Məhkəmə qərarları › İş №2-1(103)-2438/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2438/2022

21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2438/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Ayşəm Lehsan qızı Əliyevanın katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5532/2022 saylı 29 aprel 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 21 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5532/2022 saylı 29 aprel 2022-ci il tarixli qərardadı ilə iddiaçının müraciətinə yenidən baxılması üçün cavabdehə 30 gün müddətin təyin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılışdır ki, qəbul edilmiş qərardad əsassızdır. Belə ki, Əliyev X1 rayon İcra Hakimiyyətinə müraciət edərək mülkiyyətində olan Lökbatan qəsəbəsi, 28 May küçəsi, 3 saylı evin 38 saylı 2 otaqlı mənzilin yaşayış sahəsindən qeyriyaşayış sahəsinə keçirilməsini xahiş etmişdir. Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən müraciətə xx.xx.2021-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçrilməsi zamanı yenidənqurma işləri ilə bağlı Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq layihə, müvafiq rəylər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən icazə təsdiq olunduqdan sonra müraciətinə bir daha baxılacaqdır. Lakin İddiaçı müvafiq icazə sənədlərini almadan binanın birinci mərtəbəsində yerləşən mənzildə özbaşına yenidənqurma işləri aparmış, qəsəbənin mərkəzi yoluna açılan mənzilin iki pəncərəsini sökərək qapı açmış və orta metal jalüz qapılar qoymuşdur. İddiaçı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.6 və 21.9-cu maddələrinin tələblərini pozaraq özbaşına olaraq yenidənqurma və yenidənplanlaşdırma və ya digər işlər aparmışdır. Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinə və Qaradağ Rayon Polis İdarəsinə məktub ünvanlamışdır. Lakin İddiaçı bütün cavab tədbirlərinə baxmayaraq rekonstruksiya işlərini dayandırmamış və işi davam etdirmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyriyaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələbləri nəzərə alınaraq yol verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyriyaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçrilməsi müvafiq icra hakimiyyət orqanının qərarı əsasında həyata keçirilir. İddiaçı tərəfindən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələbləri pozularaq Qaradağ rayon İcra Hakimiyyətinin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı heç bir qərarı olmadan özbaşına olaraq mənzildə yenidənqurma işləri aparılmışdır. İddiaçının ərizəsinə yenidən baxılması üçün cavabdeh Qaradağ Rayon İcra Hakimiyyətinə müddət təyin edilməsi məqsədəmüvafiq olmamışdır. Belə ki, cavabdeh tərəfindən iddiaçının müraciəti ilə bağlı hər hansı hərəkətsizlik göstərilməmiş, inzibati icraat qanuna uyğun olaraq tam və obyektiv aparılmış, həmçinin iddiaçı ilə barışıq sazişinin mümkün olmaması və tərəflərindən iddiaçının tələbinin təmin olunması ilə bağlı hər hansı tədbir görülməsi nəzərdə tutulmamışdır. Tərəflərin izahatları Cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinə qarşı tələbi “Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi, 3 saylı evin birinci mərtəbəsində yerləşən 2 otaqlı 38 saylı mənzilin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmişdir. Həmin müraciətə cavab olaraq inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsi zamanı yenidənqurma (rekonstruksiya) işləri ilə bağlı Azərbaycan Respublikası Şəhərsalma-Tikinti Məcəlləsinə uyğun olaraq layihə, müvafiq rəylər Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq olunduqdan sonra ərizəyə yenidən baxılacaqdır. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə cavabdeh tərəfindən zəruri araşdırmanın aparılmamasına, qanunvericiliklə tələb olunan sənədlərin iddiaçıdan tələb edilməməsinə, iddiaçının müraciətinə münasibətdə cavabdeh orqan tərəfindən hərəkətsizliyin göstərilməsinə istinad edərək, iddiaçının tələbi üzrə müraciətinə yenidən baxılması üçün cavabdeh inzibati orqana müddət təyin etmək qənaətinə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının qəbul olunması üçün əsas olan İnzibati Prosessual Məcəlləsinin 33.3-cü maddəsinə əsasən inzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir. Məhkəmə kollegiyası bu barədə qeyd etməyi zəruri hesab edir ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının müraciətinə münasibətdə cavabdeh inzibati orqan tərəfindən hərəkətsizliyin göstərilməsinə istinad etsə də, apellyasiya baxışı zamanı aparılmış araşdırmalar nəticəsində müəyyən olundu ki, iddiaçının hazırki iş üzrə iddiasında qoyduğu tələbə cavabdeh inzibati orqan tərəfindən münasibət bildirilmişdir. Belə ki, iş materiallarında olan (i.v. 2) cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış məktubun məzmunundan aydın olur ki, iddiaçının hazırki iddia tələbinə cavabdeh inzibati orqan hüquqi mövqeyini açıq-aydın bildirmiş, yəni iddiaçının iddia tələbinin təmin olunmasından imtina etmişdir. Belə olan halda məhkəmə işə mahiyyəti üzrə baxmaqda haqlı olardı. Lakin işə baxmış məhkəmə tərəfindən bu hal nəzərə alınmamış, iddiaçının tələbinin təmin olunmasından cavabdeh orqanın imtina etməsi ilə bağlı münasibətinə qiymət verilməmiş, nəticədə inzibati prosessual qanunvericiliyin tələbləri pozulmuş və zəruri araşdırma sonadək aparılmamışdır. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırki işdə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız sayır və işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı Azərbaycan Respublikası İPM-nin 33-cü maddəsinə düzgün istinad edilməməklə qəbul edildiyi üçün ləğv edilməli və iş bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla zəruri prosessual hərəkətlərin edilməsi məqsədilə həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5532/2022 saylı 29 aprel 2022-ci il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar