Məhkəmə qərarları › İş №2-1(103)-244/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-244/2022

27.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-244/2022 27.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1778/2021saylı, 23.06.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı əmək pensiyasının təyin olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 23.05.2013-cü il tarixdən etibarən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçının xx.xx.1956-cı ildə anadan olmuşdır. 20.03.1977ci il tarixindən əmək fəaliyyətinə başlamış, əmək stajının əhəmiyyətli bir hissəsini (təxminən 40 ildən çoxunu) əmək şəraiti insan sağlamlığı üçün xüsusilə zərərli olan vəzifə və peşələrdə işləmişdir. Onun 23.05.2013-cü il tarixindən (57 yaş) güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququ yaranmış, əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin müsbət bir nəticə əldə edə bilməmiş, müraciətləri cavabsız qalmışdır. Cavabdeh birinci instansiya məhkəməsinə ünvanladığı yazılı etiraızında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin tələblərinə uyğun olaraq əmək pensiyası hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirildiyini əsas gətirməklə, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1778/2021saylı, 23.06.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 23.05.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (22.01.2020-ci il) əvvəlki üç il üçün, yəni 22.01.2017-ci il tarixdən hesablanaraq, ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “qərar əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin tələblərinə uyğun olaraq əmək pensiyası hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Məhkəmə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri»nin 1 və 2 nömrəli Siyahısına istinad edərək iddiaçının işlədiyi vəzifələri sənayedə materialların və məmulatların şüalandırılmasında səyyar radiozotop və defektoskopiya (qammadefektoskopiya) qurğularında daim və bilavasitə məşğul olan işçilər və texnoloji proseslərdə və texnoloji avadanlıqların təmiri ilə daim məşğul olan fəhlələr, rəhbərlər və mütəxəssislər vəzifələrinə uyğunlaşdırmışdır. Buna baxmayaraq, iddiaçının işlədiyi vəzifələr Siyahıda göstərilən vəzifələrlə birbaşa uyğunluq təşkil etmir...” Məhkəmə kollegiyasının hazırkı iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümükün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. 01.01.2006-cı il tarixdən qüvvədə olan, «Əmək pensiyaları haqqında» Qanunun 01.07.2017-ci il tarixədən qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər (01.01.2006-cı il tarixə qədər) qüvvədə olmuş, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 01.08.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər : a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; 13.06.1997-ci il 321-İQD saylı Qanunla 13-cü maddəyə edilən və dəyişikliyə görə qeyd olunan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1dək hər il 6 ay artırılmışdır. Həmin Qanunun 67-ci maddəsinin 3-cü hissəsinin «d» bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, döktoanturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir; Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır («Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1.1 və 3.2.1-ci bəndlərinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir). Qanunvericiliyin qeyd olunan tələbləri nəzərə alınmaqla iddiaçının iş materiallarına (əmək kitabçasına, hərbi biletinə, ali təhsil alması barədə dipolmuna (surətlərinə) və SOCAR “Bibihyebət” Neft və Qazçıxarma İdarəsinin SƏ14-60A 04.03.2021-ci il tarixli arayışına) əsasən 01.01.2006-cı il tarixinə olan iş stajının mövcudluğu aşağıdakı kimi müəyyən olunur: 11.11.1974 -11.11.1976 - müddətli həqiqi hərbi xidmət (2 il); 14.03.1977 – 22.08.1977 – “Bakıelektroştamp” fəhlə (5 ay 8 gün); 30.09.1977 – 01.09.1982 – Varonej politexnik institutunda əyani təhsil (4 il 11 ay 01 gün); 29.11.1982 – 24.08.1987 "xxxx" Novovaronej zavodu, mühəndis-texnoloq, mühəndis konstruktor (4 il 8 ay 25 gün); 26.08.1987 – 21.12.1993 “Novovaronej “Atomenerjitənzimləmə” İstehsalat Birliyi (15.12.1993-cü il tarixdən “Sentrenerqomontaj” ATSC adlandırılıb) mühəndis elektronik, mühəndis (6 il 03 ay 25gün); 21.12.1993 – 01.09.2000 “Sentrenerqomontaj” ATSC, rentgen –qammaqrafiya defektoskopçusu – (6 il 8 ay 10 gün); 04.09.2000 – 04.09.2003 Novovaronej şəhəri "xxxx" ASC, istehsalat sexinin rəis müavini (3 il); 24.11.2003 – 25.01.2005 "xxxx" ASC Texniki Nəzarət Xidməti, rentgenqammaqrafiya ustası (1 il 2 ay 1 gün); 26.01.2005 – 20.06.2007 – "xxxx" Novovaronej zavodu 3 saylı Tikinti-quraşdırma tresti” ASC Teyniki Nəzarət xidmətinə rentgen qammaqrafiya ustası (2 il 4 ay 24 gün); 16.07.2007 -07.02.2008 – 3 saylı NQÇS-də neft və qaz hasilatı üzrə operator (6 ay 22 gün). İddiaçının qeyd olunan əmək fəaliyyəti ümumiləşdirildikdə, iddiaçının 25 ildən çox ümumi iş stajı toplanır ki, cavabdeh tərəfindən iddiaçının bu hal mübahisələndirilmir. Cavabdehin apellyasiya şikayətindən göründüyü kimi, mübahisələndirir ki, birinci instansiya məhkəməsi tərəfindən istinad edilən iddiaçının xüsusi iş stajı ilə bağlı tutduğu vəzifələrin AR Nazirlər Kabinetinin qeyd edilən 320 saylı qərarı ilə təsdiq olunmuş Siyahılarda göstərilən vəzifələrə tam uyğun gəlmir. İddiaçının qeyd olunan əmək fəaliyyətindən göründüyü kimi, demək olar ki, xaric ölkədə, yəni Rusiya Federasıyasında işləmiş və əmək şəraiti xüsusilə zərərli və ağır olan vəzifələrdə işlidiyi müddət də məhz orada çalışdığı dövrə təsadüf edir. Qeyd olunmalıdır ki, iddiaçı əvvəlki məhkəmə iclaslarında iştirak edərkən, izahatında qeyd etmişdir ki, “Novovaronej”, "xxxx" zavodu, “Atomenerjitənzimləmə” İB, “Sentrenerqomontaj” ATSC və "xxxx" ASC-də - şüalanma və radiasiyalı iş şəraitində zərərli işlərdə çalışmış, bütün bunlar onun səhhətində də hal-hazırda biruzə verir. Çalışdığı həmin müəssisələr hazırda işləmir, əlaqə saxlamaq imkanı yoxdur. Onunla birlikdə çalışan, tanıdığı iş yoldaşları güzəştli şərtlərlə pensiyaya çıxmışlar. Demək olar ki, tanıdıqlarının hamısı dünyasını dəyişib. Odur ki, güzəştli arayış almaq imkansızdır, səhhəti də buna imkan vermir ki, gedib həmin arayışı alsın. Çünki hərəkət edə, yeriəyə bilmir (İddiaçı ilkin iclaslara həyat yoldaşının köməyi vasitəsilə gəlsə də, telefon vasitəsilə səhhəti ağırlaşdığına görə sonuncu məhkəmə iclasında iştirak edə bilməycəyini bildirərək, onun iştirakı olmadan qərar qəbul olunmaını məhkəmədən xahiş etmişdir.) Məhkəmə kollegiyası hazırkı mərhələdə cavabdeh tərəfindən mübahisələndirilən halın aradan qaldırılması üçün iddiaçının qeyd olunan müəssisələrdə çalışdığı vəzifələrin xüsusilə zərərli iş şəraitnə aid güzəştli pensiya hüququ verən işlərə uyğun gəlibgəlməməsinə aydınlıq gətirilməsi üçün AR AMEA Fizika İnstituna müvafiq sorğu göndərsə də, İnstutut məhkəməyə elektron qaydada ünvanladığı 029-08/20 saylı 22.02.2022-ci il tarixli cavab məktubunda, əllərində heç bir əsas olmadığına görə iddiaçının işlədiyi qeyd olunan müəssisələrdə göstəricilərin zərərli iş şəraitinə aid olub-olmamasına cavab verə bilmədiyini bildirmişdir. Hər bir halda, məhkəmə kollegiyası iddiaçının əmək kitabçasının yuxarıda qeyd olunan qeydlərinə əsasən güzəştli pensiya hüquq verən xüsusilə zərərli iş şəraitinə uyğun vəzifə və peşələrə aid edilib-edilməməsinə qiymət verilməsini mümkün sayır. Belə ki, onun qeyd olunan müəssisələrdə mövcud olan iş stajının təhlilindən görünür ki: - 6 il 03 ay 25 gün “Novovaronej “Atomenerjitənzimləmə” İB-də mühəndis elektronik, mühəndis; - 6 il 8 ay 10 gün “Sentrenerqomontaj” ATSC-də rentgen–qammaqrafiya defektoskopçusu; - 1 il 2 ay 1 gün "xxxx" ASC Texniki Nəzarət Xidmətində rentgen-qammaqrafiya ustası; - 2 il 4 ay 24 gün "xxxx" Novovaronej zavodu 3 saylı "xxxx" ASC Texniki Nəzarət xidmətində - rentgen qammaqrafiya ustası kimi çalışmışdır. (01.01.2006-cı ilə qədər cəmi 16 il 7 ay) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №li Qərarı ilə (23.01.2007-ci il tarixədək qüvvədə olmuş) “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısında XXİİ fəslin 5-ci bölməsinin (Sair işlər) fəhlələrə aid “12205000—1754a” kodunda: “sənayeda materialların və məmulatların şüalandırılmasında səyyar radioizotop defektoskopiya (qammadefektoskopiya) qurğularında daim və bilavasitə məşğul olan işçilər”; rəhbər və mütəxəssisərə aid olan “12205000—1754b” kodunda isə: “Sənayedə rentgen qurğuların, həmçinin onların tənzimlənməsi və sazlanması ilə daim bilavasitə məşğul olan işçilər”, güzəştli pensiya hüququna malik göstəricilər kimi təsbit olunmuşdur (Həmin işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №li Qərarı ilə təsdiq olunmuş Siyahıda, eyni adla 22.5-ci bölməsində yer almışdır.) İddiaçının adıçəkilən müəssislərdə çalışdığı işlərin 1 No-li Siyahının qeyd olunan göstəricilərtnə uyğun tam olaraq gəldiyi aydın görünür. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasya şikayətinin həmin işlərin Siyahıya tam uyğun olmadığını mübahisələndirən dəlillərini formal dəlillər kimi qiymətləndirir. Beləliklə də, qeyd olunanlardan göründüyü kimi, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ 01.01.2006-cı il tarixinədək qüvvədə olan qanunvericiliyə, o cümlədən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən 1 N-li Siyahıda nəzərdə tutulan işlərdə çalışdığına görə 52 yaşından yaranmış olur. Lakin məhkəmə kollegiyası hər bir halda, iddiaçının 57 yaşından pensiya təyin olunmasını tələb etdiyini nəzərə alaraq hesab edir ki, İPM-in 52-ci maddəsi baxımından məhkəmə iddia tələbindən kənara çıxmaqda haqlı ola bilməz. Digər tərəfdən, istər iddiaçıya 57 yaşınının tamam olduğu 23.05.2013-cü il tarixindən, istərsə də 52 yaşının tamam olduğu 23.05.2011-ci il tarixindən pensiya təyin edilmiş olsun, hər iki halda ona pensiyanın hesablanıb ödənilməsi, hazırkı qanunvericiliklə müəyyən edilən prosedur qaydalara müvafiq aparılır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələbinə görə Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il 8 oktyabr tarixli Qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. İşə əlavə olunmuş cavabdehin iddiaçıya ünvanlanmış 28 yanvar 2020-ci il tarixli imtina məktubundan isə görünür ki, iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün cavabdehə etdiyi müraciəti 22.01.2020-ci il tarixində həmin orqana daxil olmuşdur. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, idiaçıya həmin tarixdən əvvəlki üç il üçün hesablanmaqla, pensiyanın ödənilməsi cavabdehə həvalə edilmişdir. Beləliklə də göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hər bir halda, birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəni mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1778/2021saylı, 23.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1778/2021saylı, 23.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar