Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2433/2021 11.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə (üçüncü şəxs: Bakı şəhəri Nizami Rayon Polis İdarəsi) qarşı «əmrin və onun hüquqi nəticələrinin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» barədə iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-900/2021 saylı 08.06.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, «6 fevral 2020-ci il tarixli əmrin və onun hüquqi nəticələrinin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçı Daxili İşlər Nazirliyinin və Bakı şəhəri Nizami RPİ-nin 20 fevral 2019-cu il tarixli 16 ş/h saylı əmri ilə Bakı şəhəri Nizami RPİ-nin X5 polis nəfəri, kiçik serjant kimi işə qəbul edilmişdir. İşlədiyi müddətdə rəhbərliyin tapşırıq və göstərişlərini icra edərək, heç bir nöqsana yol verməmişdir. 3 noyabr 2019-cu il tarixi həftənin bazar günü növbədə olarkən, onda kəskin diş ağrısı yaranmışdır. Həmin gün o, növbədə olmalı idi, iş yoldaşı ila birgə müvafiq ərazidəki diş kabinetinə yaxınlaşaraq, orada olan diş həkiminə müraciət etmişdir. Həkim məsələnin ciddi olduğunu bildirək, iynə vuraraq, onun iki dişini çəkmişdir. Bir neçə saat sonra ağrılarla əlaqədar aptekdən ketanol adlı dərman tabletini qəbul etmişdir. Bundan sonra o, xidmət eldiyi Nizami rayonu ərazisində olan təcili tibbi yardım stansiyasına çatdırılmış, orada müayinədən sonra ağrıkəsici iynə vurulmuş, ağrıkəsici tablet verilmişdir. Ertəsi gün də, səhhəti normallaşmamış, ona bildirilmişdir ki, 5 noyabr 2019-cu il tarixdə Nazirliyin inzibati binasında olmalıdırlar. Zərurət yarandığından o, gün ərzində “nimecil”, “pentalgin”, “smazmalqon”, “paraferin” kimi dərman preparatları alaraq qəbul etmiş, lakin səhhəti yaxşılaşmadığından, saat 12 radələrində 103 xidməti vasitəsi ilə yaşadığı ünvana təcili tibbi yardım çağırmış, növbətçi həkim ona bir neçə dərman vasitələrini qarışdıraraq ağrıkəsici iynə vurmuşdur. İddiaçı ertəsi gün X3 getmiş və nazirliyin göstərişi ilə 2 saylı Poliklinikasında müayinədən keçmişdir. Müayinədən sonra bildirilmişdir ki, qan analizlərində hansısa maddə aşkar edilmişdir. Sonradan nazirliyin Daxili Tədqiqatlar İdarəsinə dəvət edilmiş və təkrar tibbi müayinələrdən keçmək üçün Respublika Xəstəxanasına aparılmışdır. O, lazımi tibbi müayinələrdən keçərək analizlər vermişdir. Bir neçə gün sonra analizlərin nəticələri çıxmış, lakin bu barədə ona heç bir məlumat verilməmişdir. O, heç vaxt siqaret çəkməyən, spirtli içki qəbul etməyən və bu kimi həyat tərzindən uzaq bir insan, həmçinin polis nəfəri olduğundan tam əmin olmuşdur ki, analizlərində mənfi heç bir əlamət çıxmayacaq. 28 yanvar 2020-ci il tarixində Daxili Tədqiqatlar İdarəsinə dəvət edilmiş və İdarədə ondan izahat alınmış və o, yuxarıda qeyd edilənləri izahat şəklində yazaraq təqdim etmişdir. 2020-ci ilin təxminən fevral ayının əvvələrində Daxili Tədqiqatlar İdarəsinə yenidən dəvət olunmuş və ona bildirilmişdir ki, barəsində aparılan araşdırmaların nəticəsi olaraq, onun narkotik istifadəçisi olduğu müəyyən edilmişdir, tibbi rəy üzrə analizlərdə aşkar edilən “kodein”, “analgin” və “napraksin” maddələrinin narkotik tərkibli maddələr kateqoriyasına aid edildiyi, bu səbəbdən də onun narkotik istifadəçisi olmasına şübhələr yaranmışdır. O, yenidən xidmətə qayıtmış, lakin bir müddət sonra ona işdən azad olunduğu bldirilmişdir. Müraciəti əsasında əmək kitabçasını alsa da, əmr bu günədək ona verilməmişdir. O, hüquqlarını bərpa etmək məqsədi ilə 6 mart 2020-ci il tarixdə AR Daxili İşlər Nazirliyinə müraciət etsə də, müsbət nəticə əldə olunmamışdır. Onun əmək kitabçasında işə qəbul tarixi 20 fevral 2019-cu il, işdən çıxma tarixi 8 fevral 2020-ci il kimi göstərilmiş, lakin işdən çıxmanın səbəbi qeyd edilməmişdir. İşdən azad olunması «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında» Əsasnamənin 135-ci maddəsində göstərilən hallardan hər hansı hallardan birinə uyğun gəlmir. Qanunsuz və əsassız olaraq işdən çıxarılması səbəbindən ona edilən haqsızlıq nəticəsində əsəbi gərginlik keçirmiş, psixoloji olaraq özünə qapanmış, qohuməqraba və iş yoldaşları onun barəsində mənfi fikirdədirlər və bu səbəbdən səhhətində problemlər yaranmışdır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-900/2021 saylı 08.06.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia ərizəsinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir və məhkəmə icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Məhkəmə qərarının 4-cü səhifəsinin 6-cı abzastında qeyd olunur ki, iddia təmin olunmamalıdır. Lakin nə həmin səhifədə nə də ki, sonrakı səhifələrdə iddianın rədd olunması əsaslarına toxunmur, yalnız İnzibati İcraat haqqında qanunun və İPM-in müxtəlif maddələrini sadalayır. Tərəfindən məhkəməyə təqdim olunan Bakı şəhəri Təcili və X2 Stansiyasının 04 noyabr 2019-cu il tarixli xəbərdarlıq vərəqəsindən də görünür ki, ona həkim tərəfindən analgin, dimedrol və atropine inyeksiya edilmişdir. Məhkəmə tərəfindən qərarda qeyd olunur ki, kadein, naproksen və analgin tipli maddələrin həkim məsləhəti əsasında qəbulunu sübut edən dəlillər məhkəməyə təqdim olunmamışdır. Halbuki, dəfələrlə məhkəmənin diqqətinə ağrı ilə əlaqədar olaraq Pentalgin qəbul etdiyini bildirmişdir. Hətta məhkəmə iclasında nümunə olaraq həmin dərmandan 1 ədədini qablaşdırma qutusunu və içərisində olan istifadə təlimatını da iş materiallarına əlavə olunması üçün məhkəməyə təqdim etmişdir. Həmin dərman vasitəsinin tərkibində Naproksen, Kodein və digər maddələr də vardır. Həmçinin, Pentalgin arğı kəsici dərman vasitəsi olaraq satışı məhdudlaşdırılmayan, hətta həkim resepti olmadan da satılan dərman vasitələrindən biridir. İş üzrə kifayət qədər əsaslı sübutlar təqdim etmişdir, inzibati orqan qəbul etdiyi inzibati aktı əsaslandırmalı idi. İddia tələbi onun tərəfindən irəli sürülsə də sübut etmə yükü qarşı tərəfin vəzifəsidir. İddia tələbi mənim tərəfimdən irəli sürülsə də sübut etmə yükü qarşı tərəfin vəzifəsidir (İPM maddə 13). 2019-cu ilin sentyabr ayında polisdə 6 aydan bir tibbi yoxlama proseduru çərçivəsində o, tibbi müayinələrdən keçərək analiz vermişəm və mənim analizlərim normal olmuşdur. Bu hal özü də sübut edir ki, əgər həqiqətən də narkotik istifadəçisi olsa idim daha əvvəllər də analiz nəticələrində yuxarıda qeyd olunan alkoloidlərdən hər hansısa biri aşkar olunmalı idi. Həmçinin, 2019-cu ilin noyabr ayında artıq müsabiqələrdən uğurla kecmiş, növbəti rütbə və daha yüksək vəzifəyə təyin edilməyini gözləyirdi. Əqli və şüuru yerində olan insan həmin dövrdə gedib narkotik vasitə qəbul edə bilməz. 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında" Əsasnamənin 135-ci maddəsinə 9-cü bəndinə əsasən Daxili işlər orqanlarının əməkdaşı daxili işlər orqanları əməkdaşı adma ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə xidmətdən xaric edilə bilər. O, heç bir ləyaqətsiz hərəkətə yol verməmişdir. Cavabdeh inzibati orqan tərəfindən bu barədə Bakı İnzibati Məhkəməsində ən kiçik sübut belə təqdim oluna bilmədi. İddia ərizəsi tam əsaslıdır və təmin edilməlidir. Hazırki qərarla Azərbaycan Respublikası Konstitusiyanın 25-ci maddəsinin İ, İİİ, İV, V bəndində qeyd olunan hüquqları pozulmuş, iş üzrə ədalətli məhkəmə araşdırması həyata keçirilməmişdir...” Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil Ə.Həbilov iddiaçının apellyasiya şikayətinin qeyd olunan dəlilləri ilə razılaşmayaraq göstərmişdir ki, 5 noyabr 2019-cu il tarixdə AR Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə bilavasitə tabe olan 2 saylı Poliklinikada “ekspress-test” üsulu ilə tibbi müayinədən keçirilərək sidik nümunəsində “opiy qrupu”na aid narkotik maddə (morfin) aşkar olunmuş və bu barədə 5 nömrəli akt tərtib edilmişdir. Həmin tarixdə polis kiçik serjantı İddiaçı Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyində dərinləşdirilmiş tibbi müayinədən keçirilmiş, məhkəmə-kimyəvi tədqiqat nəticəsində götürülmüş qan və sidik nümunələrinin tərkibində “tiryək qrupu” alkoloidlərinə aid olan “kodein”, “naproksen” və “analgin” aşkar olunmuş və bu barədə 18 noyabr 2019-cu il tarixli 2749/K nömrəli ekspert aktı tərtib edilmişdir. Həmin tarixdə Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyində dərinləşdirilmiş tibbi müayinədən keçirilmiş, məhkəmə-kimyəvi tədqiqat nəticəsində götürülmüş qan və sidik nümunələrinin tərkibində “tiryək qrupu” alkoloidlərinə aid olan “kodein”, “naproksen” və “analgin” aşkar olunmuş və bu barədə 18 noyabr 2019cu il tarixli 2749/K nömrəli ekspert aktı tərtib edilmişdir. Bütün bunların nəticəsi olaraq iddiaçı “Daxili işlər orqanlarında xidmət keçmə haqqında» Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə müvafiq olaraq daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Bu baxımdan, məhkəmə kollegiyasından iddiaçının şikayətini təmin edilmədən birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını xahiş edir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının tələbindən göründüyü kimi, cavabdeh nazirliyin, onun xidmətdən xaric edilməsi barədə 06.02.2020-ci il tarixli əmrinin və onun hüquqi nəticələrinin ləğv edilməsini tələb etmişdir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı cavabdehin 06.02.2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının daxili işlər orqanlarına xidmətkeçmə haqqında Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Həmin Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə isə nəzərdə tutur ki, daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə daxili işlər orqanlarının əməkdaşı xidmətdən xaric edilə bilər. Birinci instansiya məhkəməsi qərarından görünür ki, məhkəmə, iddianı rədd edərkən qeyd etmişdir ki, “...iddiaçının xidmətdə olduğu dövrdə keçirilmiş müayinələrdə qanında və sidiyində tiryək qrupuna aid olan maddələrin (kadein, naproksen və analgin) aşkar olunması işdə olan (inzibati icraatda toplanmış) rəylərdə öz əksini tapmışdır. İddiaçı isə, nə inzibati icraatda, nə də hazırkı məhkəmə icraatında inzibati orqanın bu halı təkzib edən heç bir sübut gətirməmiş, həmin tərkibli maddələri yaxın ərəfədə səhhəti ilə bağlı həkim vasitəsi və məsləhəti ilə qəbul etməsi ilə əsaslandırmışdır. Lakin onun bu mövqeyi heç bir tutarlı sübutlara söykənmədiyindən, özünümüdafiə cəhdi təəssüratı yaratmış olur. Bu halın təkzibi həmin ərəfədə həkimin müvafiq dərman preparatlarının qəbulu tövsiyəsini əks etdərən sənəd, təcili yardım xidmətindən iddiaçının müraciəti ilə bağlı məlumatlı şəxsin izahatı, təkrar müayinə və s. vasitəsilə mümkün ola bilərdi. Müvafiq hərəkətlərin baş verməsindən və onun qiymətləndirilməsindən xeyli müddət keçməsi məhkəmə icraatında yenidən həmin sübutların toplanmasını mümkünsüz etmişdir. Cavabdeh inzibati orqan AR Daxili İşlər Nazirliyinin apardığı inzibati icraat üzrə qəbul etdiyi 6 fevral 2020-ci il tarixli qərar “İnzibati icraat haqqında” AR Qanununun 17-ci maddəsi baxımından, mütənasib sayılmalıdır. Belə olan halda məhkəmənin qənaətinə görə qulluq dövründə iddiaçının belə hərəkətlərini cavabdeh inzibati orqan haqlı olaraq daxili işlər orqanlarının əməkdaşının adına ləkə gətirən hal qismində qiymətəndirirmişdir...” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, işə əlavə olunmuş, cavabdeh AR DİN-nin 2 №-li Poliklinikanın: rəisi A.Ə.Məmmədov, müavini İ.R.Orucov, həkim laborantı L.R.Sadıxova və operatoru N.M.Kazımzadə, eləcə də, Nizami RPİ-nin kadr üzrə inspetoru Z.S.Allahverdiyev və şəxsi heyətlə iş üzrə rəis köməkçisi Z.Z.İsayevdən ibarət Komissiya üzvlərinin və Nizami RPİnin PPXB-nin polis nəfəri, polis kiçik serjantı hazırkı iş üzrə İddiaçı iştirakı ilə tərtib olunub imzalanmış və poliklinikanın möhürü ilə təsdiq olunmuş 05.11.2019-cu il tarixli 5 №-li protokolda təsbit olunur ki: “...İddiaçı narkotik maddələr qəbul edib-etməməsini müəyyən etmək üçün poliklinikada ekspress-test üsulu ilə dərinləşdirilmiş tibbi müyinə aparıldı. Komissiya üzvlərinin iştirakı ilə İddiaçı sidiyinin tərkibində ekspress – test üsulu ilə piy və marixuana alkoloidlərinin olub-olmaması yoxlanıldı. Müayinə zamanı İddiaçı sidiyinin tərkibində piy qrupuna aid olan narkotik maddə aşkar olundu...” Eyni zamanda, işə əlavə olunmuş qeyd olunan 2 saylı Poliklinikanın həkim narkoloqu İ.Orucov və həkim-laborant L.Sadıxova tərəfindən imzanıb Poliklinikanın möhürü ilə təsdiq olunmuş və 05.11.2019-cu il tarixli 5 №-li müayinə Aktında isə göstərilir: “... ekspert-test üsulu nəticəsinə müvafiq olaraq müayinəsi keçirilən İddiaçı sidiyinin tərkibində “opiy” qrupuna aid (“Morfi t” pozitiv ) narkotik vasitə aşkar edildi...” Eyni zamanda, həmin tarixdə digər bir neytral qürum olan AR Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyi tərəfindən dərinləşdirilmiş tibbi müayinədən keçirilmiş, məhkəmə-kimyəvi tədqiqat nəticəsində götürülmüş qan və sidik nümunələrinin tərkibində: “tiryək qrupu” alkoloidlərinə aid olan “kodein”, “naproksen” və “analgin” aşkar olunmuş və bu barədə 18 noyabr 2019-cu il tarixli 2749/K nömrəli ekspert aktı tərtib edilmişdir. Tədqiq olunan sübutlarla müəyyən olunan hallardan göründüyü kimi, 05.11.2019-cu il tarixində Daxil İşlər Nazirliyinin 2 №-li Poliklinikasında Nizami RPİ-nin PPXB-nin polis nəfəri İddiaçı sidiyində və qanunda tərkibində “tiryək qrupu” alkoloidlərinə aid olan “kodein”, “naproksen” və “analgin” aşkar olunmuşdur. İşdə olan, müayinə olunan İddiaçı 05.11.2019-cu il tarixli yazılı izahatından görünür ki, iddia ərizəsində şərh etdiyi məzmunda izahat verərək, onda narkotik vasitələrin aşkar edilməsini 3 gün əvvəl diş ağrısı üzündən ağrıkəsici tabletkalar qəbul etdiyini, sonrası günlər xidmət eldiyi ərazidə yerləşən tibb müəssisəsində dişini çəkdirdiyini, hətta kəskin ağrıları olduğundan ağrıkəsici iynə vurulduğunu və tabletkaların qəbulunu davam etdirdiyini, həmin preparatlarn tərkibində isə narkotik elementlərin mövcud olması ilə izah etmişdir. İşdən görünür ki, iddiaçı qeyd olunanların təsdiqi ilə bağlı məhkəməyə Bakı şəhər Təcili və X2 Stansiyasının 22 may 2020-ci il tarixli 578 saylı və 16 sentyabr 2020-ci il tarixli vəkil bürosuna ünvanlanmış məktubları və sahə həkimi üçün xəbərdarlıq vərəqəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə kollegiyası iddiaçının qeyd olunan izahatı və onun məhkəməyə təqdim etdiyi sübutalarla bağlı aşağıdakıları qeyd edir. Birincisi, daxili işlər orqanının əməkdaşı olaraq iddiaçı diş ağrısı və onu çəkdirməsi ilə bağlı səhhətində baş verənlərlə əlaqədar qeydiyyatda olduğu və daxili işlər orqanının əməkdaşı kimi vaxtaşırı yoxlanıldığı və müvafiq müayinələrdən keçdiyi - Daxili İşlər Nazirliyinin Poliklinakasına müraciət etməli və həmin tibb müəssisində müalicə almağa borclu idi. Məhz, həmin tibb müəssisəsinin müayinəsinin nəticələri və və həkim diaqnozu, iddiaçının konkret halda şərh etdiyi halların mötəbərliliyi üçün əsas yaranmış ola bilərdi. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının təqdim etdiyi sübutlarla müəyyən edilən halların, cavabdeh tərəfindən onun barəsində aparılmış tədqiqatın nəticələri ilə eyniləşdirilməsi və onların işin həqiqiliyini əks etdirən halları kimi qiymətləndirilməsi istsna edilir. İş materiallarından görünür ki, cavabdeh nazirliyin Daxili Təhqiqatlar İdarəsi tərəfindən aparılmış ətraflı xidməti təhqiqatın nəticələrinə görə İddiaçı “Polis haqqında” Qanunun 29-cu, “daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi”nin 1,2,11,17 və 22-ci maddələrinin tələblərini pozan hərəkətləri daxili işlər orqanları əməkdaşının adına və polisin nüfuzuna xələl gətirdiyinə görə onun ciddi intizam tənbehinə layiq olması barədə 06 fevral 2020-ci il tarixdə rəy verilmiş və bundan sonra, Daxili İşlər nazirinin 06.02.2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının daxili işlər orqanlarına xidmətkeçmə haqqında Əsasnamənin yuxarıda qeyd edilən 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. «Polis haqqında» Qanunun 13-cü maddəsinin İ hissəsinin 7-ci bəndinə əsasən səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş davranış qaydalarına riayət etmək polis əməkdaşının vəzifəsidir. Həmin Qanunun 33-cü maddəsinin İİ hissəsinin 3-cü bəndinə əsasən polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə intizam məsuliyyətinə gəlb edilir: Eyni zamanda, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 08.04.2005-ci il tarixli 130 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksinə əsasən polis əməkdaşı: - xidməti vəzifələrinin icrası zamanı qərar qəbul edərkən prinsipial, qərəzsiz, səmimi, obyektiv və özünə qarşı tələbkar olmalı, məsələyə aidiyyəti olmayan amillərin təsiri altına düşməməlidir (maddə 6, 1-ci h). - çalışqanlığı, intizamlığı və təşəbbüskarlılığı xidmətin əsas meyarları kimi qəbul etməli, rəislərin (komandirlərin), yaşda və rütbədə özündən böyük həmkarlarının, habelə vətəndaşların irad və tənqidini səmimi qəbul etməli, onlardan düzgün nəticə çıxarmalı, riyakarlıqla özünü doğrultmağa yox, səhvlərini düzəltməyə çalışmalıdır (maddə 10 1-ci h.); - sağlam həyat tərzi keçirməli, həkim təyinatı istisna olmaqla, sərbəst dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış narkotik vasitələr və psixotrop maddələr qəbul etməməli, xidmət vaxtı, habelə xidmətdə olmadığı hallarda belə, xidməti geyim formasında olarkən spirtli içkilər içməməli, onları xidmət yerinə gətirməməlidir. Xidmətdən kənar vaxtlarda spirtli içkilər qəbul edərkən özünü idarə etməyi bacarmalı, həddini bilməli, şərəf və ləyaqəti alçaldan, eləcə də ertəsi gün xidməti vəzifələrin layiqincə yerinə yetirilməsinə mane ola biləcək dərəcədə spirtli içkilər qəbul etməməli, xidmətə gələrkən alkoqolun təsirindən tam azad olmalıdır(maddə:11); - iş qrafikinə və zərurət yarandıqda tətbiq olunan xüsusi xidmət rejiminə ciddi riayət etməli, xidmət yerinə vaxtında gəlib vaxtında getməli, üzürsüz səbəbdən xidmətdən yayınma hallarına yol verməməli, fövqəladə hallar istisna olmaqla, birbaşa rəislərin icazəsi olmadan xidmət yerini tərk etməməlidir. Birbaşa rəislərinin ilk çağırışı ilə, eləcə də, təbii fəlakətlər, geniş miqyaslı texnogen qəzalar, yanğınlar, iğtişaşlar və sair fövqəladə hadisələr baş verdikdə çağırışsız xidmət yerinə gəlməlidir. Xidmətdə olarkən vaxtını xidməti vəzifələrindən kənar işlərə sərf etməməlidir (maddə 14); - müxtəlif məsələlərlə bağlı keçirilən xidməti təhqiqat və ya yoxlama zamanı verilən sualları tam və səmimi cavablandırmalı, obyektivliyin təmin edilməsinə köməklik göstərməlidir (maddə 17). Həmin Kodeksin 22-ci maddəsinin 2-ci hissəsinə əsasən etik davranış qaydalarının pozulması daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu, eləcə də “Polis haqqında” Qanunun 34-cü maddəsinin 9-cu bəndlərinə əsasən isə polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə polis əməkdaşı xidmətdən xarici edilə bilər. Göründüyü kimi, polis əməkdaşı iddiaçının qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən irəli gələn vəzifələrini yerinə yetirməməsi və polis adına ləkə gətirən hərəkətələrə yol verməsi onun xidmətdən xaric edilməsi üçün əsasını təşkil etmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinin tələbindən isə görünür ki, inzibati akt, inzibati və maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməsi ilə qəbul edildiyi halda qanunsuz sayılır. Eyni zamanda, İnzibati Posessual Məcəllənin 70.1-ci maddəsinin mənasından isə görünür ki, inzibati akt o halda ləğv oluna bilər ki, qanuna zidd olduğu sübuta yetirilsin. Beləliklə də, cavabdehin 06.02.2020-ci il tarixli əmrinin ləğv edilməsi üçün əsaslar müəyyən olunmur. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mahiyyəti üzrə düzgün olan nəticəyə gəlmişdir. Ona görə də qeyd edilənldəri nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasyia şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işin düzgün araşdırılmadığını, qəbul etdiyi qərarın qanunsuz və əsassız olduğunu vurğulayan dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-900/2021 saylı 08.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-900/2021 saylı 08.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-2433/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2433/2021
11.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver