Məhkəmə qərarları › İş №2-1(103)-2432/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2432/2024

13.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2432/2024 13.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdehin vəkili (nümayəndəsi) Vəkil2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10678/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları 1.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4592/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarından görünür ki, İddiaçı cavabdehlər X3 və Bakı şəhəri Sabunçu Rayonu Balaxanı Bələdiyyəsinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 600 kv.m torpaq sahəsindən cavabdeh X5 tərəfindən onun istifadəsinə yaradılmış maneələr aradan qaldırılmaqla, cavabdehin həmin torpaq sahəsindən çıxarılması və onun torpaq sahəsinə dair istifadə və sahiblik hüquqlarının bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4454/2021 nömrəli iş üzrə 30 sentybar 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1095/2022 nömrəli iş üzrə 25 aprel 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1095/2022 nömrəli, 25 aprel 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

5. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4592/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarında göstərilmişdir ki,... 63. Baxılan işdə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin halarına əsasən mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olması, eləcə də başqa qanuni əsaslarla ona aid olması müəyyən edilməmişdir. 64. Belə olan halda iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququ olmamışdır. 65. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarına məhkəmələrin qiymət verməməsi barədə kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin qərarla torpaq sahəsindən istifadəyə görə qanunvericilik ilə müəyyən edilmiş vergi borcunun hansı üsulla ödənilməsi və tədiyyə bildirişinin İddiaçı təqdim edilməsi vəzifəsi Sabunçu rayon Balaxanı Bələdiyyəsinin üzərinə qoyulmuşdur. 66. Bu isə mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olması mənasına gəlməyə əsas vermir...”

6. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1095/2022 nömrəli iş üzrə 25 aprel 2022-ci il tarixli qərardadından görünür ki, qanun pozuntularına yol vermiş şəxslərin hərəkətlərində cinayətin əlamətləri aşkara çıxarıldığından Baş Prokurorluğa məlumat verilməsi qərara alınmışdır.

İİ. Tərəflərin əsaslandırması

7. İddiaçının əsaslandırması: İddiaçı cavabdeh Balaxanı Bələdiyyəsinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ona 2003-cü il tarixli sərəncamla bələdiyyə orqanı tərəfindən torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinə görə vergi ödəmiş, qulluq etmiş, xərclər çəkmişdir. 2021-ci il tarixdə E.Əliyev adlı şəxs tərəfindən torpaq sahəsində tikinti işlərinin aparıldığının şahidi olmuş, həmin şəxs də ona torpaq sahəsinin 2007-ci ildə ayrıldığını bildirmişdir. Bununla bağlı məhkəməyə müraciət etmiş və müəyyən edilmişdir ki, torpaq sahəsi bələdiyyə mülkiyyətində olmamaqla qanunsuz olaraq ayrılmışdır. Torpaq sahəsinə görə vergi də daxil olmaqla xərclər çəkilmiş, cavabdehin hərəkətləri nəticəsində maddi və mənəvi ziyana uğramışdır.

8. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı adına Balaxanı Bələdiyyəsi tərəfindən torpaq sahəsinin ayrılması haqqında hər hansı bir sərəncam və ya qərar Balaxanı Bələdiyyəsinin arxivində aşkar edilməmişdir. Sərəncama əlavə edilmiş 27 noyabr 2006-cı il tarixli cizgidə Balaxanı Bələdiyyəsinin torpaq komissiyasının sədrinin imzası yoxdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə torpaq sahəsindən istifadəyə görə vergi borcunun hansı üsulla ödənilməsi və İddiaçı adına tədiyyə bildirişinin verilməsi vəzifəsinin Balaxanı Bələdiyyəsinə həvalə edilmişdir. İddiaçı cavabdehin torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1095/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Həmin qətnamədə də qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsi, ümumiyyətlə Bələdiyyənin mülkiyyətində və sahibliyində olmamışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə qanun pozuntusuna yol vermiş şəxslərin hərəkətlərində cinayətin əlamətləri aşkara çıxarıldığından Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilməsi barədə xüsusi qərardad çıxarılmışdır. Həmin qətnamədən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Qərarda qeyd edilmişdir ki, məhkəmənin qərarı əsasında torpaq sahəsindən istifadəyə görə vergi borcunun hansı üsulla ödənilməsi və İddiaçı adına tədiyyə bildirişinin verilməsi vəzifəsinin Balaxanı Bələdiyyəsinə həvalə edilməsi mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olması mənasına gəlməyə əsas vermədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” AR Qanununun 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Hazırda isə iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.7-ci bəndinə əsasən, vurulmuş ziyana görə Balaxanı Bələdiyyəsindən kompensasiya tələb edir. İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. Lakin hazırkı işdə Balaxanı Bələdiyyəsinin hər hansı bir qanunsuz hərəkəti və ya qərarı mövcud deyildir ki, kompensasiya tələb edilsin. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddihüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3-cü bənd) ... İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd) Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının hüquqlarına hər hansı bir müdaxilə olunması sübuta yetirilmir. Göstərilən halları nəzərə alaraq iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10678/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilməsi qərara alınmışdır.

10. İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10678/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda əsaslandırmışdır.

12. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

13. Məhkəmə Kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçı (nümayəndəsi) iclasda iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

İİİ. Məhkəmənin mövqeyi

14. Məhkəmə kolegiyası iş üzrə materialları, iddiaçının apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10678/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır.

15. Apellyasiya baxışının hədləri ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

16. İnzibati Prosessual qanunvericiliyin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.(İPM-in 82-ci maddəsi)

17. Məhkəmə Kollegiyası iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

18. İddia tələbinin mahiyyəti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir:

19. İş materiallarında olan 28 noyabr 2003-cü il tarixli Sərəncamda qeyd edilmişdir ki, 600 kv.m torpaq sahəsi cavabdeh tərəfindən iddiaçıya ayrılmışdır. Sərəncamda sədr kimi R.M.Əliyev adlı şəxsin adı göstərilmişdir.

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4592/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarından görünür ki, İddiaçı cavabdehlər X3 və Bakı şəhəri Sabunçu Rayonu Balaxanı Bələdiyyəsinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 600 kv.m torpaq sahəsindən cavabdeh X5 tərəfindən onun istifadəsinə yaradılmış maneələr aradan qaldırılmaqla, cavabdehin həmin torpaq sahəsindən çıxarılması və onun torpaq sahəsinə dair istifadə və sahiblik hüquqlarının bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Həmin mülki işin məhkəmə araşdırması zamanı E.Əliyev öz izahatında bildirmişdir ki, bələdiyyə sədri ona bildirmişdir ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə bələdiyyə sənədləri saxtadır. Həmin iş üzrə cavabdehin nümayəndəsi və vəkili bildirmişdir ki, sərəncamın qeydiyyatı və hüquqi əsası yoxdur. İddiaçı torpaq rüsumunu, torpaq haqqını ödəməmişdir. Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin həmin iş üzrə sorğuya cavab məktubunda qərarlar aşkar edilməmişdir. İlk qərarlar 2004-cü ilin may ayından qeydiyyata alınmışdır. Məhkəmə hesab etmişdir ki, istər iddiaçının, istər digər şəxsin torpaq sahəsinə hər hansı hüquqi mövcud olmamış, ümumiyyətlə iddiaçının subyektiv hüququ yaranmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı mübahisəli torpaq sahəsinə iddiaçının hüququnun yaranması hesab edilmir.

22. İş materiallarında olan cavabdehin 27 mart 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə iddiaçı tədiyyə bildirişi əsasında vergi ödəmişdir.

23. Məhkəmə iclasında tətqiq edilmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş iş materiallarında olan 06 dekabr 2011-ci il tarixli 309 nömrəli məktubda qeyd edilmişdir ki, sərəncamın qeydiyyatı və hüquqi əsası yoxdur. Cizgidə protokol nömrəsi məlumat deyil və torpaq komissiyasının sədrinin imzası yoxdur. İddiaçıda alqısatqı aktı da mövcud deyildir. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məktubunda qeyd edilmişdir ki, Bələdiyyənin Torpaq komissiyasının sədri vəzifəsində işləmiş Q.Əliyev izahat verərək iddiaçı və E.Əliyev arasında mübahisədən məlumatsız olmasını, həmin vaxt bələdiyyə sədri işəmiş C.Məmmədovun cinayət məsuliyyətinə cəlb edildiyini və cəza çəkdiyi müəssisədə vəfat etdiyini bildirmişdir. Məktubda xüsusi qərardadın icrası ilə bağlı qeyd edilmişdir ki, cinayət xarakterli xüsusatlar aşkar edilməmişdir.

24. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4592/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarında göstərilmişdir ki,... 63. Baxılan işdə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin halarına əsasən mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olması, eləcə də başqa qanuni əsaslarla ona aid olması müəyyən edilməmişdir. 64. Belə olan halda iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququ olmamışdır. 65. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarına məhkəmələrin qiymət verməməsi barədə kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin qərarla torpaq sahəsindən istifadəyə görə qanunvericilik ilə müəyyən edilmiş vergi borcunun hansı üsulla ödənilməsi və tədiyyə bildirişinin İddiaçı təqdim edilməsi vəzifəsi Sabunçu rayon Balaxanı Bələdiyyəsinin üzərinə qoyulmuşdur. 66. Bu isə mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olması mənasına gəlməyə əsas vermir...”

25. Hazırkı işdə iddiaçı maddi ziyanın və mənəvi ziyanın ödənilməsini tələb edir.Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə : 21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

26. Mülki qanunvericiliyin yuxarıda sadalanan müddəalarının təhlili belə nəticəyə gəlməyə əsas verir ki, mülki hüquq pozuntusuna – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin maddi olmayan formada ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və qeyd edilən dispozisiya şərtlərinin mövcud olduğu halda irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbin əsassız olmasına dəlalət edir.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin Qərarında həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.

28. Həmin qərarda göstərilmişdir ki, mənəvi zərər, adətən, vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər vətəndaşların şəxsi qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmunu və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.

29. Məhkəmə diqqətə çatdırır ki, maddi və mənəvi zərərin tutulmasının əsasları bir birindən fərqlidir. Belə ki, qanunvericiliyin tələbi baxımından maddi zərərin ödənilməsi barədə iddianın təmin edilməsi üçün məhkəmələr tərəfindən cavabdehin əməli nəticəsində maddi zərər tələb edən şəxsin qanunla qorunan hüququnun pozulması, ona real zərər və ya əldən çıxmış fayda formasında maddi zərər dəyməsi, həmin zərərin məbləği və eyni zamanda onun hüquqlarının pozulması nəticəsində maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Başqa sözlə desək, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir.

30. Eyni zamanda, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün də qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxs mülki məsuliyyətə cəlb edilə bilməz. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olubolmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir.

31. Digər tərəfdən nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

32. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya maddi zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. Məhkəmə qeyd edir ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkət, yaxud hərəkətsizliyi nəticəsində vurulması, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması, sübut olunmur. İş materiallarında torpaq sahəsinin ayrılması barədə sərəncamın mövcudluğu da vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Belə ki, mülki iş üzrə aparılmış məhkəmə araşdırmasının nəticəsindən, eləcə də xüsusi qərardadın icrası ilə bağlı Baş Prokurorluqda aparılmış araşdırmanın nəticəsindən görünür ki, ümumiyyətlə iddiaçıya bələdiyyənin vəzifəli şəxsləri tərəfindən torpaq sahəsinin ayrılması həyata keçirilməmiş, sərəncam heç bir hüquqi əsası olmayan, bələdiyyə orqanında və aidiyyəti üzrə Mərkəzdə qeydiyyatı olmayan hər hansı hüquqi nəticə yaratmayan sənəd olmuşdur. Mülki iş üzrə araşdırmanın nəticəsində qəbul edilmiş yekun məhkəmə aktlarında da qeyd edildiyi kimi həmin qərar iddiaçıya torpaq sahəsinə münasibətdə hər hansı subyektiv hüquqi nəticə yaratmamışdır ki, iddiaçı maddi zərərin ödənilməsini tələb etsin.

33. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında”Qanunun: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.

34. Göründüyü kimi, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri inzibati akt xüsusiyyətinə malikdir ki, həmin aktın mövcud olduğu halda onun mübahisələndirilməsi və ya etibarsızlığının tanınmasından söhbət gedə bilər.

35. “İnzibati icraat haqqında”Qanunun: 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt.

36. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən aktbaşa düşülür. İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkretməsələləri və mübahisələri həll edir. İnzibati aktınyaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir.Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən,ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. Qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda (bundan sonra – “İnzibati icraat haqqında” Qanun)“inzibati akt” anlayışı özündə yalnız fərdi aktları ehtiva edir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasəninzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Göstərilən maddənin mahiyyətini təhlil edərək belə nəticəyə gəlmək olar ki, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli;ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; hakimiyyət tədbiri olmalıdır. Qeyd olunmalıdır ki, inzibati orqan tərəfindən inzibati akt tərtib olunarkən“İnzibati icraat haqqında” Qanununyuxarıda sadalanan maddələrində nəzərdə tutulan tələblərə riayət olunmaması inzibati aktın etibarsızlığına səbəb ola bilər. Hər bir halda hüquqi və ya fiziki şəxsin statusunu dəyişə biləcək, onun barəsində hər hansı hüquqi nəticələrə səbəb ola biləcək inzibati aktı tərtib edən inzibati orqan bu aktı tərtib edərkən qanunvericiliyin tələblərinə riayət etməlidir. “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinə əsasən hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt,qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt etibarsız sayılır.Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır.

37. Yuxarıda qeyd olunan qanunvericilik, eləcə də Konstitusiya Məhkəməsinin qərarından da görünür ki, aktın inzibati akt səciyyəsi daşıması üçün onun inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri olmalıdır.

38. Konstitusiya Məhkəməsinin qərarında da qeyd edildiyi kimi inzibati akt inzibati orqan tərəfindən qəbul edilməli;ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; hakimiyyət tədbiri olmalıdır.

39. Lakin, hazırkı iş üzrə iddiaçının istinad etdiyi torpaq sahəsinin ayrılması barədə sərəncam isə ümumiyyətlə hər hansı inzibati orqan tərəfindən, eləcə də bələdiyyə tərəfindən qəbul edilməmiş, bu səbəbdən də ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salınması, ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradılması, hakimiyyət tədbiri xüsusiyyətinə malik olmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı, eləcə də mülki iş üzrə araşdırma zamanı da müəyyən edilmişdir ki, həmin sərəncamdan, ümumiyyətlə bələdiyyə orqanı məlumatsız olmuş, bələdiyyə adından qəbul edildiyi göstərilən həmin sərəncam kimliyi məlum olmayan şəxs və ya şəxslər tərəfindən saxtalaşdırılmışdır.

40. Qeyd olunan səbəbdən də məhkəmə hesab edir ki, bələdiyyə adından çıxarılan, lakin bələdiyyə orqanının ümumiyyətlə məlumatı olmadığı, bələdiyyə adından saxtalaşdırılmış, hər hansı arxiv orqanında, bələdiyyədə İş Mərkəzində qeydiyyatı olmayan “sərəncam” formasında qəbul edilən heç bir hüquqi nəticə yaratmayan sənədə görə bələdiyyə orqanının maddi məsuliyyətindən söhbət gedə bilməz.

41. Lakin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər bir halda maddi məsuliyyətin mövcudluğu üçün yuxarıda adıçəkilən müddəalardan da göründüyü kimi maddi zərərin mövcudluğu, yəni iddiaçının istinad etdiyi məbləğin maddi zərər altında vurulması real olaraq təqdim edilən sübutlarda öz əksini tapmalıdır. İddiaçı isə həmin halları sübut edə bilməmişdir. Bu zaman həmin torpaq sahəsinə görə vergilərin ödənilməsi də məhkəmə hesab edir ki, maddi zərərin sübutu qismində yox, artıq ödənilmiş vergilərin geri qaytarılması üzrə inzibati və ya inzibati məhkəmə araşdırmasının predmeti qismində çıxış edə bilər ki, hazırkı işdən göründüyü kimi iddiaçı məhz maddi ziyanla həmin vergi məbləğini əlaqələndirmişdir. Məhkəmə isə hesab edir ki, hər hansı növ vergi ödənilmişdirsə həmin vergi maddi ziyan anlayışında qiymətləndirilməməklə artıq ödənilmiş verginin geri qaytarılması ilə bağlı ola bilər.

42. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun mövqeyindən göründüyü kimi, Mülki Məcəllənin 21 və 23-cü maddələri yalnız real zərərin əvəzinin ödənilməsini nəzərdə tutur ki, hazırki mübahisə üzrə cavabdeh inzibati orqan tərəfindən hərəkət və ya hərəkətsizlik nəticəsində iddiaçıya real zərərin dəyməsi sübüt olunmur. İddiaçı ona vurulmuş maddi zərər barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, beləliklə real zərərin mövcudluğu öz təsdiqini tapmamışdır.

43. Məhkəmə diqqətə çatdırır ki, formalaşmış təcrübəsində də qanunvericilik yalnız real zərərin əvəzinin ödənilməsini nəzərdə tutur ki, real zərərinin mövcudluğunu sübut etmək zərərin yaranmasını iddia edən şəxsin (iddiaçının) üzərinə düşür.

44. Mənəvi ziyanın ödənilməsi ilə bağlı iddianın ikinci hissəsinə münasibətdə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.

45. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008- ci il tarixli qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

46. Lakin, məhkəmə hesab edir ki, iş üzrə fərdiliyi məhkəməyə məlum olmayan hər hansı şəxsin bələdiyyə adından qərar qəbul etməklə iddiaçıya zərər vurması, cavabdeh inzibati orqanın qanunsuz hərəkət və hərəkətsizliyi qismində çıxış etmir. Yuxarıda da qeyd edildiyi kimi bələdiyyə orqanının adından çıxış etmək səlahiyyəti olan şəxs tərəfindən göstərilən “sərəncam”ın ayrılması iş materialları ilə müəyyən edilmir. Odur ki, cavabdehin təqsirinin mövcudluğundan söhbət gedə bilməz.

47. Məhkəmə Kollegiyası diqqətə çatdırır ki, Ali Məhkəmənin formalaşmış təcrübəsindən də göründüyü kimi, qanunvericilik yalnız real zərərin əvəzinin ödənilməsini nəzərdə tutur ki, real zərərinin mövcudluğunu sübut etmək zərərin yaranmasını iddia edən şəxsin (iddiaçının) üzərinə düşür.

48. Qeyd olunanlara əsasən məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, iddia rədd edilməlidir.

49. Məhkəmə Kollegiyası iddia tələbinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olduğunu, həmin dəlillərə isə yuxarıda hüquqi qiymət verildiyini qeyd etməklə, odur ki, prosessual qənaət prinsipindən çıxış edərək həmin dəlillər üzrə təkrar hüquqi qiymətləndirmə aparmağa zərurət görmür və iddiaçının apellyasiya şikayətinə münasibətdə bir daha qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas təşkil etmir.

50. Belə ki, apellyasiya şikayətində ümumi qaydada hüquq normaları sadalanmış, həmin normaların işin hansı mübahisəli faktiki hallarına tətbiq edilməli olması, bununla da birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmamanın hüquqi və faktiki əsaslarının nədən ibarət olması barədə hər hansı konkret dəlilə istinad olunmamışdır.

51. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

52. Göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən apellyasiya şikayətində qeyd olunan məsələlər araşdırılmış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirərək iddia təmin edilməmişdir. Buna görə də məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, ədalətli və işin faktiki halları baxımdan əsaslıdır.

53. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır, odur ki, təmin edilməməlidir və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10678/2023 saylı, xx.xx.2023cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

54. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin tələblərinə əsasən: Maddə 58.7. sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10678/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar