Məhkəmə qərarları › İş №2-1(103)-2432/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2432/2023

14.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2432/2023 14.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə,, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3297/2023 saylı, xx.xx.2023-cü il il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. Cavabdeh tərəfindən iddiaçıya ünlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Bildiririk ki, tərəfinizdən xx.xx.2021-xx.xx.2022-ci illər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində bir sıra vergi ödəyicilərdən əldə edilərək əvəzləşdirilmiş elektron qaimə- fakturaların vergi orqanının uçot baza məlumatlara əsasən (məktubunuza əlavə edilir) riskli (və ya əmtəəsiz) olması müəyyən edilmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 (beş) gün ərzində vergi bəyannamələrini əsaslandırılmış yazılı izahatı və zəruri olan sənədləri vergi orqanına təqdim etməyiniz tələb olunur. Bildiririk ki, kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər (məlumatlar) məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda, Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının Sizin vergi öhdəliklərinizi yenidən hesablamaq hüququ vardır. Əlavə olaraq bildiririk ki, təqdim edilmiş dəqiqləşdirilmiş vergi bəyannamələrində əvvəlki vergi bəyannamələri üzrə yaranmış uyğunsuzluqlar aradan qaldırılmadıqda, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq qanunamüvafiq tədbirlər görülə bilər.”.

2. xx.xx.2022-ci il tarixli **********9 № li “vergi borcunun ödənilməsinə dair” bildirişdən görünür ki, iddiaçının xx.xx.2022-ci il tarixə 212825,32 manat vergilər üzrə, 5960,38 manat faizlər üzrə, ümumilikdə 218,785.70 manat dövlət büdcəsinə borcu vardır;

3. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********614200 № li qərara əsasən iddiaçının xx.xx.2021xx.xx.2022-ci illər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində bir sıra vergi ödəyicilərindən əldə edilərək əvəzləşdirimiş elektron qaimə-fakturaların vergi orqanının uçot baza məlumatlarına əsasən riskli (və ya əmtəəsiz) olması müəyyən edilmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Nəticədə aparılmış kameral yoxlama nəticəsində təqdim edilmiş bəyannamə, hesabat üzrə hesablanmış vergi və ya sığorta haqqı 953,12 manat, əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və sığorta haqqı 953,12 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 634.714,86 manat, kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 633.761,74 manat müəyyən edilmişdir;

4. Vergi ödəyicisinin fəaliyyətinin online dayandırılması barədə arayışından görünür ki, cavabdehin fəaliyyətinin və əməliyyatlarının xx.xx.2022-ci il tarixdən xx.xx.2097-ci il tarixədək dayandırılması qeyd edimişdir.

5. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli **********457200 № li qərardan müəyyən edilir ki, vergi ödəyicisi “CİKO” LTD (VÖEN: **********) ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyatları, elektron qaiməfaktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluqlar aşkar edilmişdir. “CİKO” LTD tərəfindən təqdim edilən e_vhf-ə əsasən 1 176 737 manat (ƏDV daxill) dəyərdə “Qara metal” tullantıları və qırıntıları; yenidən əridilmək üçün qara metalların küçələri, komputer dəsti stolüstü, jalüz, portretlər və dövlət atributları və s. təqdim edilmişdir. Təqdim edilmiş mallar alış və idxalında müəyyən edilmədiyi üçün əhəmiyyətli riskli hesab edilir. Qeyd edilənlərə əsasən vergi ödəyicisi “CİKO” LTD riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir;

6. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli **********507400 № li qərardan müəyyən edilir ki, vergi ödəyicisi "xxxx" MMC (VÖEN: **********) ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluqlar aşkar edilmişdir. "xxxx" MMC tərəfindən 3 036 347 manat dəyərində 5795 ton “metal qırıntısı” və 76865 manat dəyərində “təkər” təqdim edilmişdir. Vergi ödəyicisinin təqdim etdiyi mallardan yalnız 1642 ton “metal-qırıntısının” alınması barədə e-qaimənin olması riskli hesab edilir. Qeyd edilənlərə əsasən vergi ödəyicisi "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir;

7. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli **********546500 № li qərardan müəyyən edilir ki, vergi ödəyicisi "xxxx" MMC (VÖEN: **********) ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluqlar aşkar edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021-xx.xx.2021 tarixlərdə 2 904 966 manat dəyərində 6482,52 ton “metal” təqdim edilmişdir. Vergi ödəyicisinin təqdim etdiyi malın yalnız 314,72 tonun alışı barədə e-qaimənin olması riskli hesab edilir. Qeyd edilənlərə əsasən vergi ödəyicisi "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir;

8. Həmin qərarlara iddiaçı ilə göstərilən vergi ödəyiciləri arasında əməliyatların edilməsinə dair çıxarışın surəti əlavə edilmişdir.

İİ. Tərəflərin əsaslandırması

İddiaçının əsaslandırması:

9. İddiaçı İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (bundan sonra – cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 23 sentyabr 2022-ci il tarixli **********614200 saylı qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2015-ci il tarixdə ********** saylı VÖEN və AZ-1033, ünvan 1 ünvanına malik olmaqla dövlət qeydiyyatına alınmışdır. İddiaçının nizamnamə üzrə əsas fəaliyyəti tikinti işlərinin aparılmasından ibarətdir. Cavabdeh MMCdə kameral vergi yoxlaması keçirmişdir. Bütün tələb olunan sənədlər təqdim edilsə də, vergi orqanı vergi ödəyicisinə **********045100 qeydiyyat nömrəli 21 sentyabr 2022-ci il tarixli **********9 saylı vergi borcunun ödənilməsinə dair bildiriş göndərmişdir. Daha sonra cavabdeh xx.xx.2022-ci il tarixli qərar qəbul etmişdir. Cavabdeh bu borcu tam qanuna zidd olaraq hesablamışdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.2- 1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Bu maddələr onu nəzərdə tutur ki, ƏDV bəyannaməsinin təqdim edilməsindən 30 iş günü keçibsə və vergi orqanı uyğunsuzluq aşkar edibsə bildiriş göndərir. Riskli vergi ödəyicisi barədə əməlliyat apardıqda sistem qırmızı göstərir. Əməliyyat aparmaq mümkünsüz olur. İddiaçı tərəfindən fəaliyyətinin dayandırılması barədə xx.xx.2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət edilmişdir və müraciətin təmin edildiyi barədə məktub gəlmişdir. Göründüyü kimi iddiaçının fəaliyyəti olmadığı bir halda cavabdeh vergi orqanı tərəfindən belə bir qərar qəbul edilmişdir. Bundan əlavə iddiaçı tərəfindən ilin əvvəlində əldə edilmiş elektron qaimə-fakturaların ilin 3cü rübündə vergi orqanının uçot baza məlumatlara əsasən riskli (və ya əmtəəsiz) hesab edilməsi və buna görədə fəaliyyəti dayandırılmış şirkətə kameral qaydada vergi hesablanması tamamilə qanunsuzdur. Belə ki, iddiaçı qanuna müvafiq şəkildə alış və satış qaimələri ilə işləmiş, bəyannamə vermiş və vergisini ödəmişdir. İddiaçı öncədən bilsəydi ki, elektron qaimə-fakturaların sonradan vergi orqanının uçot baza məlumatlarına əsasən riskli (və ya əmtəəsiz) olması müəyyən ediləcək o zaman təbiidir ki, həmin şirkətlət ilə alış-veriş etməzdi. Bütün lazımı məlumatlar və cavabdehə təqdim olunmasına baxmayaraq əsassız və qanunsuz olaraq vergi qanunvericiliyinin tələbləri kobud şəkildə pozularaq mənfəət vergisi hesablanmışdır.

Cavabdehin etirazı:

11. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim etmiş və göstərmişdir ki, vergi ödəyicisi tərəfindən xx.xx.2021-xx.xx.2022-ci illər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində bir sıra vergi ödəyicilərindən əldə edilərək əvəzləşdirilmiş elektron qaimə-fakturaların vergi orqanının uçot baza məlumatlara əsasən riskli (və ya əmtəəsiz) olması müəyyən edilmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna əsaslandırılmış cavab və dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün, 2022-ci ilin iyul ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 634714,86 manat vergi məbləği hesablanaraq, xx.xx.2022-ci il tarixli Qərar vergi ödəyicisinə göndərilmişdir. Bundan başqa, vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə hüquqi şəxsin fəaliyyətinin dayandırılması üçün vergi orqanına müraciət edilmişdir. Lakin uçot baza məlumatlarına əsasən vergi ödəyicisinin fəaliyyəti hal-hazırda dayandırılmamışdır.

12. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3297/2023 saylı, xx.xx.2023-cü il il tarixli qərarı ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır.

13. İddiaçı Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3297/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır.Əlavə olaraq şikayətdə qeyd edilmişdir ki, məhkəmə reallıqda əməliyyatların hansı tarixdə baş tutması ilə bağlı düzgün qənaətə gəlməmiş "ÇİKO LTD” ilə əməliyyatlar xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə, "DAVİDSON” MMC ilə əməliyyatlar xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə, "xxxx" MMC ilə əməliyyatlar isə xx.xx.2021- xx.xx.2021-ci il tarixlərdə aparılmış və sonradan elektron qaimələr ləğv edilərək yeni elektron qaimələr tərtib edilmişdir. Vergi orqanı müvafiq əvəzləşmələri ləğv edirdisə müvafiq qaydada həmin əvəzləşmələrin aparıldığı dövrlər üzrə bəyannamələrə dəyişiklik etməli idi ki, göstərilənlərin əksinə heç bir əməliyyat aparılmamış faktiki olaraq vergi ödəyicisinin fəaliyyətinin dayandırıldığı dövrdə (iyul 2022) əvəzləşdirmələr ləğv edilərək hesablama aparılmışdır.Həmçinin "ÇİKO LTD, "xxxx"xxxx" MMC-lərin barəsində internet portalında həmin müəssisələrin riskli olması barədə müvafiq məlumatın qeyd olunduğu vergi orqanı tərəfindən sübuta yetirilməli olduğu halda iş materiallarında bu halla bağlı hər hansı sübut mövcud deyil. Həmçinin vergi qanunvericiliyində qarşı tərəfin riskli olduğunu bilmək və ya bilməli olmaqla bağlı vergi ödəyicisinin hər hansı vəzifəsi müəyyən edilməmişdir.

15. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

16. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.İddiaçının vəkili elektron qaydada ərizə göndərərək işə yeni qoşulduğunu və işlə tanış olmadığını bildirərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.Məhkəmə Kollegiyası hazırkı işin 6 ay müddətdir ki, apellyasiya məhkəməsinin icraatında olduğunu və iddiaçının hüquqi müdafiə vasitələrindən istifadə etmək üçün kifayət qədər vaxtı olduğunu nəzərə alaraq və İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

İİİ. Məhkəmənin mövqeyi

17. Məhkəmə kolegiyası iş üzrə materialları, iddiaçının apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3297/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır.

18. Apellyasiya baxışının hədləri ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

19. İnzibati Prosessual qanunvericiliyin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

20. Məhkəmə Kollegiyası iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.Belə ki, iİddiaçı cavabdehin qəbul etdiyi qərarın ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün əlavə vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı xx.xx.2022-ci il tarixli qərarın mübahisələndirilməsi üçün xx.xx.2022-ci il tarixdə iddia ilə məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.1).

21. İddia tələbinin mahiyyəti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir:

22. İşin hallarından göründüyü kimi, iddiaçı MMC riskli hesab edilmiş vergi ödəyiciləri ilə əməliyyatlar apardığından cavabdeh tərəfindən hazırda mübahisələndirilən xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir.

23. İddiaçı hazırda həmin qərarı mübahisələndirir və hesab edir ki, qərar qəbul edilərkən vergi qanunvericliyin tələbləri pozulmuş, kameral vergi yoxlaması üçün nəzərdə tutulmuş 30 gün müddətə əməl edilməmişdir.Həmçinin iddiaçının həmin vergi ödəyicililərinin riskli vergi ödəyicisi olmasından məlumatlı olmamışdır.

24. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: - bənd 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1- 2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. - bənd 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). - bənd 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. - bənd 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur.

26. Baxılan işin mübahisələndirilməyən hallarıdır ki, iddiaçının 2021-ci ilin may-oktyabr ayları ərzində əməliyyat apardığı “Çiko” LTD "xxxx" MMC və "xxxx" MMC cavabdeh orqanın xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixli qərarları ilə riskli vergi ödəyicisi hesab edilmişdir. İddiaçı ilə həmin vergi ödəyiciləri arasında əməliyyatlar isə həmin vergi ödəyicilərin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarlar qəbul edilikdən həm əvvəl, həm də sonrakı dövrlərdə olmuşdur. Bu halı iddiaçı da inkar etmir.

27. İddiaçı iddia tələbində həmin vergi ödəyicilərinin riskli vergi ödəyiciləri olmasının iddiaçıya məlum olmadığını qeyd etmişdir.

28. Lakin məhkəmə iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi bu halı inandırıcı hesab etmir.

29. Belə ki, yuxarıda istinad edilən qaydaların tələblərinə görə vergi ödəyicisi riskli hesab edilikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir.

30. Məhkəmə Kollegiyası nəzərə alır ki, https://www.e-taxes.gov.az/ebyn/risk/ internet portalında hər üç vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə məlumatın əks olunması iddiaçının bu dəlilini təkzib edir.

31. Bundan başqa məhkəməyə təqdim edilən malların (işlərin, xidmətlərin) təqdim edilməsi barədə cədvəldən görünür ki, qeyd olunan vergi ödəyicilərinin xx.xx.2021xx.xx.2021-ci il tarixlərdə riskli vergi ödəyicisi olması barədə qərarlar qəbul edildikdən 2-3 ay sonra, yəni 08-21 oktyabr tarixlərində iddiaçı ilə həmin vergi ödəyiciləri arasında əməliyyatlar aparılmışdır.

32. Məhkəmə iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi digər hal, yəni kameral vergi yoxlamasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə aparılmaması ilə bağlı aşağıdakıları qeyd edir:

33. Mübahisəli qərarın qəbul edildiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. - 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. - 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. - 37.3-cü maddəsinə görə kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. - 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır.

34. Göründüyü kimi, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir.

35. Qanunvericiliyin tələblərində göründüyü kimi, kameral vergi yoxlamasının keçirilməsi bəyannamənin təqdim edildiyi müddətdən 30 iş günü müddətində keçirilir.

36. Baxılan işdə isə iddiaçı tələbində 30 gün müddətə əməl edilmədiyi qeyd etmiş, lakin bəyannaməni vergi orqanına hansı vaxt təqdim etdiyini göstərməmişdir.

37. İş materiallarında müəyyən edilir ki, vergi ödəyicisi tərəfindən xx.xx.2021xx.xx.2022-ci illər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində bir sıra vergi ödəyicilərindən əldə edilərək əvəzləşdirilmiş elektron qaimə-fakturaların vergi orqanının uçot baza məlumatlarına əsasən riskli (və ya əmtəəsiz) olması müəyyən edilmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna əsaslandırılmış cavab və dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün, 2022-ci ilin iyul ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 634714,86 manat vergi məbləği hesablanaraq, xx.xx.2022-ci il tarixli Qərar qəbul edilmişdir.

38. Vergi Məcəlləsinin: - 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır; - 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; - 67.1.2 vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; - 67.1.3 vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; - 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; - 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; - 67.1.6 vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar: - 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; - 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; - 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar.

39. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, iddia rədd olunmalıdır.

40. Məhkəmə Kollegiyası iddiaçının iddia tələbinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olduğunu, həmin dəlillərə isə yuxarıda hüquqi qiymət verildiyini qeyd etməklə, odur ki, prosessual qənaət prinsipindən çıxış edərək iddiaçının apellyasiya şikayətinə münasibətdə bir daha qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas təşkil etmir.

41. Məhkəmə Kollegiyası əlavə olaraq şikayətə münasibətdə onu da qeyd edir ki, iddiaçı apellyasiya şikayətində göstərmişdir ki, məhkəmə reallıqda əməliyyatların hansı tarixdə baş tutması ilə bağlı düzgün qənaətə gəlməmiş "ÇİKO LTD” ilə əməliyyatlar xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə, "DAVİDSON” MMC ilə əməliyyatlar xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə, "xxxx" MMC ilə əməliyyatlar isə xx.xx.2021- xx.xx.2021-ci il tarixlərdə aparılmış və sonradan elektron qaimələr ləğv edilərək yeni elektron qaimələr tərtib edilmişdir.

42. Bununla bağlı Kollegiya bildirir ki, birinci instansiya məhkəməsinə təqdim edilən sübutlardan da aydın olur ki, SCARAB CONSTRUCTİON" MMC riskli hesab edilmiş vergi ödəyiciləri ilə xx.xx.2021- xx.xx.2021-ci il tarixlərdə əməliyyat aparmışdır. Belə ki, iddiaçı ilə həmin vergi ödəyiciləri arasında əməliyyatlar həmin vergi ödəyicilərinin riskli hesab edilməsi barədə qərar qəbul edildikdən sonra aparılmış və MMC əməliyyat apardığı vergi ödəyicilərinin riskli olması barədə məlumatlı olmuşdur.

43. Həmçinin iddiaçı şikayətində bildiriir ki, "ÇİKO LTD, "xxxx"xxxx" MMC-lərin barəsində internet portalında həmin müəssisələrin riskli olması barədə müvafiq məlumatın qeyd olunduğu vergi orqanı tərəfindən sübuta yetirilməli olduğu halda iş materiallarında bu halla bağlı hər hansı sübut mövcud deyil. Həmçinin vergi qanunvericiliyində qarşı tərəfin riskli olduğunu bilmək və ya bilməli olmaqla bağlı vergi ödəyicisinin hər hansı vəzifəsi müəyyən edilməmişdir.

44. Kollegiya qeyd edir ki, 2021-ci il inin mart ayından etibarən, riskli ödəyicilərlə bağlı məlumatların əldə edilməsi kommersiya (vergi) sirri hesab olunmur. Belə ki, vergi ödəyicisinin riskli olub-olmaması barədə məlumatı www.e-taxes.gov.az saytının "Riskli vergi ödəyiciləri barədə məlumatın verilməsi" bölməsindən açıq formada əldə etmək mümkündür. Bununla yanaşı, riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur.

45. Həmçinin, Vergi Məcəlləsində vergi ödəyicisinin riskli vergi ödəyicisi ilə əməliyyat aparmasını qadağan edən müddəa olmasa belə, əmtəəsiz və riskli əməliyyatlar apararaq vergidən yayınan vergi ödəyiciləri ilə bağlı bir sıra məhdudlaşdırmalar nəzərdə tutulmuşdur. Belə məhdudlaşmalara aşağıdakılar aiddir: Əmtəəsiz əməliyyatlar üzrə yaranan vergi öhdəlikləri benefisiar şəxsin (faydalanan şəxsin) üzərinə qoyulur; Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə olunmuş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir; Əmtəəsiz və riskli əməliyyatlar çərçivəsində aparılan əməliyyatlar üzrə ödənilmiş ƏDV- nin əvəzləşdirilməsinə yol verilmir; • Riskli vergi ödəyiciləri barədə məlumat kommersiya və (və ya) vergi sirri olmayan məlumat hesab edilir; • Vergi ödəyicisi riskli vergi ödəyicisi meyarına uyğun gəldiyi halda, bu hal onda növbədənkənar səyyar vergi yoxlamasının və operativ vergi nəzarəti tədbirinin aparılmasına əsas verir; Vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda, vergi orqanının vergini onun ödənildiy tarixədək hesablamaq hüququ vardır; Riskli vergi ödəyicisinə münasibətdə vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadılmır.

46. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

47. Göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən yuxarıda qeyd olunan məsələlər araşdırılmış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirərək iddia rədd edilmişdir.

48. Buna görə də məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, ədalətli və işin faktiki halları baxımdan əsaslıdır.

49. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır, odur ki, təmin edilməməlidir və Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3297/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

50. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin tələblərinə əsasən: Maddə 58.7. sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3297/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar