduğu kimi, mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir.

38. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir.

39. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir.

40. Hazırkı işin faktiki hallarından isə müəyyən edilir ki, üçüncü şəxsin istifadə hüququna xitam verilməsi barədə məhkəmə qərarı mövcud deyil. İddiaçının mülkiyyətində olan əmlaka üçüncü şəxslərin istifadə hüququnun hal-hazırda mövcud olub-olmaması, yəni ailə münasibətlərindən irəli gəlmiş əvvəllər mövcud olan istifadə hüququna halhazırda xitam və ya itirilmə əsaslarının mövcud olub-olmadığının müəyyən edilməsi inzibati məhkəmənin səlahiyyətinə aid olan məsələ deyil. Belə olan halda üçüncü şəxsin sözügedən əmlaka dair istifadə hüquqlarının yaranıb-yaranmadığı, hazırda mövcud olmaqda davam etdiyi, xitam verildiyi və s. ilə bağlı xüsusatlar yoxlanılmalı və qiymətləndirilməlidir. Belə yoxlama və qiymətləndirmə isə mülki hüquqa aid olan məsələnin həlli olmaqla, inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz.

41. Məhkəmə qeyd edir ki, hazırkı işdə də iddiaçı 3-cü şəxslərin istifadə hüququ və ya belə hüquqa xitam verilməsi, yaxud da olmaması ilə bağlı heç bir məhkəmə qətnaməsi təqdim etmədən inzibati orqandan onun keçmiş ailə üzvlərinin yaşayış sahəsində faktiki olaraq yaşamadığını, həmin yaşayış sahəsinə heç bir hüququnun mövcud olmadığını müəyyən etməyi tələb edir. Yəni, iddiaçının qənaətinə görə, ümumi yurisdiksiyalı məhkəmələr üçün xarakterik olan mübahisələrdə nəzərə alınmalı olan Konstitusiya Məhkəməsinin qərarlarının mövqeyi inzibati orqanda da rəhbər tutulmalı və polis orqanı əsaslar mövcud deyilsə istifadə hüququna xitam verilməsini müəyyən etməli və şəxsi qeydiyyatdan çıxarmalıdır. Halbuki həmin halların, yəni üçüncü şəxsin ailə qurduqdan sonra yaşayış sahəsində yaşayıb-yaşamaması, ehtiyac meyarının olub-olmaması, istifadə hüququna xitam əsaslarını mövcuddursa, istifadə hüququna xitam verilməli olubolmamasının müəyyən edilməsi inzibati orqandan gözlənilməsi inzibati icraatla bağlı araşdırmanın predmeti hesab edilə bilməz. Həmin halların araşdırılması eləcə də inzibati məhkəmə araşdırmasının predmeti qismində də çıxış etmir. Belə ki, inzibati məhkəmə icraatı inzibati icraat haqqında qanunvericiliyin cavabdeh inzibati orqan tərəfindən pozulub-pozulmaması, inzibati orqanın hərəkət və hərəkətsizliyindən iddiaçının hər hansı hüququnun pozulub-pozulmamasını araşdırır. Yəni inzibati orqanın qanunsuz və əsassız hərəkət və hərəkətsizliyi, o cümlədən qərarı inzibati məhkəmə icraatı çərçivəsində müəyyən edildiyi təqdirdə iddianın təminindən söhbət gedə bilər. (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1934/2023 saylı qərarı)

42. İşin məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən üçüncü şəxs X3 mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı qanunvericilikdə müəyyən edilmiş əsasların (şəxsin yaşayış yerini dəyişməsi, məhkəmə qərarı ilə yaşayış sahəsindən çıxarılması və ya istifadə hüququna xitam verilməsi və s.) mövcudluğuna dair heç bir sübut təqdim edilməmişdir.

43. Məhkəmə belə qənaətə gəlir ki, X3 iddiaçının ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı qanunvericilikdə müəyyən edilmiş əsaslar mövcud olmadığından cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır.

44. Məhkəmə hesab edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın vətəndaşlar üçün yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla mülkiyyətçinin tələbi əsasında müvafiq yaşayış sahəsinə münasibətdə mülkiyyət hüquqları qeydiyyata alınan digər şəxsin və onun ailə üzvlərinin qeydiyyatdan çıxarılması qanunvericiliyin tələblərinə zidd olduğundan üçüncü şəxs X7 ünvan 1 ünvanından qeydiyyatdan çıxarıla bilməz.

45. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2345/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2345/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar