Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2439/2021 23.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6671/2021 saylı 16.08.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin hərəkətləri nəticəsində ona vurulmuş mənəvi ziyanın əvəzi olaraq 5000 manat, maddi ziyanın əvəzi olaraq isə 5000 manat, cəmi 10000 manat pulun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, Dövlət Sosial Müdafiə Fondunun qanunsuz və əsassız olaraq tərəfindən edilmiş müraciətləri vaxtında təmin etməməsi nəticəsində maddi və mənəvi zərərə düçar olmuşdur. Belə ki, 2017-ci ildən bəri dəfələrlə Dövlət Sosial Müdafiə Fondunun qanunsuz hərəkət və hərəkətsizlikləri ucbatından hüquqlarımın müdafiəsi üçün məhkəmə orqanlarına müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə prosesləri müxtəlif instansiyalarda illərlə davam etmiş, hüquqlarının vaxtında təmin edilməməsi nəticəsində davamlı və uzunsürən mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona təyin olunmuş ünvanlı dövlət sosial yardımının düzgün hesablanması ilə bağlı əsaslı müraciətini Dövlət Sosial Müdafiə Fondu qanunsuz olaraq təmin etməməsi səbəbindən o, məcburiyyət qarşısında qalıb məhkəmədə Fonda qarşı iddia qaldırmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1960/2020 saylı, 06.03.2020-ci il tarixli qərarı ilə onun iddiası qanuni və əsaslı hesab edilərək təmin edilmiş, İddiaçı təyin edilmiş ünvanlı dövlət sosial yardımının 01.08.2017-ci il tarixdən 01.08.2019-cu il tarixədək yenidən hesablanması və yaranmış fərqin hesablanaraq ona birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmuşdur. Həmin qərar onunla əsaslandırılmışdır ki, iddiaçının müraciəti əsasında ona 01.08.2017-ci il tarixdən 01.08.2019-cu il tarixədək aylıq 38,58 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. İddiaçı İİ qrup əlildir, ona əlilliyə görə 55 manat məbləğində sosial müavinət təyin edilmiş, 2018-il martın 1-dən isə İİ qrup əlilliyə görə sosial müavinətin məbləği 61 manat müəyyən edilmişdir. İddiaçıya sosial yardımın məbləği hesablanarkən onun orta aylıq gəliri ilə ehtiyac meyarı arasında yaranan fərq düzgün nəzərə alınmamışdır. Təəssüflər olsun ki, Dövlət Sosial Müdafiə Fondu öz qanunsuz əməllərindən nəticə çıxarmaqla, məhkəmə qərarını icra etmək əvəzinə haqsız olmağına baxmayaraq həmin qanuni və ədalətli qərarı yenidən mübahisələndirmişdir. İşə yenidən baxan Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-1284/2020 saylı, 02.09.2020-ci il tarixli qərarı ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 06 mart 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsində məhkəmə qərarı ilə bağlı həyata keçirilən icra tədbirlərinin nəticəsində Dövlət Sosial Müdafiə Fondu tərəfindən ona 538,08 manat birdəfəlik ödəniş edilmişdir. Göründüyü kimi Dövlət Sosial Müdafiə Fondu tərəfindən onun hüquqlarının haqsız olaraq pozulması nəticəsində o, uzun müddət davam edən məhkəmə çəkişmələrinə məruz qalmış və nəticə etibarı ilə hüquqlarının pozulması məhkəmə tərəfindən təsdiq edilmişdir. Nəticə etibarı ilə o, bütün bu müddət ərzində hüquqlarının təmin edilməsi üçün çox əziyyət çəkmiş, iztirab və sarsıntı keçirmişdir, ona maddi və mənəvi zərər vurulmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı ərizə təqdim edərək cavabdeh Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6671/2021 saylı 12.07.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, cavabdeh Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6671/2021 saylı 16.08.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.(hakim: O.Həsənov) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, işin faktiki hallarından, o cümlədən iddia tələbindən də göründüyü kimi iddia tələbi 2 hissədən ibarətdir. 1. Maddi zərərin ödənilməsi. 2 Mənəvi zərərin ödənilməsi. Maddi zərərin ödənilməsi ilə bağlı qeyd etmək istəyir ki, iddiaçının qanunsuz hərəkətləri nəticəsində ona maddi ziyan dəymişdir. Qeyd olunan ziyan geniş kontekstdə qəbul edilməklə, təkcə məhkəmə iclaslarında iştirakla bağlı çəkilmiş xərclər yox, həm də əmlakına vurulan maddi ziyanın təzahürü baxımından qiymətləndirilməlidir. Doğrudur ki, uzun çəkən məhkəmə iclaslarında hər dəfə iştirak etməyi ilə bağlı maddi xərclər çəkməli omuşdur. Bu zaman ünvanlı dövlət sosial yardımın ayrılması ilə bağlı cavabdehin hərəkətləri səbəbindən maddi qazancı az olmuş, əksinə yol xərci, yemək xərci, qalmaq xərci kimi digər əlavə xərclərə məruz qalmışdır. Lakin onun maddi zərəri tələb etmə əsası təkcə yol, yemək, qalmaq xərcləri ilə yekunlaşmır. Cavabdehin hərəkətləri onun geniş mənada sosial təminat hüququnun, dolayısı ilə mülkiyyət hüququnun pozuntusuna səbəb olmuşdur. Başqa sözlə AR MM-nin 1097-ci maddəsində nəzərdə tutulmuş mülki hüquq pozuntusu nəticəsində əmlak hüququ pozulmuşdur. Sosial təminat hüququ mülkiyyət hüququnun növüdür. Cavabdehin sosial təminat hüququna müdaxiləsi isə birbaşa əmlak hüququna müdaxilə kimi qiymətləndirilməli olduğundan cavabdehin iddiaçıya maddi zərərə uğratması hər bir halda öz təsdiqini məhkəmə qərarları ilə tapmışdır. Bakı İnzibati Məhkəməsinin və Bakı Apelyasiya Məhkəməsinin qərarlarından da göründüyü kimi məhkəmələr dolayısı ilə onun mülkiyyət hüququnun pozuntusuna qiymət vermiş, əslində həmin pozuntunu tanımış, cavabdehin təqsirli hərəkətlərə yol verərək qanunsuzluğuna münasibət bildirmişdir ki, birinci instansiya məhkəməsinin qeyd olunan halları nəzərə almaması əsassızdır. Onun çoxsaylı məhkəmə iclaslarında iştirakı zərərə uğramağına səbəb olmuşdur. Göründüyü kimi istər yol, yemək, qalmaq xərclərinin hər bir halda çəkilməsi baxımından, həm də mülkiyyət hüququna vurulan ziyan baxımından maddi ziyanın ödənilməsi tələbinin təmin edilməsinə münasibət bildirilməli idi. Mənəvi zərərin ödənilməsi ilə bağlı isə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Mənəvi sarsıntı və iztirabın mövcudluğu mənəvi zərərin ödənilməsi üçün əsasdır. Sual olunur ki, necə ola bilər ki, ünvanlı dövlət sosial yardımın alınması üçün uzunmüddətli məhkəmə iclaslarına məruz qalmış, müraciətinə mahiyyəti üzrə qiymət verilməsi əvəzinə uzun müddət gəlirindən məhrum qalmış şəxs mənəvi zərərə məruz qalmamış olsun. Avropa məhkəməsi təcrübəsi də onu göstərir ki, mənəvi zərərin mövcudluğunun sübutu əslində iddiaçının üzərinə düşən bir öhdəlik kimi nəzərdə tutulmamalıdır. Belə ki, sadə təhlil, onun kimi sosial təminat hüququna ehtiyac duyan birinin sosial təminatdan məhrum qalacağı halda mənəvi sarsıntı keçirəcəyini anlamağa yetərlidir. Bu zaman, bununla bağlı hər hansı sənəd və ya sübutların təqdim edilməsi formal yanaşma olar. Məhkəmə isə, mənəvi zərərin ödənilməsi ilə bağlı nə yerli qanunvericilik aktlarını, nə də beynəlxalq sənədləri nəzərə almamış, mənəvi zərərin ödənilməsi ilə bağlı sübutların mövcud olmadığına istinad etmişdir ki, o, isə hesab edir ki, sübutu təqdim etmək öhdəliyi daşımır. Belə ki, həmin zərərin ödənilməsi üçün əsas şərtlərin hamısı mövcuddur. Başqa sözlə, cavabdehin qanunsuz hərəkətləri mövcuddur, qanunsuz hərəkətlər məhkəmə qərarı ilə qiymətləndirilmişdir, onun mənəvi iztirab və sarsıntı keçirməyi təsdiq edilmişdir, mənəvi iztirab və sarsıntının keçirilməsi cavabdehin qanunsuz hərəkətlərinin nəticəsində olmuşdur ki, hesab edir ki, göstərilən hallar mənəvi zərərin ödənilməsi üçün hər cür əsas yaratmışdır ki, məhkəmə qeyd olunanların heç birini nəzərə almaması qanunsuz və əsassızdır. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin hərəkətləri nəticəsində ona vurulmuş mənəvi ziyanın əvəzi olaraq 5000 manat, maddi ziyanın əvəzi olaraq isə 5000 manat, cəmi 10000 manat pulun cavabdehdən alınaraq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və hesab etmişdir ki, iddiaçının müraciətinin cavabdeh tərəfindən təmin edilməməsi, iş üzrə iddiaçının xeyrinə çıxarılmış məhkəmə qərarının mövcudluğu və həmin qərardan cavabdehin apelyasiya şikayəti verməsi və nəticədə iş üzrə məhkəmə mübahisənin iddiaçının xeyrinə yekunlaşması iddiaçıya maddi və mənəvi zərər dəyməsini hər bir halda sübutu kimi qiymətləndirilməməlidir. Belə ki, iddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər, o cümlədən mənəvi sarsıntı və iztirab keçirməsi öz təsdiqini tapmır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərə vuran şəxsin təqsiri olması. Hazırkı iş üzrə isə qeyd olunan əsaslar və iddiaçıya maddi və mənəvi zərərin dəyməsi müəyyən olunmur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının hazırki iş üzrə irəli sürdüyü iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə iddia növünə aiddir. Qeyd olunan maddənin məzmunundan da görünür ki, vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialar inzibati orqanların qanunsuz qərarları (inzibati aktları), hərəkətləri və ya hərəkətsizliyi ilə bağlı qaldırıla bilər. Buna baxmayaraq iddiaçı hazırki iddia ilə bağlı tələb etdiyi maddi və mənəvi zərərin məhz cavabdehin qanunsuz qərarı, hərəkəti və ya hərəkətsizliyi nəticəsində ona vurulduğunu təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, məhkəmə araşdırmaları zamanı cavabdehin qanunazidd hərəkətlərinin mövcud olmadığı müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı cavabdeh inzibati orqanın ona maddi və ya mənəvi ziyan vurmasını təsdiq edən inandırıcı sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının uzunmüddətli məhkəmə çəkişmələrini nəticəsində ona maddi və mənəvi zərər vurulması əsas sübut kimi hesab olunaraq cavabdehin üzərinə kompensasiyanın ödənilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6671/2021 saylı 16.08.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2439/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2439/2021
23.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver