Məhkəmə qərarları › İş №2-1(103)-2436/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2436/2025

04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2436/2025 04.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X7 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndələri X9 və X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödənilmiş vergi məbləğinin geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2220/2025 nömrəli, 19 fevral 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək X10 və X6 arasında xx.xx.2023-cü il tarixində bağlanmış AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən dövlət büdcəsinə artıq ödənilmiş 19706,63 manat sadələşdirilmiş verginin ona qaytarılması ilə əlaqədar cavabdeh üzərinə düşən (qaydalara əsasən) öhdəliklərin icra olunması ilə əlaqədar onun üzərinə öhdəliyinin qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illərdir ki, notariat fəaliyyəti ilə məşğul olur. X10 özünə məxsus olan ünvan 1 ünvanında yerləşən 0,06534 torpaq sahəsinin istifadəsində olan 583,9 kv.m. ibarət olan qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi məqsədilə alıcı "xxxx" MMC arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 4 a bəndinə əsasən satıcı Emin Qarayevdən daşınmaz əmlakın təqdim edilməsinə görə ümumilikdə 19706,63 manat sadələşdirilmiş əmlak vergisi tutularaq büdcəyə ödənilmişdir. Müqaviləyə əsasən ümumilikdə əmlakın qiyməti 900000 manat məbləğində müəyyənləşdirilmiş və ilk hissəsi 150000 manat alqısatqı zamanı, qalan hissəsi isə xx.xx.2020-ci ilə qədər ödənilməli idi. Lakin sonradan, yəni xx.xx.2023-cü il tarixində həmin daşınmaz əmlakın alqı-satqı müqaviləsi tərəflərin qarşılıqlı razılığa əsasən ləğv olunmuş və bu haqda tərəflər arasında müvafiq xx.xx.2023-cü il tarixli “Müqavilənin ləğvinə dair” Müqavilə bağlanmışdır. Müqaviləyə əsasən xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi ləğv edilmişdir. Daha sonra bir neçə müddət keçdikdə xx.xx.2023-cü ildə əmlakın mülkiyyətçisi Emin Qarayev alıcı X6 ilə alqı-satqı müqaviləsi bağlamış və həmin müqaviləyə əsasən yuxarıda qeyd edilmiş daşınmaz əmlakı ümumilikdə 880000 manata satmışdır. Həmin Müqavilənin 4 a bəndinə əsasən ümümlikdə 19706,63 manat sadələşdirilmiş əmlak vergisi tutularaq büdcəyə ödənilmişdir. Lakin qeyd edir ki, bu vergi düzgün tutulmamış və müqavilə bağlandığı zaman əmlak vergisi tutulmalı deyildir. Çünki, 2020-ci il tarixli alqısatqı müqaviləsinin bağlandığı zaman əmlak vergisi ödənilmiş və həmin müqavilə 2023-cü ildə ləğv olunmasına baxmayaraq, yenidən bir əmlak üzrə təkrarən vergi tutularaq dövlət büdcəsinə ödənilmişdir. Yaranmış vəziyyətin bərpa olunması məqsədilə iddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ilk dəfə hələ 2023-cü ildə ərizə ilə müraciət etmişdir. Lakin, cavabdeh Vergi Məcəlləsinin 85.5-ci maddəsinə istinad edərək artıq (düzgün tutulmamış) ödənilmiş vergidən 3 il müddətin keçdiyini bildirmişdir. Daha sonra isə məktubda Qaydalarda nəzərdə tutulmuş ərizə forma ilə müraciət olunduqdan sonra münasibət bildirəcəklərini məktubda qeyd olunmuşdur. Bundan sonra ona yenə də təkrarən müraciət etsə də, müraciətləri təmin olunmamışdır. Cavabdeh üzərinə düşən vəzifələri yerinə yetirməkdən dolayı yolla boyun qaçırır. Ona görə də, həmin öhdəliklərin məcburi şəkildə cavabdeh tərəfindən yerinə yetirilməsi məqsədilə məhkəmə tərəfindən müvafiq qərar çıxarılmalıdır. Hesab edir ki, iddiası əsaslıdır və cavabdehin qərəzli və qanunsuz hərəkətlərinə görə artıq ödənilmiş vergi pulunun qaytarıması bu günə qədər öz müsbət həllini tapamamışdır. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli **********048200 saylı ərizə ilə artıq ödəmə ilə bağlı cavabdehə müraciət ünvanlanmış, xx.xx.2024-cü il tarixli **********302900 saylı məktubla müraciət cavablandırılaraq bildirilmişdir ki, iddiaçı tərəfindən daşınmaz əmlakın mülkiyyət sənədlərinin (alqı-satqı,ləğv müqaviləsi, şəxsiyyət vəsiqələri, çıxarış və s) əlavə edilmədiyi üçün müraciətə baxılması mümkün olmamışdır. Həmçinin qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təkrar müraciət ediləcəyi təqdirdə artıq ödəmənin qaytarılması məsələsinə qanunamüvafiq qaydada baxılacağı bildirilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli, **********904800 nömrəli məktubla cavabdehə müraciət etmiş, 19706,63 manat sadələşdirilmiş vergi məbləğinin geri qaytarılması üçün 3 ildən çox müddət keçdiyindən həmin dövr üzrə müvafiq bəyannaməyə dəqiqləşdirilmiş hesabat verməyin mümkün olmadığını, şəxsi hesab vərəqəsində artıq ödəmənin yaradılmasına və artıq ödəmənin geri qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. İşin faktiki hallarından və vergi ödəyicisi ilə vergi orqanı arasında aparılan yazışmalardan da göründüyü kimi vergi orqanı tərəfindən dəqiqləşdirilmiş bəyannamə verməyə münasibətdə müddət axımının başa çatdığı bildirilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazla oxşar məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2220/2025 nömrəli, 19 fevral 2025-ci il tarixli qərarı (hakim: E.Abdullayev) ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya etiraza uyğun yazılmış və onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.2024-cü il tarixli ilk müraciətində müvafiq sənədlərin əlavə edilmədiyi səbəbindən müraciətə baxılması mümkün olmamış, xx.xx.2024-cü il tarixli müraciətində isə iddiaçı özü Vergi Məcəlləsinin 85.5-ci maddəsinə istinad edərək, qanunvericiliyə əsasən artıq ödəmə yarada bilmədiyi üçün şəxsi hesab vərəqəsində artıq ödəmənin yaradılmasına köməklik göstərilməsini və yaradılmış artıq ödəmənin (19706.63 azn) vergi məbləğinin geri qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh vergi orqanı isə üzrə Vergi Məcəlləsinin müvafiq maddəsi üzrə müddət axımı başa çatdığından müraciətin icrasının təmin edilməsinin mümkün olmadığını iddiaçıya bildirmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası cavabdehin nümayəndələrini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Belə ki, hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı subyektiv hüquqa malikdir, iddiaçı vergi ödəyicisi kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdadır. İddiaçı hazırkı iddia tələbində yaşayış sahəsinin alqı-satqı müqaviləsinə görə artıq ödənilmiş sadələşdirilmiş verginin ona qaytarılması barədə hərəkətlərin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş iddaçı İddiaçı tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli “artıq ödənilmiş vergilərin, qaytarılması barədə” ərizəsindən görünür ki, iddiaçı tərəfindən elektron qaydada ərizə ilə vergi orqanına müraciət edilmişdir. Göründüyü kimi iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 15.1 və 15.1.4-cü maddələrinə əsasən, artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququdur. - 24.0 və 24.0.10-cu maddələrinə əsasən, vergi orqanları vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə borcludurlar. - 59.3-cü maddəsinə əsasən müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. Vergi ödəyicisinin artıq ödənilmiş məbləğlərin qaytarılmasına dair ərizə verdiyi müddətdən 45 gün ərzində (bu Məcəllənin 179.1-ci maddəsi ilə müəyyən edilən halda 20 gün, 179.2-ci maddəsi ilə müəyyən edilən halda isə 4 ay ərzində) məbləğ qaytarılarsa, faizlər vergi ödəyicisinə qaytarılmır. - 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. - 87.1-ci maddəsinə əsasən, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir (maddə 87.1.1) və ya vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir (maddə 87.1.2). 87.3-cü maddəsinə əsasən, bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. - 87.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. - 87.4-cü maddəsinə əsasən, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın: - 3.1-ci bəndinə əsasən vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. - 4.1-ci bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar Vergi Məcəlləsinin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; 4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; 4.1.3. Bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər; 4.1.3-1. Rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə məbləğlərin vergi ödəyicisinin borcu olmadığı halda 20 gün ərzində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər. - 4.2-ci bəndinə əsasən vergi orqanları artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.2.4. büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin sığortaedənin yazılı ərizəsinə əsasən 45 gün ərzində qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər. - 4.5-ci bəndinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılması üçün müəyyən edilmiş 45 günlük və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş 20 günlük müddət vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının bu barədə ərizə verdiyi gündən və bu Qaydaların 4.8-ci bəndinin ikinci cümləsində nəzərdə tutulmuş müddət vergi ödəyicisinin bu barədə elektron ərizə verdiyi gündən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların xəzinə hesabından (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına münasibətdə müvafiq olaraq dövlət sosial müdafiə fondunun, işsizlikdən sığorta fondunun və icbari tibbi sığorta fondunun xəzinə hesabından) çıxdığı günədək olan dövrü əhatə edir. - 6.1-ci bəndinə görə vergi ödəyicisi, sığortaedən və ya sığortalı tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir. - 6.2-ci bəndinə görə vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının artıq ödənilmiş məbləğlərinin qaytarılmasına dair vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verdiyi müddətdən 45 və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndinin və 4.8-ci bəndinin birinci cümləsi ilə müəyyən edilən halda 20 gün, 4.8-ci bəndinin ikinci cümləsi ilə müəyyən edilən halda isə 4 (dörd) ay müddətində məbləğ qaytarılarsa, vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya faiz ödənilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 48 saylı Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nda göstərilmişdir ki, vergi ödəyicisi ondan düzgün tutulmamış və ya artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (Vergi Məcəlləsinin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 (beş) il müddətində tələb etmək hüququna malikdir (2.1.). Vergi ödəyicisi Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir (3.1.). Bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı və ya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 Sistemində yaradılmış “Vahid elektron lövhə” bölməsi vasitəsilə tərtib edilmiş elektron (tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş vergilər üzrə təqdim edilmiş ərizələr istisna olmaqla) ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər (4.1.3.). Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların müddəalarından görünür ki, “artıq ödənilmiş vergilər geri qaytarılması” dedikdə vergi ödəyici tərəfindən hər hansı səbəbə görə artıq tutulmuş vergi məbləğlərinin geri qaytarılması başa düşülür. Geriqaytarmanı tələb etmək isə vergi ödəyicisinin hüququ, onu müəyyən edilmiş qaydada təmin etmək isə vergi orqanının vəzifəsidir. Bu vəzifənin icrası və hüququn həyata keçirilməsi VM-nin və “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması” Qaydalarının müddəaları ilə tənzimlənir. VM bu cür məbləğlərin digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi və ya vergi ödəyicisinin razılığı ilə sonraki öhdəliklər üzrə borcların ödəmələrin hesabına aid edilməsini mümkün sayır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İşin hallarından görünür ki, AN-İ seriyalı ******* nömrəli 27 fevral 2020-ci il tarixli Daşınmaz Əmlakın AlqıSatqı Müqaviləsinə əsasən X10 ünvan 3 ünvanında yerləşən, 0.06534 ha torpaq sahəsinin istifadəsində olan, ü/s 583.9 kv.m.-dən ibarət qeyri-yaşayış binasını (ictimai-iaşə obyektini) "xxxx" MMC-yə satmışdır. 27 fevral 2020-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı 19707 manat məbləğində pul vəsaitini Vergilər Nazirliyi Milli Gəlirlər Departamentinin hesabına ödəmişdir. 31 may 2023-cü il tarixli Müqavilənin ləğvinə dair müqaviləyə əsasən AN-İ seriyalı ******* nömrəli 27 fevral 2020-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə xitam verilmişdir. AN-İ seriyalı ******* nömrəli 06 iyun 2023-cü il tarixli Daşınmaz Əmlakın AlqıSatqı Müqaviləsinə əsasən X10 ünvan 3 ünvanında yerləşən, 0.06534 ha torpaq sahəsinin istifadəsində olan, ü/s 583.9 kv.m.-dən ibarət qeyri-yaşayış binasını X1. 06 oktyabr 2023-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı 19707 manat məbləğində pul vəsaitini Vergilər Nazirliyi Milli Gəlirlər Departamentinin hesabına ödəmişdir. Yuxarıda qeyd edilən qanunvericilik normalarından görünür ki, vergi ödəyiciləri ödəmə dövründən sonra 5 il müddətinə artıq ödənilmiş vergilərin dövlət büdcəsindən geri qaytarılmasını tələb edə bilərlər. Cavabdeh isə iddiaçının xahişini təmin etməkdən imtina etmişdir. Cavabdehin imtinasının, apellyasiya şikayətinin dəlili dəqiqləşdirilmiş bəyannamə verməyə münasibətdə müddət axımının başa çatmasından ibarətdir. Belə ki, 3 ildən çox müddət keçdiyindən müvafiq dövr üzrə bəyannaməyə dəqiqləşdirilmiş hesabat vermək mümkün olmamışdır. Məhkəmə kollegiyası hazırki mübahisəyə münasibətdə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, işdən göründüyü kimi X10 ilə "xxxx" MMC arasında 27 fevral 2020-ci il tarixli müqavilə 31 may 2023-cü il tarixində ləğv edilmiş, sözügedən əmlak 06 iyun 2023-cü il tarixli müqavilə ilə X2 və həmin alqı-satqı müqaviləsinə əsasən 19706.63 manat vergi ödənilmişdir. İddiaçı hazırda əvvəlki müqavilənin ləğv edilməsi əsasından çıxış edərək alqı-satqı müqaviləsi üzrə ödənilmiş vergi məbləğinin geri qaytarılması barədə rəy verilməsini tələb edir. Cavabdeh inzibati orqan isə 2020-ci il üzrə müqaviləyə əsasən ödənilmiş vergi məbləğinin geri qaytarılmasına dair dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsinin texniki cəhətdən mümkünsüz olması dəlilinə istinad edir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, iddiaçı 27 fevral 2020-ci il tarixli müqavilənin 31 may 2023-ci il tarixində ləğv ediləcəyini əvvəlcədən bilə bilməzdi və artıq vergi məbləğinin yaranmasına da əsas məhz 2023-cü ildə baş vermişdir. Odur ki, 2020-ci il üzrə bəyannaməyə dəqiqləşdirilmənin həyata keçirilə bilməməsi faktiki olaraq əsaslı iddia tələbinin təmin edilməsinə maneə ola bilməz. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin əsaslandırması düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğundur. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillər formal xarakterli olmaqla hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2220/2025 nömrəli, 19 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar