Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2436/2021 16.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Yusifov Cahangir Afər oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsinə qarşı pensiya təyin edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(82)- 641/2018 saylı 01 iyul 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun 19.02.1981-ci ildən 14.10.1991-ci ilə kimi işlədiyi illəri n güzəştli iş stajı kimi 2004-2005-ci illərin əmək haqqı əsasında nəzərə alınmaqla 18 yanvar 2008-ci il tarixdən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-641/2018 saylı, 05 yanvar 2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-641/2018 saylı, 05 yanvar 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-833/2018 saylı, 10 aprel 2018-ci il tarixli qərarına əsasən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-641/2018 saylı, 05 yanvar 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-833/2018 saylı, 10 aprel 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 1342/2018 saylı, 24 iyul 2018-ci il tarixli qərarına əsasən Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-833/2018 saylı, 10 aprel 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2345/2018 saylı, 04 oktyabr 2018-ci il tarixli qərarına əsasən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-641/2018 saylı, 05 yanvar 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərardan narazı qalan cavabdeh kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2345/2018 saylı, 04 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 255/2019 saylı, 22 yanvar 2019-cu il tarixli qərarına əsasən cavabdehin kassasiya şikayəti təmin edilməyərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 2345/2018 saylı, 04 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi 23.11.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı pensiya işində olan sənədlərin araşdırılması ilə məlum olmuşdur ki, ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1958-ci il təvəllüdlü İddiaçı 02.08.2015-ci il tarixli ərizəsini ünvan aidiyyəti üzrə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsində qeydiyyatdan keçirilməklə həmin şöbənin Pensiya üzrə komissiyasının 14.09.2015-ci il tarixli 1051 №-li qərarı əsasında 18.01.2015-ci il tarixdən 57 yaşının tamam olduğu gündən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinin şərtlərinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na (bundan sonra - Güzəştli siyahı) istinad etməklə əmək pensiyasının baza hissəsi (100,0 manat), əmək kitabçası üzrə 2006-cı ilədək hesablanmış 29 il 6 ay sosial sığorta stajı (64,62 manat), həmçinin 01.01.2006-ci il tarixdən 01.01.2015-ci ilədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı üzrə hesablanmış sığorta hissə (301,93 manat) nəzərə alınmaqla İddiaçı 923761 №-li güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, pensiyasının aylıq məbləği 466,55 manat məbləğində hesablanmış, 01.10.2015-ci il tarixdən ödənişinə başlanılmışdır. Araşdırma zamanı aşkar edilmişdir ki, İddiaçı pensiyası ilə əlaqədar məhkəmə mübahisələrinə pensiya təyinatından 2 il sonra, 2017-ci ilin oktyabr ayından başlanılmışdır. Pensiya işində İddiaçı tərəfindən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması barədə yazılmış heç bir ərizə aşkar olunmadığı halda 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05.01.2018-ci il tarixli 2- 1(82)-641/2018 saylı qərarda qeyd olunanlara əsasən müəyyən olunmuşdur ki, iddiaçı Fondun Suraxanı rayon şöbəsinə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 18.01 2008-ci il tarixdən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əməkhaqqı əsas götürülməklə təyin olunması üçün müraciət etmiş, lakin şöbənin vətəndaşa ünvanlanmış cavab (imtina) məktubunda müraciətinin təmin edilməsinin mümkün olmadığı barədə məlumat verilmişdir. Məhkəmənin iş üzrə 25.10.2017-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası İPM-nin 47.2-ci maddəsinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Lakin şöbənin yazılı münasibəti barədə məhkəmə qərarında heç bir məlumat verilməmiş, şöbənin yuxarıda qeyd edilən vətəndaşa imtina məktubuna istinad edilməklə işə baxıldığı haqqında qeydlər aşkarlanmışdır. Belə ki, şöbənin 04.12.2017-ci il tarixli 18/04-7169 saylı məktubunda qeyd olunmuşdur ki, iddiaçının 18.01.2015-ci il tarixdən işlədiyi peşə və vəzifələrin xarakterinə uyğun 01.01.2006-cı il tarixədək 29 il 6 ay ümumi iş stajı nəzərə alınmaqla 01.07.2017-ci il tarixədək qüvvədə olan pensiyalar haqqında qanunun 9-cu maddəsinə uyğun 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı şöbəyə qarşı 05.12.2017-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun 19.02.1981-ci ildən 14.10.1991-ci ilə kimi işlədiyi illərin güzəştli iş stajı kimi nəzərə almaqla 2004-2005-ci illərin əməkhaqqısı əsasında 18.01.2008-ci il tarixdən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı şöbəyə qarşı qaldırdığı iddiaya baxılaraq 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05.01.2018-ci il tarixli (İş № 2-1 (82)-641/2018) qəbul etdiyi qərarı ilə vətəndaşın iddiası təmin edilmişdir. Keçirilən məhkəmə iclasında cavabdeh şöbənin nümayəndəsinin iştirakı təmin olunmuş, həmçinin iddiaçı da iştirak etmişdir. Qərardan apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin 10.04.2018-ci il tarixli qərarı (İş № 2-1(103)- 833/2018) ilə şikayət təmin edilməmişdir. Cavabdeh tərəfindən Bakı Apelyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin İnzibati- İqtisadi Kollegiyasının 24.07.2018-ci il tarixli qərarı ilə (İş № 2-1 (102)-1342/2018) şöbənin şikayəti qismən təmin olunmuş, Bakı Apelyasiya Məhkəməsinin müvafiq qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının müvafiq qərarı ilə şöbənin şikayətinin qismən təmin olunması aşağıdakılarla əsaslandırılmışdır - “Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçının işlədiyi maşinist peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarının 10100000-dağ mədən işləri bölməsində 1010300a-13910 nasos qurğularının maşinistləri peşəsinə uyğun gəlir. Məhkəmənin istinad etdiyi kod və peşə “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı siyahının Dağ-mədən işləri adlanan İ bölməsində qeyd edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərarında konkret olaraq bu hallara istinad etməsə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır, iddiaçının əmək kitabçasına görə onun iş yeri və peşəsi (1981-1991-ci illər) 28 aprel adına Neft və Qazçıxarma idarəsində texnoloji maşınların maşinisti olmuşdur. Məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı siyahısının İ bölməsi Dağ-mədən işlərindən, 1010300a-13910 kodu isə tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s.yeraltı qurğularında yeraltı işlər adlanan 2-ci yarımbölmədə fəhlələr adlanan a) bəndində nasos qurğularının maşinistləri peşəsindən bəhs edilir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni kifayət qədər əsaslandırmamış, iddiaçının iş yerinin adına aydınlıq gətirməmiş, işlədiyi yerdə onun peşəsinin Dağ-mədən bölməsində tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağmədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularında yeraltı işlər adlanan 2-ci yarımbölmədə fəhlələr adlanan a) bəndində nasos qurğularının maşinistləri peşəsinin həqiqətən üst-üstə düşməsinə münasibət bidirməmiş, iddiaçıya məhz 50 yaşdan güzəştli şərtlə pensiya təyin edilməsinin əsaslarını qərarında göstərməmişdir. Apelyasiya instansiyası məhkəməsi qanunvericiliyin qeyd edilən tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, sübutları tam və hərtərəfli qiymətləndirməmiş, iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş peşəsinin həqiqətən 1 saylı Siyahıda olmasını müəyyən etməmişdir. İşdən görünür ki, iddiaçı istər ərizəsində, istərsə də məhkəmə iclaslarında işlədiyi peşənin 1 nömrəli Siyahıda olan hansı peşə ilə uyğun gəlməsini göstərməmiş, məhkəmə iddiaçı ilə 1 saylı Siyahıda adları qeyd edilən hansı peşədə işləməsi barədə sorğu-sual aparmamış, zərurət olarsa, bu barədə iddiaçının iş yerinə sorğu etməmişdir. Cavabdeh iddiaçıya 57 yaşdan güzəştli şərtlə pensiya təyin etməsini bildirmiş, məhkəmə iddiaçıya 57 yaşdan güzəştli şərtlə pensiya təyin edilməsinin əsaslarını aydınlaşdırmamış, cavabdehin dəlillərinə münasibət bildirməmiş, bununla bağlı hüquqi qiymətləndirmə aparmamışdır.” Bakı Apelyasiya Məhkəməsində yeni apelyasiya qaydasında işə təkrar baxılmış, 04.10.2018-ci il tarixli qərar (İş №2-1(103)- 2345/2018) qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qərarında qeyd olunanlara əsasən müəyyən edilmişdir ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının sözügedən qərarında əvvəlki məhkəmə instansiyaları tərəfindən keçirilmiş iclaslarda və qəbul etdiyi qərarlarda mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən çoxsaylı nöqsanlara yol verildiyi bildirilsə də, işə təkrar baxılarkən analoji halların təkrarlandığı müşahidə edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin kollegiyası hesab etmişdir ki, 1-ci instansiyanın qərarında texniki səhvə (aşkar yanlışlığa) yol verilərək vətəndaşın 28 aprel adına Neft və Qazçıxarma İdarəsində işlədiyi peşənin kodunu Nazirlər Kabinetinin 2007-ci il 23.01.2007-ci tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “1 nömrəli Siyahıda neft-qaz çıxarma sahəsində istehsalatlar, işlər, peşələr, və vəzifələr yalnız “11000000 - Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” adlanan X bölməsində göstərilən müvafiq koda yox, iddiaçının işlədiyi peşəsinə tamamilə aid olmayan “Dağ-mədən işləri” adlanan İ bölməsində qeyd olunan koda uyğun olduğu göstərilmişdir. Qərarda qeyd olunanlara əsasən kollegiya tərəfindən Ali Məhkəmənin sadaladığı digər iradlar ətrafında araşdırmanın aparılmadığı aşkar edilmiş, şöbənin apelyasiya şikayəti təmin olunmamış, yenə də əvvələ qayıdaraq 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05.01.2018-ci il tarixli, 2-1(82)-641/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Şöbə tərəfindən Bakı Apelyasiya Məhkəməsinin iş üzrə sonuncu qərarından kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 22.01.2019-cu il tarixli qərarı ilə (İş № 2-1 (102)-225/2019) Bakı Apelyasiya Məhkəməsi tərəfindən vətəndaşın peşəsinin aidiyyəti üzrə düzgün kodlaşdırıldığı əsaslandırılaraq şöbənin şikayəti təmin olunmamış, əvvəlki qərarında sadalanmış irad və xüsusatlar barədə mübahisələndirmələr aparılmadan Bakı Apelyasiya Məhkəməsinin 04.10.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı iddiası üzrə Bakı Apelyasiya Məhkəməsinin ikinci-sonuncu qərarında qeyd olunanlara əsasən məhkəmə iclası barədə məlumatlandırılmış iddiaçının məhkəmə iclasına gəlmədiyinə baxmayaraq iddiaya baxılmış və təmin olunmuşdur. Ali Məhkəmənin birinci iclasında iddiaçı və ya vəkili istisna olmaqla şöbənin vəkili X3 iştirak etmişdir. Ali Məhkəmənin ikinci-sonuncu iclasında tərəflərdən heç biri iştirak etməmişdir. Pensiya işinə tikilmiş və “BUE Caspian Ltd” şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinin möhürü ilə təsdiq olunmuş əmək kitabçasının surətinə əsasən İddiaçı 01.07.1975-26.04.1977-ci il dövr ərzində SSRİ Nazirlər Sovetinin Quraşdırma və Xüsusi İnşaat İşləri İdarəsinin “Azərsənayeelektroquraşdırma” Trestinin İkinci Bakı quraşdırma idarəsində fəhlə və elektrik montyoru, 24.03.1980- 03.02.1981-ci il dövr ərzində B.Sərdarov adına Maşınqayırma zavodunda daşıyıcı və frezerçi şagirdi, 19.02.1981-14.10.1991-ci il dövr ərzində 28 aprel adına Neft və Qazçıxarma idarəsində texnoloji maşınların maşinisti (1981-1983), səyyar kompressorların maşinisti (1983-1991), 18.10.1991-03.01.1995-ci il dövr ərzində Azərbaycan Respublikası Dövlət Ekologiya və X1 Komitəsinin Xəzər dənizi təbii ehtiyatlarının mühafizəsi və istifadəsinin tənzimlənməsi üzrə dövlət müfəttişliyinin Dövlət Xəzər mühafizəsində “Nava” gəmisinin kapitanının köməkçisi (1991-1993), matros (1993-1994), kapitanın böyük köməkçisi (1994-1995), 18.01.1995- 23.12.1999-cu il dövr ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Xəzərdənizneftdonanma” idarəsinin “Samur” gəmisinin kapitanının 2-ci köməkçisi (1995), “Om” gəmisinin kapitanının böyük köməkçisi (1995- 1998), “Nefteqaz-10” gəmisinin kapitanının böyük köməkçisi (1998-1999), 24.12.1999- 26.02.2016-cı il dövr ərzində “BUE Caspian Ltd” şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinin gəmilərində kapitan köməkçisi və kapitan vəzifələrində çalışmış, 23.05.2017-ci il tarixdən hazıradək həmin şirkətin gəmilərində kapitan işləməkdə davam edir. Pensiya işinə tikilmiş və notarial qaydada təsdiq olunmuş hərbi biletin surətinə əsasən İddiaçı 1977-1979-cu illərdə hərbi xidmətdə olmuşdur. Məhkəmə qərarlarından göründüyü kimi, məhkəmə kollegiyaları tərəfindən Qanunun 9.8-ci “Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir” maddəsi əsas götürülərək “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq mübahisələndirilmişdir. Belə ki, qeyd olunan qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Həmin dəyişikliyə kimi 13-cü maddənin a) bəndində kişilər azı 20 il iş stajı olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə (1 №-li Siyahı üzrə nəzərdə tutulmuş) çalışdıqları halda 50 yaşına çatdıqda güzəştli şərtlərlə yaşa görə pensiya hüququ qazanırdılar. Lakin xx.xx.1958-ci il təvəllüdlü vətəndaşın 01.08.1997-ci il tarixində 39 yaşı var idi və həmin tarixdə vətəndaşın pensiya hüququ yaranmırdı. Eyni zamanda 1997-2000-ci il ərzində yaş həddinin artırılması ilə kişilərin pensiya yaşı 52 yaşına çatdırılmış, vətəndaş isə 42 yaşına çatmışdır. Göründüyü kimi 01.08.1997-ci il tarixədək vətəndaş 20 il ümumi və 10 il xüsusi iş stajını topladığına baxmayaraq yaşı imkan vermədiyinə görə pensiya hüququ qazanmır. Əmək pensiyaları üzrə yaş həddinin artırılması isə qanunun təkcə 13-cü deyil, 12-ci, 15-ci 16-cı, 19-cu, 35-ci və 40-cı maddələrində, habelə sosial pensiyaların təyinində də tətbiq edilmişdir. Bunlardan əlavə yaş həddinin artırılması 1 №-li Siyahı üzrə deyil, 2 №-li Siyahı üzrə nəzərdə tutulmuş kişi və qadınlara münasibətdə də tətbiq edilmişdir. Qanunun 9.8-ci maddəsinin şərtləri daxilində 39 yaşlı vətəndaşın pensiya hüququna 1997-ci ildəki qanunvericiliklə nəzərdə tutulmuş 50 yaşdan təyin edilməsi isə göründüyü kimi qanunvericiliklə ziddiyyət təşkil edir. Vətəndaş güzəştli şərtlərlə əmək pensiyası hüququnu müvafiq sosial sığorta stajı imkanları hesabına 52 yaşdan qazana bilir. İddiaçı 1 №- li Siyahı üzrə 52 yaşdan pensiya hüququnu müəyyən etmək üçün 1981-1991-ci illərin ağır və zərərli əmək stajı ilkin sənədlərlə və həmin dövrdə hesablanmış əməkhaqları sənədləri ilə ciddi araşdırıldıqdan və qanunvericiliklə tələblərinə uyğunluğu təsdiq edildikdən sonra pensiya hüququna baxıla bilər. Əlavə olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 21 noyabr 2011-ci il tarixli 17 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 2-ci bölməsinin 2.1.6-2.1,8-ci bəndlərində güzəştli şərtlərlə əmək pensiyası hüququ ilə bağlı ətraflı məlumat verilməklə və misallar göstərilməklə Qanunun 9.1 və 9.8-ci maddələrinin tələbləri geniş şərh edilmişdir. Qeyd olunanlarla yanaşı, 2006-cı ilin 1 yanvarından qüvvədə olan Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 2017-ci ilin 1 iyulundan Qanunun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən (güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Güzəştli siyahı qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunan zaman tətbiq edilir. Güzəştli siyahıda nəzərdə tutulan işləri Qanunun 9.1-ci və 9.8-ci maddəsindəki şərtlər üzrə tam iş günü ərzində yerinə yetirən işçilər güzəştli şərtlərlə pensiya hüququ qazanırlar. Məhkəmə qərarlarından göründüyü kimi, 28 aprel adına Neft və Qazçıxarma idarəsində texnoloji maşınların maşinisti və səyyar kompressorların maşinisti peşəsi üzrə işlədiyi 19.02.1981-ci ildən 14.10.1991-ci ilədək olan müddət nəzərə alınmaqla İddiaçı güzəştli şərtlərlə pensiya təyinatı barədə qərar qəbul edilmişdir. Lakin yuxarıda qeyd edildiyi kimi məhkəmə instansiyalarında vətəndaşın istinad edilən iş yerindən onun zərərli və ağır olan işlərdə işləməsini təsdiq edən müvafiq rəsmi sənədlərin, o cümlədən güzəştli arayışın alınması təmin edilməmiş və ya tələb edilməmiş, xüsusilə zərərli və xüsusilə ağır işlərdə işləməsi və peşəsi barədə zəruri tədqiqat işləri aparılmamış, pensiyanın hansı təşkilatın əməkhaqqına əsasən hesablanması barədə heç bir məlumat qeyd edilməmiş, qərarlarda xüsusi vurğulanan onun dəniz şəraitində işlədiyi barədə əsaslı sənədlər olmadan iddia tələbi təmin edilmişdir. Beləliklə göstərilənlər təsdiq edir ki, məhkəmə baxışı formal olaraq keçirilmiş, məhkəmə qərarının tərtibi və rəsmiləşdirilməsi zamanı şablon mətnlərdən istifadə edilmiş, ümumi mülahizələr əsasında qərarlar qəbul edilmiş, hədəf və məhkəmə predmeti vətəndaşa təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və iri məbləğdə yaranmış fərqin (vəsaitin) birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması olmuşdur. Şöbə tərəfindən də vətəndaşın iş yerindən onun 1 №-li Siyahı üzrə xüsusilə zərərli və ağır olan işlərdə işləməsini təsdiq edən güzəştli arayışın, habelə pensiya məbləğinin hesablanması zamanı nəzərə alınmış 2004-2005-ci illərin əməkhaqlarına görə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə Nazirlik tabeliyində Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti qurumlarından zəruri arayışın alınması təmin və tələb edilməmişdir. Bununla belə pensiyanın təyin edilməsi barədə qərarın rəsmiləşdirildiyi 2015-ci il tarixədək İddiaçı 7 il əvvəl, yəni 2008-ci ildən 1 №-li Siyahı əsasında güzəştli şərtlərlə pensiya hüququ yaranmışdırsa, onun pensiya təyinatı üçün aidiyyəti qurumlara müraciət etməməsi və ya hansısa səbəblərdən güzəştli şərtlərlə pensiya təyin edilməməsi onun 50 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun yaranmaması, müvafiq qanunvericiliyin tələblərinə və şərtlərinə zidd olması kimi səciyyələndirmək olar. Yuxarıda qeyd olunduğu kimi 01.01.2015ci ildən İddiaçı əmək pensiyasının aylıq məbləği 466,55 manat, 01.01,2016-cı ildən 554,08 manat, 01,02.2016-cı ildən 564,08 manat, 01.01,2017-ci ildən 620,38 manat, 01.01,2018-ci ildən 655,74 manat, 01.01.2019-cu ildən 675,41 manat təşkil etməklə avtomatlaşdırılmış qaydada istehlak qiymətləri indeksinə uyğun olaraq artırılmaqla ödənilmişdir. Məhkəmələrdə proses vətəndaşın xeyrinə başa çatdıqdan sonra məhkəmə qərarları və digər sənədlərə, o cümlədən “BUE Caspian Ltd” şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyi tərəfindən təsdiq və təqdim edilmiş 09.03.2017-ci il tarixli 2004-2005-ci illər üzrə əməkhaqqı arayışı əsas götürülməklə şöbənin tarixi olmayan sərəncamı əsasında İddiaçı təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 18.01.2008-ci il tarixdən 50 yaşının tamam olduğu gündən Qanunun 9.8-ci maddəsinin şərtlərinə əsasən əmək kitabçası üzrə 2006-cı ilədək hesablanmış 29 il 6 ay sosial sığorta stajı nəzərə alınmaqla yenidən hesablanmışdır. 18.01.2008-ci il tarixdən 609,88 manat məbləğində müəyyən olunmuş pensiyanın aylıq məbləği müvafiq dövrlər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməklə və pensiyasının baza hissəsi artırılmaqla 01.09.2008-ci il tarixdən 624,88, 01.01,2009-cu il tarixdən 739,25, 01.01.2010-cu il tarixdən 749,23, 01,09.2010-cu il tarixdən 759,23, 01.01.2011-ci il tarixdən 797,65, 01.01.2012-ci il tarixdən 853,94, 01.01.2013-cü il tarixdən 862,39, 01,09.2013-cu il tarixdən 877,39, 01.01.2014-cü il tarixdən 896,05, 01.01,2015-ci il tarixdən 907,18, 01.01 2016-cı il tarixdən 939,46, 01.02.2016-cı il tarixdən 949,46, 01.01.2017-ci il tarixdən 1053,55, 01.01.2018-ci il tarixdən 1113,60, 01.01.2019-cu il tarixdən 1147,0 manatla hesablanmış, 01.04.2019-cu il tarixdən 6 illik (daha dəqiq 2008-2018-ci illərin kapitalı nəzərə alınmaqla 11 illik) pensiya kapitalı əsasında yenidən hesablanmaqla aylıq məbləğinin üzərinə 1304,13 manat əlavə olunmaqla 2451,13 manata çatdırılmış, 01,02.2020-ci il tarixədək ödənişi aparılmış, araşdırma ilə əlaqədar həmin tarixdən ödəniş dayandırılmışdır. İddiaçı 1 №-li Siyahı əsasında güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi istiqamətində 1981-1991-ci illər üzrə işlədiyi istehsalat sahəsinin ağır dəniz şəraitində və peşəsinin də həmin sahələrə aid olmasını sübut edən güzəştli arayış alındıqdan və həmin arayışın düzgünlüyü yoxlanıldıqdan sonra 52 yaşından 18.01.2010-cu il tarixdən, 01.01.2010-cu il tarixdən Qanuna edilmiş dəyişikliklərə əsaslanaraq pensiyanın hesablanmasının yeni qaydaları tətbiq edilməklə (son 24 ay və ya istənilən ardıcıl gələn 60 ay ərzindəki əməkhaqqı üzrə hesablanma ləğv edilmişdir) pensiya təyinatı aparılmalıdır. Belə ki, məhkəmə qərarları nəzərə alınmadan vətəndaşın aylıq pensiyası 18.01.2010-cu ildən 194,69 manat, 01.09.2010-cu ildən 204,69 manat, 01.01.2011-ci ildən 211,51 manat, 01.01.2012-ci ildən 221,50 manat, 01.01.2013-cü ildən 223,0 manat, 01,09.2013-cü ildən 238,0 manat, 01.01.2014-cü ildən 241,31 manat, 01.01,2015-ci ildən 243,28 manat, 01.01.2016-cı ildən 249,01 manat, 01,02.2016-cı ildən 259,01 manat, 26.02.2016-cı ildən işdən azad olunması ilə əlaqədar 01.01.2010- 01.01.2016-cı il dövr üzrə fərdi hesabda həmin dövrdə qanunvericiliklə 50%-lə qeydə alınmış 56656,89 manat pensiya kapitalı üzrə (72-yə bölünməklə) hesablanmış 786,90 manat sığorta hissə nəzərə alınmaqla pensiyanın aylıq məbləği 1045,91 manat, 01.01.2017-ci ildən 1161,96 manat, 01.01.2018-ci ildən 1228,19 manat, 01.01.2019-cu ildən 1265,04 manat, 01.01.2020-ci ildən indeksləşdirmə artımı ilə 1475,04 manat təşkil etməlidir. İddiaçı işləməkdə davam edərsə, onun yazılı müraciəti əsasında və Qanunun 37ci maddəsinin şərtlərinə görə 6 illik pensiya kapitalı əsasında pensiyasının aylıq məbləği 01.06.2023-cü il tarixdən yenidən hesablana bilər. Göründüyü kimi 01.01.2020-ci il tarixi vəziyyətinə vətəndaşın pensiyasının aylıq məbləğinin 1265,04 manata qarşı 2451,13 manatla (2 dəfəyə yaxın çox) təyin olunmasına və ödənilməsinə nail olunmuşdur. Beləliklə şöbə tərəfindən məhkəmə qərarları əsasında İddiaçı pensiyasının yenidən hesablanılması və 01.02.2020-ci il tarixədək ödənilməsi nəticəsində plastik kart hesabına külli miqdarda əsassız pensiya məbləği köçürülmüşdür. Əlavə olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 8 fevral 2019-cu il tarixli **********2 nömrəli Əmri ilə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi (hazırda eyni adlı Mərkəzi Filial) yaradılmış və İdarənin Əsasnaməsi təsdiq edilmişdir. Əsasnaməyə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 9-cu və 20-ci maddələrinə əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi İdarənin səlahiyyətlərinə aid edilmişdir (Əmrin surəti əlavə olunur). Eyni zamanda Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 30 aprel 2019-cu il tarixli **********7 nömrəli məktubuna əsasən 2019-cu ilin 10 may tarixinədək Fondun rayon (şəhər) şöbələri tərəfindən Qanunun qeyd olunan maddələrinə əsasən pensiya təyin edilmiş şəxslərin pensiya işlərinin Mərkəzi Filiala təhvil verilməsi nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-641/2018 saylı, 05 yanvar 2018-ci il tarixli qərarının ləğv edilməsi və iş üzrə icraatın təzələnməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-641/2018 saylı 01 iyul 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. (hakim: F.Mədətli) Həmin qərardaddan İddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və yeni açılmış hallarla bağlı ərizənin rədd edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərardad qəbul edərkən yeni açılmış hal kimi aşağıdakı arqumentləri əsas götürmüşdür: 1. İşə baxan məhkəmələr tərəfindən iddiaçının zərərli peşələrdə işləməsinə dair ətraflı araşdırmanın aparılmaması, həmin dövrlərdə iddiaçının işlədiyi sahələrə dair güzəştli arayışın əldə edilməməsi məhkəmələr tərəfindən iddiaçının işlədiyi dövrün 1 №-li və yaxud 2 №-li siyahıya aid olub-olmamasının müəyyən edilməməsi; 2. İddia tələbində 2004-2005-ci illərin əmək haqqısı ilə hesablanma qeyd olunsa da həmin halın məhkəmələr tərəfindən araşdırılmaması; Bu faktlarla bağlı aşağıdakılar qeyd olunur. Məhkəmə tərəfindən iddiaçının tələbinə baxılmış hər üç instansiya məhkəməsinin hakimləri tərəfindən məhkəmə tədqiqatı aparıldıqdan sonra yekun qərar qəbul edilmişdir. Məhkəmə tədqiqatının aparılmasına dair iradların bildirilməsi ən azından dövlətin adından qəbul edilmiş məhkəmə qərarına hörmətsizlik kimi qəbul edilməlidir. Bununla da dövlət orqanı icrası məcburi olan və qanuni qüvvəsini almış məhkəmə qərarını icra etməkdən yayınma məqsədi güdmüşdür. İşin xronoloji ardıcıllığından görünür ki, hazırkı ərizə qanunsuz və əsassız olaraq dayandırılmış pensiya ödənişinin daha da uzadılması və yekun olaraq həmin qərarın icrasından yayınma məqsədi daşıyır. Göründüyü kimi heç bir yeni sübutdan söhbət gedə bilməz. Ərizədən də göründüyü kimi cavabdehin qeyd etdiyi hallar ən geci ona 01.02.2020-ci il tarixdə bəlli olmuşdur. Belə ki, DSMF orqanı 01.02.2020-ci il tarixdən pensiya ödənişini dayandırmış və bunu ərizədə qeyd etdiyi hallarla əsaslandırmışdır. Eyni zamanda, vəkil sorğusu ilə 28 May NQÇİ-dən alınmış 01-03/132 №-li 24.03.2021-ci il tarixli məktubdan görünür ki, həmin NQÇİ-də ştat cədvəlində mövcud olan “səyyar kompressorların maşinisti” peşəsi AR Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №-li qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahının 10-cu Bölməsinə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Həmin məcəllənin 103.3-cü maddəsinə görə, Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Bundan başqa ərizəçinin öz ərizəsində yeni açılmış hal kimi əsas gətirdiyi sübutlar və hallar işə baxılarkən DSMF orqanına məlum olduğundan İPM-nin 103.1-ci maddəsi üzrə müəyyən olunnmuş üç aylıq müddət də buraxılmışdır. Göründüyü kimi DSMF orqanı 09 aydan sonra məhkəməyə ərizə ilə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsi təhlükəli bir məhkəmə praktikası yaratmaqla hüququn müəyyənliyi prinsipini pozmuşdur. Belə ki, bu mövqe ilə çıxış edilsə o zaman istənilən inzibati orqan və ya vətəndaş hazırda ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi və ya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən vaxtı ilə onun tərəf olduğu iş üzrə qanuni qüvvəsini almış məhkəmə aktından yeni açılmış hallar ilə bağlı ərizə verə bilər. Tərəf həmin ərizədə əsas kimi ləğv edilmiş məhkəmələrin mübahisəyə tam şəkildə araşdırma aparmadan baxılmadığını əsas göstərə bilər. Göründüyü kimi bu hal gülünc olmaqla yanaşı qəbul edilməzdir. İlk öncə qeyd olunmalıdır ki, yeni açılmış hallarla bağlı ərizənin hüquqi təbiəti nəyə xidmət edir. 1. Mübahisəyə baxılarkən tərəfin onun iradəsindən asılı olmayan səbəblər üzündən məhkəməyə təqdim edə bilmədiyi mötəbər sübutun hazırkı vəziyyətdə əldə edilərək məhkəməyə təqdim edilməsi; 2. Həmin halla bağlı məhkəməyə müraciət etmək üçün qanunvericiliyin imperativ şəkildə təsbit etdiyi müddətlərə riayət edilməsinin məcburiliyi; Lakin hazırkı mübahisə üzrə məhkəmənin qəbul etdiyi qərardadda həmin iki hal nəzərə alınmamış və bununla da qanunvericilik normalarının kobud şəkildə pozulması ilə əlaqədar qərardad qəbul edilmişdir. Apelyasiya baxışı zamanı iddiaçının vəkili X4 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və yeni açılmış hallarla bağlı ərizənin rədd edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə iddiaçının vəkilinin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, yeni açılmış hallarla bağlı ərizə mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Həmin Məcəllənin 103.3-cü maddəsinə əsasən bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qərarını apelyasiya və kassasiya instansiya məhkəmələri qüvvədə saxlamış və birinci instansiya məhkəməsinin qərarı qanuni qüvvəsini almış və icra edilməsi üçün 06.03.2019-cu il tarixdə cavabdehə göndərilmişdir. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 10.04.2019-cu il tarixli məktubundan görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-641/2018 saylı iş üzrə qərarı tərəflərindən icra edilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan iş üzrə məhkəmə qərarlarını rəsmi qaydada əldə etdiyindən ərizəsində istinad etdiyi hallar barəsində həmin qərarları əldə edən zaman məlumatlı olsa da yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəni qanunvericiliklə nəzərdə tutulmuş 3 ay müddəti ötürməklə məhkəməyə təqdim etmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin Məcəllənin 79-cu maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Y.Cümşüdovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin 5 dekabr 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03.07.2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması mülki mühakimə icraatının xüsusi növüdür. Bu icraat növü apelyasiya və kassasiya qaydasında işə baxılmasından mahiyyəti üzrə fərqlənir. Yeni açılmış hallar üzrə işə yenidən baxılması mərhələsində məhkəmə səhvləri, məhkəmə qərarlarının əsaslılığı, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsi və ya prosessual qanunvericilik normalarının pozulması və ya digər təftiş məsələləri araşdırılmır. Bu icraat prosesində qərar qəbul edilərkən işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edəcək və ya iş üçün xüsusi əhəmiyyət kəsb edən hallar araşdırılır. İşə yeni açılmış hallar üzrə yenidən baxılmasının mahiyyəti iş üzrə məhkəmə aktının qanuni qüvvəyə minməsindən sonra qanunvericiliklə nəzərdə tutulan şərtlər əsasında işə yenidən baxılmasıdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair icraat qaydaları Mülki Prosessual Məcəllənin 45-ci fəslinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 432.2-ci maddəsi yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxılmasının fərqli, lakin bir-biri ilə əlaqəli olan dörd əsasını müəyyən etmişdir: - məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici materialların aşkar edilməsi; - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və qanunsuz, yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş şahidin bilə-bilə yalan ifadələr verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə düzgün tərcümə etməməsi, sənədlərin və ya maddi sübutların saxtalığı; - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və həmin işə baxılarkən tərəflərin, işdə iştirak edən digər şəxslərin, yaxud onların nümayəndələrinin cinayətkar hərəkətləri və ya hakimlərin cinayətkar əməlləri; - həmin məhkəmə aktlarının çıxarılması üçün əsas olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının, yaxud sair orqanın qərarının ləğv edilməsi. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinad edərək qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyin yeni açılmış hallar üzrə işə yenidən baxılması üçün qoyduğu şərtlər nəticə etibarı ilə hüquqi müəyyənlik prinsipinin qorunmasına xidmət edir və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının əsassız ləğvinin qarşısını almaq məqsədini güdür. Məhkəmə təcrübəsində hüquqi müəyyənlik prinsipinin əsas meyarı son məhkəmə instansiyası qərarının mübahisələndirilməməsidir. Əks halda ədalət mühakiməsinin təminatı uzun müddətə artırıla bilər və hər hansı bir ağlabatan müddətin pozulmasına səbəb ola bilər. Digər tərəfdən isə istənilən zaman son məhkəmə qərarının yenidən baxılıb ləğv edilməsi insanlarda ümumiyyətlə məhkəmə qərarlarına və ədalət mühakiməsinə inamı zəiflədə bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında bildirmişdir ki, məhkəmə təcrübəsində “res judicata” (artıq həll olunmuş iş) prinsipi qorunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı yenidən mübahisələndirilməməlidir. Hüquqi müəyyənliyin əsas amili ondan ibarətdir ki, tərəflərdən heç birinin həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədi ilə qüvvəyə minmiş yekun məhkəmə qərarına yenidən baxılmasını tələb etmək imkanı olmamalıdır. Mülki Prosessual Məcəllənin 432.2.1-ci maddəsinə gəldikdə isə qeyd edilməlidir ki, işə əvvəllər baxılarkən məlum olmayan materialların iş üçün həlledici əhəmiyyətə malik olması onda ifadə olunur ki, belə hallar (materiallar) işə baxılması zamanı məlum olsaydı, başqa məzmunda məhkəmə aktı qəbul edilmiş olardı. Bununla yanaşı bu maddənin məzmununa görə, yeni açılmış hallar işə baxıldığı zaman mövcud, lakin məhkəməyə təqdim edilməmiş olmalıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Konstitusiyanın 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Bu təminat əksər hallarda yalnız məhkəmə müdafiəsi yolu ilə həyata keçirilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Həmin hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə mümkün sayılmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-641/2018 saylı 01 iyul 2021-ci il tarixli qərardadı ləğv edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizəsi mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2436/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2436/2021
16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver