Məhkəmə qərarları › İş №2-1(103)-2431/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2431/2025

24.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2431/2025 24.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2295/2025 nömrəli, 12 fevral 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı N-ci ilin payızında könüllü olaraq Füzuli döyüş əməliyyatları zonasında N saylı hərbi hissənin tərkibində, Qaraxanbəyli hərbi hospitalında ixtisasına uyğun olaraq əməliyyat zonasında yaralılara yardım edərək hərbi hospitalda onların müalicəsinin aparılmasında köməklik göstərmişdir. N-ci ilin dekabr ayının 29-da Nəsimi rayon Hərbi komissarlığı tərəfindən verilən çağırışa uyğun olaraq H3 ******* seriya nömrəli hərbi biletini təhvil verib qeydiyyata düşərək Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmək üçün Şəmkir rayonunda yerləşən Seyfəli hərbi poliqonuna, N saylı hərbi hissəyə getmişdir. Həmin hərbi hissədə iki həftə təlim keçdikdən sonra N saylı hərbi hissənin tərkibində Ağdərə döyüş əməliyyatları rayonunda döyüşlərdə iştirak etmişdir. 1993-cü ilin yanvarın ortalarından başlayaraq Sırxavənd, Çıldıran, Ballı Qaya, Vəng, Qozlu Körpü kimi döyüş əməliyyatları keçirilən yerlərdə döyüşlərdə iştirak etmişdir. Bir müddətdən sonra N saylı hərbi hissənin döyüş əməliyyatlarından sonra qalan şəxsi heyəti əməliyyat zonasından çıxarılıb Seyfəli poliqonuna gətiriblər. Bir müddət burada qaldıqdan sonra onların silah-sursatlarını təhvil alıb qatarla evə göndəriblər və onlarla əlaqə saxlayacaqlarını bildiriblər. Təxminən iki həftəlik müalicədən sonra o, Gəncəyə qayıdaraq tağım komandirini tapmışdır. Onlar Gəncədən olan 5-6 nəfərlə N saylı hərbi hissədə idilər. Bir müddət iddiaçı da onlarla bir yerdə qalmış, ona hələ komplektləşmənin olmadığı bildirilmişdir. Tağım komandiri komplektləşmə zamanı ona xəbər ediləcəyini bildirərək ona evə qayıtmağı məsləhət görmüşdür. Bundan sonra iddiaçı dəfələrlə Nəsimi RHK-na müraciət etsə də, hərbi bileti haqqında məlumat ala bilməmişdir. Ona bildirmişlər ki, sənədlər gəldiyi zaman ünvana məlumat veriləcəkdir. 2016-cı ildə iddiaçı Müdafiə Nazirliyinin Arxiv İdarəsinə ərizə ilə müraciət etmiş, lakin ona N saylı hərbi hissənin məlumatlarının Arxiv İdarəsinə daxil olmadığı bildirilmişdir. 2022-ci ildə təkrar müraciətindən sonra onun Ağdərə döyüş əməliyyatları rayonunda olduğu barədə məlumat olan arayışı vermişlər. Bu ilin aprel ayında Müdafiə Nazirliyinə “müharibə veteranı” vəsiqəsinin verilməsi ilə bağlı müraciət etmiş, lakin ona imtina edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Yəni, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2-5044 nömrəli arayışına əsasən iddiaçının xx.xx.1993-cü il tarixdən sonrakı hərbi xidməti və qanuni əsaslarla ehtiyata və ya istefaya buraxılması barədə məlumat aşkar edilməmişdir. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. İddiaçı müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2295/2025 nömrəli, 12 fevral 2025-ci il tarixli qərarı ilə (hakim E.Abdullayev) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını məhkəmədən tələb edə bilər. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış 09 iyul 2024-cü il tarixli, 3-25-2/2-M-76xx-xx/2024 nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-5044 nömrəli arayışına əsasən xx.xx.1993-cü il tarixdən sonrakı xidməti təsdiqlənmədiyinə və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmadığına görə “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Sözügedən Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hissəsinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 saylı 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlar qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin 8-ci yarımbəndinə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan MR (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qanunvericilik normalarından göründüyü kimi aidiyyəti qurumlar tərəfindən verilmiş müvafiq təsdiqedici sənədlər əsasında hərbi qulluqçulara “müharibə veteranı” adının verilməsini onların döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi ilə şərtləndirilir. xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 29 №-li əmrində (əsas: §-4, səh-66, sıra-182) döyüş əməliyyatları rayonunda, Ağdərə şəhərində olduqlarına görə, əmək haqqı ödənilən N №-li hərbi hissənin şəxsi heyətinin siyahısında, baş tuşlayıcı vəzifəsində, sıravi İddiaçı adı qeyd olunmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissə komandirinin dekabr N-ci il yanvar, mart-iyul 1993-cü il, N №-li hərbi hissə komandirinin fevral-dekabr Nci il, may-dekabr 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı barəsində əlavə məlumat aşkar edilməmişdir. N №-li hərbi hissə komandirinin yanvar-noyabr N-ci il, avqust-dekabr 1993cü il N №-li hərbi hissə komandirinin yanvar N-ci il, yanvar-aprel 1993-cü il tarixli nizami hissə üzrə əmrləri və N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin xx.xx.N-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, N №-li hərbi hissənin xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək və N №-li hərbi hissənin xx.xx.N-ci il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon İdarəsinin məhkəmə sorğusuna cavab olaraq iddiaçıya aid qeydiyyat kartasının surəti məhkəməyə göndərilmişdir. Həmin qeydiyyat kartasına, həmçinin 15444 nömrəli, xx.xx.2024-cü il tarixli hərbi bilet əvəzi arayışına əsasən iddiaçı xx.xx.1988-xx.xx.1990-cı il tarixlərdə hərbi xidmət keçmişdir. Onun hərbi rütbəsi çavuşdur. Çağırış vərəqəsindən görünür ki, iddiaçı xx.xx.N-ci il tarixə Nəsimi rayon hərbi komissarlığına çağırılmışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2-5044 nömrəli arayışına əsasən N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 29 №-li əmrilə (əsas: səh 66, § 4, sıra 182) Ağdərə döyüş əməliyatları rayonunda olduqları üçün pul təminatı ödənilmiş N №-li hərbi hissənin şəxsi heyətinin siyahısında baş tuşlayıcı sıravi İddiaçı adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdə olan aprel-dekabr 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri və N №-li hərbi hissə komandirinin yanvar-mart 1993-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə müvafiq arxiv materiallarında İddiaçı 1991 – 1994-cü illərdə döyüş əməliyyatları aparılan zonada xidmət keçməsinə dair xüsusatlar, o cümlədən xidmətini, xidmətdən qanuni əsaslarla tərxis olunmasını və yaralanmasını təsdiqləyən hər hansı mötəbər sübut mövcud olmadığından, cavabdehin ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinası qanunazidd sayıla və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilə bilməz. Cavabdehin xx.xx.2024-cü il tarixli cavab məktubunda N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 29 №-li əmrində döyüş əməliyyatları zonasında, Ağdərə şəhərində olduqlarına görə, əmək haqqı ödənilən N №-li hərbi hissənin şəxsi heyətinin siyahısında, iddiaçının adının qeyd olunduğu bildirilsə də, bundan sonrakı dövr üzrə 002, N və N nömrəli hərbi hissələrin nizami hissə üzrə əmrlərində iddiaçının adına rast gəlinməmişdir. Eyni zamanda, iddiaçının qanuni əsaslarla ordu sıralarından tərxis olunması barədə də Müdafiə Nazirliyinin Arxivində heç bir məlumat yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon İdarəsinin qeydiyyat kartasında onun N-1993-cü illərə dair xidməti barədə hər hansı məlumat mövcud deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1426/2021 saylı iş üzrə qəbul etdiyi 28 iyul 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “«Müharibə veteranı adı»nın verilməsi 10 may 1994-cü il tarixdən sonra döyüş zonasında hərbi xidmət keçən, yaxud döyüş zonalarında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olan o hərbi qulluqçulara şamil edilir ki, həmin hərbi qulluqçular bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış olsunlar.” Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmamasını mahiyyəti üzrə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir (maddə 68.1). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır (maddə 68.2). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2295/2025 nömrəli, 12 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 85 və 90-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2295/2025 nömrəli, 12 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar