Məhkəmə qərarları › İş №2-1(103)-2434/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2434/2025

19.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2434/2025 19.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Gömrük Komitəsinə qarşı “yeni məlumat vərəqəsinin göndərilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X1 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4663/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək əmək pensiyasının yenidən hesablanması üçün ona aid məlumat vərəqində əmək haqqı qrafasında 60% aldığı məbləği göstərilməklə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndrilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, DGK tərəfindən DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala təqdim olunmuş ona dair məlumat vərəqində işlədiyi illər boyu və aldığım vəzifə ştatına uyğun aylıq məvacibinə əlavə 60% mavacibi məlumat vərəqində göstərilmədən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin tələblərinə uyğun hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. 30 noyabr 2018-ci il№ 1362-VQD “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanunun 1.0.5 maddəsində dəyişikliyə əsasən(büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) sözləri əlavə edildi. Qanun xx.xx.2019 ildə qanuni qüvvəyə mindi. Qanun qüvvəyə mindiyi günə görə qanunla tələb edilən 20 təqvim ilində artıq iş stajı olduğu üçün, artıq iddiaçının təqaüdə çıxmaq hüququ yaranmışdır, və qeyd edilən qanunda dəyişiklik, onun illər boyu aldığı aylıq məvacib və əlavələr (yani 60%) və onlardan ödədiyi məcburi sosial sığorta haqqına baxmayaraq, iddiaçının konstitusion və sair aidiyyəti hüquqları pozulmuş oldu. Daha sonra “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qararı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası ”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 170 nömrəli Qərarının 1-ci hissəsində “Vəsaitin 60 (altmış) faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir” dəyişilik edərək və həmin qərarın 2-ci hissəsinə əsasən “2023 yanvarın 1” sözləri “Bu Qərar 2022-ci il iyulun 1-dən qüvvəyə minir” sözləri ilə əvəz edildi. Bu dəyişikliyə əsasən, əmək pensiyasının yenidən hesablanması üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan ona aid məlumat vərəqində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən (01 Yanvar 2023-cü ilə qədər qüvvədə olan sözlər (sonrakı artımlar da nəzərə alınmaqla)) Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən vəzifə maaşında yenidən hesablama apararaq məlumat vərəqəsinidə düzəliş edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-un Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsini xahiş etmiş, müraciətlərinə baxmayaraq məsələ öz həllini tapmamışdır. Belə ki, DGK son müraciətinə əsasən 3-33/2-N-001922/1-42/2024 saylı xx.xx.2024 il tarixli cavab məktubunda “qanunvericiliyə uyğun olaraq 1 yanvar 2019-cu il tarixdən 1 iyul 2022-ci il tarixədək gömrük orqanlarında xidmətinə xitam verilmiş və pensiyaya çıxmış şəxslərə pensiya təyin edilərkən onların aylıq vəzifə maaşlarına verilən əlavələr təminat xərcliyinə daxil edilməmişdir və bu səbəbdən həmin dövrü nəzərə alaraq Sizə yenidən pensiyanın hesablanması və “Əmək pensiyası təminatı üçün hərbi (xüsusi) rütbəli şəxs haqqında təqdim olunan Məlumat vərəqi”nin tərtib olunaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi qanunvericiliklə mümkün deyildir

3. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirir ki, iddiaçı xx.xx.2022-ci il tarixli 1000/183Ş nömrəli Komitə sədrinin əmri ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən öz təşəbbüsü ilə gömrük orqanlarında xidmətinə xitam verilmişdir. İşin mübahisəsiz hallarından müəyyən edilir ki, iddiaçıya xx.xx.2022-ci il tarixdə pensiya təyin edilsə də iddiaçının barəsində tətbiq edilməsini arzuladığı akt xx.xx.2022-ci il tarixdə qüvvəyə minmişdir. Qeyd edilənlərdən də göründüyü kimi iddiaçı barəsində cavabdeh tərəfindən tərtib edilmiş məlumat vərəqəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 17 avqust tarixli 135 nömrəli Qərarına uyğun olaraq hazırlanmış və Filiala təqdim edilmişdir. Qeyd edilənlərdən də göründüyü kimi iddiaçı barəsində Dövlət Gömrük Komitəsi tərəfindən tərtib edilmiş məlumat vərəqəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 17 avqust tarixli 135 nömrəli Qərarına uyğun olaraq hazırlanmış və Filiala təqdim edilmişdir. Beləliklə, qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulmasından söhbət gedə bilməz. İddiaçının cavabdehə qarşı hazırkı iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən olunmur. Buna görə də iddiaçının cavabdehə qarşı olan iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməlidir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının İPM-nin müvafiq maddələrini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4663/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

5. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmışdır və əlavə olaraq bildirilmişdir ki, məhkəmə iddiaçının 20 ildən artıq ümumi iş stajına əsasən 2019-cu ildə pensiya çıxmaq hüququnun yaranmasına nəzərə almayaraq “şəxsin hüquqi vəziyyətini pisləşdirən yeni norma, onun əvvələr əldə etdiyi hüquqlara təsir edə bilməz” prizmasını pozmuşdur. Göründüyü kimi, imperativ xarakterli konstitusion hüquq normasının mövcud olmasına baxmayaraq, məhkəmə, iddiaçıya münasibətdə illər boyu aldığı aylıq məvacibinə olan əlavəni (60%) və ondan DSMF ödədiyi məcburi sosial sığorta haqqını nəzərə almayaraq, qaldırdığı iddia tələbini məhkəmə tərəfindən qeyri-qanuni və əsassız rədd etmişdir.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

8. Məhkəmədə iddiaçı iddia tələbini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilərək iddianın təmin edilməsini, cavabdehin nümayəndəsi isə məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir.

9. Qanunvericliyin tələbləri baxımından məhkəmə kollegiyası apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

11. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4. xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir;-xx.xx.2018-ci ildə edilmiş və hazırda qüvvədə olan redaksiya (1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir;-xx.xx.2022-ci il tarixli Qanuna əsasən sonrakı artımlar da nəzərə alınmaqla anlayışı çılxarılmışdır)

12. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydasına əsasən: 1.1. Bu Qayda Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən hazırlanmışdır və gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsaitdən, cərimələrdən və Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 224.1.5-ci və 224.1.6-cı maddələrində nəzərdə tutulan gömrük ödənişlərindən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin (bundan sonra - Komitə) hesabına köçürülən vəsaitlərdən (bundan sonra - vəsait) istifadə qaydasını müəyyən edir. 1.2. “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 28.13.1-ci yarımbəndi nəzərə alınmaqla, vəsaitin qalan hissəsinin 60 faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə sərf edilir.-əvvəlki redaksiya 1.3. Vəsaitin 60 (altmış) faizi Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir.-iddiaçı pensiyaya çıxdığı zaman qüvvədə olan redaksiya (1.3. Vəsaitin 60 (altmış) faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir.-xx.xx.2022-ci il tarixli Qərarla edilmiş dəyişiklikdən sonrakı redaksiya) 1.4. Vəsait Azərbaycan Respublikasının mülkiyyəti hesab olunur və Komitənin sərəncamındadır. Vəsaitin sərəncamçısı dəyişdirilə bilməz. 1.5. Vəsaitdən kommersiya fəaliyyətinə sərmayələr qoyulmur və kreditlər verilmir. 1.6. Vəsaitin xərclənməsinə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Nazirlik) nəzarət edir.

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

14. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

15. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3 və 3.1-ci maddələrinə əsasən)

17. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 10-13-cü bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

18. Belə ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 170 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydasında edilmiş dəyişikliyin ona münasibətdə nəzərə alnıraq yeni məlumat vərəqəsinin tərtib olunaraq Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsini tələb edir.

19. İş materiallarından göründüyü kimi iddiaçının gömrük orqanlarında xidmətinə xx.xx.2022-ci il tarixdə xitam verilmiş, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının qərarı ilə Dövlət Gömrük Komitəsinin məlumat vərəqəsi əsasında pensiya təyin edilmişdir. Pensiya təyin edilərkən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə uyğun olaraq təminat xərcliyinə büdcədənkənar vəsaiti hesabına hesablanan əlavələr və digər ödənişlər daxil edilməmişdir.

20. İşin apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müvafiq sorğu göndərilmiş, sorğuya cavab olaraq bildirmişdir ki, xx.xx.2019-cu il tarixədək və xx.xx.2022-ci il tarixdən sonra Dövlət Gömrük Komitəsində inspektor vəzifəsində (xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə) xidmət etmiş gömrük orqanının əməkdaşlarına əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması zamanı həmin şəxslərin xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlar nəzərə alınmışdır.

21. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 170 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydasında müvafiq dəyişiklik edilmişdir. Qeyd edilən dəyişikliklə qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitin müvafiq hissəsinin dövlət büdcəsinə köçürülməsi və həmin vəsaitin tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə sərf edildiyi nəzərdə tutulmuşdur. Bu dəyişikliklə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına verilən əlavə təminat xərcliyinə daxil edilmişdir. Qeyd edilən dəyişiklik 1 iyul 2022-ci il tarixdə qüvvəyə minmiş və həmin müddətdən sonra yaranan münasibətlərə şamil edilir.

22. Hazırda iddiaçı xx.xx.2022-ci il tarixli Qərarla edilmiş dəyişikliyin ona da şamil edilməli olduğu qənaətindədir və bunu onun vəziyyətini yaxşılaşdıran hüquqi aktın qüvvəsinin geriyə şamil edilməli olması ilə əsaslandırır.

23. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, iddiaçının istinad etdiyi Qərar 1 iyul 2022ci il tarixdən qüvvəyə minmiş və yalnız qüvvəyə mindikdən sonra yaranan münasibətlərə şamil edilir və geriyə tətbiq edilmir. Qanunda edilmiş dəyişikliyə əsasən Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitin müvafiq hissəsinin dövlət büdcəsinə köçürülməsi və həmin vəsaitin tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə sərf edilməsi nəzərə tutulmuşdur. Başqa sözlə desək iddiaçı 01 iyul 2022-ci ildə gömrük orqanlarında işləyərək təzə qaydalara uyğun olaraq əmək haqqı almış olsaydı o halda ona yaşa görə əmək pensiyası təyin edilərkən aldığı yeni əmək haqqının nisbətində əmək pensiyası hesablana bilərdi. Yəni iddiaçıya 01 iyul 2022-ci ildən sonra əmək haqqının və ona edilmiş yeni artımların verilməməsi səbəbindən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndini tətbiq edilməsi mümkün deyil.

24. Odur ki, həmin tarixədək ödənilən əmək haqqına əlavənin mənbəyi “büdcədənkənar” hesab edilmiş, qeyd edilən tarixdən sonra isə müvafiq ödənişlər dövlət büdcəsinə köçürüldüyündən “dövlət büdcəsi” vəsaiti hesabına aparılan ödəmələr hesab edilir.

25. İddiaçının xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək gömrük orqanlarında xidmətinə xitam verilmiş və pensiya hüququ yaranmış şəxslərə pensiya təyin edilərkən onların aylıq vəzifə maaşlarına verilən əlavələr təminat xərcliyinə daxil edilmir və əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən nəzərə alınmır.

26. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

27. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

28. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4663/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4663/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar