Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-244/2020 30.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X7 oğlunun katibliyi ilə, İddiaçının vəkili Sadıqova Zibeydə Söhbət qızının, Cavabdehin nümayəndəsi X5, Azərbaycan Dövlət X2-Metodiki Mərkəzinin mütəxəssisi X6 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı Türkiyə Respublikasının X3 tərəfindən iddiaçının adına verilmiş x xxxx 2015-ci il tarixli 1826 nömrəli diplom üzrə onun aldığı ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamə verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati mübahisə üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-cu il tarixli, 2-1(82)-271/2018 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-cu il tarixli, 2-1(82)- 271/2018 saylı qərarı ilə iddia tələbinin təmin edilməməsi qərar alınmışdır (hakim H.Babayeva). Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İİK-nın xx.xx.2018-ci il tarixli 2-1(103)-1239/2018 saylı qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-cu il tarixli, 2-1(82)-271/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən və məruzəçi Ü.Mayılov, hakimlər M.Tağızadə və K.Abiyeva). Qərardan narazı qalan iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın xx.xx.2019-cu il tarixli 2-1(103)- 584/2019 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İİK-nın xx.xx.2018-ci il tarixli 2-1(103)-1239/2018 saylı qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün məhkəməyə göndərilmişdir (sədrlik edən və məruzəçi N.Rəsulbəyova, hakimlər Z.Quliyev və İ.Hüseynov). Bakı Apellyasiya Məhkəməsinin İİK-nın xx.xx.2019-cu il tarixli 2-1(103)-956/2019 saylı qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-cu il tarixli, 2-1(82)-271/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən və məruzəçi H.Həmidov, hakimlər E.Nağıyeva və V.Baxışova). Həmin qərardan narazı qalan iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın xx.xx.2019-cu il tarixli 2-1(103)- 2735/2019 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İİK-nın xx.xx.2019-cu il tarixli 2-1(103)-956/2019 saylı qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün məhkəməyə göndərilmişdir (sədrlik edən və məruzəçi R.Nəbizadə, hakimlər A.Hüseynov və X.Məmmədov). Kassasiya instansiya məhkəməsinin həmin qərarında iş üzrə obyektiv və qanuni qərar qəbul edilməsi üçün Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin və Azərbaycan Dövlət İqtisad Universitetinin mütəxəssislərin cəlb edilməsi, iddiaçının maqistr pilləsi üzrə aldığı təhsilin bakalavr pilləsi üzrə aldığı təhsillə eyni ixtisas qrupuna aid olubolmamasını müəyyən edilməsi göstərişləri qeyd edilmişdir. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin və Azərbaycan Dövlət İqtisad Universitetinin mütəxəssisləri cəlb edilmişdir. İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Türkiyə Respublikası X3 tərəfindən iddiaçının adına verilmiş xx.xx.2015-ci il tarixli 1826 nömrəli diplom üzrə onun aldığı ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı diplomun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi üçün cavabdehə müraciət etmişdir. İddiaçı müvafiq müsahibədə iştirak etmək üçün həmin idarəyə çağırılmış və müsbət rəy almışdır. xx.xx.2017-ci il tarixində iddiaçıya müvafiq şəhadətnamənin verilməsindən imtina edilməsi barədə cavab məktubu verilmişdir. İddiaçının həm “bakalavr” həm də “magistr” səviyyəsi üzrə aldığı ixtisaslar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş eyni ixtisaslar qrupuna aiddir və buna görə cavabdehin imtinası qanuni və əsaslı sayıla bilməz. İddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 2.1-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6, 3.7-ci bəndlərinə istinad olunmuşdur. İş üzrə 2 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında izahat vermiş iddiaçının vəkili Sadıqova Zibeydə Söhbət qızı apellyasiya şikayətini müdafiə edərək çıxışında göstərmişdir ki, birinci instansiya məhkəməsi Təhsil Nazirliyi tərəfindən iddiaçıya göndərilən xx xxxxxxxx 2017-ci il tarixli, 23-04-106/ ANİ nömrəli cavab məktubunda qeyd olunanları olduğu kimi iddia ərizəsinə köçürməklə kifayətlənmişdir.Cavab məktubunda olduğu kimi, məhkəmə də öz qərarında qeyd edir ki, Azərbaycan Respublikasında magistratura təhsili bakalavriat ixtisasının ixtisaslaşması üzrə həyata keçirilir. Bu baxımdan bakalavriat səviyyəsində bir ixtisas üzrə təhsil almış şəxs magistratura səviyyəsinin digər ixtisaslarının ixtisaslaşmaları üzrə təhsil ala bilməz. İddiaçı menecment ixtisası üzrə bakalavr təhsili almasına baxmayaraq, magistr təhsilini menecment ixtisası üzrə deyil həmin ixtisasla əlaqəsi olmayan "X8 və Avropa Birliyi" ixtisası üzrə almışdır.Məhkəmə qərarının təsviri hissəsində işin faktiki hallarının qeyd olunmasma baxmayaraq, əsaslandırıcı hissədə isə bu məsələyə ümumiyyətlə toxunmamışdır. Belə ki, iddiaçı öncə müsahibə mərhələsində iştirak etmiş və müsbət rəy almışdır. Müsbət rəyin verilməsi ilə bağlı iddiaçıya şifahi məlumat verilmişdir. Daha sonra xx xxxxxx 2016-cı il tarixində iddiaçının mobil telefonuna şəhadətnamənin hazır olması və əldə etmək üçün idarəyə yaxınlaşması ilə bağlı ismarıc daxil olmuşdur. İddiaçı şəhadətnaməni əldə etmək üçün həmin idarəyə gəldikdə isə, əksinə, ona müvafiq şəhadətnamənin verilməsindən imtina edildiyi bildirilmişdir.İşin hallarından görünür ki, Təhsil Nazirliyi iddiaçının müraciətinə öncə müsbət rəy vermiş, hətta şəhadətnamənin hazır olması ilə bağlı iddiaçının telefonuna ismarıc da göndərmişdir. Lakin sonra hansı səbəbə görə müsbət rəyin dəyişdirilməsi və hazır olan şəhadətnamənin verilməsindən imtina olunduğu nə Təhsil Nazirliyi tərəfindən iddiaçıya göndərilmiş xx xxxxxxxx 2017-ci il tarixli, 23-04-106/ ANİ nömrəli məktubda, nə də Məhkəmə qərarında əsaslandırılmamışdır.Göründüyü kimi, iddiaçının həm "bakalavr" həm də "magistr" səviyyəsi üzrə aldığı ixtisaslar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş eyni ixtisaslar qrupuna aiddir və buna görə də iddiaçının "magistr" səviyyəsində aldığı ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə verilməsindən Təhsil Nazirliyinin imtinası qanuni və əsaslı sayıla bilməz. Məhkəmə öz qərarın üçüncü səhifəsinin sonuncu abzasında, iddiaçının "X8 və Avropa Birliyi" ixtisası üzrə magistr təhsili aldığı zaman keçdiyi bir neçə fənnin adnıı sadalayaraq qeyd edir ki, menecment ixtisası üzrə bakalavr təhsili aldığı zaman həmin fənnlərdən heç biri tədris olunmamışdır.Məhkəmənin gəldiyi bu nəticə əsaslı hesab oluna bilməz. İddiaçının magistr təhsili aldığı zaman ona tədris olunmuş fənnlərin siyahısı məhkəmə qəraında sadalanan fənnlərlə bitmir. Birinci instansiya məhkəməsində hazırlıq iclaslarında dəfələrlə iddiaçının bakalavr və magistr təhsili aldığı zaman ona tədris olunmuş fənlərin bir çoxunun eyni fənnlər olduğu qeyd olunmağına baxmayaraq, nə məhkəmə iclasmm protokulunda, nə də məhkəmə qərarında bunların heç biri öz əksini tapmayıb.Magistr təhsili zamanı iddiaçıya tədris olunmuş bəzi fənlərin fərqlilik təşkil etməsinə gəlincə isə, bu tam normal haldır. Belə ki, bakalavr təhsil pilləsində ayrı-ayrı istiqamətlər üzrə geniş profilli ali təhsilli mütəxəssis hazırlığı həyata keçirilir. Lakin magistr təhsili bakalavr təhsili bazasından ayrı-ayrı ixtisasların ixtisaslaşmaları üzrə müvafiq təhsil proqramları əsasında mütəxəssislər hazırlanması deməkdir. Yəni, tələbələrə bakalavr təhsili zamanı keçilməmiş fərqli fənnlərin tədris olunması, onların bakalavr təhsilində olduğu kimi geniş profilli deyil, məhz öz ixtisasları üzrə ixtisaslaşmaları məqsədini daşıyır. Vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mütəxəssis qismində cəlb edilmiş Azərbaycan Dövlət X2-Metodiki Mərkəzinin nümayəndəsi X10 məhkəmə iclasına gəlmişdir. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun mütəxəssisi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan mütəxəssisin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, Türkiyə Respublikasının Sakarya Univeriteti tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş diplomun surətindən görünür ki, İddiaçı menecment ixtisası üzrə bakalavr təhsili almışdır. Bakalavr diplomu Cavabdeh tərəfindən verilmiş 012649 və 012649 №-li şəhadətnamələrə əsasən Azərbaycan Respublikasında tanınmış və keçilmiş fənlərin müvəffəqiyyətlə verilməsi nəzərə alınaraq onun sahibinə təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verilmişdir. X3 X11 tərəfindən xx xxxx 2015-ci iltarixdə verilmiş 1826 saylı magistr diplomunun azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı X15 və X1 İxtisas üzrə Təkmilləşmə Təlim- Təslim və İmtahan Təlimatına əsasən müvafiq şərtləri yerinə yetirərək X11 Ticarət hüququ və Avropa Birliyi disertasiyalı Magistr proqramını müvəffəqiyyətlə başa vurmuş, X8 və X4 Magistr dərəcəsini almağa layiq görülmüşdür. Diplom Türkiyə Respublikası X3 tərəfindən xx xxxxxx 2015-ci ildə xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil möhürü ilə təsdiq edilmişdir. İddiaçı magistr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi məqsədilə Cavabdehnə müraciət etmiş, lakin Cavabdeh xx xxxxxxxx 2017-ci il tarixli, 23-04-106/ANİ saylı məktubla ərizəyə cavab olaraq bildirmişdir ki, araşdırma zamanı İddiaçı bakalavr təhsilini menecment, magistr təhsilini isə X8 və Avropa ittifaqı ixtisası üzrə bitirdiyi məlum olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2011 -ci il tarixli 95 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatı” və xx xxx 2010-cu il tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və magistr” dərəcələrinin verilməsi Qaydalarının 1.2-ci bəndinə görə magistratura səviyyəsində bakalavr təhsili bazasından ayrı-ayrı ixtisasların ixtisaslaşmaları üzrə müvafiq təhsil proqramlarının əsasında mütəxəssislər hazırlanır. Göründüyü kimi, Azərbaycan Respublikasında magistratura təhsili bakalavriat ixtisasının ixtisaslaşmaları üzrə həyata keçirilir. Bu baxımdan bakalavriat səviyyəsində bir ixtisas üzrə təhsil almış şəxs magistratura səviyyəsinin digər ixtisaslarının ixtisaslaşmaları üzrə təhsil ala bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentininmüəyyən edilməsi (nostrifikasiyası) Qaydaları’’nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblər uyğun olmalıdır. Qaydaların 3.7-ci əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqındaşəhadətnamənin verilməsinə imtina etmək üçün səbəbdir. Göstərilənləri nəzərə alaraq Qaydaların 3.7-ci bəndinə əsasən Türkiyə Respublikası X3 tərəfindən İddiaçı adına verilmiş 1826 nömrəli, xx.xx.2015-ci il tarixli diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı menecment ixtisası üzrə təhsil almış, ali təhsilin hazırda ikinci pilləsi olan magistraturanı isə “X8 və Avropa Birliyi” ixtisası üzrə bitirmişdir. Bu isə “Təhsil haqqında Azərbaycan Respublikası Qanunu” nun 22.3-cü və 22.4-cü maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və magistr” dərəcələrinin verilməsi Qaydaları” na ziddir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3-cü maddəsinə əsasən bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrıayrı ixtisasların təhsil proqramları üzrə geniş profilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriatı bitirən məzunlara «bakalavr» ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış məzunların əmək fəaliyyəti sahəsi elmi tədqiqat və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələri əhatə edir. Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və magistr” dərəcələrinin verilməsi Qaydalarının 1.2-ci bəndinə əsəsən magistr hazırlığı ali təhsilin ikinci səviyyəsi olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş magistr ixtisaslaşmalarının (proqramlarının) təsnifatına uyğun müvafiq ixtisaslaşmalar üzrə mütəxəssis hazırlığının həyata keçirilməsini təmin edir. Bu səviyyədə bakalavr təhsili bazasından ayrı-ayrı ixtisasların ixtisaslaşmaları üzrə müvafiq təhsil proqramları əsasında mütəxəssislər hazırlanır. Həmin Qaydaların 1.9-cu bəndinə əsasən müvafiq ixtisas üzrə magistr hazırlığı yalnız həmin ixtisas üzrə ali təhsilin birinci səviyyəsi (bakalavriat) buraxılışı olan ali məktəblərdə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 qərarı ilə təsdiq edilmiş Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatından görünür ki, Menecment sahəsi üzrə : Heyətin İdarə edilməsi, Strateji idarəetmə, İnnovasiyaların və layihələrin idarə olunması və Menecment ( sahələr üzrə) üzrə bakalavr buraxılışı olan ixtisasların menecment ixtisası üzrə magistr təhsilinə yiyələnməsi mümkündür. Qanunvericiliyin tələblərindən də göründüyü kimi Azərbaycan Respublikasında magistratura təhsili bakalavriat ixtisasının ixtisaslaşmaları üzrə həyata keçirilir. Bu baxımdan bakalavriat səviyyəsində bir ixtisas üzrə təhsil almış şəxs magistratura səviyyəsinin digər ixtisaslarının ixtisaslaşmaları üzrə təhsil ala bilməz. Lakin hazırki işin hallarından görünür ki, iddiaçı menecment ixtisası üzrə bakalavr təhsili almasına baxmayaraq, magistr təhsilini menecment ixtisası üzrə deyil, həmin ixtisasla əlaqəsi olmayan X8 və Avropa Birliyi ixtisası üzrə almışdır. Bundan əlavə iş materiallarından görünür ki, iddiaçıya X8 və Avropa Birliyi ixtisası üzrə magistr təhsili aldığı zaman AB hüququna giriş, AB hüququna inzibati üsul, AB-da istehlakçı hüququ, Avropa İnsan hüququları məhkəməsi, Qəbz alma hüququ, seminar, Arbitraj hüququ, X8na giriş və Beynəlxalq ticarət əməliyyatları fənləri tədris edildiyi halda Sakarya Universitetində menecment ixtisası üzrə bakalavr təhsili alığı zaman həmin fənnlərdən heç biri tədris olunmamışdır. “Təhsil haqqında” AR Qanununun 27.4-cü maddəsinə görə xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçilir. “Təhsil haqqında” AR Qanununun tətbiq edilməsi barədə Azəbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” AR Prezidentinin xx xxxxxxxx 2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən Qanunun 44.2-ci və 29.0.21-ci maddəsində (xarici ölkələrin alı təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 saylı Qərarı ilə təsdiq olunmuş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"nın 1.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Qaydaların 1.6-cı bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirlliyi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. Həmin Qaydaların 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblər uyğun olmalıdır. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirlliyi tərəfindən verilir. Sözü gedən Qaydaların 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş faktiki hallarına qeyd olunan maddi hüquq normalarının tələblərinə müvafiq qiymət verərək belə qənaətə gəlmişdir ki, iddiaçının aldığı bakalavr təhsili X8 və Avropa Birliyi ixtisası üzrə magistr təhsili alması üçün nəzərdə tutulan ixtisaslara uyğun olmadığından cavabdeh inzibati orqan tərəfindən düzgün olaraq müvafiq şəhadətnamənin verilməsi mümkün olmamışdır. Cavabdehin inzibati orqanın imtinası “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması tanınması və ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın tələblərinə uyğun olduğundan, iddia tələbi əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinin tələbinə görə məhkəmə inzibati orqanın üzərinə o zaman məcburetmə öhdəliyi qoya bilər ki, inzibati orqan tərəfindən iddiaçının arzuladığı inzibati aktın qəbul olunma zidd və onun hüquqlarını pozmuş olsun. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin qərarında göstərişlərini nəzərə alaraq xx.xx.2020-ci il tarixli, 2-1(103)-244/2020 saylı qərardadı ilə, iddiaçının maqistr pilləsi üzrə aldığı təhsilin bakalavr pilləsi üzrə aldığı təhsillə eyni ixtisas qrupuna aid olub-olmamasının müəyyən edilməsi üçün Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin və Azərbaycan Dövlət İqtisad Universitetinin mütəxəssisləri cəlb edilmişdir. Mütəxəssis qismində cəlb edilmiş Azərbaycan Dövlət X2-Metodiki Mərkəzinin mütəxəssisi X10 izahatında bildirmişdir ki, qanunvericiliyin tələblərinə görə müvafiq ixtisas üzrə magistr hazırlığı yalız həmin ixtisas üzrə ali təhsilin birinci səviyyəsi (bakalavriat) buraxılışı olan ali məktəblərdə həyata keçirilir. İddiaçının aldığı magistr təhsili ilə bakalavr təhsili eyni ixtisas qruplarına daxil deyil. Təhsil davamlı olmalıdır. Magistratura səviyyəsində bakalvr təhsili bazasından ayrı-ayrı ixtisasların ixtisaslaşmaları üzrə müvafiq təhsil proqramlar əsasında mütəxəssislər hazırlanır. İddiaçının magistratura təhsili bakalavriat ixtisasının ixtisasalaşmaları üzrə həyata keçirilməmişdir. İddiaçı birinci səviyyə (bakalavriat) üzrə "menecment" ixtisasını, ikinci səviyyəsi (magistratura) üzrə "X8 və Avropa Birliyi" ixtisası almışdır. Unversitetdə "Ticarət hüququ" fənni yoxdur, "ticarət"lə bağlı fənlər var. Fənlərin 70-75% üst-üstə düşərsə ixtisasların ixtisaslaşdırılmasının uyğunlaşdırılması mümkündür. Göründüyü kimi, bakalavriat səviyyəsində bir ixtisas üzrə təhsil almış iddiaçının magistratura səviyyəsinin digər ixtisaslarının ixtisaslaşmaları uyğunlaşdırılması yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə mümkün deyil və inzibati orqan haqlı olaraq iddiaçıya ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəilə razılaşır və hesab edir ki, qərarın ləğv edilməsi üçün əsas olmadığından apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-cu il tarixli, 2-1(82)- 271/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-244/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-244/2020
30.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver