Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2435/2022 08.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, İbrahimova Pərvin Adil qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3736/2022 saylı, 17 mart 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 62 yaş 6 ay yaşının tamam olduğu xx.xx.2021-ci ildən ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 62 yaşının tamam olduğu xx.xx.2021-ci ildən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1959-cu ildə doğulmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır, O, 1974, 1975, 1976, 1978, 1979-cu illərdə Goranboy rayonu Qatır Məmməd adına kolxozda kolxozçu kimi işləmişdir. Bu, Milli Arxiv İdarəsinin Goranboy rayon icra Hakimiyyəti Goranboy rayon Dövlət Arxivinin 123 nömrəli, xx.xx.2021-ci il tarixli arayışı ilə təsdiqlənir. O, 10 iyul 1980-cı ildən 10 iyul 1983-cü ilə qədər “Azərelektrikşəbəkə” zavodunda, xx.xx.1985-ci ildən xx.xx.2006-cı ilə qədər Bakı Uşaq Paltarları İstehsalat birliyində işləmiş, həmin İstehsalat Birliyinin əsasında xx.xx.1997-ci ildə Dövlət Əmlak Komitəsinin sərəncamına əsasən “Zövq-MTB" yaradılmışdır. Onun əmək kitabçasına əsasən əmək stajı 23 il 6 ay, arxiv arayışlarına əsasən 5 il təşkil edir, ümumi iş stajı 28 il 6 aydır. O, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etdikdə cavabdeh təqdim etdiyi arxiv arayışında göstərilən əmək stajını nəzərə almaqdan imtina etmişdir, halbuki o, arxiv arayışında göstərilən illərdə kolxozda işləmişdir. Onun qızlıq soyadı Hacıyeva olmuşdur, nikaha daxil olduqdan sonra yoldaşının Məmmədova soyadını götürmüşdür ki, bu da nikah haqqında şəhadətnamə ilə təsdiqlənir. Cavabdeh xx.xx.2021- ci il tarixli imtina məktubu ilə ona yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. O, həmin imtina məktubunu qanunsuz hesab edir. Arxiv arayışı və əmək kitabçasına əsasən onun ümumi əmək stajı 28 il 5 ay təşkil edir. Cavabdeh tərəfindən təqdim olunmuş yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı 1974-cü il tarixdən 1976-ci il tarixədək və 1978- ci il tarixdən 1979-cu il tarixədək Goranboy rayonu “Qatır Məmməd adına kolxoz”da işlədiyini və əmək haqqı aldığını iddia edir. Lakin iddiaçı qeyd olunan tarixlərdə “Qatır Məmməd adına kolxoz”da işlədiyini iddia etdiyi dövrlərə dair əmək kitabçası olmaması səbəbindən pensiya təyin edilməsi mümkün olmamışdır. Cavabdeh orqan tərəfindən mübahisələndirilən dövrlər, yəni 1974-1976 və 1978-1979-cu illər sosial sığorta stajına daxil edilməmişdir. Belə ki, arxiv arayışı o halda əsaslı sübut olaraq nəzərə alına bilər ki, həmin dövrlər əmək kitabçası və digər sənədlərdə (əməkhaqqı cədvəlləri, işə daxilolma, işdən azad edilmə əmrləri və s.) qeyd olunsun. Lakin təqdim olunan əmək kitabçasında və sadalanan sənədlərdə iddiaçının qeyd etdiyi dövrlərdə “Qatır Məmməd adına kolxoz”da işləməsinə dair qeydlər mövcud deyil. Belə olan halda, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və bu maddədə göstərilən sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3736/2022 saylı, 17 mart 2022-ci il tarixli qərarı ilə (hakim P.Hüseynov) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus əmək kitabçasına və arxiv arayışına əsasən iddiaçı 25 ildən artıq sığorta stajına malikdir. Göründüyü kimi, iddiaçının pensiya hüququ yaranmışdır və iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum sığorta stajına malikdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, İddiaçı 1974- 1976, 1978-1979-cu illərdə Goranboy rayonu "Qatır Məmməd adına kolxoz"da, xx.xx.1980-ci il tarixdən xx.xx.1983-cü il tarixədək "Azərelektrikşəbəkə" zavodunda, xx.xx.1985-ci il tarixdən xx.xx.2006-cil tarixədək "Bakı Uşaq Paltarları İstehsalat birliyi"ndə( "Zövq-MTB") işlədiyini və əmək haqqı aldığını iddia edir. Lakin, İddiaçı 1974cü il tarixdən 1976-ci il tarixədək və 1978-ci il tarixdən 1979-cu il tarixədək Goranboy rayonu "Qatır Məmməd adına kolxoz"da işlədiyini iddia etdiyi dövrlərə dair əmək kitabçası olmadığından həmin müddətlər mübahisələndirilərək məsələnin müsbət həlli mümkün olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.2.-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. - 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Göründüyü kimi arxiv idarəsi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizə işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şübhə altına alınması məntiqə uyğun deyildir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: - 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. - 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. 1964-cü il üçün 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının qeyd etdiyi illərdə qüvvədə olmuş «Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında» SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli, 859 №-li Qərarı ilə təsdiq edilmiş «Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında» Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staja daxil edilmir. «SSRİ vətəndaşlarının pensiya təminatı haqqında» 1990-cı il 15 may tarixli SSRİ Qanunun 67-ci maddəsinin birinci hissəsinə görə əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. İşin mübahisəli halı ümumi iş stajının 25 ildən az olması ilə bağlıdır. Belə ki, cavabdeh inzibati orqan iddiaçının əmək kitabçası üzrə 23 il 6 ay əmək stajına malik olduğunu qeyd edir. İş materiallarına əlavə olunmuş X2 məxsus İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş və tərcümə edilmiş surətindən görünür ki, X6 xx.xx.1980-cı ildə Bakı “Azerelektroset” Zavoduna avtomobil lampaların istehsalatı üzrə lehimləyici-nasosçunun tələbəsi kimi sexə qəbul edilmiş, xx.xx.1980-cı ildə avtomobil sexinin tədarükçüsünə 1-ci dərəcə verilmiş, xx.xx.1983-cü ildə həmin sexə 2-ci dərəcəli lehimləyici kimi keçirilmiş, xx.xx.1983-cü ildə tutduğu vəzifədən öz istəyi ilə azad edilmiş, xx.xx.1985-ci ildə Bakı uşaq paltarları İB-də dərzinin tələbəsi kimi işə qəbul edilmiş, xx.xx.1985-ci ildə dərziyə 1-ci dərəcə təyin edilmiş, xx.xx.1987-ci ildə briqadir kimi keçirilmiş, xx.xx.1989-cu ildə 2-ci dərəcəli dərzi kimi keçirilmiş, xx.xx.1992-ci ildə dərziyə 3-cü dərəcə təyin edilmiş, xx.xx.1993-cü ildə 4- cü dərəcə verilmiş, xx.xx.1994-cü ildə briqadir kimi keçirilmiş, xx.xx.1997-ci ildə usta kimi keçirilmiş, Dövlət Əmlak Komitəsinin 847 saylı xx.xx.1997-ci il tarixli sərəncamına əsasən Bakı uşaq paltarları İB-nin əsasında xx.xx.1999-cu il tarixdən «Zövq MTB» ATSC yaradılmışdır, xx.xx.2006-cı ildə öz xahişi ilə işdən azad edilmişdir. Cavabdeh inzibati orqan iddiaçının 1974-cü il tarixdən 1976-ci il tarixədək və 1978-ci il tarixdən 1979-cu il tarixədək Goranboy rayonu "Qatır Məmməd adına kolxoz"da işlədiyi dövrləri mübahisələndirir. Bununla bağlı Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi kolxozda faktiki işlənilən dövrün ümumi iş stajına daxil edilməsində haqlı olmuşdur. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Goranboy rayon İcra Hakimiyyəti Goranboy rayon Dövlət Arxivi tərəfindən Məmmədova (Hacıyeva) Ayna Zahid qızına ünvanlanmış xx.xx.2021-ci il tarixli 123 saylı arxiv arayışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Goranboy rayonu (keçmiş Qasım İsmayılov rayonu) Qatır Məmməd adına kolxozun Goranboy rayon Dövlət Arxivində mühafizə olunan şəxsi heyət üzrə əməkhaqqı cədvəllərində xx.xx.1959-cu ildə anadan olmuş Məmmədova (Hacıyeva) Ayna Zahid qızının 1974-1976, 1978-1979-cu illərdə kolxozda işləməklə, aşağıdakı qaydada adam günü və əmək haqqı alması aşağıdakı kimi qeyd olunur: - 1974- cü il, vəzifəsi kolxozçu, adam günü 84, əmək haqqı 193,20; - 1975-ci il, vəzifəsi kolxozçu, adam günü 118, əmək haqqı 186,83; - 1976-cı il, vəzifəsi kolxozçu, adam günü 68, əmək haqqı 132,60; - 1978-cü il, vəzifəsi kolxozçu, adam günü 121, əmək haqqı 340,73; - 1979- cu il, vəzifəsi kolxozçu, adam günü 148, əmək haqqı 275,12. Qeyd: Uçot kitablarında İddiaçı X6 adı və soyadı ilə qeyd olunmuşdur. Əsas: Fond № 97, siyahı 3 şəxsi heyət üzrə əməkhaqqı cədvəlləri. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Goranboy rayon İcra Hakimiyyəti Goranboy rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 100/1 saylı arxiv arayışının surətindən görünür ki, Goranboy rayonu (keçmiş Qasım İsmayılov rayonu) Qatır Məmməd adına kolxozun Goranboy rayon Dövlət Arxivində mühafizə olunan şəxsi heyət üzrə əməkhaqqı cədvəllərində xx.xx.1959-cu ildə anadan olmuş Məmmədova (Hacıyeva) Ayna Zahid qızının 1974-1976, 1978-1979-cu illərdə kolxozda kolxozçu vəzifəsində işləməklə, aşağıdakı qaydada adam günü və əmək haqqı alması aşağıdakı kimi qeyd olunur: - 1974cü il, vəzifəsi kolxozçu, adam günü 84, əmək haqqı 193,20; - 1975-ci il, vəzifəsi kolxozçu, adam günü 118, əmək haqqı 186,83; - 1976-cı il, vəzifəsi kolxozçu, adam günü 68, əmək haqqı 132,60; - 1978-cü il, vəzifəsi kolxozçu, adam günü 121, əmək haqqı 340,73; - 1979cu il, vəzifəsi kolxozçu, adam günü 148, əmək haqqı 275,12. Qeyd: Uçot kitablarında İddiaçı X6 adı və soyadı ilə qeyd olunmuşdur. Qeyd: Uçot kitablarında İddiaçı X6 adı və soyadı ilə qeyd olunmuşdur. Kolxozun protokol kitablarında (1974-1979- cu illər) İddiaçı işə daxil olma, işdən azad edilmə və məzuniyyət əmirləri aşkar olunmamışdır. 1974-1979cu illər qadınlar üçün Q.Məmməd adına kolxozda minimum adam gün norması 180 gün müəyyən edilmişdir. Əsas: Fond № 97, siyahı 3, şəxsi heyət üzrə əməkhaqqı cədvəlləri. Göründüyü kimi, iddiaçı Goranboy rayonu (keçmiş Qasım İsmayılov rayonu) Qatır Məmməd adına kolxozda kolxozçu vəzifəsində işləmişdir, adam günü 1974-cü ildə 84, 1975-ci ildə 118, 1976-cı ildə 68, 1978-ci ildə 121, 1979-cu ildə 148. 1974-1979-cu illər qadınlar üçün həmin kolxozda minimum adam gün norması 180 gün müəyyən edildiyi nəzərə alınarsa, iddiaçının həmin kolxozda iş stajı (84+118+68+121+148)x12/180=cəmi 35 ay, yəni 2 il 11 ay təşkil edir. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verən Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab edir. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillər hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir. Bu səbəbdən şikayət təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3736/2022 saylı, 17 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3736/2022 saylı, 17 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-2435/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2435/2022
08.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver