Məhkəmə qərarları › İş №2-1(103)-2437/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2437/2024

23.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2437/2024 23.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı, Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsinə qarşı əlillik pensiyasının bərpa edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5705/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Nəhkəməsinə müraciət edərək ağır şəkərli diabet xəstəliyi ilə xx.xx.2016-cı il tarixdə çıxdığı əlillik pensiyasının bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: «.16.03..2016-cı il tarixdə ona şəkərli diabetlə 2-ci qrup əlillik dərəcəsi verilmiş, müddətsiz daimi şərtlərlə əlillik pensiyasa verilmişdir. Lakin 2022-ci ildə özbaşınalıqla əlillik pensiyası kəsilmişdir.Pensiyanın dayandırılmasında ərazi poliklinikasının həkiminin təqsiridir. Hesabedir ki,AR Nazirlər Kabinetinin 2020-ci il 12 saylı qərarına əsasən ona müddətsiz olaraq xəstəliklə bağlı pensiya verilməlidir. Lakin ƏƏSM tərəfindən dəfələrlə bildiriblər ki,,guya qanunsuz yollarla pensiyaya çıxmış şəxslərin pensiyası ləğv edilmişdir.» Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5705/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdı ki, qərardad qanunsuz, və əsassızdır və obyektiv deyildir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş və məhkəməyə gəlmədiyi təqdirdə onların iştirakı olmadan işə baxılacağı barədə xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi S.İskəndərova iddianın mümkünsüz olduğunu vurğulayaraq birinci instansiya məhkəməsinin qərardadının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması onu ehtiva edir ki, inzibati məhkəməyə verilən iddia – subyektiv hüququ olan şəxs tərəfindən və inzibati icraat qaydalarına uyğun iddia növünə müvafiq olan və prosessual qanunvericiliyin tələbləri (iddia müddətinə, formasına və s. riayət olunmaqla) qaydasında, cavabdehliyi qanunvericiliklə müəyyən olunan inzibati orqana qarşı qaldırıldıqda və iddiaçının hüquq və azadlıqlarının pozulması (müvafiq sübutlar da əlavə edilməklə) formal olaraq əsaslandırıldığı halda, məhkəmə icraatı mümkündür. Konkret halda, iddiaçının cavabdehə qarşı ona verilən əlillik pensiyasının bərpa edilməsi tələbinin məhkəmə icraatını mümkün edən əsasların mövcudluğu müəyyən olunmur. Çünki, iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçıya ödənilən əlillik pensiyası, qanunvericiliklə müəyyən edilən qaydada ona verilmiş əlilliyini təsdiq edən sənəd əsasında həyata keçirilirdi. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 3.1.17-ci yarımbəndinə əsasən əmək pensiyalarının təyin edilməsini yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətlərinə aid edilmişdir. İddiaçıya əlilliyə görə pensiya ödənişi Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilir. Lakin iddiaçının əlilliyə görə pensiya ödənişinin verilməsi üçün ilk növbədə onun əlilliyinin olub-olmaması müəyyən edilməlidir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında'’ Azərbaycan Respublikasının Qanunun 3.1-ci maddəsinə əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi- sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.3-1-ci maddəsinə görə, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 №li qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən, şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1- dək əlilliyi olan şəxs hesab edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanun və “Əlilliyin qiymətləndirilməsi" Qaydasının yuxarıda qeyd edilmiş müddəalarının təhlilindən görünür ki, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu da məhz, onu nəzərdə tutur ki, əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Qanununvericidiyin qeyd olunan tələblərindən göründüyü kimi, əlillik pensiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən şəxsin əlilliyinin qiymətləndirilməsi həyata keçirildikdən sonra qəbul edilmiş qərarı əsasında əlilliyi müəyyən edələn şəxslərə münasibətdə müvafiq icra hakimiyyyəti tərəfindən təyin edilərək ödənilir. Burada müvafiq icra hakmiyyətinin səlahiyyətlərini isə AR ƏƏSMN tabeliyində DSMF PHŞ tərəfindən, o cümlədən, həmin Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən həyata keçirilir. Konkret halda, birincisi, iddiaçının tələbi ona pensiya ödənişini həyata keçirmiş olan orqana qarşı yönəlməmiş, ikincisi iddia həmin Filiala qarşı verilsə belə, qanunvericiliyin yuxarıda nəzərdə tutduğu qaydalara müvafiq, onun əlillik pensiyasının bərpası mümkün deyil. Çünki, iş materiallarına əsasən müəyyən edilir ki, iddiaçıya sonuncu dəfə xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, əlilliyin müddəti xx.xx.2021-ci il tarixdə bitmiş, onun əlillik vəziyyəti 26 nömrəli şəhər Poliklinikasının göndərişi əsasında xx.xx.2021-ci il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qiymətləndirilərkən isə əlavə müalicəyə ehtiyacının olması əsası ilə əlillik təyinatı aparılmasından imtina edilmiş, Agentliyin həmin imtinası isə onun tərəfindən mübahisələndirilməmişdir. Başqa sözlə, o, artıq əlillik stasunu itirmiş, bu səbəbdən də əlillik pensiyası almaq, o cümlədən, konkret halda, əlillik pensiyaının bərpa edilərək pensiya ödənişinin davam etdirilməsini tələb etmək üçün subyektiv hüququnu da itirmişdir. Beləliklə də, İPM-in 35.1-ci maddəsinin qeyd olunan tələbləri baxımından, hazrıkı iddianın əsaslandırılmış iddia kimi qiymətləndirilməsi istisna olunur. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələbindən isə görünür ki, məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edilir. İşə baxmış birinci instansiya məhkəməsi tərəfindən də məhz, iddiaçıya İPM-in 13-cü maddəsinə müvafiq hüquqi yardım çərçivəsində, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın tələbləri göstərilməklə izah edilmişdir ki, hüquqi marağına çatmaq üçün o, Agentliyin həmin imtinasını mübahisələndirməli və ya Tibb Müəssisəsinə müraciət edərək yeni göndəriş verilməsinə nail olmalı və nəticəsindən asılı olaraq ona əlillik təyinatından imtina edildiyi təqdirdə həmin imtinanı mübahisələndirməlidir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmaması düzgün nəticədir. Ona görə də məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin, həmin qərardadın qanunsuz və əsassız, qeyri-obyektiv olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5705/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d i: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5705/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar