Məhkəmə qərarları › İş №2-1(103)-2434/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2434/2023

24.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2434/2023 24.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "əmək pensiyasının yenidən hesablanması" tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1345/2023 saylı, 22 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.3.1 -ci maddəsin uyğun olaraq pensiyada olduğu müddət ərzində topladığı 56.308,29 manat pensiya kapitalını 72 aya bölməklə (56.308,29:72=782,05), aylıq pensiyasının üzərinə həmin 782,05 manatı gəlməklə əmək pensiyamın yenidən hesablaması barədə (1.516,46(1378,6+137,86)+ 782,05=2.298,51 manat miqdarında pensiya təyin edilməsi barədə) inzibati aktın qəbul edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxx 1957-ci ildə Tacikistan Respublikasının Şaxrinav rayonunun Oktyabr qəsəbəsində anadan olmuşdur. Ali təhsillidir. 1972-ci ildə Quba rayonunun Vladimirovka kənd orta məktəbinin 8-ci sinfini bitirmişdir. C.Naxçıvanski adına Xüsusi Məktəbə (hazırkı C.Naxçıvanski adına Hərbi Liseyə) daxil olmuş, 1975-ci ildə isə həmin məktəbi bitirərək S.M.Kirov adına Xəzər Ali Hərbi Dənizçilik Məktəbinin “şturman” fakültəsinə daxil olmuşdur. 1980-ci ildə XAHDM-ni “mühəndisşturman” ixtisası üzrə bitirmişdir. XAHDM-ni bitirdikdən sonra keçmiş SSRİ SQ-nin Şimal Donanmasının 11-ci X3 böyük sualtı qayıq komandiri vəzifəsində xidmət etmişdir. 1989-cu ildə yenidən təhsil aldığı S.M.Kirov adına XAHDM-nə xidmətini davam etdirmək üçün qayıtmış və həmin Məktəbin xüsusi fakültəsinin kurs zabiti vəzifəsinə təyin olunmuşdur. 1992-ci ildə isə həmin Məktəbin “Hərbi dəniz fənni” kafedrası rəisinin müavini vəzifəsinə keçirilmişdir. 2002-ci ilin dekabr ayında yaşa görə “polkovnik-leytenant” hərbi rütbəsində Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından ehtiyata tərxis olunmuşdur. 2003cü ilin may ayından Bakı Beynəlxalq Dəniz Limanında liman nəzarəti müfəttişliyinin növbə rəisi vəzifəsində işləmişdir. Hazırda ADDA-nın tabeliyində olan X1 Mərkəzinin “Bakı” liman nəzarəti inspeksiyasında liman nəzarəti müfəttişi işləyir. Ona 24 noyabr 2002-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən həmin vaxt qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” 29 aprel 1992-ci il tarixli Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmət illərinə görə pensiya təyin edilmişdir. O, Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata Azərbaycan Respublikası Müdafiə Nazirinin 24 noyabr 2002-ci il tarixli əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin b) bəndinə görə, yəni yaşa görə (həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdığına görə) ehtiyata buraxılmışdır. Pensiyaya çıxdıqdan sonra əmək fəaliyyətini mülki sahədə davam etdirmişdir və bu günə kimi şəxsi hesabında 56.308,29 manat pensiya kapitalı toplanmışdır. Onun pensiyaya çıxdığı vaxtdan 19 ildən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi vaxtdan 16 ildən artıq vaxt keçdiyi və 56.308,29 manat pensiya kapitalı topladığı üçün «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 37.3.1 -ci maddəsinə uyğun olaraq həmin pensiya kapitalının 72 aya bölünərək onun mövcud aylıq pensiyasının üzərinə gəlinməsi xahişi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 29 aprel 2022-ci il tarixli **********4 nömrəli məktubla onun xahişinin təmin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hərəkəti qanunsuzdur və əslində həmin orqan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 37.3.1-ci maddəsinə uyğun olaraq pensiyada olduğu müddət ərzində topladığı 56.308,29 manat pensiya kapitalını 72 aya bölməklə (56.308,29:72=782,05), aylıq pensiyasının üzərinə həmin 782,05 manatı gəlməklə əmək pensiyasının yenidən hesablaması barədə qərar qəbul etməli olduğu halda bunu etməmişdir. Yəni inzibati orqan əmək pensiyasını yenidən hesablayaraq ona 1.516,46 (1378,6+137,86) + 782,05=2.298,51 manat miqdarında pensiya təyin etməli olduğu halda, etməmişdir. Odur ki, pensiya qurumunun “56.308,29 manat pensiya sığorta kapitalınız “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1 -ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 79 (56.308,29:79 (65 il-64 il 5 ay= 7 ay+(144 ay-72 ay)=712,76 manat) aya bölünərək əmək pensiyanızın sığorta hissəsinin (243,30 manat) üzərinə əlavə olunmaqla pensiyanızın sığorta hissəsi 956,06 (243,30+712,76) manat müəyyən edilib. Eyni zamanda sözügedən Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavənizin məbləği (1135,30 manat) həmin artım qədər (712,76 manat) azaldılıb” qənaəti tamamilə əsassızdır. Bundan başqa iddiaçı hərbi quluqçu kimi yaşa görə 24 noyabr 2002-ci il tarixdə pensiyaya çıxmışdır. Ola bilərdi ki, o, pensiyaya çıxandan sonra, ümumiyyətlə, indiyə kimi hər hansı mülki işdə işləməzdi. Onda da o, indiki miqdarda pensiya almış olacaqdı. Məsələyə pensiya orqanının prizmasından yanaşılsa, deməli o işləmədiyi təqdirdə onun pensiyası indikindən xeyli az olacaqdı. Bu isə qeyri-mümkündür. Lakin o, pensiyada olduğu 20 ilə yaxın müddət ərzində işləmişdir və fərdi hesabında 56.308,29 manat pensiya kapitalı toplamışdır, hazırda da işləyir və pensiya kapitalı artırmaqda davam edir. Cavabdeh iddiaya yazılı etirazını Bakı İnzibati Məhkəməsinə təqdim etmiş və göstərmişdir ki, iddiaçı Mərkəzi Filiala 11 mart 2022-ci il tarixində ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəflərindən aparılmış inzibati icraat tədbirləri nəticəsində bildirilir ki, iddiaçıya Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 24 noyabr 2002-ci il tarixindən xidmət illərinə görə pensiya təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 fevral 2007-cı il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirtdiyindən əmək pensiyası həmin tarixdən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir, Sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyası 1378,60 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilib: -əmək pensiyasının sığorta hissəsi-243,30 manat; -qulluq stajına görə əmək pensiyasına əlavəsi- 1135,30 manat. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1 -ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. “Əmək pensiyaları haqqında” Qanunun 29 2-ci maddəsinə əsasən “bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (qulluq stajına görə əmək pensiyasına əlavələr alan şəxslər) əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır". Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə 38-ci maddəsinin İ və İli hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 2 fevral 2022-ci il tarixli Qərarının təsviri əsaslandırıcı hissəsində də təsbit edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən, əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyası yenidən hesablanarkən pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği azaldılır”. Məlum olduğu kimi, 'Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 65.1 -ci maddəsinə əsasən Konstitusiya Məhkəməsi Plenumunun qərarı giriş, təsviriəsaslandırıcı və nəticə hissələrindən ibarətdir. Sözügedən Qanunun 65.3.3-cü və 65.3.4-cü maddələrinə əsasən təsviri-əsaslandırıcı hissədə konstitusiya işinə baxılması zamanı müəyyən edilmiş hallar və qərarın çıxarılması üçün rəhbər tutulmuş Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikasının başqa qanunlarının maddələri göstərilir. Göründüyü kimi, "Əmək pensiyaları haqqında” Qanunun 29 2-ci maddəsinə uyğun olaraq pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əlavənin azaldılması Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən Qərarının təsviri-əsaslandırıcı hissəsində müəyyən edilmiş hallardan biri olmaqla həmin qərarın tərkib hissəsidir. İddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 56308,29 manat pensiya sığorta kapitalı qeydə alınıb. Qeyd olunanları nəzərə alaraq, 56308,29 manat pensiya sığorta kapitalı “Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 79 (56308,29:79 (65 il-64 il 5 ay= 7 ay+(144 ay-72 ay)=712,76 manat) aya bölünərək əmək pensiyasının sığorta hissəsinin (243.30 manat) üzərinə əlavə olunmaqla pensiyasının sığorta hissəsi 956,06 (243,30+712,76) manat müəyyən edilib. Eyni zamanda sözügedən Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavəsinin məbləği (1135 30 manat) həmin artım qədər (712,76 manat) azaldılıb. Nəticədə, hazırda əmək pensiyasının sığorta hissəsi 956,06 manat qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği isə 422,54 (1135.30-712,76) manat təşkil edir. Əlavə olaraq bildiririk ki, 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla iddiaçıya “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi-137,86 manat maddi yardım ödənilir. Qeyd olunanları və Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarını və tərəfimizdən iddia tələbinin təmin edildiyini nəzərə alaraq İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının təmin edilməməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək cavabdehin xx.xx.2022-ci il tarixli **********0 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının ləğv edilməsi və əmək pensiyası təyin edildikdən sonra 6 il və daha çox işləyərək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən onun əmək pensiyasının qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmamaqla yenidən hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icarata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1345/2023 saylı, 22 fevral 2023-cü il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1345/2023 saylı, 22 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Əmək pensiyaları haqqında” Qanunun inzibati icraat zamanı qüvvədə olan 29.2-ci maddəsinə əsasən bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (qulluq stajına görə əmək pensiyasına əlavələr alan şəxslər) əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 2 fevral 2022-ci il tarixli Qərarının təsviri əsaslandırıcı hissəsində də təsbit edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən, əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyası yenidən hesablanarkən pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği azaldılır. Məlum olduğu kimi, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən Konstitusiya Məhkəməsi Plenumunun qərarı giriş, təsviri-əsaslandırıcı və nəticə hissələrindən ibarətdir. Sözügedən Qanunun 65.3.3-cü və 65.3.4-cü maddələrinə əsasən təsviri-əsaslandırıcı hissədə konstitusiya işinə baxılması zamanı müəyyən edilmiş hallar və qərarın çıxarılması üçün rəhbər tutulmuş Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikasının başqa qanunlarının maddələri göstərilir. Göründüyü kimi, ‘‘Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə uyğun olaraq pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əlavənin azaldılması Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən Qərarının təsviri-əsaslandırıcı hissəsində müəyyən edilmiş hallardan biri olmaqla həmin qərarın tərkib hissəsidir. Əlavə olaraq bildirilir ki, iddiaçı əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 56308,29 manat pensiya sığorta kapitalı qeydə alınmışdır. Qeyd olunanları nəzərə alaraq, 56308,29 manat pensiya sığorta kapitalının “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 79 (56308,29:79 (65 il-64 il 5 ay= 7 ay+(144 ay-72 ay)=712,76 manat) aya bölünərək əmək pensiyasının sığorta hissəsinin (243,30 manat) üzərinə əlavə olunmaqla pensiyasının sığorta hissəsi 956,06 (243,30+712,76) manat müəyyən edilmişdir. Eyni zamanda sözügedən Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq iddiaçının qulluq stajına görə əlavəsinin məbləği (1135,30 manat) həmin artım qədər (712,76 manat) azaldılmışdır. Nəticədə hazırda əmək pensiyasının sığorta hissəsi 956,06 manat, qulluq stajına görə əmək pensiyasına əlavəsinin məbləği isə 422,54 (1135,30- 712,76) manat təşkil edir. Əlavə olaraq bildirilir ki, 1 yanvar 2022-ci il tarixdən hesablanmaqla ona “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi – 137,86 manat maddi yardım ödənilir. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 28-ci maddəsinə əsasən inzibati icraatın başlanması üçün əsaslardan biri də fiziki və hüquqi şəxsin ərizəsidir. İnzibati orqan inzibati icraatın sonunda inzibati akt qəbul edir ki, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İddiaçı Mərkəzi filiala ərizəsi əsasında inzibati orqan tərəfindən inzibati icraat aparılmış və xx.xx.2022-ci il tarixli **********0 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərar qəbul edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 58-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Mərkəzi filial tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” sözügedən qərar da inzibati icraat aparılan zaman “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədə olan normalarına tam riayət olunaraq qəbul edilmiş və iddiaçının pensiyası onun sığorta kapitalı əsasında yenidən hesablanmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza, apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı cavabdehə müraciət etmiş, cavabdehin imtina məktubundan sonra məhkəmədə iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla, mahiyyəti üzrə də əsas olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: İş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1957-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -Hərbi qulluqçu (xüsusi rütbəli şəxsin) pensiya təminatı üzrə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan MN seriyalı, ZE-54637 nömrəli məlumat vərəqəsində qeyd olunmuşdur ki, İddiaçı təqvimi xidmət illəri: 14 il, 4 ay, 26 gün, güzəştli xidmət illəri: 27 il, 2 ay, 2 gün, cəmi xidmət illəri: 41 il, 6 ay, 28 gün təşkil edir. İddiaçı xx.xx.2002-ci ildə yaşa görə tərxis olunmuşdur. İddiaçının təminat xərcliyi vəzifə maaşı 235,00 manat, rütbə maaşı 54,00 manat, xidmət illərinə görə əlavə 40% olmaqla 115,60 manat, ərzaq payı əvəzinə kompensasiya 24,75 manat olmaqla, cəmi təminat xərcliyi 429,35 manat təşkil etmişdir. -İddiaçıya Dövlət Sosial Müdafiə Fondu Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamenti tərəfindən xx.xx.2002-ci il tarixdən xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. -İddiaçının pensiya təyin edildikdən sonra işlədiyi iş yerləri üzrə ödənilmiş məcburi sosial sığorta haqları nəticəsində aprel 2022-ci il tarixə 56308,29 manat pensiya kapitalı toplanmışdır. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli, **********0 nömrəli Qərarından görünür ki, iddiaçının müraciəti əsasında onun əmək pensiyası yenidən hesablanmış, həmin tarixə iddiaçının pensiyasının sığorta hissəsi 243,3 manat, qulluq stajına görə əlavənin məbləği 1135,30 manat, vəzifə maaşı 785 manat, rütbə maaşı 154 manat, xidmət illərinə görə əlavə 40% olmaqla 375,60 amnat, ərzaq payı 64 manat olmaqla cəmi təminat xərcliyi 1378,60 manat, cəmi pensiya məbləği 1378 manat 60 qəpik olmuşdur. Belə ki, toplanmış 56308,29 manat pensiya sığorta kapitalı gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 79 aya bölünərək 712,76 manat sığorta kapitalı 243,30 manat pensiyanın sığorta hissəsinə əlavə edilməklə artırılmış, iddiaçının əmək pensiyasının sığorta hissəsi cəmi 956,06 (243,30+712,76) manat təşkil etmiş, eyni zamanda qulluq stajına görə əlavənin məbləği olan 1135,30 manat sığorta hissəsinin artırıldığı qədər azaldılmış, nəticədə əmək pensiyasının sığorta hissəsi 956,06 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği isə 422,54 (1135,30-712,76) manat təşkil etmiş, xx.xx.2022-ci il tarixə pensiyanın məbləği 1378,60 manat müəyyən olunmaqla əvvəlki pensiya məbləği ilə eyni olmuşdur. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, əmək pensiyasının sığorta kapitalına əsasən yenidən hesablanmasını xahiş etmiş, cavabdeh isə əmək pensiyasının sığorta hissəsini yenidən hesablamış, lakin bu zaman qulluq illərinə əlavənin məbləğini azaltmış, bununla da iddiaçının əmək pensiyasının məbləği dəyişməmişdir. Göründüyü kimi, iddiaçının fərdi şəxsi hesabında yığılmış kapitalı nəzərə alınmaqla onun pensiyası yenidən hesablansa da, iddiaçının tələbinin əsası məhz yenidən hesablanma zamanı fərdi şəxsi hesabında toplanan sığorta kapitalı nəzərə alınmaqla qulluq stajına görə əlavələr azaldılmamaqla əmək pensiyasının yenidən hesablanması ilə bağlıdır. Cavabdehin apellyasiya şikayətindən görünür ki, cavabdeh dəlil olaraq iddiaçının tələbinin təmin edilməməsinə əsas olaraq “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsini göstərir. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25ci maddəsinə 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 2 fevral 2022-ci il tarixli Qərarının təsviri əsaslandırıcı hissəsinə istinad edir. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Qanunvericiliyə əsasən hərbi və xüsusi rütbəli şəxslərə ödənilən əmək pensiyası iki hissədən – sığorta hissəsindən və qulluq stajına görə əlavədən ibarətdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsində isə əmək pensiyası təyin edildikdən sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydası müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Qeyd edilməlidir ki, Qanunun həm 9.6, həm də 37.3.1-ci maddələrinin müddəalarında pensiyaya çıxmış işləyən əmək pensiyaçılarının pensiyasına əlavənin deyil, məhz əmək pensiyasının yenidən hesablanması nəzərdə tutulmuşdur. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydalarına dair müddəalar “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsində əks etdirilmişdir. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən, işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Bu norma imperativ norma olmaqla, pensiyaçıların hansı sahədə – pensiya təyin edilməzdən əvvəl işlədiyi sahədə və ya hər hansı digər sahədə işləməsindən asılı olmayaraq pensiya təyin olunan günədək pensiyanın qazanılmış sığorta hissəsinin tam şəkildə ödənilməli olmasını təsbit edir. Həmin maddədə pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması qaydası da müəyyən edilərək göstərilmişdir ki, pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. İşləyən əmək pensiyaçısı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiyaçı işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin qeyd edilən müddəalarından aydın olur ki, qanunverici pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarına münasibətdə pensiyanın yenidən hesablanmasını sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması ilə əlaqələndirmiş, pensiya ödənişi müddəti aylarının sayının isə pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər azaldılmaqla hesablandığını göstərmişdir. Beləliklə, qanunverici göstərilən maddədə pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir. Cavabdeh inzibati orqan isə Qanunun 37.3.1-ci maddəsini 29.2-ci maddə ilə birlikdə tətbiq edərək, iddiaçının əmək pensiyası təyin edildikdən sonra 6 il və daha çox işləyərək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğini həmin artımlar qədər azaltmaqla yenidən hesablayır. Qanunun 29-cu maddəsi adından da göründüyü kimi Əmək pensiyalarının indeksləşdirilməsi adlanır. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 01 yanvar 2023-cü ilədək qüvvədə olan 29.2-ci maddəsinə əsasən bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Məhkəmə kollegiyası qeyd edir ki, iddaçının əmək pensiyasının yenidən hesablanmasının əsasını Qanunun 29.1-ci maddəsinə uyğun pensiyanın indeksləşdirilməsi təşkil etmədiyindən cavabdeh tərəfindən iddiaçıya Qanunun 29.2-ci maddəsinin tətbiqi qanuni hesab edilmir. Həmçinin, 2023-cü il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 5 noyabr 2022-ci il tarixli Qanunun 1.12.2-ci bəndinə əsasən Qanunun 29.2-ci maddəsi ləğv edilmişdir. Bu normaya əsasən Məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsi ləğv edildiyindən və göstərilən hal iddiaçının vəziyyətini yüngülləşdirdiyindən iddiaçının pensiyasının sığorta hissəsi yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldıİmamaqla yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1345/2023 saylı, 22 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar