Məhkəmə qərarları › İş №2-1(103)-2432/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2432/2025

18.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2432/2025 18.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi, Əkbərov Kamran Hüseyn oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı, Cavabdehn nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı iddiaçıya xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-1348/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi və hərbi xidmətlə bağlı əlilliyinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Sonrada iddiaçı iddia tələbini dəqiqləşdirərək, iddiaçıya xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik (orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi) təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1982-ci ildə anadan olmuşdur. O, 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. xx.xx.2020-ci il tarixdə Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə “Barotravma. Baş beyin silkələnməsi” xəsarətini almışdır. xx.xx.2020-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi hərbi poliklinikasında komissiyanın rəyində göstərilir - “Partlayış travması, xx.xx.2020-ci ildə keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət. Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Tibbi reabilitasiya xəstəxanasında xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında xx.xx.2022-xx.xx.2022-ci il, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə müayinə və müalicə olunmuşdur. Həmin faktlar tibbi sənədlərlə təsdiq olunur. Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi X7 xx.xx.2022-ci il tarixli 9356 nömrəli tibbi müayinə diaqnozu-Üzvi mənşəli(kəllə beyin travması)şəxsiyyət pozuntusu F07.0.İntihar cəhdləri ilə diaqnozu qoyulmuşdur. O, yuxarıda göstərilən sənədləri Cavabdehnə təqdim etmişdir. Cavabdehnə isə bu rəylərə hüquqi qiymət vermədən əsassız olaraq ərizəsinin təmin edilməsindən imtina etmişdir. Faktiki olaraq onu təkrar müayinədən keçirib əlilliyinin və onun hərbi xidmətlə əlaqədar olduğunu qeyd etməlidirlər. O, hərbi xidmətlə bağlı sağlamlığını itirsə də, əlillik dərəcəsi almaqdan məhrum edilmiş və uzun müddətdir bunu ala bilməmişdir. O,"Qubadlının azad olunmasına görə” “Laçının azad edilməsinə görə”, “Cəbrayılın azadedilməsinə görə“, "Vətən müharibəsi iştirakçısı" və digər medallarla təltif edilmişdir. Hazırda ağır xəstədir. Bununlada cavabdeh təşkilatın qərarı ilə hüquqlarına müdaxilə olunub və hesab edir ki, bu müdaxilə əsassızdır. Cavabdeh tərəfindən iddiaya yazılı etirazını məhkəməyə təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdehnə qarşı “qərarın ləğv edilməsi” tələbi əsassızdır. Cavabdehn Tibbi-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli Qərarında aşağıdakılar göstərilmişdir: Bakı şəhər sakini xx.xx.1982-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinə nəticəsində xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 1301 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı mülayim (orta) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, postkommosion sindrom, davranış pozuntuları, tez-tez təkrarlanan funksional tutmalarla, psixotik daxilolmalarla, yaddaşın enməsi və intihar cəhdləri ilə. Mülayim (orta) dərəcədə fadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, depressiv daxilolmaalrla. Partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı” səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir;“ hər iki gözün hipermetropik astiqmatizmi Em və Hm 1,0D nəticəsində görmə itiliyinin 0,8-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla. Sol əng cibinin retension kistası” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Burun arakəsməsinin əyriliyi burun tənəffüsünün cüzi dərəcədə pozulması ilə. Sol göbəkətrafı nahiyənin termiki yanığından sonrakı (1995) bərkimiş dəri çapığı” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 9487/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli (qapalı kəllə-beyin travması) şəxsiyyət pozuntusu, intihar cəhdlərilə” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş və qulaq ağrısından, əsəbilikdən, gecə yuxusunun və yaddaşın pozulmasından, gecələr nəfəs ala bilməməsindən şikayətlənmişdir. Zahirən səliqəsiz, ünsiyyətə həvəsli, nitqi çox sözlü, emosional labil, əhval-ruhiyyəsi dəyişkən olmuşdur. Düçüncəsi aydın, tənqidi və bələdliyi bütün istiqamətlərdə saxlanılmışdır. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi emosional-labil şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalarla” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-1348/2025 saylı qərarı ilə (hakim A.M.Almazova) iddia təmin edilmiş, iddiaçıya xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik (orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi) təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-1348/2025 saylı qərarını mübahisələndirmiş və apellyasiya şikayətində göstərmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı 2 nömrəli klinik psixiatiya xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu. Uzvi hallyusinoz. Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranar digər dəqiqləşdirilmiş psixi pozuntular. Üzvi dissosiativ pozuntu. Posttravmatik stress pozuntusu olmaqla ona əlavə müalicəyə ehtiyacın olması-Səbəb:Əlavə ixtisaslaşmış müalicə tövsiyyə olunur səbəbindən əlilliyin təyin edilməsindən imtina barədə qərar qəbul edilmişdir. İddiaçının əlillik vəziyyətinə Bakı 2 nömrəli klinik psixiatiya xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Baş-beyinin üzvi xəstəliyi (hərbi əməliyyatlar zamanı partlayış travması nəticəsində keçirilmiş QKBT) nəticəsində şəxsiyyət dəyişikliyi, tez tez təkrarlanan funksional tutmalarla psixotik daxilolmalarla və yaddaşın zəifləməsi ilə uzun gedişli posttravmatik stress pozuntusu olmaqla ona Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir səbəbindən əlilliyin təyin edilməsindən imtina barədə qərar qəbu edilmişdir. İddiaçının əlillik vəziyyətinə Bakı 2 nömrəli klinik psixiatiya xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Baş-beyinin üzvi xəstəliyi (hərbi əməliyyatlar zamanı partlayış travması nəticəsində keçirilmiş QKBT) nəticəsində şəxsiyyət dəyişikliyi, tez tez təkrarlanan funksional tutmalarla psixotik daxilolmalarla və yaddaşın zəifləməsi ilə uzun gedişli posttravmatik stress pozuntusu olmaqla ona Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir. Göründüyü kimi sonuncu göndəriş əsasında vətəndaş əyani müayinəyə dəvət olunmuş və barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul olunmuşdur. Beləliklə, həm elektron qiymətləndirmənin, həm əyani müayinənin nəticəsində vətəndaşa əlillik təyinatının aparılması mümkün olmamışdır. Məhkəmə öz mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, “ ... yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçıya əlillik dərəcəsinin verilməsindən imtina edildiyi tarixədək təyin edilmiş diaqnozlar ilə, həmin tarixdən sonra təyin edilmiş diaqnozların eyni olmasına baxmayaraq cavabdeh orqan tərəfindən heç bir əsas olmadan əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir”. 2021-ci ilədək vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi instrumental müayinələrlə həyata keçirilmişdir. 2021-ci ildən sonrakı dövrdə əlillik təyinatı üçün həm instrumental, həm də əyani müayinələrlə həyata keçirilir. İddiaçı üçün təyin edilən diaqnoz o halda öz təsdiqini tapmış olardı ki, iddiaçının təqdim etdiyi tibbi sənədlər, bildirdiyi şikayətlər və əyani müayinənin nəticələri bir-birilə uyğunluq təşkil etsin. Baxılan halda hazırki iş üzrə iddiaçı sol ayağında hərəkət məhdudluğundan şikayətlənsə də, əyani müayinə zamanı hərəki məhdudluğu mövcud olmamış və bildirdiyi xəstəliyinə uyğun müayinə edilmiş tənəffüs çatışmazlığı aşkar edilməmişdir. Bundan başqa göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin bildirilir ki, əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Cavabdehn Tibbi-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-1403/2022 saylı qərarının “kassasiya instansiyası məhkəməsinin mövqeyi” bölməsində qeyd edilir ki, “... Digər tərəfdən, iddiaçıya ilkin olaraq xx.xx.2016-cı il tarixli göndəriş əsasında beş il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Qeyd edilən xüsusatlar nə işin halları, nə də cavabdehin özü tərəfindən təkzib edilmir. Lakin nəzərə alınmalıdır ki, hazırkı mübahisənin əsasında iddiaçının xx.xx.2021-ci il tarixdə qiymətləndirilməsi nəticəsində ona əlilliyin təyin edilməsindən imtina dayanır. Məhkəmə kollegiyası nəzərə alır ki, şəxsə onun barəsində təyin olunmuş diaqnoz əsasında əvvəllər əlilliyin müəyyən edilməsi faktı növbəti müayinədə də əlillik dərəcəsinin təyin edilməsinə özü-özlüyündə (qeyd-şərtsiz) əsas ola bilməz. Əks hal əlilliyin təyin edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan təkrar müayinə müddətlərinin tətbiqinə zidd olardı. Kassasiya şikayətinin məhkəmənin gəldiyi nəticəni əsaslandırmaması ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əlavə müalicəyə ehtiyacının olubolmamasını, əlilliyin müəyyən edilməsinə əsas verən səbəblərin araşdırılması, əlillik təyinatı üçün əsas olan diaqnoz və ağırlaşmaların uyğunluğunun müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və müvafiq rəy alınmışdır. Ekspert rəyində göstərilmişdir ki, iddiaçıya aid edilən diaqnoz nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlilliyin təyini zamanı ona Nazirlər Kabinetinin istər xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli 187 saylı Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricilərinin və müddəti”nə dair meyarların hər hansı birini aid etmək mümkün olmamışdır. Şəxsə təyin edilən diaqnozla onun uzun müddətli reabilitasiyasının mümkün olması müəyyən edilmişdir. Ona görə də, məhkəmə kollegiyası qeyd edir ki, ilkin əlillik təyinatı zamanı şəxsdə mövcud olan xəstəliklər hazırda mövcud olsa da, həmin xəstəliklərin uzunmüddətli reabilitasiyasının mümkünlüyü nəzərə alınaraq ona yenidən əlilliyin təyin edilməsindən cavabdehin imtinası əsassız olmamışdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur”. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-1403/2022 saylı qərarına əsasən nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarını işə şifahi və ya yazılı icraat qaydasında baxılması, şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməyə borcludur. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə müvafiq olaraq, məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. Məhkəmə iclasında iştirak edən Cavabdehn nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, ekspert rəyi və birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmaq olmaz. Belə ki, iddiaçıya məxsus Forma 88-də 4 diaqnoz, yəni əsas diaqnoz kimi F07, F06.8, F 06.5 və F43.1 əks olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edlərkən F07 diaqnozu (şəxsiyyət pozuntusu) üzrə müaliyənin nəticələrinə əsaslandırılmalı idi. Ekspert rəyində F07 diaqnozunun adı çəkilsə də, digər ağırlaşmaların adı çəkilməmişdir. Buna görə də, birinci instasiya məhkəməsinin araşdırması natamamdır. Eyni zamanda o, ona verilmiş suallara cavab olaraq aşağıdakıları bildirdi: - Travmanın səbəbli əlaqəsi ilə bağlı iş materiallarında hərbi həkim komissiyasının qərarı vardır və tərəflərindən mübahisələndirilmir. - Özünə xasarət yetirmə F07 diaqnozunun qiymətləndirilmələrinə aiddir, ağırlaşmasına deyil. Forma 88-ddə ağırlaşma halı kimi 3 diaqnoz nəzərdə tutulmuşdur. Onlardan biri də F43.1 diaqnozudur. F43.1 diaqnozu ekspert rəyi ilə təsdiqlənmişdir. Digər 2 ağırlaşma, yəni F06.5 (üzvi dissosiativ pozuntu) və F06.8 (baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər dəqiqləşdirilmiş psixi pozuntular) diaqnozlarına ekspert tərəfindən münasibət bildirilməmişdir. Özünə xəsarət yetirmə, depressiya kimi əlamətlər F07 diaqnozunun qiymətləndirilməsinə daxildir. Lakin F07 diaqnozu müstəqil olaraq əlilliyin təyin edilməsinə əsas vermir. F07 diaqnozu ağırlaşmalarla kompleks şəklində müşayət olunduğu halda əlilliyin təyinatı məsələsinə tərəfimizdən yenidən baxıla bilər. Şəxs MRT-ya girə bilmir deyə müəyyən instrumental müayinələrin edilməsi mümkün olmur. - Tərəflərindən F43.1 diaqnozunun F07 diaqnozunun ağırlaşması olduğunun Forma 88 arayışında və ekspert rəyində qeyd olunması təkzib edilmir. Lakin Forma 88-də 3 ağırlaşma vardır və F43.1 diaqnozu da bunlardan biridir. - Əgər təkcə F43.1 diaqnozu tələbi olsa idi, Forma 88 arayışında təkcə F43.1 diaqnozu yazılardı. Yəni digər 2 diaqnozun aşkarlanmadığı halda isə Forma 88 tam olaraq iddiaçının sağlamlıq vəziyyətini əks etdirmir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, Azərbaycan Respublikası Müdafə Nazirliyinin hərbi həkim komissiyası barəsində qərar vermişdir. Lakin sonradan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən onların özlərinin təyin etdiyi xəstəxanalarda müayinə olunmalı olduğu bildirildi. Müharibədən sonra 3 dəfə Hərbi hospitalın psixatriya, 1 dəfə reabilitasiya, 1 dəfə nevroloji şöbələrində, tərxis olunduqdan sonra isə 3 dəfə 1 saylı və 2 saylı X1 müalicə almışdır. Cavabdeh inzibati orqan tərəfindən baş psixiatrın rəyi və Bakı İnzibati Məhkəməsinin qərarı da nəzərə alınmamaqdadır. O, döyüş əməliyyatlarında könüllü olaraq deyil, hərbiçi olaraq iştirak etmişdir. Müxtəlif fəxri fərman və medallarla təltif olunmuşdur. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın xx.xx.2022-ci il tarixli M/V seriyalı 098427 nömrəli vəsiqədən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və irntiyazlardan istifadə etmək hüququna malikdir. Vəsiqə müddətsizdir və Azərbaycan Respublikası ərazisində qüvvədədir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2022-ci il tarixli 5864 nömrəli arayışından görünür ki, İddiaçı Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəlləbeyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Sağ gözün sadə miopik astiqmatizmi Em və M 1, OD nəticəsində görmə itiliyinin 0,6-ya qədər azalması, korreksiya ilə 1,0 olmaqla, sol gözün görmə itiliyi 1,0 olmaqla.Burun arakəsməsinin əyriliyi, burun tənəffüsünün cüzi dərəcədə pozulması ilə. Sol əng cibinin retension kistası diaqnozu qoyulmuşdur. “Xəstəliklər cədvəli”nin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” yə qoşma) əsas, stasionar müayinədən sonra şəhadətləndirilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X5 9365 nömrəli xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Üzvi mənşəli (qapalı kəllə-beyin travması) şəxsiyyət pozuntu F07.0 İntihar cəhdlərilə diaqnozu qoyumuşdur. İş materiallarında olan İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xxxxxxx0001 saylı göndərişə əsasən xx.xx.2022-ci il tarixdə müayinə edilərək “Üzvi mənşəli şəxsiyyət pozuntusu,üzvi hallyusinoz. Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər dəqiqləşdirilmiş psixi pozuntular. Üzvi dissosiativ pozuntu.Posttravmatik stress pozuntusu diaqnozu ilə qiymətləndirilmiş və Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması Səbəb:Əlavə ixtisaslaşmış müalicə tövsiyyə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi 112 saylı Hərbi Hissənin xx.xx.2020-ci il tarixli 9597 nömrəli tramva haqqında arayışından görünür ki, İddiaçı 21.10. 2020-ci il tarixdə Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə “Barotravma.Baş beyin silkələnməsi” xəsarətini almışdır. Yaralanma (travma, kontuziya, xəsarət) almışdır: döyüş tapşırığını yerinə yetirən zaman alınmışdır. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına təqdim edilmək üçün verilir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2020-ci il tarixli 15789 nömrəli arayışından görünür ki, İddiaçı partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət diaqnozu qoyulmuşdur. Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. “Xəstəliklər cədvəli”nin 28 maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008 ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” yə qoşma) əsasən, Hərbi xidmətə müvəqqəti yararsızdır, xəstəliyə görə 15 (on beş) gün müddətinə məzuniyyət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin **********1 nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”na uyğun olaraq müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1301 nömrəli Şəhadətnamədən görünür ki, Mərkəzi Hərbi Həkim Komissiyasının qərarına əsasən iddiaçıda “Partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı mülayim (orta) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, postkommosion sindrom, davranış pozuntuları, tez-tez təkrarlanan funksional tutmalarla, psixotik daxilolmalarla, yaddaşın enməsi və intihar cəhdləri ilə. Mülayim (orta) dərəcədə fadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, depressiv daxilolmaalrla. Partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı” səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir;“ hər iki gözün hipermetropik astiqmatizmi Em və Hm 1,0D nəticəsində görmə itiliyinin 0,8-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla. Sol əng cibinin retension kistası” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. İş materiallarında olan İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xxxxxxx0002 saylı göndərişə əsasən xx.xx.2023-cü il tarixdə müayinə edilərək Başbeyinin üzvi xəstəliyi (hərbi əməliyyatlar zamanı partlayış travması nəticəsində keçirilmiş QKBT) nəticəsində şəxsiyyət dəyişikliyi, tez-tez təkrarlanan funksional tutmalarla psixotik daxilolmalarla və yaddaşın zəifləməsi ilə uzun gedişli posttravmatik stress pozuntusu diaqnozu ilə qiymətləndirilmiş və Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi:Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17-4/3-3- 2392/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xxxxxxx0003 saylı göndərişə əsasən xx.xx.2023-cü il tarixdə müayinə edilərək Başbeyinin üzvi xəstəliyi (hərbi əməliyyatlar zamanı partlayış travması nəticəsində keçirilmiş QKBT) nəticəsində şəxsiyyət dəyişikliyi, tez-tez təkrarlanan funksional tutmalarla psixotik daxilolmalarla və yaddaşın zəifləməsi ilə uzun gedişli posttravmatik stress pozuntusu diaqnozu ilə qiymətləndirilmiş və Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi:Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17-4/3-3- 19774/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Bakı 2 nömrəli X2 tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına təqdim edilmiş İddiaçı haqqında “Forma 88” arayışına əsasən (göndəriş №-si A00146513İQL, göndəriş tarixi xx.xx.2023-cü il) göndərişi verən müəssisədə xx.xx.2022-ci il tarixdən qeydiyyatdadır. Xəstəliyin başlanılma tarixi xx.xx.2020-ci il tarixdən (xroniki; ağır) müəyyən edilmişdir. Əsas diaqnoz: F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş-beyinin üzvi xəstəliyi (hərbi əməliyyatlar zamanı partlayış travması nəticəsində keçirilmiş QKBT) nəticəsində şəxsiyyət dəyişikliyi, tez-tez təkrarlanan funksional tutmalarla psixotik daxilolmalarla və yaddaşın zəifləməsi ilə uzun gedişli posttravmatik stress pozuntusu. Ağırlaşmalar: F06.8 Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər dəqiqləşdirilmiş psixi pozuntular, Baş-beyinin üzvi xəstəliyi (hərbi əməliyyatlar zamanı partlayış travması nəticəsində keçirilmiş QKBT) nəticəsində şəxsiyyət dəyişikliyi, tez-tez təkrarlanan funksional tutmalarla psixotik daxilolmalarla və yaddaşın zəifləməsi ilə uzun gedişli posttravmatik stress pozuntusu. F06.5 Üzvi dissosiativ pozuntu, Baş-beyinin üzvi xəstəliyi (hərbi əməliyyatlar zamanı partlayış travması nəticəsində keçirilmiş QKBT) nəticəsində şəxsiyyət dəyişikliyi, tez-tez təkrarlanan funksional tutmalarla psixotik daxilolmalarla və yaddaşın zəifləməsi ilə uzun gedişli posttravmatik stress pozuntusu. F43.1 Posttravmatik stress pozuntusu, Baş-beyinin üzvi xəstəliyi (hərbi əməliyyatlar zamanı partlayış travması nəticəsində keçirilmiş QKBT) nəticəsində şəxsiyyət dəyişikliyi, tez-tez təkrarlanan funksional tutmalarla psixotik daxilolmalarla və yaddaşın zəifləməsi ilə uzun gedişli posttravmatik stress pozuntusu. Birinci instansiyası məhkəməsində məhkəmə aradırması zamanı təyin və tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə X3” X7 ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 3448 saylı rəyindən görünür ki, İddiaçı hazırkı müayinə zamanı Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) ifadəli şəxsiyyət pozuntusu, depressiv epizodlar, özünə xəsarət hərəkətləri ilə. Uzun gedişli posttravmatik stress pozuntusu (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodlar F07.0 və F43.1) müəyyən edilir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1-ci bəndinə əsasən, insanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: özünəqulluq bacarığı; sərbəst hərəkətetmə bacarığı; istiqamətseçmə bacarığı; ünsiyyət bacarığı; davranışına nəzarətetmə bacarığı; öyrənmə bacarığı; əmək fəaliyyəti bacarığı. Əsasnamənin 3.1-ci bəndinə müvafiq olaraq, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə- “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Əsasnamənin 3.2-ci bəndinə görə, xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarını mübahisələndirən cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbi üzrə inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edilə bilməmişdir. Cavabdeh inzibati orqan hesab edir ki, göndərişdə qeyd olunan diaqnozların hamısı öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşmır. Belə ki, cavabdeh tərəfindən iddiaçının əyani müayinəsi nəticəsinə onda mövcud olmuş xəstəliklərin hazırda onda olub-olmamasının müəyyən edilməsi zərurəti ilə əlaqədar qəbul edilmiş qərardad əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-X3” X8 tərəfindən verilmiş rəylə İddiaçı “üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) ifadəli şəxsiyyət pozuntusu, depressiv epizodlar, özünə xəsarət hərəkətləri ilə. Uzun gedişli posttravmatik stress pozuntusu (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodlar-F07.0 və F43.1)” xəstəliklərin olması müəyyən edilir. Birinci instansiyası məhkəməsi qərarında haqlı olaraq belə nəticəyə gəlmişdir ki, XBT 10-a əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” əsasən əlillik təyin olunmasına əsas verən xəstəliyini (7.6.2., F07.0 üzvi mənşəli şəxsiyyət pozuntusu; 7.5.1. F43.1 posttravmatik stres pozuntusu) müəyyən etməsinə baxmayaraq və həmin xəstəliklərlə bağlı müalicələrdə olmasına baxmayaraq əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Belə ki, cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Odur ki, iddia tələbi iddiaçının hüquqi marağına uyğun olaraq qeyd edilən son qiymətləndirildiyi xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik (orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi) təyin edilməlidir. Bundan əlavə məhkəmə kollegiyası oxşar işlər üzrə formalaşmış təcrübəyə istinad edərək apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbiinstrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bu mənada apellyasiya şikayətinin cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri əsassız sayılmalıdır və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-1348/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-1348/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Kamran Əkbərov Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar