Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2434/2024 25.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə qarşı “əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsistemindən çıxarılması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3575/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin ləğv olunması ilə əlaqədar adı çəkilən Cəmiyyətlə İddiaçı arasında bağlanmış və hələ də “Əmək və məşğulluq” altsistemində aktiv olaraq göstərilən 18 sentyabr 2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi, bu xitama dair bildirişin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı barəsində “Əmək və məşğulluq” altsisteminə xx.xx.2021-ci il tarixdə daxil edilmiş və hazırda qüvvədə olan əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsistemindən çıxarılması (ləğv edilməsi) öhdəliyinin X4 Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təsis edilmiş və qanuni təmsilçisi (direktoru) olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) 11 may 2023-cü il tarixdə ləğv edilmiş və Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. Hazırda başqa bir müəssisə ilə əmək münasibətlərinə daxil olmaq istəsə də, “Əmək və məşğulluq” altsistemində hələ də onun əsas iş yeri olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti göstərilir və bu səbəbdən əmək münasibətlərinə daxil olmaq istədiyi müəssisə ilə əsas iş yeri üzrə əmək müqaviləsi bağlanması mümkün olmur. Halbuki adı çəkilən Cəmiyyət artıq ləğv olunmuş və bununla bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən 11 may 2023-cü il tarixli, **********267500 saylı “Kommersiya qurumunun dövlət qeydiyyatının ləğv edilməsi haqqında” **********69 saylı Bildiriş təqdim olunmuşdur. Yuxarıda adı çəkilən Bildiriş ilə birlikdə iddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə müraciət edilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin artıq ləğv olunduğu bildirilmiş və aktiv olaraq göstərilən əmək müqaviləsinin ləğv edilməsinin təmin edilməsi X4 Xidmətindən xahiş olunmuşdur. X4 Xidməti 12 sentyabr 2023-cü il tarixli, 3-17-5/2-Q-34992/2023 saylı məktubla ona bildirmişdir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin "Əmək və məşğulluq” altsisteminə daxil edilməsi X1 səlahiyyətləri xaricindədir və məsələ ilə bağlı rayon (şəhər) məhkəməsinə müraciət edilməli, X4 Xidməti üçüncü şəxs qismində işə cəlb edilməlidir. X4 özünün üçüncü şəxs qismində cəlb edilməsi ilə bağlı mövqeyini bildirsə də, cavabdeh qismində kimin cəlb edilməli olması ilə bağlı heç bir mülahizə irəli sürə bilməmişdir. Odur ki, iddiaçı tərəfindən xüsusi icraat qaydasında ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edilərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ləğv olunması ilə əlaqədar adı çəkilən Cəmiyyətlə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin qüvvədən düşməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(001)-6298/2023 saylı qərardadı ilə ərizənin icraata qəbul edilməsindən imtina edilmiş və inzibati məhkəmə icraatı qaydasında məsələnin həll edilməli olduğu qeyd edilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, “işin hallarından görünür ki, işəgötürən hüquqi şəxs artıq ləğv olunmuşdur və arzu olunan hüquqi nəticə “Əmək və Məşğulluq” altsistemindən formal qeydiyyatın inzibati orqan tərəfindən silinməsidir; Yəni əmək münasibətlərinə xitam verilmiş olması, qüvvədə olan əmək müqaviləsinin olmaması mübahisə doğurmur. Məsələ sadəcə Əmək Məcəlləsinin 74.1-1- ci maddəsi ilə yalnız fiziki şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə münasibətdə inzibati orqanın səlahiyyətlərinin təsbit edilmiş olmasıdır. Lakin nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsi inzibati orqanın üzərinə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmaq öhdəliyi qoymuşdur. Bununla yanaşı həmin qanunun 15-ci maddəsində formal tələblərdən sui-istifadə inzibati orqanlara qadağan edilmişdir”. Göründüyü kimi, məhkəmə qərardadında da qeyd edilmişdir ki, inzibati orqan formal tələblərdən sui-istifadə edərək əmək müqaviləsinin sistemdən silinməsini təmin etmir, bununla da qanunsuzluğa yol verilir. Məhkəmə qərardadını aldıqdan sonra iddiaçı tərəfindən təkrarən cavabdeh orqana müraciət edilərək, "xxxx" MMC-nin ləğv olunması ilə əlaqədar adı çəkilən Cəmiyyətlə onun arasında bağlanmış və hələ də “Əmək və məşğulluq” altsistemində aktiv olaraq göstərilən 18 sentyabr 2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinin, bu xitama dair bildirişin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsinin təmin edilməsi xahiş edilmişdir. Lakin cavabdeh 03 noyabr 2023-cü il tarixli, 3-17-5/2-Q-44359/2023 saylı məktubu ilə iddiaçının müraciətini təmin etməkdən yenidən imtina etmişdir. Məktubda hər hansı hüquqi əsas göstərilə bilməmişdir. Qeyd edilən qanunsuzluğun davam etməsi onun hüquqlarının və qanuni mənafeyinin kobud pozuntusudur. Belə ki, qanuni təmsilçisi olduğu hüquqi şəxsin ləğv olunmasına baxmayaraq, hələ də “Əmək və məşğulluq” altsistemində həmin hüquqi şəxsin direktoru olaraq əmək müqaviləsinin aktiv statusda görülməsi səbəbi ilə neçə müddətdir ki, heç bir müəssisə ilə əmək münasibətinə daxil ola bilmir. Bununla da öz halal əməyi ilə, zəhməti ilə ala biləcəyi qazancdan, gəlirdən məhrum olmuş, inzibati orqan da bu hərəkətsizliyinə davam edərək onu maddi və mənəvi olaraq tamam əlverişsiz vəziyyətə salır. Digər tərəfdən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ASAN İmza ləğv olunduğundan və ASAN İmzanın bərpası mümkün də olmadığından (Müəssisəyə məxsus ASAN İmzanın bərpa edilməsi üçün təsis sənədlərinin təqdim olunması tələb olunur, hazırki halda isə müəssisə ləğv olunduğuna görə təsis sənədlərinin təqdim edilməsi mümkün deyildir), iddiaçı tərəfindən "Əmək və məşğulluq” altsisteminə daxil olunaraq əmək müqaviləsinə xitam verilməsinin təmin edilməsi mümkün deyildir. Odur ki, indiki halda aktiv olaraq göstərilən əmək müqaviləsinin “Əmək və məşğulluq” altsistemindən silinməsi ixtiyarı yalnız və yalnız cavabdeh orqana məxsusdur ki, o da bu səlahiyyətindən istifadə etməkdən imtina edir. Bakı İnzibati Məhkəməsinin (hakim Elvin Əliyev) 2-1(112)-3575/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı barəsində “Əmək və məşğulluq” altsisteminə xx.xx.2021-ci il tarixdə daxil edilmiş və hazırda qüvvədə olan əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsistemindən çıxarılması (ləğv edilməsi) öhdəliyi X4 Xidmətinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə (Xidmət) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin ləğv olunması ilə əlaqədar adı çəkilən Cəmiyyətlə İddiaçı arasında bağlanmış və hələ də “Əmək və məşğulluq” altsistemində aktiv olaraq göstərilən xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsistemindən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-3575/2024 nömrəli qərarına əsasən iddia təmin edilərək, İddiaçı barəsində “Əmək və məşğulluq” altsisteminə xx.xx.2021 -ci il tarixdə daxil edilmiş və hazırda qüvvədə olan əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsistemindən çıxarılması (ləğv edilməsi) öhdəliyinin X4 Xidmətinin üzərinə qoyulması qərara alınmışdır. Aşağıdakı əsaslara görə hesab edir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-3575/2024 nömrəli qərarı ləğv olunmalı, həmin iş üzrə İddiaçı iddiası mümkün sayılmamalıdır. İddia ərizəsindən göründüyü kimi, İddiaçı "xxxx" MMC ilə arasında xitam verilməmiş əmək müqaviləsi mövcuddur. Belə olan halda iddiaçı ilk növbədə işəgötürənlə arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə, bu mümkün olmadıqda isə aidiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında ümumi səlahiyyətli məhkəmələrə müraciət etməlidir. Buna baxmayaraq, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı tələb fərdi əmək mübahisəsi olduğu və bu mübahisə mülki xarakter daşıdığı halda iddiaçı qeyd olunan mübahisə ilə bağlı inzibati məhkəməyə müraciət etmiş, bununla da məhkəmə aidiyyəti normaları pozulmuşdur. Digər bir məsələ isə iddiaçının öz iddia tələbində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında X4 Xidmətini cavabdeh kimi göstərərək və əmək müqaviləsi bildirişinin aktiv qaldığı üçün işə düzəlməkdə çətinlik çəkdiyini əsas gətirərək işəgötürənlə arasında bağlanmış xx.xx.2021ci il tarixli il tarixli əmək müqaviləsinin xitam verilmiş hesab edilməsi və bildirişin elektron informasiya sisteminə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbidir ki, qeyd olunan tələb maddi normalara ziddir və əsassızdır. Xidmətin hərəkət və ya hərəkətsizliyi nəticəsində İddiaçı hər hansı hüquqları və qanunla qorunan mənafeləri pozulmamış, iddia ərizəsində göstərilən tələb Xidmətin səlahiyyətlərinə aid deyildir və belə bir vəzifə Xidmətin üzərinə qoyula bilməz. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında» 16 fevral 2011-ci il tarixli 386 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti (bundan sonra - Xidmət) mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və olan fiziki şəxslər (bundan sonra - işəgötürənlər) tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə (bundan sonra - əmək qanunvericiliyi) əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Bununla yanaşı əmək müqaviləsinə xitam verilməsi və ya əmək müqaviləsininin xitam verilməsi barədə əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi kimi öhdəliklərin Xidmətin üzərinə qoyulması tələbi qanunvericiliyinin tələblərinə uyğun deyil. İddiaçının da bildirdiyi kimi ALİMLƏR ŞƏHƏRCİYİ” MMC ilə bağlanılmış, qüvvədə olan, xitam verilməmiş əmək müqaviləsi mövcud olduğu məlumdur. Həmin müqavilə işəgötürən ilə işçi arasında müvafiq qaydada xitam verilməli və bundan sonra əmək müqaviləsinə xitam verilməsi barədə elektron sistemdə işəgötürən tərəfindən müvafiq qeydlər aparılmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan hallar və tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əsasında xitam verilə bilər. Həmin Məcəllənin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 06 iyun tarixli 183 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.2-ci bəndinə əsasən, bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri isitisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməlidir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Göründüyü kimi, əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifənin icra edilməsi mümkün deyildirsə, fərdi əmək mübahisəsi kimi ümumi məhkəmələrə müraciət edilməli və məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilmişdirsə, X4 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan "xxxx" MMC-nin təsisçisinin xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, MMC-nin təsisçisi İddiaçı nizamnamə kapitalında pay haqqı 100%dir. "xxxx" MMC-nin Cəmiyyətin Nizamnaməsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 59.2.1-ci maddəsi əsas alınaraq və müəyyən edilmiş digər qaydalara uyğun olaraq ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin “Kommersiya qurumunun dövlət qeydiyyatının ləğv edilməsi haqqında” **********69 nömrəli xx.xx.2023-cü il tarixli Bildirişindən görünür ki, xx.xx.2021 tarixdə ********** № ilə dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (Ləğv prosesindədir) xx.xx.2023 tarixdə ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X6 Xidmətinin xx.xx.2023-cü il tarixli imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, adınıza aktiv əmək müqaviləsinin olması barədə 05 sentyabr 2023-cü il tarixli müraciətinizə X4 Xidmətində baxılmışdır. Məlumat üçün bildiririk ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi X4 Xidmətinin səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar"ın 3.4cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin "Əmək və məşğulluq” altsisteminə daxil edilməsi üçün əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələn başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X4 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsi məhkəmə tərəfindən qüvvədən salınmış hesab edilməli və əmək müqaviləsinin qüvvədən salınması ilə bağlı məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi hüququ X4 Xidmətinə həvalə edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X6 Xidmətinin xx.xx.2023-cü il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir: “Sizin əmək qanunvericiliyi ilə bağlı müraciətinizə X4 Xidmətində baxılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1.1-ci hissəsinə əsasən aşağıdakı hallar fiziki şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə işçinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana müraciəti əsasında xitam verilmiş hesab edilməsi üçün əsasdır: 1) fiziki şəxs olan işəgötürən vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə; 2) fiziki şəxs olan işəgötürən barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçildikdə, yaxud o, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə azadlıqdan məhrum edildikdə; 3) fiziki şəxs olan işəgötürən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxs hesab edildikdə; 4) Azərbaycan Respublikasının Mülki Prosessual və Azərbaycan Respublikasının Cinayət Prosessual məcəllələrinə uyğun olaraq fiziki şəxs olan işəgötürənin axtarışı elan olunduqda. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 06 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə yə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar"ın 3.4-cü bəndin əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən bildiririk ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə müraciət edilməlidir. İşəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X4 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsi məhkəmə tərəfindən qüvvədən düşmüş hesab edilməli və əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsistemində qüvvədən salınması hüququ X4 Xidmətinə həvalə edilməlidir.” İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-6298/2023 saylı qərardadından görünür ki, maraqlı şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti cəlb edilməklə ərizəçi İddiaçı “əmək müqaviləsinin qüvvədən düşməsi faktının müəyyən edilməsi” barədə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. İşin faktiki hallarından görünür ki, "xxxx" MMC xx.xx.2021-ci il tarixdə ********** nömrəli ilə qeydiyyata alınmış, daha sonra isə xx.xx.2023-cü il tarixdə həmin MMC ləğv edilərək Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. "xxxx" MMC-nin təsisçisi və qanuni təmsilçisi İddiaçı olmuşdur. İddiaçı barəsində əmək müqaviləsi bildirişi "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş və halhazıradək həmin müqavilə sistemdə aktiv olaraq görünür. Göründüyü kimi, iddiaçı təsisçi və qanuni təmsilçi olduğu müəssisənin direktoru təyin edilməsinə dair əmək müqaviləsini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmiş, lakin müəssisənin ləğv edilməsi ilə əlaqədar həmin müqaviləyə xitam verilməmiş və bu barədə müvafiq bildirişi "xxxx" MMC adından elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etməmişdir. Beləliklə də, müəssisənin ləğv edilməsinə baxmayaraq, elektron informasiya sistemində gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş müqavilə aktiv olaraq qalmışdır. Həmin əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsistemindən çıxarılması (ləğv edilməsi) ilə bağlı iddiaçı cavabdehə müraciət etmiş, lakin cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin "Əmək və məşğulluq” altsisteminə daxil edilməsi üçün əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X4 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsi məhkəmə tərəfindən qüvvədən salınmış hesab edilməli əmək müqaviləsinin qüvvədən salınması ilə bağlı məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi hüququ X4 Xidmətinə həvalə edilməlidir. Hazırda iddiaçı onun barəsində “Əmək və məşğulluq” altsisteminə xx.xx.2021-ci il tarixdə daxil edilmiş və hazırda qüvvədə olan əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsistemindən çıxarılması (ləğv edilməsi) öhdəliyinin X4 Xidmətinin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir (xx.xx.2024-cü ilədək olan redaksiyası - 1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir). Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir (xx.xx.2024-cü ilədək qüvvədə olmuşdur). Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir (xx.xx.2024-cü ilədək olan redaksiyası - 1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.2-ci bəndinə əsasən bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin imtina məktubunda qeyd edildiyi kimi, iddiaçı müvafiq tələblə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-6298/2023 saylı qərardadı ilə maraqlı şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti cəlb edilməklə ərizəçi İddiaçı “əmək müqaviləsinin qüvvədən düşməsi faktının müəyyən edilməsi” barədə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir (ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə - Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Daha sonra iddiaçı yenidən cavabdehə müraciət etsə də, cavabdeh xx.xx.2023-cü il tarixli imtina məktubunda göstərdiyi dəlilləri xx.xx.2023-cü il tarixli məktubunda təkrarlamışdır. Göründüyü kimi, cavabdeh göstərilənlərə, yəni iddiaçının müvafiq tələblə Binəqədi Rayon Məhkəməsinə müraciət etməsinə, həmin məhkəmənin qanuni qüvvəyə minmiş qərardadının olmasına baxmayaraq, iddiaçının adına aktiv olan əmək müqaviləsi bildirişini “Əmək və məşğulluq” altsistemindən çıxarmaqdan imtina edir. Bakı Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2021 tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2023 tarixdə ləğv edilərək kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. Bununla bağlı “Kommersiya qurumunun dövlət qeydiyyatının ləğv edilməsi haqqında” **********69 nömrəli Bildiriş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisinin xx.xx.2022-ci il tarixli qərarı və digər sənədlər məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2023 tarixdə ləğv edilərək kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mövcud qanunvericiliyə əsasən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsinə xitam verilməsi və bu barədə müvafiq bildirişin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi işəgötürənin səlahiyyətinə aiddir. Hazırkı halda isə işəgötürən "xxxx" MMCnin ləğv edilməsi səbəbi ilə bu mümkün olmadığından, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-6298/2023 saylı qərardadı ilə ərizəçi İddiaçı “əmək müqaviləsinin qüvvədən düşməsi faktının müəyyən edilməsi” barədə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edildiyindən, həmin qərardad qüvvədə olduğundan, həmçinin qüvvədə olan həmin qərardadla əmək münasibətlərinə xitam verilmiş olması, qüvvədə olan əmək müqaviləsinin olmaması müəyyən edildiyindən və bu halın məhkəmə qaydasında müəyyən olunması preyudisial əhəmiyyət daşıdığından cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3575/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.