Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2438/2024 15.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Republikasının Elm və Təhsil Nazirliyinə (üçüncü şəxs Azərbaycan Dövlət Rəssamlıq Akademiyası) qarşı “təhsil haqqının ödənilməsi və sair” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9876/2023 saylı 27 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə 08 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Republikasının Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2021/2022-ci il tədris ili üçün (2-ci kurs) adına yazdıqları 2500 manat təhsil haqqı borcunun silinməsi və 2020/2021-ci il tədris ili üçün (1-ci kurs) ödədiyi 2500 manat təhsil haqqının ona geri qaytarılmasının Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 2021/2022ci il tədris ili üçün (2-ci kurs) adına yazılmış 2500 manat təhsil haqqının Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına ödənilməsi və 2020/2021-ci il tədris ili üçün (1-ci kurs) ödədiyi 2500 manat təhsil haqqının ona geri qaytarılması vəzifəsinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9876/2023 saylı 27 noyabr 2023-cü il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, İddiaçı 2021/2022-ci tədris ili üzrə təhsil haqqının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında onun təhsil aldığı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin üzərinə qoyulması və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə verilərək, müddətin bərpa edilməsi, qərarın ləğv edilməsi və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Elm və Təhsil Nazirliyinə qarşı iddia tələbi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9876/2023 saylı, xx.xx.2023-cü il tarixli sərəncamı poçt vasitəsilə xx.xx.2023-cü il tarixdə Nazirliyə daxil olmuşdur. Sonradan həmin iş üzrə məhkəmə iclasının təyin edilməsi barədə hər hansı bildiriş Nazirliyə daxil olmamışdır. Eyni zamanda bildirilir ki, BİM-nin 01 mart 2024-cü il tarixli, 2-1(112)- 9876/2023 saylı qərarı poçt vasitəsilə icra üçün daxil olmuşdur. Məhkəmənin qərarından məlum olur ki, iş üzrə 4 məhkəmə iclası təyin edilmiş və cavabdehin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə ilə əlaqə yaradıldıqdan sonra məlum olmuşdur ki, iş Məhkəmə Elektron Sisteminin “Məhkəmə işləri” bölməsində xx.xx.2023-cü il tarixdə yerləşdirilsə də, həmin iş MES-nin “Bildirişlər” bölməsinə daxil ediməmişdir. İşin MES-nin “Bildirişlər” bölməsinə daxil edilməməsi səbəbindən keçirilən məhkəmə iclasları barədə və qəbul edilmiş qərar barədə məlumatları olmamışdır. BİM-nin 2-1(112)-9876/2023 saylı işin MES-nin “Bildirişlər” bölməsinə daxil edilməməsi səbəbini araşdırmaq məqsədilə MES-nin Texniki xidmətlərlə bağlı Mərkəzinə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə rəsmi müraciət edilmişdir. Mərkəzin əməkdaşı istifadə etdiyi MES-ə daxil olaraq araşdırma aparmış və bunun texniki qüsur olduğunu bildirmişdir. Sistemdə baş vermiş texniki nasazlıqla bağlı Arayış tələb edilsə də, lakin bu günə qədər sorğuya cavab verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. Bununla bağlı apellyasiyanın mümkünlüyü məsələsinə (ötürülmüş prosessual müddətin bərpası barədə ərizəyə) baxılması xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 ərizənin dəllilərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarından verilmiş apellyasiya şikayəti üzrə ötürülmüş prosessual müddətin bərpasını xahiş etmişdir. İş materiallarından müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9876/2023 saylı 27 noyabr 2023-cü il tarixli qərarı “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə xx.xx.2024-cü il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Lakin apellyasiya şikayəti cavabdehin nümayəndəsi X6 tərəfindən xx.xx.2024 tarixdə saat 17:12:48-də “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə elektron kabinetə yerləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75.3-cü maddəsinə görə məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Bununla bağlı 27 noyabr 2023-cü il tarixli məhkəmə qərarından apellyasiya şikayəti verilməsi üçün cavabdehə münasibətdə son müddət onun “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə qərarı rəsmi aldığı tarixdən- xx.xx.2024-cü il tarixdən 30 gün müddətində olmaqla, xx.xx.2024-cü il tarix hesab olunduğu halda, cavabdeh tərəfindən apellyasiya şikayəti “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə prosessual müddət ötürülməklə xx.xx.2024-cü il tarixdə elektron kabinetə yerləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən məhkəmə qərarlarının, qərardadlarının, sərəncamlarının (bundan sonra – məhkəmə aktları), ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 9-1.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 9-1.4-cü maddəsinə əsasən Bu Məcəllənin 9-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş məhkəmə aktlarının və digər sənədlərin başqa qaydada verilməsi tələb oluna bilməz. Hazırki işdə birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının cavabdeh qurumun elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirildiyi müəyyən olunur. Cavabdeh qurum həmin qərar barədə məlumatlarının olmadığını, onun MES-nin “Bildirişlər” bölməsinə daxil edilmədiyini, araşdırma aparılarkən bunun texniki qüsur səbəbindən baş verdiyini bildirir və bu səbəbdən ötürülmüş prosessual müddətin üzrlü hesab edilərək onun bərpasını, apellyasiya şikayətinin isə mümkün sayılmasını xahiş edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Hazırki işdə cavabdeh qurum mübahisələndirilən məhkəmə qərarından apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürüldüyünü etiraf etsə də, həmin müddətin onun təqsiri üzündən ötürülmədiyini və səbəbinin üzrlü səbəblərlə bağlı olduğunu təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla bağlı məhkəmə kollegiyası inzibati prosessual qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından prosessual müddətin bərpasının şəxsin ərizəsi əsasında mümkünlüyünü, cavabdeh inzibati orqanın mübahisələndirdiyi 27 noyabr 2023-cü il tarixli məhkəmə qərarından apellyasiya şikayətini qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində verdiyini təsdiq edən mötəbər sübutlarının olmadığını, əksinə məhkəmə qərarının cavabdeh qurumun elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilməsinə baxmayaraq ondan apellyasiya şikayətinin prosessual müddət ötürülməklə verildiyinin cavabdehin özü tərəfindən də təsdiq olunduğunu, bunun isə həqiqətən də elektron sistemdə yaranmış texniki qüsurla bağlı olub, bunda cavabdehin təqsirinin olmadığı barədə sübutların təqdim olunmadığını, belə olan halda prosessual müddətin üzrsüz səbəbdən ötürülməsi və bu səbəbdən də onun bərpası üçün əsasların mövcud olmadığını nəzərə alaraq hesab edir ki, müddətin bərpası ilə bağlı verilmiş ərizə təmin olunmamalı və şikayət qeyri-mümkün sayılaraq onun qəbulundan imtina edilməlidır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1, 23.1, 24.1, 80, 85.1, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARAALDİ: Azərbaycan Republikasının Elm və Təhsil Nazirliyinin “prosessual müddətin bərpası” barədə ərizəsi təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9876/2023 saylı 27 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X7 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-2438/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2438/2024
15.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver