Məhkəmə qərarları › İş №2-1(103)-2438/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2438/2021

17.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2438/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “Ukrayna Mühəndis-Pedaqoji Akademiyası tərəfindən İddiaçı verilmiş 22.08.2018-ci il tarixli, B18 041741 nömrəli bakalavr diplomunun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 16.06.2021-ci il tarixli, 2-1(112)-2566/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Bаkı İnzibаti Məhkəməsinə mürаciət еdərək Ukrayna Respublikası Mühəndis-Pedaqoji Akademiyası tərəfindən adına verilmiş 22.08.2018-ci il tarixli, B18 041741 nömrəli bakalavr diplomunun ölkə ərazisində tanınması öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, 2013-cü ildə Ukrayna Respublikası Mühəndis-Pedaqoji Akademiyasında “Neft və Qaz Sənayesi üzrə Mühəndis, Kimya və Neft-Qaz sahəsində fənlər üzrə müəllim fakültəsi”nə qiyabi bölməsinə qəbul olunmuş və 2018-ci ildə həmin ixtisas üzrə Akademiyanı bitirmişdir. Bununla əlaqədar olaraq Ukrayna Respublikası Mühəndis-Pedaqoji Akademiyası tərəfindən iddiaçıya 22.08.2018-ci il tarixli, B18 041741 nömrəli diplom verilmişdir. 15.01.2019-cu il tarixində bakalavr diplomunun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün hazırki qaydalara uyğun olaraq elektron ərizənin doldurulması ilə cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmiş və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəniz platformasında işldəiyi üçün müsahibədə üzürlü səbəblərdən iştirak edə bilməmişdir, bundan sonra cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi COVİD 19 virusunun yayılmasının qarşısının alınması məqsədi ilə idarənin işləmədiyini əsas götürərək 10.07.2020-ci ildə ona telefonla zəng edərək video görüntü əsasında “ZOOM” proqramı vasitəsi ilə sənədlərinə baxış keçirib iddiaçını dil bilgisini yoxlayaraq, yenidən COVİD 19 virusunun yayılmasının qarşısının alınmasının məqsədi ilə işləmədiklərini bəhanə edərək təxminən 4 ay sonra, 25.10.2020-ci il tarixdə iddiaçının elektron poçt ünvanına imtina məktubu göndərərək “ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyənin qənaətbəxş olmadığı” üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalarının 3.7-ci bəndinə əsasən onun 10729693E98 nömrəli müraciəti üzrə aldığı ixtisas ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş ümumivətəndaşlıq pasportunun səhifələrinə Dövlət Sərhəd Xidməti tərəfindən vurulmuş möhürlərdən göründüyü kimi iddiaçı 2013-cü ildən 2018-ci illər ərzində hər tədris ilində Ukrayna Respublikasına getmişdir. Bu da onu göstərir ki, iddiaçı bütün dərslərdə iştirak etmişdir. Bundan əlavə, cavabdehin tədris dilini bilməməyini əsaslandıraraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003- cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən iddiaçıya imtina verməsi tam əsassızdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 16.06.2021-ci il tarixli, 2-1(112)-2566/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 16.06.2021-ci il tarixli, 2-1(112)-2566/2021 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Əlavə olaraq qeyd olunmuşdur ki, iddiaçının dili bilməyi ilə bağlı yoxlama qeyri obyektiv olmuşdur. Həmin yoxlama onun aldığı ixtisasın mənimsənilməsi üçün kifayət etməməsi nəticəsinə gəlməyə əsas verə bilməz. Belə ki, müsahibə ərəfəsində iddiaçıya ekspert tərəfindən rus dilində müxtəlif mövzularda suallar verilmişdir. O, suallara tam olaraq rus dilində cavab vermiş, onunla müstəqil şəkildə heç bir çətinlik çəkmədən 10 dəqiqə ərzində bütün suallara (doğum tarixi, aldığı orta və ali təhsil, təhsilini nə üçün Rusiyada almağı, ailə vəziyyəti və, hazırda işlədiyi iş barədə və s.) cavab vermiş, eləcə də rus dilində anket doldurmuşdur. Bundan sonra azərbaycan dilindən rus dilinə tərcümə üçün ona mətn verilmiş, psixoloji gərginlik keçirdiyinə görə özünü itirdiyindən qısa vaxt ərzində, tez, sinxron tərcüməsində çətinlik çəkmişdir. Rus dilini əsasən danışıq, ünsiyyət, yazı səviyyəsində bilməyinə baxmayaraq ekspert qeyri-obyektiv olaraq ona mənfi rəy vermişdir. Bəllidir ki, orta təhsil aldığı dil azərbaycan dili olmuşdur. Sonradan mənimsədiyi dil isə rus dilini yüksək, qranmmatik səviyyədə biməsə də, bildiyi səviyyə ixtisası üzrə təhsil almağına maneə olmamışdır, buna heç ehtiyac da yoxdur. Ünsiyyət qurmağı, ixtisasına aid olan danışığı, terminologiyanı bilməyi kifayyət edir ki, O, rus dilində aldığı ixtisası mənimsəyə bilsin. O, tərcüməçi ixtisası üzrə təhsil almamışdır ki, rus dilini yüksək səviyyədə bilməyi tələb olunsun. Bu sahənin mütəxəssisi (eksperti) bilə billər ki, O, rus dilində aldığı təhsili mənimsəyə bilər, ya yox. Bunun üçün isə məhkəmə tərəfindən linqvistik ekspertiza təyin edilməli, ekspertizanı keçirilməsini isə mütəxəssilərə həvalə olunmalıdır. Dili bilməyinin yoxlanılması ilə bağlı birinci instansiya məhkəməsində işə baxılarkən qərar qəbul olunmuşdur ki, Bakı Slavyan Universitetindən məhkəməyə mütəxəsis dəvət olunsun. Bununla əlaqədar məhkəmə iclası 16.07.2021-ci il tarixə təyin edilmişdir. İddiaçı ARDN-də, buruqda işlədiyinə görə, məhkəmənin təyin olunmuş iclasında iştirak edə bilməmişdir. Vəkili 14.07.2021-ci il tarixdə məhkəməyə işin təxirə salınması ilə bağlı vəsatət vermişdir. Lakin məhkəmə vəsatətə baxmayaraq, 16.08.2021-ci il tarixdə iclas keçirmiş, iddianın rədd olunması barədə qərar qəbul etmişdir. Öz qərarını da ZOOM vasitəsilə iddiaçıdan götürülmüş müsahibənin videoyazsına baxış keçirməklə əsaslandırmışdır ki, həmin müsabiqənin özünü obyektiv hesab etmək olmaz. İddiaçı bir çox sualları cavablandırmışdır. Analoji işlərlə bağlı mütəxəssis rəyinin verilməsi üçün tərəf-iddaçı Slavyan Universitetinə göndərilir və oradan rəy alınır. İddiaçı dil biliyinə görə imtinanın əsassız olduğunu tələb edirsə məhkəmə obyektivlik naminə mütəxəssis tərəfindən dil bilmə səviyəsini yoxlamalı idi. Məhkəmənin işə yanaşması qəbuledilməzdir, cavabdeh tərəfindən dili bilməməyi ilə bağlı verilmiş rəy isə mübahisəli olaraq qalır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 16.06.2021-ci il tarixli, 2-1(112)-2566/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri barədə əvvəlcədən məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı Ukrayna Mühəndis – Pedaqoji Akademiyasında təhsil almışdır, həmin təhsil müəssisəsi tərəfindən ona ali təhsil haqqında (bakalavr) diplomu verilmişdir, iddiaçı həmin diplomun Azərbaycan Respublikasında tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsi qənaətbəxş deyil. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına Azərbaycan Respublikasının 31 iyul 2000-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında” Sazişin 5-ci maddəsini, Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş 11 aprel 1997-ci il tarixli «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyanın 6.1-ci maddəsini, Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən 05 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasının 1, 2, 3, 4-cü maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş «Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin 1-1, 2.2.2, 3.1.4-cü bəndlərini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.2, 1.6, 2.3, 3.6, 3.7-ci bəndlərini tətbiq etməklə belə qərara gəlmişdir ki, İddiaçı cavabdeh Təhsildə X1rşı “Ukrayna Respublikası MühəndisPedaqoji Akademiyası tərəfindən İddiaçı verilmiş 22.08.2018-ci il tarixli, B18 041741 nömrəli bakalavr diplomunun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş, 30 iyun 2018-ci il tarixli, ******* nömrəli diploma əlavədən görünür ki, Ukrayna Mühəndis-Pedaqoji Akademiyasında tədris rus dilində aparılmışdır. Cavabdehin etiraza əlavə etdiyi DVD video çəkilişindən məhkəmə müəyyən etdi ki, iddiaçının rus dilini bilmə səviyyəsi qənaətbəxş deyil. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməməsi qərarına gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 16.06.2021-ci il tarixli, 2-1(112)-2566/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar